Məhkəmə qərarları › İş №2(105)-1814/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1814/2022

24.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1814/2022 24.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X16 Tağızadənin sədrliyi və məruzəsi, X6 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəzruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçı: İddiaçı, İddiaçının vəkili: Vəkil1, Cavabdeh: Cavabdeh2, Cavabdehin vəkili: Vəkil3 və Vəkil2, Üçüncü şəxs: X12 iştirakları ilə, İddiaçı cavabdeh X10 və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı etibarnamənin və onun əsasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydiyyatına dair hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.A.Səmədzadə) iddianın təmin edilməsi, Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə 7E-1472 reyestrli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında bağlanmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən X8 adına verilmiş Seriya RX N0369874 nömrəli Çıxarışın ləğv edilməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə mərhum anası X7 adından X9 ilə cavabdeh X14 arasında Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli üç otaqlı fərdi yaşayış evinin bağışlaması müqaviləsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən cavabdeh X.E.Qasımovanın adına işlənmiş **********76-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun dogma anası X11 27 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Yas mərasimindən dərhal sonra cavabdeh X.E.Qasımova, onun anası X17 ona və ailə üzvlərinə ultimativ şəkildə bildirdilər ki, anası F.Əliyevadan miras qalmış Xaçmaz rayonun Arzu kəndində yerləşən bir mərtəbəli yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi X.E.Qasımova, onun anası N.Ş.Qasımovaya məxsusdur, onlar oranı təcili boşaltmalıdırlar. Səbəbini soruşduqda X.Qasımova bildirdi ki, onun mərhum anası F.Əliyeva sağlığında həmin mülki ona bağışlamışdır. O, buna inanmasa da, sonradan müvafiq sənədlərin surətlərini əldə etdikdə məlum oldu ki, cavabdehin adına həqiqətən də həmin mülkə 2014-cü ildə alınmış çıxarış mövcuddur. Sənədlərə görə mərhum anası F.F.Əliyeva xx.xx.2014-cü il tarixdə üçüncü şəxslərdən bacısı X4 mülki etibarnamə vermiş və xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında anasının adından çıxış edən bacısı S.Ş.Allahverdiyevanın cavabdeh X.E.Qasımovaya bağışlamışdır. Bundan sonra cavabdeh X.E.Qasımova öz adına həmin mülkə, yəni Xaçmaz rayonunun Arzu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Çıxarış almışdır. Yuxarıda göstərildiyi kimi bütün bu işlərdən onun xəbəri olmamış, yalnız anasının ölümündən sonra bunu bilmişdir. Dərhal bacısı S.Ş.Allahverdiyevaya müraciət edərək soruşmuşdur ki, həqiqətənmi ananın adından ona etibarnamə verilmiş və bağışlama müqaviləsi ilə anasının əmlakını cavabdehə bağışlamışdırmı. S.Ş.Allahverdiyeva bildirdi ki, nə etibarnamədən, nə də ki, bağışlama müqaviləsindən xəbəri yoxdur, həmin sənədlərə imza atmamışdır, belə bir sənədlərin mövcudluğunu ondan eşidir. Yuxarıda göstərildiyi kimi bağışlama müqaviləsindəki imza mərhum anasının adından edilsə də, imza və “Əliyeva Fatma” sözləri onun tərəfindən icra edilməmiş, habelə bacısı S.Ş.Allahverdiyeva tərəfindən icra edilməmişdir. Həmin bağışlama müqaviləsi qanuni tələbləri pozulmaqla anasının adından tərtib edilmişdir. O, qeyd edir ki, anası 1934-cü il təvəllüdlü olmaqla vəfat edərkən 86 yaşı olmuşdur və təbii ki, bu yaşda adamı aldadaraq hansısa sənədlərə imza etdirmək elədə çətin məsələ deyildir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh X.E.Qasımova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tətbiqinə lazımi şərait yaradır. əvvəla etibarnamə vermiş şəxs vəfat edib. Etibarnaməni həmin şəxs və ya onun hüquqi varisləri, yəni vərəsəliklə bağlı hüquqları müəyyən olunan şəxslər mübahisələndirə bilərdilər, hazırkı iş üzrə iddiaçı belə bir subyektiv hüquqa malik deyil. Mərhumun övladlarının heç biri vərəsəliklə bağlı notariat kontoruna müraciət etməyiblər və vərəsəliyi ümumiyyətlə qəbul etməyiblər. Bundan başqa əqdin etibarsızlığına dair iddia müddəti ötürülüb. Əqdin etibarsız sayılması ilə bağlı MM-nin 372-ci maddəsində nəzərdə tutulan iddia müddəti 1 il müəyyən edilmişdir. İddiaçı əqdin mövcudluğundan, yəni bağışlama müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan xəbərdar olmuş, lakin üzrsüz səbəbdən onu məhkəmə müstəvisində mübahisələndirməmiş və bu səbəbdən əqdin etibarsızlığına dair 1 illik prosessual müddəti ötürmüşdür. Göründüyü kimi iddiaçı anasının ölümündən və anasının miras əmlakından və ona 2014-cü ildə bağışlama müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından xəbərdar olmuş, əqdin etibarsızlığının mübahisələndirilməsinə dair prosessual müddətləri üzrsüz səbəblərdən ötürmüşdür. Həmçinin, ilkin olaraq etibarnamənin ləğv olunması ilə bağlı İnzibati Məhkəməyə müraciət edilməli idi. Məhkəmə qətnamə qəbul edərkən iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə səhv mövqe tutmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən vərəsəlik hüququnun qəbul edilməsi ilə bağlı iddia müddətinin ötürülməsi məsələsinə diqqət yetirməmişdir. Bu da məhkəmənin kobud pozuntuya yol verərək qeyri obyektiv qərar qəbul etməsinə gətirmişdir. Məhkəmə cavabdehin adına verilmiş bağışlama müqaviləsi və mülkiyyətdən çıxarışı etibarsız sayılmasına əsas olaraq mərhum F.F.Əliyevanın etibarnamə vermiş şəxs vəfat etmiş, etibarnaməni, onun əsasında verilmiş bağışlama müqaviləsi və mülkiyyətdən çıxarışı mərhum F.Əliyeva və ya onun etibarnamə verdiyi S.Allahverdiyeva mübahisələndirə və iddiaçı qismində çıxış edə bilərdi. Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(067)-51/2022 saylı qətnaməsini ləğv edərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 (Qasımova), vəkili Vəkil3 və Vəkil2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Üçüncü şəxs B.Ş.Əliyeva apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Üçüncü şəxs N.Ş.Süleymanova məhkəməyə ərizə göndərərək apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi və üçüncü şəxs S.Abdullayeva məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, etibarnamə verilərkən qanunun tələblərinin pozulmasına və bağışlama müqaviləsinin qanuna zidd olaraq bağlandığının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunu və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materillarından göründüyü kimi, bağışlama müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış, mübahisəli daşınmaz əmlaka dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış isə xx.xx.2014-cü ildə verilmişdir. Yəni cavabdeh X2 rayonu, Arzu kəndində yerləşən daşınmaz əmlakı ona bağışlandığı gündən 18 gün sonra daşınmaz əmlaka dair hüquqlarını rəsmiləşdirmişdir. Göründüyü kimi, mərhum X1 İddiaçılə X.Qasımova arasında hər hansı bir mübahisə olmamışdır. İddiaçı bunu onunla əsaslandırır ki, onun bağışlama müqaviləsi barədə heç bir məlumatı olmamışdır. Əgər belə bir müqavilənin olması barədə vaxtında məlumatlı olsaydı, dərhal müvafiq tədbirləri görmüş olardı. Yalnız iddiaçının anası və cavabdehin nənəsi olan F.F.Əliyevanın vəfatından sonra bu hal üzə çıxdığından, dərhal məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, F.F.Əliyeva xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı izahatına görə əsasən evlə bağlı mübahisə mərhumun yas mərasimində başlamışdır. Həqiqətən də, iddia ərizəsinin məhkəməyə daxil olma tarixi 12 fevral 2021-ci il təsadüf edir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, həqiqətən də, iddiaçının 7 il ərzində bağışlama müqaviləsinin mübahisələndirilməməsi və yalnız mərhumun yas mərasimindən sonra mübahisələndirməsi onunla bağlıdır ki, iddiaçının bu müqavilə barədə məlumatsız olması idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İddiaçı hüququnun pozulduğu mərhum anasının yas mərasimdə bilmiş və buna görə də, dərhal bağışlama müqaviləsinin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Onun bağışlama müqaviləsinin və bunun əsasında verilmiş müvafiq Çıxarışın mövcudlugun bilməli olması qeyri-mümkün hesab edilir. Belə ki, o, həmin proseslərdə iştirak etməmişdir, iştirak etmədiyi halda isə bu barədə heç cür məlumatlandırıla bilməzdi. Belə olan halda, məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə ərizə təmin olunmaması və iddia müddətinin tətbiq edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Bundan başqa, cavabdeh iddiaçının ümumiyyətlə bu iddia tələbinin irəli sürməsi ilə bağlı subyektiv hüququnun olmamasına barədə gətirdiyi dəlilə qiymət gəlincə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qeyd olunan iddia tələbinin irəli sürməsinə dair birbaşa subyektiv hüququ mövcuddur. Ona görə ki, mübahisəli daşınmaz əmlak onun mərhum anasına məxsus olmuşdur, o isə mərhumun oğlu olduğundan birinci dərəcəli vərəsəsi hesab edilir və hazırki bağışlama müqaviləsi birbaşa onun hüquqlarına təsir edir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli AR-İ N317506 nömrəli etibarnamənin surətindən görünür ki, F.F.Əliyeva ona məxsus bütün əmlakına dair geniş səlahiyyətləri S.Ş.Allahverdiyevaya versə də, etibarnaməni X5 adında olan bir şəxs imzalamışdır. Buna səbəb kimi, F.F.Əliyevanın oxuma və yazma qabiliyyətinin olmaması göstərilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, S.Ş.Allahverdiyeva ilə X.E.Qasımova arasında bağışlama müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən S.Ş.Allahverdiyeva F.F.Əliyeva tərəfindən ona verilmiş etibarnamə əsasında, F.F.Əliyevaya məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi X.E.Qasımovaya bağışlamışdır. İşdə olan Seriya RX N ******* nörməli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X.E.Qasımovanın tam payla xüsusi mülkiyyətində qeydə alınmışdır. İşə əlavə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, F.F.Əliyeva xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə 12 fevral 2021-ci il tarixdə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinin xx.xx.2022-ci il tarixli 05/3402-11 saylı məktubundan görünür ki, F.F.Əliyevanın xx.xx.2014-cü il tarixdə qızı X4 etibarnamənin və onun əsasında müqavilənin rəsmiləşdirilməsi zamanı notarius F.Məmmədov tərəfindən qüsurlara yol verilmişdir. Belə ki, etibarnaməni mülkiyyətçinin əqdi imzalaya bilməməsi səbəbi göstərilməklə başqa şəxs imzalasa da, həmin şəxs sənəddə həmçinin mülkiyətçinin adından da imza çəkmiş və onun inisalları yazılmışdır. Habelə, müqavilə nümayəndə S.Allahverdyvanın adından tərtib olunsa da, imzanın qarşısında yenə F.Əliyevanın inisalları qeyd olunmuşdur. Məlum olduğu kimi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22 və 41-ci hissələrinə əsasən şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsura, xəstəliyə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə olan halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Müqavilə isə nümayəndə tərəfindən bağlandıqda, notariuslar onun səlahiyyətini yoxlayırlar. Nümayəndənin səlahiyyəti onun adına verilmiş etibarnamə ilə təsdiq edilir. Yol vermiş və aşkar görünən nöqsanlar notariusun təsdiq etdiyi sənədə şikayətçi İddiaçı tərəfindən şübhə ilə yanaşılmasına əsas yaratdığı üçün ona yazılı xəbərdarlıq edilmişdir. Beləliklə də, Notariat İdarəsinin məktubundan görünür ki, Xaçmaz şəhəri 1 saylı Notariat Ofisinin notariusu Firdovsi Məmmədov F.F.Əliyevanın adından X3 adına etibarnaməni rəsmiləşdirərkən nöqsanlara yol vermilş və buna görə də ona yazılı xəbərdarlıq edilmişdir. Həmçinin, iş materiallarında olan Xaçmaz rayon İHB-nin Hacıəlibəy İƏD nümayəndəsi tərəfindən təsdiq olunmuş vəsiyyətnamənin surətindən görünür ki, F.F.Əliyeva xüsusi mülkiyyətində olan əmlakını X10 xx.xx.2010-cu ildə vəsiyyət etmiş və vəsiyyətnaməni şahidlərin iştirakı ilə özü şəxsən imza etmişdir. Bu isə ona dəlalət edir ki, F.F.Əliyevanın yazı yazmaq qabiliyyəti olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.- Həmin Məcəllənin 334.2-ci maddəsinə görə əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası “Notariat haqqında” Qanununun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cü bəndinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə diyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təstiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomolaşdırılmış rejimdə əldə edir və ona uygun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılıgını alır. Azərbaycan Respublikası Mülki Məcəllənin 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Süleymanova (Qasımova) Xəyalə Eldar qızının apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 27 may 2022-ci il tarixli 2(067)-51/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar