Məhkəmə qərarları › İş №2(105)-182/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-182/2024

30.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-182/2024 30.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Tağıyev” şirkətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdeh “Tağıyev” şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Tağıyev” şirkətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 964/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Tağıyev” şirkətindən ona dəymiş maddi ziyana görə 1600 manat, mənəvi ziyana görə isə 2000 manat pul vəsaiti olmaqla, ümumilikdə 3600 manat pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, mənzilinin otaqları üçün nəzərdə tutulmuş qapıların (yatağ otağı, qonağ otağı və qarderob üçün qapılar) alınması məqsədi ilə xx.xx.2022-ci il tarixində cavabdeh “Tağıyev” şirkətinə ümumillikdə 1600 manat pul vəsaiti ödəmişdir. Aralarındakı müqavilə üzrə qapılar ona 15 gün müddətində təhvil verilərək quraşdırılmalı olduğu halda, 40 gün sonra quraşdırılmışdır ki, həmin qapıların istifadəsi hazırda qeyri-mümkündür. Belə ki, qapıların hər birində bərpa edilməyən qüsurlar mövcuddur ki, dəfələrlə cavabdehə bununla bağlı müraciətlər etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Eyni zamanda Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə etmiş olduğu müraciətlərin nəticəsi olaraq ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh istehlakçıya aid və qanun üzrə yalnız istehlakçı tərəfindən geri alınan ƏDV-ni də özü əldə etmişdir ki, bu da kobud qanun pozuntusu hesab edilir. Göstərilənlər fotoşəkillərlə və səs yazısı ilə öz təsdiqini tapır. Həmçinin cavabdeh ona qapıları onun əzdiyini bildirir, lakin bu yalandır.

3. Cavabdeh “Tağıyev” şirkətinin direktoru Nümayəndə məhkəmə iclasında izahatında göstərmişdir ki, İddiaçı istəyinə uyğun qapılar hazırlanmış, gətirilmiş və quraşdırılmışdır. Lakin iddiaçının yaşadığı ünvanda divar əyri olduğu üçün qapının yerləşdirilməsində problemlər olmuş, lakin qapılarda heç bir bərpa edilməyən qüsurlar olmamışdır. Həmçinin qapını düzəldən usta ilə sifarişçi arasında problem olmuşdur.

4. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 9/2451 №-li ekspert rəyindən görünür ki, qərardadın 1-ci, 2-ci və 3-cü suallar üzrə əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Ekspert baxışına təqdim olunmuş qapıların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1400 manat müəyyən edilmişdir. Həmin qapıların ayrı-ayrılıqda texniki göstəriciləri və qiyməti rəyin tədqiqi hissəsində göstərilmişdir.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-964/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia rədd edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 22 iyun 2023-cü il tarixli, 9/2451 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı iddia əizəsində və məhkəmə iclasında izahatında onun sifarişi əsasında Tağıyev Şirkəti tərəfindən düzəldilmiş və ona təhvil verilmiş üç ədəd (yatağ otağı, qonağ otağı və qarderob üçün nəzərdə tutulmuş) qapıların hər birində bərpa edilməyən qüsurların mövcud olduğunu və bu hallara görə ona 1600 manat maddi ziyan, 2000 manat pul mənəvi ziyan dəydiyini iddia etmiş, lakin özünün izahatından başqa məhkəməyə hər hansı bir digər sübut təqdim edə bilməmiş, həmçinin yuxarıda qeyd olunduğu kimi ekspert rəyi ilə də qapıların hər birində bərpa edilməyən qüsurların mövcud olması barədə rəy verilməsi mümkün olmamışdır.

7. Məhkəmə hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 77.1, 106.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfə qapıların 10 gün ərzində təhvil verilməsi üçün 1600 manat məbləğində ödəniş etmişdir. 1 ildən çoxdur ki, “Tağıyev” şirkətinin qapısında qalmışdır, lakin 1 ildir ki, cavabdeh tərəfindən süründürməçiliyə məruz qalmışdır. Cavabdeh tərəfindən nə pul, nə də ki söz verdiyi kimi normal vəziyyətdə olan qapılar ona təhvil verilmir. Hətta 1600 manat məbləğində pul cavabdeh tərəfə qəbz vasitəsi ilə ödənilmişdir. Həmin qəbzin ƏDV-si cavabdeh tərəfindən götürülmüş və o, tələb etikdə onun üzərinə şər ataraq, ƏDV-ni onun yüklədiyini çox kobud şəkildə bildirmişdirlər. Hətta qapıları onun özünün təpiklə vurub yararsız hala saldığını belə bildirirlər. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmədən öncə DİN-in 102 xidmətinə dəfələrlə zəng edərək, başına gələn hadisə barədə rəsmi şəkildə məlumat vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Tağıyev” şirkətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

14. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.

16. Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.

17. Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

18. Maddə 763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.

19. Maddə 765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

22. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

25. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-964/2023 nömrəli qətnaməsi qismən - maddi zərərlə bağlı hissədə ləğv edilməlidir.

29. Məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

30. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə hazırkı mübahisənin həlli üçün araşdırılması zəruri olan hal tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliyin faktiki yerinə yetirilibyetirilmədiyi olmalıdır.

31. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2451 №-li ekspert rəyindən görünür ki, ekspert baxışına təqdim olunmuş qapıların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1400 manat müəyyən edilmişdir.

32. İşin mübahisə edilməyən hallarına görə tərəflər arasında mübahisələndirilən qapıların sifarişi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. İddiaçı tərəfindən öhdəlik icra edilərək 1514 manat ödəniş həyata keçirilmiş, cavabdeh tərəfindən həmin qapılar iddiaçının evində quraşdırılmışdır.

33. İddiaçı həmin qapıların hər birində bərpa edilməyən qüsurlar mövcud olduğuna görə dəfələrlə cavabdehə müraciətlər etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməməsinə istinad edərək, həmin qapıların hazırlanmasına və quraşdırılmasına görə ödədiyi pul vəsaitini geri tələb edir.

34. Mülki Məcəlləsinin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

35. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi izahatında (səh. 106) göstərmişdir ki, qapılar quraşdırılmış, amma divar əyri olduğu üçün qapının yerləşdirilməsində problem olmuşdur. Həmçinin, qapını düzəldən usta ilə sifarışçi arasında problem olmuşdur.

36. Göründüyü kimi mübahisələndirilən qapılara dair müqavilə üzrə cavabdeh tərəfindən qüsurlu icra təsdiqini tapır. Belə ki, cavabdehin sifarişdən öncə lazımı ölçüləri götürmək, mövcud qüsurları aradan qaldırmaq və ya qüsursuz icranın mümkün olmayacağı barədə qabaqcadan iddiaçıya məlumat vermək imkanı olmuş, ancaq göstərilən zəruri hərəkətləri lazımınca icra etməmişdir.

37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən vurulmuş zərərə görə 1514 manat alınaraq iddiaçıya ödənilməli, həmçinin bu hissədə qətnamə qapıların qaytarılması ilə eyni vaxtda icra olunmalıdır.

38. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərə dair hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

39. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

40. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

41. Hazırki iş üzrə cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən, kollegiya hesab edir ki, bu hissədə iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.

42. Göstərilənlərə əsasən məhkəmə kolleiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə dəyişdirilməsi, eləcə də ləğvi üçün əsas sayıla bilməz.

43. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Beləliklə məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutlara və işin müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-964/2023 nömrəli qətnaməsi qismən - maddi zərərə dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərərk iddia qismən təmin edilməli, cavabdeh “Tağıyev” şirkətindən vurulmuş zərərə görə 1514 (bir min beş yüz on dörd) manat alınaraq İddiaçı ödənilməlidir.

45. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, maddi zərərlə bağlı hissədə iddia tələbi qismən təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat cavabdeh “Tağıyev” şirkətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-964/2023 nömrəli qətnaməsi qismən - maddi zərərə dair hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdeh “Tağıyev” şirkətindən vurulmuş zərərə görə 1514 (bir min beş yüz on dörd) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə bu hissədə mübahisəli 3 (üç) ədəd qapının cavabdehə qaytarılması ilə eyni vaxtda icra olunsun. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh “Tağıyev” şirkətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun iddiaçıya rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən cavabdeh tərəf kassasiya şikayət verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar