Məhkəmə qərarları › İş №2(105)-1855/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1855/2020

18.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1855/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı icraçı direktoru X5, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 vəkili X1 iştirakı ilə, İddiaçı “xxxxxx” Kiçik Müəssisəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Cavabdeh4na qarşı mülkiyyət sənədlərinin etibarsız sayılması, yaşayış evinin və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-136/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-136/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia tələbi qismən təmin edilmiş,Quba rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2007-ci il tarixli, 378 nömrəli orderinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli və.02.2019-cu il tarixli çıxarışların ləğv edilməsi, Quba regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə- 3024 nömrə ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Quba şəhəri, Səməd Vurğun küçəsi, 3 saylı evin 1 saylı mənzilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Adil qızının qeyri-qanuni sahibliyindən alınaraq iddiaçı “xxxxxx” kiçik müəssisəsinə verilməsi, Cavabdeh1 və Cavabdeh2 Adil qızının həmin mənzildən çıxarılmaları qət edilmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-136/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: “xxxxxx” kiçik müəssisəsi Cavabdeh1, Cavabdeh2 Adil qızına, Cavabdeh4na və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxx” kiçik müəssisəsinin mülkiyyətində olan tikiliyə qanunsuz yolla əldə olunmuş, DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən həm Cavabdeh2 Adil qızının, həm də Cavabdeh1 adına verilmiş bütün mülkiyyət sənədlərinin ləğv olunması, qeyd olunan şəxslər arasında tikilinin özgəninkiləşdirilməsi barədə notariat organında təsdiq edilmiş müqavilənin etibarsız sayılması, tikilinin onun altında olan torpaq sahəsi ilə birlikdə müəssisənin istifadəsində olan 2,5 sot torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 Adil qızından məcburi qaydada alınaraq müəssisəyə qaytarılması, Cavabdeh2 Adil qızının ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, “xxxxxx” kiçik müəssisəsi 1993-cü ildə dövlət qeydiyyatından keçməklə hazırkı vaxta qədər fəaliyyət göstərir. Müəsissənin mülkiyyətində binalar, qurğular, yaşayış evləri, istifadəsində isə 6 hektardan yuxarı torpaq sahəsi vardır. Hazırki bina da, müəsissənin istifadəsində olmuş, Cavabdeh2 Adil qızı və onun həyat yoldaşı 1999-cu ildən başqa yaşayış yeri olmadığından özbaşına olaraq orada məskunlaşmışlar. Onlara dəfələrlə binanın boşaldılması barədə xəbərdarlıqlar edilsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh2 Adil qızının əri Səttər Hüseynov 2008-ci ildə vəfat etmiş, bundan sonra Cavabdeh2 tikiliyə saxta sənədlər əldə edərək, reyestrdən çıxarış almış və həmin əmlakı qardaşı Cavabdeh1 mülkiyyətinə keçirmişdir. Buna görə də, tikiliyə verilmiş mülkiyyət və digər sənədlər ləğv və etibarsız hesab edilməli, tikili torpaq sahəsi ilə birlikdə müəssisəyə qaytarılmalıdır. Uzun müddət mübahisənin barışıq yolu ilə həll edilməsinə çalışmışlar. Lakin bu müddət ərzində Cavabdeh2 niyyəti müəssisəsiyə məxsus əmlakı qanunsuz yollarla ələ keçirmək olmuşdur. “xxxxxx” kiçik müəssisəsi məhkəməyə Azərbaycan Respublikasının MPM-nin 53cü maddəsinə əsasən ərizə təqdim edərək bildirmişdir ki, “xxxxxx” kiçik müəssəsi (VÖEN **********) xx.xx.1993-cü ildən etibarən vergi ödəyicisi kimi qeydə alınmışdır. Quba şəhəri, S.Vurğun küçəsindəki kərpic sexi və müəssisənin balansında olan bütün əmlak xx xxxx 1993-cü il tarixli, 47 nömrəli əmrə əsasən müəssəsinin balansına verilmişdir. Təhvil-təslim aktından da görünür ki, kərpic sexinin balansında olan torpaq və digər əşyalarla birlikdə 1926-cı ildə inşa edilmiş 12 mənzilli yaşayı evi, 1952-ci ildə inşa edilmiş 8 mənzilli yaşayış evi və 1973-də inşa edilmiş yaşayı evi müəssisənin balansına verilmişdir. Müəssəsinin balansında olan ünvan 1 mənzil 1 ünvanındakı tikili Hüseynov Səttər və Cavabdeh2 Adil qızı tərəfindən qanunsuz olaraq zəbt edilmiş, xəbərdarlıq edilməsinə baxmayaraq onlar mülkiyyətə qanunsuz müdaxiləyə son verməmişlər. Bu şəxslər bir müddət həmin mənzildə qaldıqdan sonra, saxta sənədlər əsasında, gizli şəkildə Cavabdeh2 Adil qızının adına xx xxxxxx 2007- ci il tarixli, 378 nömrəli qanunsuz order əldə etmiş, həmin order əsasında Cavabdeh2 ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* saylı reyestrdən çıxarış əldə etmişdir. Daha sonra isə Cavabdeh2 Adil qızı ilə qardaşı Cavabdeh1 Adil oğlu arasında imzalanmış xx xxxxxx 2018-ci il tarixli uydurma əqd olan bağışlanma müqaviləsi əsasında Cavabdeh1 qeyd edilən mənzilə ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* saylı reyestrdən çıxarış əldə etmişdir. Bu order və çıxarışların, həmçinin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında əldə edilmiş saxta mülkiyyət hüquqlarına xitam edilməsi zəruridir. Belə ki, xx xxxxxx 2007-ci il tarixli, 378 nömrəli orderin surətində əks olunmuşdur ki, guya Cavabdeh2 Adil qızı 1994-cü ildən etibarən Quba şəhərindəki kərpic sexi ərazisində yaşadığından, onun həmin ərazidəki 3 otaqdan ibarət 38,2 kv.metrlik tikili sahəni tutmaq ixtiyarı vardır. Göründüyü kimi, bu orderin verilməsinə əsas olan hal Cavabdeh2 Adil qızının guya ki, 1994-cü ildən etibarən Quba şəhərində kərpic sexi ərazisində yaşaması göstərilmişdir. Bu faktın əsası kimi isə Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsi F.A.Osmanov tərəfindən imzalanmış xx xxxx 2007-ci il tarixli arayış göstərilmişdir. Həmin arayışda qeyd olunmuşdur ki, Cavabdeh2 Adil qızı 1994-cü ildən Quba şəhəri, Kərpic zavodunun yataqxanasında qeydiyyatdadır. Lakin arayışda Cavabdeh2 1994-cü ilin dəqiq hansı tarixindən qeydiyyatda olduğu göstərilməmişdir. Əgər həqiqətən də, Cavabdeh2 qeyd edilən ünvanda qeydiyyatda olsaydı, qeydiyyatın başlandığı və aparıldığı tarix dəqiq göstərilərdi. Həmçinin qeyd edilən ünvanda yataqxananın olmasına dair yalnız bu arayışda qeyd mövcuddur. Digər sənədlərin heç birində yataqxana qeyd edilməmişdir. Həqiqətdə isə mübahisəli tikilinin olduğu ərazidə ümumiyyətlə hər hansı bir yataqxana mövcud deyildir və olmamışdır. Bu fakt da arayışın həqiqəti əks etdirmədiyini göstərir. Bununla yanaşı, Quba RPŞ-nin xx xxxxxxxx 2019-cu il tarixli, 1xx-xx/25476-1119 nömrəli məktubundan da göründüyü kimi, Hüseynova (Ömərova) Roza Adil qızı xx.xx.1979-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək Quba rayonu, Digah kəndində qeydiyyatda olmuşdur. Quba RPŞ tərəfindən verilən sənədin daha mötəbər olduğunu və polis orqanının birbaşa olaraq fiziki şəxslərin qeydiyyatını aparmaq səlahiyyətinə malik tək dövlət qurumu olduğu nəzərə alınsa, Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsi F.A.Osmanov tərəfindən imzalanmış xx xxxx 2007-ci il tarixli arayışın saxta olduğu görünür. Cavabdeh2 order təqdim edilməmişdən əvvəl, onun qeydiyyatı ilə bağlı məhz polis orqanından arayış alınmalı idi. Lakin polis orqanından saxta arayışın əldə oluna bilinməyəcəyi məlum olduqdan sonra, Quba RİHBnin Quba şəhəri üzrə nümayəndəliyi ilə müvafiq sövdələşməyə girərək saxta arayış alınmışdır. Həmçinin Quba RİHB-nin Quba mənzil istismar sahəsinin xx xxxxx 2017-ci il tarixli, 19 nömrəli sənədində qeyd edilmişdir ki, guya Hüseynova X13 şəhəri, S.Vurğun küçəsi, Kərpic sexi ərazisi, 1 saylı evin 1 saylı mənzilinin sahibidir. Bu sənəd isə ümumiyyətlə qüsurludur, çünki sənədin adı, hansı quruma hansı məqsədlə verildiyi bəlli olmadığı kimi, sənədin mətni da natamamdır. Bununla yanaşı, RİHB-nin Quba mənzil istismar sahəsinin xx xxxxx 2017-ci il tarixli, 18 nömrəli arayışında Cavabdeh2 S.Vurğun küçəsi, Kərpic sexi ərazisi, ev 1, mənzil 1 ünvanında 2006-cı ildən qeydiyyatda olduğu qeyd edilmişdir. Qeyd edilən sənədlərdə mübahisəli sahənin ünvanı səhvən ünvan 2 mənzil 1 kimi göstərilmişdir, halbuki iş materiallarında olan çıxarışlardan göründüyü kimi, mübahisəli sahənin ünvanı ünvan 3 Qeyd edilən sənədlərdə yol verilən nöqsanlar, sənədlər arasında ziddiyyətlər əslində həmin sənədlərin gələcəkdə mülkiyyət əldə edilmək üçün saxta yollarla əldə edildiklərinə dəlalət edir. Cavabdeh1 qeyd olunan mənzili Cavabdeh2 ilə aralarında olan bağışlama müqaviləsi nəticəsində, Cavabdeh2 reyestrdən çıxarışı xx xxxxxx 2007-ci il tarixli, 378 nömrəli orderin əsasında, order isə Cavabdeh2 qeyd edilən ünvanda qeydiyyatda olmasına dair sənədlər əsasında verilmişdir. Yuxarıda qeyd edilən dəlillərdən də göründüyü kimi, Cavabdeh2 ünvan 4 mənzil 1 ünvanında qeydiyyatda olmamışdır və buna dair verilən sənədlər tamamilə əsassızdır.Həmçinin mübahisəli mənzilin də daxil olduğu 6 hektardan artıq torpaq sahəsi üzərindəki bütün tikililər və qurğular İddiaçınə məxsusdur. “xxxxxx” kiçik müəssisəsi yenidən məhkəməyə Azərbaycan Respublikasının MPMnin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək Cavabdeh1 və Cavabdeh2 Adil qızının ailə üzvləri ilə birlikdə ünvan 4 mənzil 1 ünvanından çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq qanunsuz qətnamə ilə bu tələb təmin edilmişdir. Məhkəmə iddiaçının tələblərinin təmin edilməsi haqda nəticəyə gələrkən Azərbaycan Dövlət tikinti materiallarının istehsalı və satışı konserni Sumqayıt tikinti materialları kombinatının xx.xx.1993-cü il tarixli, 47 saylı əmri ilə Quba şəhəri, Səməd Vurğun küçəsində yerləşən Quba kərpic sexi (əvvəllər kərpic zavodu) "xxxxxx" kiçik müəssisəsinin balansına verilməsi, həmin kərpic sexinin yataqxanasında yerləşən (ev 3,mənzil 1) cavabdehlərdən Cavabdeh1 Ədiİ oğlunun adına dövlət qeydiyyatına alındığını, həmin mənzilə dair öncə Cavabdeh2 Adil qızının adına xx.xx.2007-ci il tarixli orderin verilməsinə əsas onun 1994-cü ildən həmin mənzildə yaşamasının və qeydiyyatda olmasının göstərilməsi olduğunu, əslində isə Cavabdeh2 həmin mənzilə 2006-cı ildə qeydiyyata düşdüyünü, axırıncının və onun ailə üzvülərinin adlarının kərpic zavodunun yataqxanasının ev kitabında qeyd olunmadığını, bu əsasla da onun adına verilmiş Quba rayon İHB-nın xx.xx.2007-ci il tarixli, 378 saylı orderin əsassız olduğunu, qeyd edilmiş order əsasında reyestr xidməti idarəsi tərəfindən cavabdehlərin adına verilmiş çıxarışların etibarsız sayıldığını, iddiaçının mübahisəli əmlaka dair hüquqlarının dövlət qeydiyyatına alınmamış olsa da, həmin əmakın üzərində iddiaçının əvəzsiz və maneəsiz qaydada mülkiyyət hüququnun olmasının qeyd etmiş, "Torpaq islahatı haqqında” AR Qanununun 9-cu maddəsinə və AR Prezidentin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan fərdi yaşayış evləri, həyətyanı torpaq sahələrinin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olan bağların onların mülkiyyətinə verilməsi haqqında "Əsasnamənin 1-ci bəndinə əsasən vərəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrinin altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini nəzərdə tutduğundan iddiaçının onlara qarşı hazırki iddianı qaldırmaq hüququna malik olduğunu əsas olaraq göstərmişdir. Belə bir nəticəyə gələrkən məhkəmə qətnamədə AR Konstitusiyasının 13-cü,29-cu,AR MM-nin 152.1 və 157.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə məlum qətnaməni qəbul edərkən AR MPM-nin 8-ci və 9-cu maddələrinin tələblərini kobud surətdə pozmuş, məhkəmə araşdırmaları zamanı ədalət mühakiməsi,çəkişmə,tərəflərin hüquq bərabərliyi prinsiplərinə zidd olan qətnamə qəbul etmişdir. İşdən göründüyü kimi məhkəmə iddiaçının mübahisə edilən mənzilə və həmin mənzilin yerləşdiyi 2,6 sot torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatına alınmamış olsa da,həmin əmakın üzərində onun əvəzsiz və maneəsiz qaydada mülkiyyət hüququnun yaranmasına əsas olaraq əmlakın Azərbaycan Dövlət tikinti materiallarının istehsalı və satışı konserni Sumqayıt tikinti materialları kombinatının xx.xx.1993-cü il tarixli, 47 saylı əmri və əmrə əlavə edilmiş təhvil vermə aktıəsasında "xxxxxx" kiçik müəssisəsinin balansına verilməsini əsas göstərmişdir.xx.xx.2000-ci ilədək qüvvədə olan AR MM-nin 25-ci maddəsinə əsasən hüquqi şəxs nizamnamə (əsasnamə) əsasında hərəkət edir. Dövlət büdcəsində olan idarələr və sair dövlət təşkilatları, SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə nəzərdə tutulan hallarda isə həmçinin digər təşkilatlar, həmin növ təşkilatlara dair ümumi əsasnaməyə uyğun olaraq hərəkət edə bilərlər. Hüquqi şəxs, onun müəyyən edilmiş fəaliyyət məqsədinə müvafiq olaraq, mülki hüquq qabiliyyətinə malikdir. Hüquqi şəxsin hüquq qabiliyyəti onun nizamnamə və ya əsasnaməsinin təsdiq edildiyi vaxtdan, hüquqi şəxs həmin növ təşkilatlara dair ümumi əsasnaməyə görə hərəkət etməli olduğu hallarda isə, səlahiyyətli orqan tərəfindən, onun təşkilinə dair qərarın verildiyi vaxtdan əmələ gəlir. Hüquqişəxs onun dövlət qeydiyyatından keçdiyi andan yaradılmış hesab edilir. İş materiallarına əlavə edilmiş “xxxxxx ’’kiçik müəssisəsinin nizamnaməsindən məlum olur ki,həmin nizamnamə xx.xx.1994-cü ildə AR Ədliyyə Nazirliyində 19979 qeydiyyat nömrəsi ilə qediyyatdan keçmiş və Azərbaycan Dövlət tikinti materiallarının istəhsalı və satışı konserni Sumqayıt tikinti materialları kombinatının xx.xx.1993-cü il tarixli, 47 saylı əmr verilərkən və əmrə əlavə edilmiş təhvil vermə aktı tərtib edilərkən "xxxxxx" kiçik müəssisəsi hüquqi şəxs olaraq fəaliyyət göstərmək qabiliyiyyətinə malik olmamışdır.Belə olduğu halda, məhkəmə hüquqi şəxs kimi fəaliyyət göstərmək hüququna malik olmayan kiçik müəssisəyə münasibətdə verilmiş xx.xx.1993-cü il tarixli, 47 saylı əmrin və həmin əmrə əlavə edilmiş təhvil vermə aktının hüquqi əsaslarına düzgün qiymət verməmişdir.xx.xx.1993-cü ildə "xxxxxx" kiçik müəssisəsi hüquqi şəxs olaraq dövlət qeydiyyatından keçmiş olsaydı belə, mübahisəli kərpiç sexinin əmlakı "xxxxxx" kiçik müəssisəsinin balansına əmr əsasında yox, yalnız müvafiq səlahiyyətli dövlət orqanının qərarı əsasında verilə bilərdi. Lakin iş materiallarına belə bir qərar əlavə edilməmişdir.AR Konstitusiya Məhkəməsi Plenumunun"N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlanılmasına dair" qəbul etdiyi xx.xx.2006-cı il tarixli qərarında deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi özəlləşdirilən dövlət müəssisələrinin,ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektləri (yataqxanalar,məişət və mədəniyyət binaları,uşaq baxçaları,idman qurğuları,atelye və s.) yerli icra hakimiyyəti orqanlarının və aidiyyatı üzrə müvafiq təşkilatların balansına verilməsini istisna etmir.Lakin bu hal səlahiyyətli dövlət orqanının qərarı əsasında münkündür.Belə olduğu halda, birinci instansiya məhkəməsi 1993-cü ildə dövlət qeydiyyatından keçməmiş hüquqi şəxs olaraq fəaliyyət qabiliyyətinə malik olmayan və qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətli dövlət orqanının qərarı olmadan kərpic sexininəmlakının iddiaçının balansına verilməsinə dair qəbul edilmiş xx.xx.1993-cü il tarixli, 47 saylı əmr və həmin əmrə əlavə edilmiş təhvil vermə aktını qanuni və əsaslı hesab edə bilməz.Digər tərəfdən xx.xx.1994-cü ildə AR Ədliyyə Nazirliyində 19979 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş nizamnamənin 4.2-ci bəndində’’xxxxxx” kiçik müəssisənin balansında olan əmlakların siyahisı göstərilmişdir. Həmin bəndə görə “sexlər, emalatxanalar, mağazalar, nəqliyyat vasitələri, maşın və avadanlıqlar, digər istəhsal vasitələri, səhmlər və digər qiymətli kağızlar, istehsal malları, alınan gəlirlər, pul vəsaitləri, həmçinin valyuta ,istehlak və istehsal yönümlü digər əmlaklar müəssisənin balansında ola bilər”. Lakin həmin siyahıda iddiaçının balansına yataqxanaların, yaşayış evlərinin və mənzillərin də daxil olması nəzərdə tutulmamışdır. Buna baxmayaraq, dövlət qeydiyyatından keçməmiş hüquqi şəxs olaraq fəaliyyət qabiliyyətinə malik olmayan,qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətli dövlət orqanının qərarı olmadan,kərpic sexin əmlakını balansına təhvil alan iddiaçı eyni zamanda da xx.xx.1994cü ildə AR ƏN-də 19979 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş nizamnamə ilə müəyyən edilmiş qaydaları və səlahiyyətlərini də pozmuşdur. xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 94-cü maddəsinin tələblərinə əsasən kolxozlar və digər kooperativ təşkilatları, onların birləşmələri öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq, mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlaka sahiblik edir, həmin əmlakdan istifadə edir və onun üzərində sərəncam verirlər. İş materiallarından görünür ki,məhkəmə iddiaçının mövcud olmayan,27 il ərzində istifadə etmədiyi,sahiblik etmədiyi, lakin bu müddət ərzində onların istifadəsində olan və qanuni əsaslarla cavabdehlərə məxsus olan əmlaka dair qaldırdığı iddianı təmin edərkən onun belə bir tələbi irəli sürmək üçün subyektiv hüququnun olub-olmamasını da araşdırmamışdır. Onlara məxsus mənzilin və ya mənzilin yerləşdiyi ərazinin iddiaçıya aid olubolmamasına aydınlıq belə gətirilməmişdir. Ən azından, məhkəmə mübahisə edilən əraziyə baxış keçirmiş olsaydı, müəyyən edilərdi ki,əslində onlara qarşı iddia buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır.İş materiallarında olan 1967-ci ildə tərtib edilmiş Quba kərpic zavodunun plan sxemində torpaq sahənin iki hissədən ibarət olması,ortada Qubadan Əski-İqriq kəndinə gedən yolun olması göstərildiyini,sağ tərəfdə 1965-ci ildən dəmir tor ilə hasara alınmış(1993-cü ildək kərpic sexinin,o vaxtdan bu günədək isə iddiaçının istifadəsində olan) torpaq sahəsinin,sol tərəfdəisə çoxsaylı,o cümlətən, cavabdehlərin mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahənin olması müəyyən olunur.Məhkəmənin iddiaçının 27 il ərzində faktiki tikililərlə birlikdə qəbul edib istifadə etdiyi kərpic sexininərazisinin ölçülərinin və koordenatlarının,iddiaçının faktiki istifadəsində olan sahənin ölçüləri və koordinatları ilə üst-üstə düşüb-düşməməsini araşdırmadan,bununla bağlı ekspert və ya mütəxəsis rəyi tələb etmədən gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməlidir.İş materialları ilə müəyyən olunur ki,iddiaçı xx.xx.1993-cü il tarixli, 47 saylı əmr əsasında ona təhvil verilməli olduğu əmlaka dair heç bir əsas göstərmədən 27 ildən sonra cavabdehlərə qarşı iddia qaldırır və məhkəmə işin həqiqi hallarını nəzərə almadan iddia müddətinin ötürülməklə qaldırılmış tələbi Köhnə Mülki Məcəllənin 73 və 77-ci maddələrinə əsasən iddia müddəti tətbiq etməklə rədd edilməli olduğu halda, qərəzli şəkildə iddianın təmin edilməsi haqda qətnamə çıxarmışdır. Məlumdur ki, yaşayış sahəsinə dair verilən bütün orderlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən sərəncamlar əsasında verilir.Mübahisə edilən qətnamənin qeyri-qanuniliyi onunla sübuta yetirilir ki,məhkəmə iddia edilən mənzilə dair Cavabdeh2 adına verilmiş Quba rayon İHB xx.xx.2007-ci il tarixli, 378 saylı orderin ləğv edilməsinə dair qətnamə qəbul edir,lakin həmin orderin verilməsinə əsas olmuş Quba rayon İHB xx.xx.2007-ci il tarixli,263 saylı sərəncamının qüvvədə olmasına əhəmiyyət vermir. Başqa sözlə,ilkin hüquqverici sərəncam mübahisələndirilmədiyi halda, həmin sərəncam əsasında verilmiş order qanunsuz və əsassız hesab edilə bilməz.İşin həqiqi halları isə ondan ibarətdir ki,Cavabdeh2 həyat yoldaşı X6 xx.xx.1966-ci ildənvəfat edən günədək Quba kərpic zavodunda elektrik qaynaqçısı vəzifəsində işləmiş,işlədiyi dövrdə də o,kərpic zavudunun yaxınlığında,zavoda gedən yolun əks tərəfində özünə 3 otaqlı,sahəsi 55,0 kv.metr olan özbaşına fərdi ev inşa etmiş, xx.xx.1994-cü ildə o,Cavabdeh2 ilə ailə həyatı quraraq evlənmiş,həyat yoldaşını həmin evə gəlin gətirmiş,10 il müddətində həyat yoldaşı ilə birlikdə həmin evdə yaşamış,birgə nikahdan övladları olmamış,sağlığında X6 həyat yoldaşını öz evinə qeydiyyatasalmış,xx.xx.2006-cı ildə X6 oğlu vəfat etmiş,onun vəfatından sonra isə arvadı Cavabdeh2 Quba RİH-nə müraciət edərək yaşadığı mənzili öz adına rəsmiləşdirilməsini xahiş etmiş,onun xahişi əsasında da Quba rayon İHB xx.xx.2007-ci il tarixli,263 saylı sərəncamı əsasında xx.xx.2007-ci il tarixli, 378 saylı order verilmişdir.Həmin mənzil xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışla Cavabdeh2,daha sonra isə bağışlama müqaviləsi əsasında iş üzrə digər Cavabdeh1 adına tam qanuni əsaslarla dövlət reyestrində çıxarışla rəsmiləşdirilmişdir. Məhkəməni qeyd edilmiş maddi normaların tələblərini pozmaqla işin həqiqi hallarına və qanunun tələblərinə zidd olaraq qəbul etdiyi qətnamə AR MPM-nin 384-cü maddəsinin tələblərinə əsasən qanunsuz və əsassız hesab edilməklə ləğv edilməli, iddianın təmin edilməməsi haqda qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə Cavabdeh1 vəkili X4 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. İddiaçı icraçı direktoru X7 məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı və qətnamənin qanuni olduğunu göstərərək, onun dəyişdirilmədən saxlanılmasını, şikayətin isə təmin edilməməsini xahiş etdi. İç üzrə digər cavabdehlər DƏDRX-nin 5 saylı Ərazi İdarəsi və Cavabdeh4, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasınanümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin hüquqi şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* nömrəli şəhadətnamənin, müəssisənin nizamnaməsinin və digər sənədlərin surətindən görünür ki, “xxxxxx” kiçik müəssisəsi 405 nömrəsilə xx.xx.1993-cü il tarixdə qeydiyyata alınmış, onun nizamnaməsi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş və balansında əmlakları vardır. Yenə iş materiallarında olan Azərbaycan Dövlət tikinti materiallarının istehsalı və satışı Konserni Sumqayıt tikinti materialları kombinatının xx xxxx 1993-cü il tarixli, 47 nömrəli əmrinin surətindən görünür ki, xx.xx.1993-cü il tarixdən Quba kərpic sexi “xxxxxx” kiçik müəssisəsinin balansına verilmişdir. Yenə də iş materiallarında olan torpaqdan istifadə hüququna aid aktın surətindən görünür ki, Quba kərpic zavoduna həmişəlik istifadə etmək üçün 1967-ci ilin sentyabr ayında 6,30 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.2007-ci il tarixli, 2935 nömrəli arayışının surətindən görünür ki, Hüseynova X11 zavodunun yataqxanasında tək yaşayır. O, 1994-cü ildən həmin evdə qeydiyyatdadır. İşdə olan Quba RİH başçısının xx.xx.2007-ci il tarixli, 263 saylı sərəncamından görünür ki, Cavabdeh2 Adil qızına Quba şəhəri, kərpic sexi ərazisində 3 otaqdan ibarət 38,2 kv.metr mənzilin verilməsi qərara alınmışdır. Yenə iş materiallarına əlavə edilmiş Cavabdeh2 Adil qızının adına verilmiş xx.xx.2007-ci il tarixli, 378 nömrəli orderin surətindən görünür ki, onun Quba şəhəri, kərpic sexi ərazisində 3 otaqdan ibarət 38,2 kv.metr mənzil sahəsini tutmağa ixtiyarı vardır. Yenə də iş materiallarına əlavə edilmiş Quba RPŞ-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh2 Adil qızı xx.xx.1979-cu ildən xx.xx.2006-cı ilə kimi Quba rayonu, Digah kəndində qeydiyyatda olmuşdur. İşdə olan Quba rayonu, Kərpic zavodunun yataqxanasının ev kitabının surətindən görünür ki, Cavabdeh2 Adil qızı barədə həmin kitabda heç bir qeydiyyat yoxdur. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Quba şəhəri, Səməd Vurğun küçəsi, ev 3, mənzil 1 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 Adil qızına məxsusdur. Yenə iş materiallarında olan Quba regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-3024 nömrə ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Adil qızı özünə məxsus Quba şəhəri, Səməd Vurğun küçəsində yerləşən mənzili Cavabdeh1 bağışlamışdır. Yenə də iş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Quba şəhəri, Səməd Vurğun küçəsi, ev 3, mənzil 1 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasənapelyasiya şikayətitəmin edilməli,Quba Rayon Məhkəməsinin 2(027)-136/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, “xxxxxx” Kiçik Müəssisəsinin Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Cavabdeh4na qarşı mülkiyyət sənədlərinin etibarsız sayılması, yaşayış evinin və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəməiddianıtəminedərkənonaəsaslanmışdırki, işin halları, habelə qanunvericilik normaları nəzərə alındığında görünür ki, İddiaçı kiçik müəssəsinin mübahisəli daşınmaz əmlak üzərində qanunverciliyə əsasən əvəzsiz və maneəsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi vardır. Həmin daşınmaz əmlak onun balansına verilmiş, lakin hüquqları dövlət qeydiyyatına alınmamışdır. Hazırki vəziyyətdə isə digər şəxslərin adına verilmiş qeydiyyat sənədi onun hüquqlarının qeydiyyata alınmasına mane olur və mülkiyyət hüquqlarını məhdudlaşdırır.Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 Adil qızının Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin arayışı əsasında Quba şəhəri kərpic sexi ərazisində yerləşən yaşayış sahəsinə aldığı order qanunsuz hesab edilməlidir. Belə ki, həm Quba RPŞ-nin məktubu, həm də Quba rayonu Kərpic zavodunun yataqxanasının ev kitabı ilə müəyyən edilir ki, Cavabdeh2 Adil qızı xx.xx.1979-cu ildən xx.xx.2006-cı ilə kimi Quba rayonu, Digah kəndində qeydiyyatda olmuş, onun və ailə üzvlərinin adı Kərpic zavodunun yataqxanasının ev kitabında qeyd edilməmişdir. İcra nümayəndəsi tərəfindən verilmiş həmin arayışın nəyin əsasında verildiyi müəyyən olunmamış, cavabdehin başqa yerdə qeydiyyatda olması təsdiq edilmişdir. Ümumiyyətlə qanunvericiliklə İcra nümayəndəsinin arayışı əsasında hər-hansı bir şəxsə mülkiyyət hüququnu tanıyan sənədin verilməsi nəzərdə tutulmamışdır. Buna görə də, qeyd olunan arayış qanunsuz olduğu üçün, onun əsasında verilmiş order və sonradan alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ləğv edilməli və bağışlanma müqaviləsi etibarsız hesab edilməlidir. Həmin mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Adil qızının qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya verilməli, Cavabdeh1 və Cavabdeh2 Adil qızı həmin mənzildən çıxarılmalıdırlar. Məhkəməbu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 19cu maddələrinə, Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin müddəalarına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi S.Bayramovanın şikayəti üzrə xx xxxx 2012-ci il tarixli Qərarına istinad etmişdir. Məhkəməningəldiyinəticəiləaşağıdagöstərilənlərəəsasənrazılaşmaqolmaz. Əvvəla, mübahisəli əmlakın iddiaçının mülkiyyətində olmasına dair işdə heç bir legitim və mötəbər sübut yoxdur. İşə əlavə edilmiş tarixi göstərilməmiş akt, eləcə də Quba kərpic zavoduna 6,30 ha torpaq sahəsinə dair 1967-ci ilin sentyabr ayında verilmiş torpaqdan istifadə hüququna aid akt iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair şəhadətnamə, torpağın müvəqqəti istifadəsi haqqında şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. AR Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlərdən alınıb onlara qytarılmasını tələb etdiyi mübahisəli torpaq sahəsinə dair ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmadığından hazırki halda onun belə bir iddia ilə çıxış etməsi üçün əsaslar yaranmamışdır. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onların başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən eləcə də göstərilən sənədlərin etibarsız hesab olunmasından söhbət gedə bilməz. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi mübahisəli yaşayış sahəsilə bağlı rayon İH tərəfindən Cavabdeh2 Adil qızına xx.xx.2007-ci il tarixdə order verilməsinə əsas kimi Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin arayışını göstərmişdir. Məhkəmə kollegiyası isə hesab edir ki, bu hal iş materialları ilə tamamilə təkzib olunur və qətnamə işin faktiki hallarına uyğun gəlmir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh2 Adil qızının adına verilmiş xx.xx.2007-ci il tarixli, 378 nömrəli orderin surətindən görünür ki, bu order Quba rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2007-ci il tarixli, 263 saylı sərəncamına əsasən verilmişdir. Qeyd edilən sərəncam hazırda qüvvədədir, bu sərəncam iddiaçı tərəfindən, ümumiyyətlə mübahisələndirilməmişdir. Həmin sərəncamın ləğv olunması və ya etibarsız hesab edilməsi barədə iş materiallarında mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdən görünür ki, mübahisəliorderxx.xx.2007-ci il tarixdəverilmişdirvəbubaxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan mənzil mübahisəsi 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Qeyd edildiyi kimi, mübahisəli orderin verilməsini əsas Quba rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2007-ci il tarixli, 263 saylı sərəncamı olmuşdur ki, bu sərəncam iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmin sərəncam ləğv və ya etibarsız hesab olunmadan onun əsasında verilmiş orderin ləğv edilməsi yolverilməzdir. Orderin ləğv edilməsi barədə tələbi əsassız sayaraq məhkəmə kollegiyası hesab edir ki, digər tələblər də sırf həmin orderdən yaranmış hüquqlardan doğmuşdur. Buna görə Quba rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2007-ci il tarixli, 263 saylı sərəncamı və onun əsasında verilmiş order etibarsız hesab edilmədən, həmin sənədlərin doğurduğu hüquqi nəticələr də etibarsız sayıla bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası həmin tələblər üzrə əlavə araşdırma aparmağa zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işin şərh olunan hallarına məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, orderin sərəncam əsasında deyil, arayış əsasında verilməsinə istinad edilərək işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir ki, bu da qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı “xxxxxx” Kiçik Müəssisəsi iddia tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Bunun əksinə, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini qismən də olsa sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrəbirinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və “xxxxxx” Kiçik Müəssisəsinin Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Cavabdeh4na qarşı iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçı “xxxxxx” Kiçik Müəssisəsindən onların xeyrinə tutulmalı, iddia verilməsi üçün dənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrəQuba Rayon Məhkəməsinin 2(027)-136/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. “xxxxxx” Kiçik Müəssisəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Cavabdeh4na qarşı mülkiyyət sənədlərinin etibarsız sayılması, yaşayış evinin və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması barədə iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçı “xxxxxx” Kiçik Müəssisəsindən onların xeyrinə tutulsun. İddia verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar