Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1858/2022 27.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Nümayəndə2, Cavabdehlərin nümayəndəsi və vəkili: Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gülbaba qızını qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2020ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim X.İ.Quliyev) iddianın təmin edilməsi, JN-120F seriyalı, 30216018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nəzərdə tutulmuş, Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair İddiaçı ilə cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 arasında 22 iyul 2003-cü il tarixdə bağlanmış əqdin etibarlı hesab edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinin alqısatqısına dair cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 ilə aralarında 22 iyul 2003-cü il tarixdə bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evini 22 iyul 2003-cü il tarixdə ********* köhnə Azərbaycan manatına satın almışdır. Alqısatqını notarial qaydada 22 iyul 2003-cü il tarixdə rəsmiləşdirmişlər. Alqı-satqı müqaviləsini rəsmiləşdirdikdən sonra o, 25 iyul 2003-cü il tarixdə satın aldığı evə dair adına qeydiyyat vəsiqəsi və texniki pasport almışdır. 04 noyabr 2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək evə dair reyestrdən çıxarış sənədi almaq istəyərkən məlum olmuşdur ki, satın aldığı əmlaklardan torpaq sahəsi alqı-satqı müqaviləsində alqı-satqı predmeti kimi göstərilməmiş və torpağa dair cavabdehlərin adına mülkiyyət şəhadətnaməsi mövcuddur. Bundan sonra o, cavabdehlərin harada olmasını müəyyən edərək yenidən onlarla alqısatqı müqaviləsi bağlamağı cəhd etmişdir. Lakin cavabdehlər 2003-cü ildə evlərini ona satdıqdan sonra köçüb getdiklərindən onların harada yaşamasını müəyyən edə bilməmişdir. Hal-hazırda da cavadehlərin harada yaşaması məlum deyildir. Cavabdehlər 2003-cü ildən yaşayış yerini dəyişmişlər və ərazidə onların harada yaşaması barədə dəqiq məlumat yoxdur. Yaranmış vəziyyətdə o, 2003-cü ildə satın aldığı torpaq sahəsini evlə birlikdə adına rəsmiləşdirə bilmir. O, torpaq sahəsini evlə birlikdə almışdır. Hazırda torpaq sahəsini digər qaydada adına rəsmiləşdirə bilmədiyindən cavabdehlərin məlum olan axırıncı yaşayış ünvanına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Satın aldığı yaşayış evi və həyətyanı torpaq sahəsi 2003-cü ildən onun istifadəsindədir. Həmin əmlaklara dair heç bir mübahisə yoxdur. O, müqavilə üzrə alıcı kimi üzərinə düşən bütün vəzifələrini yerinə yetirmiş, yəni cavabdehlərə razılaşdıqları məbləği verərək satın aldığı əmlakları faktiki olaraq qəbul etmişdir. Lakin cavabdeh tərəfin üzərinə düşən öhdəlikləri yerinə yetirməmələri nəticəsində faktiki olaraq aralarında baş tutmuş əqd rəsmiləşdirilmədən qalmışdır. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İşə əlavə olanmuş Xaçmaz rayon 1 saylı DNK-da təsdiq edilmiş 22 iyul 2003-cü il tarixli 4-e393 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, onlar Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evi 22 iyul 2003-cü il tarixdə ********* köhnə Azərbaycan manatına iddiaçıya satmışlar. Onlar yalnız bir mərtəbəli, iki otaqlı yaşayış evini iddiaçıya satmışdır. Əgər torpaq sahəsini də satsaydı bu alqı-satqı müqaviləsində də öz əksini tapardı. Məhkəmə iddia tələbini təmin etməklə onların mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(067)-1943/2020 nömrəli qətnaməsini iddia müddəti tətbiq etməklə ləğv edərək, iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı R.G.Abbasovun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin təmin edərək, tərəflər arasında evin alqı-satqı müqaviləsinin notariat qaydada bağlanmış hesab edilməsinin, bununla da torpağın cavabdehlər tərəfindən iddiaçıya satılması və uzun müddət onlar tərəfindən həmin torpağın boşaldılmamasını tələb etmədiklərinin sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi aşagıdakı maddi və hüquq normalarına əsaslanmışdır. İ.K.Rəcəbovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələblərinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur. Əqdin notarial təsdiqlənməsi qaydasına riyaət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunverciliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna blər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. İşə əlavə olunmuş Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş 22 iyul 2003-cü il tarixli, 4-ə393 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evini 22 iyul 2003-cü il tarixdə ********* köhnə Azərbaycan manatına İddiaçı satmışlar. İşdə olan 25 iyul 2003-cü il tarixli, 4-185a reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunda 22 iyul 2003-cü il tarixli, 4-ə393 reyestr nömrəli reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonunun Nabran kəndi Kaspi küçəsində yerləşən 46 saylı fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan 25 iyul 2003-cü il tarixli, 327 inventar nömrəli fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, İddiaçı adına olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 1 mərtəbədən, 2 otaqdan, 78,3 kv.m ümumi sahədən, 42,7 kv.m köməkçi sahədən və 35,6 kv.m köməkçi sahədən ibarət olmaqla sənəd üzrə 1700,0 kv.m, faktiki 1701,5 kv.m torpaq sahəsində yerləşir. İşə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-120F seriyalı, 30216018 kodlu şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1998-ci il tarixli, 14 nömrəli qərarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Nabran kəndi ərazisindən 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Alqı-satqı müqaviləsindən görünür ki, cavabdehlər yalnız bir mərtəbəli, iki otaqlı yaşayış evini iddiaçıya satmışdır. Torpaq sahəsinin satılması barədə bu alqı-satqı müqaviləsində öz əksini tapmamışdır. Məhkəmə iddia tələbini təmin etməklə cavabdehlərin mülkiyyət hüququ pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Provessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 20 oktyabr 2020-ci il tarixli 2(067)- 1943/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gülbaba qızına qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1858/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1858/2022
27.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver