Məhkəmə qərarları › İş №2(105)-1825/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1825/2021

22.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1825/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(027)-1716/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin edilməsi, cavabdeh X1 3407,53 manat məbləğində pul alınaraq, İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 onun kredit borcuna görə X3 filialı tərəfindən onun əmək haqqından tutulmuş 3498,00 (üç min dörd yüz doxsan səkkiz) manat maddi ziyanın, eyni zamanda cavabdehin təqsirli hərəkətləri nəticəsində ona dəyən 3000,00 (üç min) manat mənəvi ziyanın və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2014-cü ildə Quba şəhərində yerləşən “Dəmirbank” bankda olduğu zaman tanış olmuşlar. Belə ki, həmin dövrdə cavabdeh “Dəmirbank”da əməliyyatçı vəzifəsində işləmişdir. Onun cavabdehlə yaxın münasibətləri yaranmış, bundan istifadə edən cavabdeh ondan xahiş etmiş ki, X3 filialından kredit götürə bilməsi üçün ona bankda zamin dursun. Oda ona etibar edərək iş yerindən banka arayış təqdim etməklə cavabdehin X3 filialından götürdüyü 6500,00 (altı min beş yüz) manat kredit məbləğinə görə onun üçün zamin dayanmışdır. 2014-cü ilin fevral ayında işdə vaxtı olmasına baxmayaraq kreditin verilməsi üçün banka saat 18-də çatmışdır. Həmin vaxt orada cəmi bir nəfər işçi qalmış və onu gözləmişdir Həmin işçi ona zaminlik müqaviləsini təqdim etmiş, o, oxumadan həmin müqaviləni imzalamışdır. Cavabdeh ona söz vermişdir ki, heç bir problem olmayacaq, ödənişləri vaxtlı-vaxtında edəcək, o, sadəcə ona krediti götürə bilməsi üçün zamin qismində lazım idi. Beləliklə, 2-3 ay heç bir problem yox idi, cavabdeh banka olan kredit borcunu vaxtında ödəyirdi, odur ki, onu da heç kim axtarmır, narahat etmirdi. Lakin 3 aydan sonra cavabdeh banka olan borclarını ödəməyi yubatmağa, gecikdirməyə başladı və artıq bankdan onu da narahat etməyə başladılar. O, isə təbii ki, cavabdehlə bu barədə danışmaq üçün ona zəng etmiş, cavabdeh zənglərinə cavab verməmiş, ümumiyyətlə telefonunu açmamışdır. Dəfələrlə onun yaşadığı ünvana getmiş ki, banka olan borcunu ödəsin, o ödəmədiyi üçün banka olan borcu bank tərəfindən onun əmək haqqından tutulur, bu da onun ailəsinin büdcəsinə ağır təsir edir, xəstə övladını pulsuzluqdan müalicəyə apara bilmir, uşağın vəziyyəti güngündən ağırlaşır. Lakin cavabdeh hər dəfə müxtəlif vədlər və bəhanələrlə banka olan borcunu, o cümlədən bankın onun borcunun əvəzinə onun əmək haqqından tutulan vəsaitin ona ödənilməsindən yayınıb. Hətta sonradan cavabdeh və onun ailə üzvləri onu hədələməyə, şantaj etməyə başlamışlar. O, cavabdehin əvəzinə X3 filialına olan borcunun onun tərəfindən ödənilmiş, daha doğrusu məcburi qaydada bank tərəfindən əmək haqqından tutulmuş 3498,00 (üç min dörd yüz doxsan səkkiz) manat halal pulunun cavabdeh tərəfindən könüllü olaraq ona qaytarılması üçün lazım olan bütün hərəkətləri etsə də cavabdeh könüllü olaraq onun əvəzinə ödənilmiş vəsaiti ona qaytarmaq istəməmişdir.. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba rayon məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Həmin qətnamə yalnız iddiaçı tərəfin hüquqlarını təmin edir. Məhkəmə sırf formal mülahizələr əsasında qərar çıxarmış, iş üzrə əhəmiyyətli hallar araşdırılmamışdır. Maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulması, üzərinə düşən öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin 3407,53 manat pulun tutulması ilə əlaqədar gəldiyi nəticənin mübahisələndirməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, cavabdeh Urfan Həmidovla "xxxx" ASC ilə 13.02.2015-ci ildə kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 6400 manat kredit verilmiş, hazır ki iş üzrə iddiaçı ilə həmin kreditin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 475-ci maddəsi təşkil edir. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 475.1. maddəsi). Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünü bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. İşdə olan "xxxx" Bank ASC-nin hesab çıxarışından görünür ki, İddiaçı bankın xeyrinə zaminlik müqaviləsi üzrə 3407,53 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarına əsasən pul öhdəlikləri üzrə mümkün olan sübutetmə vasitələri yalnız yazılı sübutlardır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 16.11.2016-cı il tarixli qərarı). Göründüyü kimi cavabdeh kredit müqaviləsi əsasında bankdan götürdüyü məbləği ödəmədiyi üçün iddiaçıdan tutulan məbləği geri qaytarmalı olduğu halda iddiaçının hüquqlarını kobud şəkildə pozaraq 3407 (üç min dörd yüz yeddi) manat 53 (əlli üç) qəpik məbləğində pulu qaytarmamaqla, iddiaçıya maddi ziyan vurduğundan, iddiaçının hazırki tələblə məhkəməyə müraciət edərək iddia tələbində göstərilən məbləğdə pulu cavabdehdən tələb etməkdə haqlı olması barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda, cavabdeh iddiaçının tələbinin əksini təsdiq edən hər hansı bir sübut təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Quba rayon məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar