Məhkəmə qərarları › İş №2(105)-1838/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1838/2023

17.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1838/2023 17.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sadıxov Şahı̇ n Fəzaı̇ l oğlunun Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutların qiymətləndirilməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Sadıxov Şahı̇ n Fəzail oğlunun Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2(060)-3789/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İşin halları:

1. İddiaçı Sadıxov Şahı̇ n Fəzail oğlunun Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) manat borcun, 150 manat vəkil orderinin və 120 manat ödədiyi dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş qaynatasıdır. Qeyd edir ki, cavabdehin qızı X8 ilə aralarındakı nikah 2(060)-6661/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnamə ilə pozulmuşdur. Cavabdehin ona ümumilikdə 10000 manat borcu var. Belə ki, ayrı-ayrı vaxtlarda 300 manat 400 manat ona pul vermişdir. Bundan başqa iki dəfə də 4000 manat bir, 4000 manat da bir, ayrı-ayrı vaxtlarda bankdan kredit götürüb cavabdehə vermişdir. Pulu ona geri qaytarması üçün cavabdehlə dəfələrlə söhbət etmişdir. Əvvəllər ona deyirdi ki, qızının qızılları onda qalıb. Onları gətirib versin, o, da kartını versin, borcu aylıq olaraq oradan götürsün. O, da cavabdehə inanmamışdır. Qızılları qardaşına versin, o da kartı verməsini bildirsə də, cavabdeh onunla razı olmamışdır. Hələ də bank borcları var və o, ödəyir. Aralarında cavabdehin ona borclu olması ilə bağlı səs yazıları da var. Bəzi səs yazılarında borcu qaytaracağını etiraf etsə də, sonuncu yazışmalarında “borc almaq istəyirsənsə, məhkəməyə ver borcunu al” bildirmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, cavabdeh onun etibarından sui-istifadə etmişdir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı onun keçmiş kürəkənidir. Belə ki, qızı X2 Sadıxov ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X10 adlı bir övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6661/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra da o, iddiaçı ilə normal münasibət saxlamağa çalışmışdır ki, gəncdirlər bəlkə aralarındakı münasibət yenidən düzələr. Lakin, iddiaçının yerli-yersiz "sizə pul vermişəm, sizin mənə borcunuz var" ifadələrini heç başa düşmür. Əvvəl elə zənn etmişdir ki, adət-ənənənə ilə qız toyu ərəfəsində verilmiş xırda məbləğləri nəzərdə tutur. Lakin hal-hazırkı iddia ərizəsini aldıqdan sonra məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının iddiada göstərdiyi bir cümlə belə doğru deyil. O, iddiaçıdan heç vaxt borc pul almamış, belə bir zərurət də olmayıb, heç vaxt da əziyyətlə aldığı əmlakları borcun əvəzinə saxla deyə işlətməmişdir. İddiaçının nə məqsədlə ona qarşı belə bir iddia qaldırmasını başa düşə bilmir. İddia tam əsassızdır və qəti şəkildə iddiaçıdan borc pul almadığını məhkəmənin nəzərinə çatdırır. İddiaçının iddia ərizəsində göstərdiyi məbləğ ilə tələb etdiyi məbləğ üst-üstə düşmür. Belə ki, iddia ərizəsində göstərir ki, iki dəfə 4000-4000 manat pul vermişdir. Lakin 10000 manat tələb edir. Səs yazısına gəldikdə isə deyə bilər ki, o, qeyd etdiyi kimi, ailəni bərpa etmək üçün yumşaq və həqiqəti əks etdirməyən nəsə ifadə edə bilər. O, haradan bilir ki, onun sadəlöv davranışına iddiaçı pis niyyətlə cavab verəcəkdir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6661/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 və cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X3 iddiaçı X4 yanında qalması, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana qədər hər ay 50 (əlli) manat maddi yardım qismində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

6. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2(060)-3789/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsinin təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 739, 1091.1, 1092.1, 1093.1, 21.1 və 21.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 124.2, 80, 106.1, 217, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

8. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2(060)-3789/2023 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, məhkəmə iclasında iddiaçı və nümayəndəsi cavabdeh üçün bankdan iki dəfə hər dəfəsində 4000 manat olmaqla kredit götürdüyünü və eyni zamanda ayr-ayrı vaxtlarda 300, 400 manat verdiyini qeyd etsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi öhdəliyin yaranma əsasını dəqiq müəyyən etməmişdir. Belə ki, gah borc, gah əsassız varlanma, gah da maddi ziyan kimi qiymətləndirmişdir. Bu isə, ondan irəli gəlir ki, məhkəmə işdə olan səsyazmanı tədqiq etməmişdir. Tədqiq etsəydi öhdəliyin yaranma əsası məhkəməyə tam bəlli olardı və ona uyğun maddi hüquq normasını tətbiq etməklə iddia tələbini təmin edərdi. Öhdəliyin yaranma əsasının düzgün müəyyən olunmaması və bir neçə öhdəliyin yaranma əsasına dair maddi hüquq normalarının tətbiq edilməsi özüözlüyündə maddi hüquq normalarının pozulması, düzgün tətbiq olunmaması deməkdir. Qətnamənin əsaslandırıcı hissəsindən göründüyü kimi, məhkəmə borcun verilməsinin deyil, borc kimi verilən pulun mənbəyinin sübuta yetirilmədiyinə istinad etmişdir. Belə ki, əsasən maddi və prosessual hüquq normalarının sadalanmasından ibarət olan qətnamənin əsaslandırıcı hissəsində bir cümlə vardır: «məhkəmə iclasında iddiaçı və nümayəndəsi cavabdeh üçün bankdan iki dəfə hər dəfəsində 4000 manat olmaqla kredit götürdüyünü və eyni zamanda ayr-ayrı vaxtlarda 300, 400 manat verdiyini qeyd etsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir». Əsas sübut, məzmununda pulun alınmasına dair cavabdehin etirafı olan səsyazma isə, məhkəmə iclasında tədqiq olunmamış, bununla da məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən fktiki halları aydınlaşdırmamışdır. Halbuki, cavabdeh özü də məhkəmədə veriyi izahatında həmin səsyazmanın ona aid olduğunu qəbul edib və guya ailəni qorumaq üçün belə sözlər işlətdiyini qeyd edibdir. Cavabdehin həmin hissədə ifadəsi qətnamənin təsviri hissəsində aşağıdakı kimi əks olunmuşdur.: "Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, ....... Səs yazısına gəldikdə isə deyə bilər ki, o, qeyd etdiyi kimi, ailəni bərpa etmək üçün yumşaq və həqiqəti əks etdirməyən nəsə ifadə edə bilər. O, haradan bilir ki, onun sadəlöv davranışına iddiaçı pis niyyətdə cavab verəcəkdir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi". Odur ki, apellyasiya şikayətinə baxılarkən iş materialalrına əlavə olunmuş səsyazma fayllar məhkəmə iclasında tədqiq olunmalı və ona uyğun olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. İddiaçı verdiyi borcun mənbəyini sübut etməyə borclu deyildir. Pulun verilməsi cavabdehin səsyazmada olan etirafı və onun məhkəmə iclasında səsyazma ilə bağlı verdiyi ifadəsi ilə tam təsdiq olunur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin izahatında göstərdi ki, cavabdehin qızı ilə ailəli olduğu dövrdə cavabdehə ümumilikdə 10000 (on min) manat borc vermiş, qohumu olduğu üçün bu pulu verərkən heç bir qəbz istəməmişdir. Belə ki, 2021-ci ildə xalası oğlu 4000 (dörd min) manat məbləğində "xxxx" ASC-dən onun zamin durmağı ilə pul götürüb ona vermiş, o da həmin 4000 manatı cavabdehə evlərində əlbəəl, ailə üzvələrinin yanında vermişdir. Bundan başqa, o, yenə də cavabdehə əlbəəl 1000 manat vermişdir. Bundan əlavə, onun atası digər bir şəxsdən 4000 manat borc alaraq cavabdehə vermiş, həmin borcu cavabdehin əvəzindən o, ödəmiş, cavabdeh digər borclarla birlikdə həmin pulu da ona qaytaracağını demişdir. Həmçinin cavabdehin avtomaşının təmiri və cərimə borcuna görə o, 300 manat bir, 500 manat bir ödəmişdir. Eləcə də cavabdeh 700 manata kreditə televizor almış, telefizorun kredit borcunu da o, ödəmişdir. Cavabdehin ümumilikdə ona 11.000 manatdan çox borcu var. O, həmin məbləği yuvarlaqlaşdıraraq 10.000 manat tələb edir. Onunla cavabdeh arasında olan telefon danışıqlarında cavabdeh ona olan borclarını etiraf etmişdir.

12. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, səs yazılarından da aydın olur ki, cavabdeh iddiaçıya borcunun olmamasını inkar etmir və öz etirazını bildirmir. Məhkəmə iclasında da cavabdeh iddiaçının ona heç bir məbləğdə əlbəəl pul vermədiyini göstərsə də iddiaçının köməklik göstərməsi məqsədilə onun borclarını avtomaşın təmirinə, cəriməyə görə yaranmış borcu ödədiyini bildirdi.

13. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin izahatında bildirdi ki, iddiaçıya heç bir məbləğdə borcu yoxdur. İddiaçı avtomobilinin təmiri və sığorta məsələsinin həlli üçün ona köməklik göstərib, 300 manat, 400 manat ödəyib. Lakin iddiaçı ona əlbə-əl heç bir məbləğdə pul verməyib.

14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Maddə 431.3. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

18. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarı: Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır.

21. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ona 10.000 (on min) manat borclu olduğunu, həmin məbləğin bir hissəsini - 4000 manat və 1000 manat ayrı-ayrı vaxtlarda cavabdehə əlbə-əl borc verdiyini, bundan başqa cavabdehin xahişi əsasında onun əvəzindən sonuncunun üçüncü şəxsə olan 4000 manat borcunu, eləcə də cavabdehin nəqliyyat vasitəsinin təmirinə və cəriməsinə görə 500 manat, 400 manat, kreditə götürülmüş televizora görə 700 manat kredit borcunu ödədiyini, cavabdehin ona 11.000 manatdan çox borcu olduğunu, lakin həmin məbləği yuvarlaşdıraraq cəmi 10.000 manatın ödənilməsini iddia edir. İddia tələbinin əsası olaraq tərəflər arasında olan danışıqlara dair səs yazısının sübut növü olaraq qəbul edilməsini xahiş edir.

22. Birinci instansiya məhkəməsi İddiaçı məhkəmə iclasında öz hüququnun bərpası, güvənli nəticəyə gəlinməsi barədə sübutların təqdim etməməsi əsası ilə iddianı rədd etmişdir.

23. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.

24. Apellyator şikayətinin dəlili olaraq təqdim edilmiş səs yazısının məhkəmə iclasında tədqiq olunmaması, bununla da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmamasını göstərmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir.

26. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları hərtərəfli, tam araşdırmamış, həmin səs yazısına sübut növü olaraq qiymət verməmiş, öyrənməmiş, bununla da natamam araşdırma aparmışdır.

27. Belə ki, iddiaçı telefon danışıqları barədə diski mülki işə əlavə etsə də, həmin diskin sübut kimi qəbul edilib-edilməməsi müzakirə olunmamış, diskdə olan məlumatların hazırkı iş üçün əhəmiyyətli olub-olmaması öyrənilməmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

30. Qeyd edildiyi kimi iddiaçı iddia tələbinin əsası olaraq cavabdehin ona borclu olması ilə bağlı birinci instansiya məhkəməsinə təqdim edilmiş səs yazılarına istina edir.

31. Məhkəmə araşdırması zamanı mülki iş materiallarında olan telefon danışıqları olan disk tədqiq edilmiş, cavabdeh həmin səs yazısının ona məxsus olduğunu etiraf etmişdir.

32. Tərəflər arasında olan telefon danışıqlarının məzmunundan görünür ki, İddiaçı Cavabdehla telefon əlaqəsi yaratmış, cavabdehdən ona verdiyi hissə-hissə pulları, lotareya pulu, banka olan borcları, ümumilikdə 10000 (on min) manat borcunu istəmişdir. Cavabdeh ilk əvvəl susaraq heç bir fikir bildirməmiş, sonra cavabında arvadının əmək haqqı kartını ona verəcəyini, həmin kartdan hər ay 460 manat pul alacağını və ondan əlavə hər ay özü də iddiaçıya 100 manat verəcəyini, bundan əlavə iddiaçının evində qalmış, qızına məxsus mebelləri və qızılları satıb pulunu götürməsini iddiaçıya təkif etmiş, daha sonra isə əmək haqqı kartı təklif etməsinə baxmayaraq iddiaçının götürmədiyini, toy etməklə özünün də ziyana düşdüyünü, iddiaçıya məhkəməyə müraciət etməsini bildirmişdir.

33. Kollegiya qeyd edir ki, cavabdeh həmin danışıqlarda iddiaçının ondan 10.000 manat pul tələb etməsinə, ona borcu olması barədə göstərdiklərinə etiraz etməməsinin, iddiaçının ona yönəlmiş tələbi qarşısında əvvəlcə susub heç bir söz deməməsinin, daha sonra «toy etməklə özüm də ziyana düşmüşəm, kartı götur, əlavə 100 manat da verəcəm, qızıl əşyalarını götür, mebelləri satıb pulunu götür və s.» kimi fikirlər bildirməsinin səbəbini məhkəmə araşdırması zamanı izah edə bilmədi. Cavabdeh bu göstərilənlərin qarşılığında kollegiyaya yalnız iddiaçıya heç bir borcunun olmamasını, avtomaşının təmirinə görə 300 manat və 400 manat cərimənin onun əvəzindən iddiaçının ödədiyini göstərməklə kifayətləndi.

34. Məhkəmə kollegiyası qeyd olunan telefon danışıqlarına dair disk materiallarını Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq qiymətləndirərək hesab edir ki, həmin səs yazısındakı məlumatların əsassız olmasına dair hər hansı bir xüsusat məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən bu məlumatlar MPM-nin 76-cı maddəsinə müvafiq olaraq subut növü olaraq qəbul edilməlidir.

35. Kollegiya xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, həmin səs yazısında cavabdehin iddiaçıya 10.000 manat borcu olması barədə birbaşa etirafı olmasa da, cavabdehin susması, heç bir etirazını bildirməməsi kimi hallar cavabdehin iddiaçı qarşısında 10.000 manat borcu olmasını təsdiq edən etirafedici hərəkətlər kimi qiymətləndirilməlidir. Bu halın əksini subut edən heç bir arqument cavabdeh tərəfindən irəli sürülməmiş, dəlil olaraq göstərilməmişdir. Bu qeyd olunanlar isə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.

36. Məhkəmə kollegiyiası qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

37. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehin iddiaçıya 10.000 manat məbləğində borcunun olması tədqiq edilmiş sübutlarla təsdiqini tapır. Lakin qeyd edilməlidir ki, istər iddiaçının izahatında, istərsə də cavabdehin izahatında bildirdiyi məlumatlardan görünür ki, tərəflər arasında qarışıq xarakterli mülki hüquq münasibətləri olmuşdur.

38. Belə ki, iddiaçı müəyyən məbləğdə pulu (4000 manat, 1000 manat) cavabdehə borc verdiyini, müəyyən məbləğ pulu isə (4000 manat, 500 manat, 400 manat, 700 manat) cavabdehin üçüncü şəxslər qarşısında olan borclarının ödənilməsinə sərf etdiyini bildirir.

39. Kollegiya hesab edir ki, iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılması baxımından tərəflər arasında yaranmış mülki münasibətlərə aydınlıq gətirilməlidir.

40. Qeyd edildiyi kimi iddiaçı 4000 manat və 1000 manat borc verdiyini iddia edir.

41. Mülki qanunvericliyin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

42. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanılmamışdır.

43. Qanunvericiliyin tələbinə görə yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

44. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

45. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında qanunla nəzərdə tutulmuş qaydada borc müqaviləsi bağlanılmamaqla əqdin formasına dair şərtlər pozulmuşdur. Bu isə tərəflər arasında bağlanmış əqdin əhəmiyyətsiz əqd kimi qiymətləndirməyə əsas verir. Qanunvericiliyin tələbinə görə əhəmiyyətsiz əqd üzrə tərəflərdən hər biri aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur.

47. İddianın digər bir hissəsi cavabdehin üçüncü şəxslər qarşısında olan borclarının iddiaçı tərəfindən ödənilməsi ilə bağlıdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin üçüncü şəxslər qarşısında olan borcu iddiaçı tərəfindən ödənilməklə tələb hüququ iddiaçıya keçmişdir. Mülki Məcəllənin 431.3-cü maddəsinə əsasən kollegiya hesab edir ki, iddiaçının bu hissədə iddia qaldırmaq hüququ qanuni və əsaslıdır.

49. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi, maddi hüquq normalarını düzgün tətbil etməməsi barədə iddiaçının dəlilləri əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2(060)-3789/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.

50. MPM-nin 119, 121-ci maddəsinə əsasən vəkilə göstərdiyi yardıma görə iddiaçı tərəfindən ödənilmiş xərcin əvəzi olaraq 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat cavabdehdən iddiaçının xeyriə tutulmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2(060)-3789/2023 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Sadıxov Şahı̇ n Fəzaı̇ l oğlunun Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 10.000 (on min) manat, hüquqi xidmətə görə 150 (bir yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (bir yüz iyirmi) manat tutularaq iddiaçı Sadıxov Şahı̇ n Fəzail oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar