Məhkəmə qərarları › İş №2(105)-1860/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1860/2023

31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1860/2023 31.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(029)-399/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə, Cavabdeh 12 mart 2020-ci il tarixdə özünə məxsus Qusar şəhəri, Ç.Qurbanov küçəsi 32 saylı binanın 3 saylı mənzilin qonşuluğunda yerləşən, Rusiya Federasiyasında yaşayan, əslən Qusar rayonundan olan İddiaçı xüsusi mülkiyyətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, seriya MH ******* nömrəli və xx.xx.2009-cu il tarixli, seriya MH ******* nömrəli çıxarışlar əsasında olan Qusar şəhəri Ç.Qurbanov küçəsi 32 nömrəli 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 27,9 kv.m ümumi, 20,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli və həmin binanın 2-ci girişində, 1-ci mərtəbəsində 28,8 kv.m ümumi, 21,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzilləri, İddiaçı son bir neçə ildə Azərbaycan Respublikasına gələ bilməməsindən istifadə edərək, fəhlələr vasitəsi ilə onlara mənzillərin özünə məxsus olduğunu yalandan deyib aldadaraq, özbaşına sökdürüb özgə əmlakını qəsdən məhv etməklə İddiaçı xeyli miqdarda maddi ziyan vurmuşdur.

2. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(029)-27/2022 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 75.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə barəsində cəza təyin edilməmiş, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(105)-53/2023 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Qusar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 1(029)-27/2022 nömrəli hökmü ləğv edilmiş, Cavabdeh Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə və Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi, zərərçəkmiş şəxs İddiaçı dəymiş ziyanın ödənilməsi barədə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 12902 manat, əmlakına vurduğu 940 manat hüquqi yardıma görə ödədiyi və 3050 manat yol xərcini, 3000 manat mənəvi zərəri, ümumilikdə 19982 (on doqquz min doqquz yüz səksən iki min) manat pulun alınaraq ona ödənilməsi və iş üzrə ödədiyi 150 manat dövlət rüsumunun da alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, seriya MH ******* nömrəli və xx.xx.2009-cu il tarixli, seriya MH ******* nömrəli çıxarışlar əsasında Qusar şəhəri, Ç.Qurbanov küçəsi 32 nömrəli 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 27,9 kv.m ümumi, 20,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli və həmin binanın 2-ci girişində, 1-ci mərtəbəsində 28,8 kv.m ümumi, 21,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzilləri onun xüsusi mülkiyyətindədir. O, Rusiya Federasiyasında yaşayır. Son illər xəstələndiyinə və başqa obyektiv səbəblərə görə Azərbaycana gələ bilməmişdir. 2020-ci ilin yaz aylarında ona xəbər çatmışdır ki, yuxarıda göstərdiyi hər iki mənzili sökülmüşdür. Buna görə də Qusar rayon polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Onun müraciətindən sonra Qusar rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılmışdır. İstintaqla müəyyən olunmuşdur ki, onun mənzillərinin sökülməsində Cavabdeh təqsirlidir. İstintaq başa çatandan sonra Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə olan cinayət işi baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri ilə və iş materiallarında olan Qusar Rayon İcra Hakimiyyətinin 01 iyun 2021-ci il tarixli 1-519 saylı məktubundan və ona əlavə olunmuş ünvan 1 ünvanda olan İddiaçı məxsus sökülmüş 1 və 2 saylı mənzillərin bərpası üçün tərtib edilmiş smetalardan görünür ki, 1 saylı mənzilin bərpasına 7888.8 (yeddi min səkkiz yüz səksən səkkiz manat səksən qəpik), 2 saylı mənzilin bərpasına 7389.8 (yeddi min üç yüz səksən doqquz manat səksən qəpik), hər iki mənzilin bərpasına isə cəmi 15278.6 (on beş min iki yüz yetmiş doqquz manat altmış qəpik) manat vəsait tələb olunur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 14 iyun 2021-ci il tarixli 10/2568 saylı rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən 1 və 2 nömrəli mənzillərin bərpası üçün aparılmalı təmir-tikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 12902,0 manat məbləğində müəyyən olunub. Həmçinin, Qusar Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 5(029)-28/2021 saylı qərarına əsasən Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. Bundan başqa Qusar Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 5(029)-29/2021 saylı qərarına əsasən Cavabdeh mülkiyyətində olan, Qusar şəhərində yerləşən 0,06 ha və 0,02 ha torpaq sahələrinin özgəninkiləşdirilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (notariat kontorunda alqısatqısının) qarşısını almaqla həmin torpaq sahələrinin üzərlərinə həbs qoyulmuşdur. Qusar Rayon Məhkəməsi Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 75.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə barəsində cəza təyin edilməməsi və cinayət nəticəsində zərərçəkmiş şəxs olaraq ona dəymiş ziyanın ödənilməsi barədə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi barədə xx.xx.2022-ci il tarixdə 1(029)-27/2022 nömrəli hökm çıxarmışdır. Kərimxanaova Anfisanın apellyasiya şikayəti üzrə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi 1(105)-53/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü ləğv edilərək cinayət təqibinə xitam verilmiş, zərərçəkmiş şəxs olaraq ona dəymiş ziyanın ödənilməsi barədə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi cavabdeh əmlakını məhv edərək ona xeyli miqdarda ziyan vurduğu tam sübuta yetirilmişdir. Özünün təqsirli olmasını o, Sumqayıt Apellyasiya Məhkəməsində verdiyi ifadəsi və ərizəsi ilə etiraf etmişdir. Məlumat üçün onu da bildirir ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində ona dəymiş ziyan ödənilmədiyindən üzərinə həbs qoyulması qeyd edilən mənzil və torpaq sahələrinin həbsdən azad edilməsi məqsədə müvafiq hesab edilməmişdir. AR MPM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdehin onun əmlakını məhv etməsi AR MM-in 14.2-ci maddəsində nəzərdə tutulmuş mülki hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biridir. Belə ki, həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən bu əsaslardan biri başqa şəxsə zərər vurulmasıdır. Cavabdeh onun əmlakını məhv etməklə ona həm də böyük mənəvi zərər vurmuşdur. O, pensiyaya çıxandan sonra Azərbaycana qayıdaraq onun anasının yaşadığı, uşaqlığını keçirtdiyi və ona son dərəcə əziz olan evini təmir etdirərək orada yaşamaq istəyirdi. O, cavabdehin ona qarşı törətdiyi bu cinayət əməli səbəbindən ağır sarsıntıya məruz qalmışdır və mənəvi zərbə almışdır. Həmin mənzillər ona anasının yadigarı idi, onların məhv edilməsi ona mənəvi cəhətdən də əzab verir. O, Vətəninə gələndə bu hisslər ona çox üzücü təsir göstərir. Əlavə olaraq qeyd etmişdir ki, onun evində onun icazəsilə uzun müddət Qusar rayonu Qalacıq kənd sakini Teymur adlı şəxs öz ailəsi ilə birgə olaraq yaşamışdır. Orada normal yaşayış şəraiti olub, həmin ailə bütün kommunal xidmətlərdən yararlanırdı, yəni mənzillərdə qaz və elektrik təminatı var idi və işlədici cihazlarından istifadə olunurdu. Cavabdeh bu əməli ona həm də əlavə maddi ziyanlara da səbəb olub. Belə ki, bu hadisə baş verəndə o, Qusar RPŞ-nin çağırışına əsasən zərərçəkən qismində Rusiya Federasiyasından onun üçün son dərəcə əlverişsiz olan şəraitdə gəlməyə məcbur olmuşdur. Həmin vaxtı hamıya məlum olduğu kimi ölkələr arasında karantin səbəbindən gediş-gəliş məhdudlaşdırılmışdı. Sərhədi keçəndən sonra müəyyən vaxt ərzində karantin şəraitində saxlanma qaydası var idi. Daha sonra Qusar Rayon Məhkəməsində yuxarıda göstətdiyi cinayət işinə baxılarkən o, yenə də məhkəməyə dəvət olunmuş və gəlib məhkəmədə ifadə vermişdir. Bu səfərləri zamanı yola və Qusar şəhərində yaşamağa, yəni evinin qalmaması səbəbindən mehmanxanaya da xeyli vəsait sərf etmişdir. Bundan başqa hadisə ilə əlaqədar cinayət isinin istinqaqı zamanı, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində onun təmsil olunmağı və hüquqlarının müdafiəsi üçün nümayəndə və vəkil xidmətindən yararlanmalı olmuşdur. Həmin mərhələlərin hər birində 200 (iki yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat, cavabdehə qarşı qaldırdığı bu iddia ilə də əlaqədar olaraq hal-hazırkı iş üzrə isə 340 (üç yüz qırx) manat xidmət haqqı ödəmişdir. Beləliklə, hüquqi yardıma görə cəmi 940 (doqquz yüz qırx) manat ödəmişdir.

6. Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o ancaq ekspertizanın rəyində göstərilən məbləği 12902 manatı qəbul edir, qalan tələbi qəbul etmir, onun maddi imkanı yoxdur. O, hüquqi yardıma görə tələb olunan 940 manatı, 3000 manat yol xərcini, mənəvi zərərə görə tələb olunan 3000 manatı və qalan tələb olunan pulları da qəbul etmir. Odur ki, iddianın qismən təmin olunmasna dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(029)-399/2023 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia qismən təmin edilərək, Cavabdeh əmlaka vurduğu ziyana görə 12902 (on iki min doqquz yüz iki) manat, hüquqi yardıma görə ödədiyi 940 (doqquz yüz qırx) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat, həmin vaxtın məzənnəsi ilə yol pulu kimi ödənilmiş 32570 (otuz iki min beş yüz yetmiş) Rusiya rublu (və ya 368 (üç yüz altmış səkkiz) avro), taksi xidmətləri də nəzərə alınmaqla cəmi 48244 (qırx səkkiz min iki yüz qırx dörd) Rusiya rublu və 150 (yüz əlli) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisə edilməyən faktiki halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı qarşı Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə, yəni həmin şəxsin əmlakını qəsdən məhv etməklə ona 12902,00 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tam təsdiq olunur. Bundan başqa, iddiaçı tərəfindən məhkəmə təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Cavabdeh törətdiyi cinayət hadisəsini ilkin araşdırılması, ibtidai istintaq və məhkəmə istintaqının həyata keçirilməsi zamanı bir sıra məcburi və zəruri xərclər çəkmiş, bununla bağlı Rusiya Federasiyasından Azərbaycana gəlmiş və buna görə 32570 (otuz iki min beş yüz yetmiş) Rusiya rublu (və ya 368 (üç yüz altmış səkkiz) avro), taksi xidmətləri də nəzərə alınmaqla isə cəmi 48244 (qırx səkkiz min iki yüz qırx dörd) Rusiya rublu miqdarında xərc çəkmişdir.

9. Bundan başqa, iddiaçı vəkillə hüquqi xidmətlərin göstərilməsi ilə bağlı 940 manat məbləğində xərc çəkmişdir.

10. İddia tələbində göstərilən mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələb qismən təmin olunmalıdır. Belə ki, iddiaçı mənəvi sarsıntı keçirmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İş materialları və işin halları iddiaçıya mənəvi ziyan vurulduğu qənaətinə gəlməyə əsas verir. Mənəvi ziyanın həcminə gəldikdə isə, məhkəmə zərərin baş verməsinə səbəb olmuş hərəkətin dərəcəsini, bunun nəticəsində iddiaçının keçiridiyi mənəvi sarsıntının xarakterini, iddiaçının fərdi xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 500 manat məbləğində qiymətləndirilməlidir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1. 21.2, 385.1, 386.1, 1096.1, 1096.2. 1097.1, 1108.1-ci, Mülki Prosessual Məcəllənin 82.4, 107, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə üzrə gəlinmiş nəticə işin faktiki halları ilə tam uzlaşmır, ondan əsassız yerə artıq məbləğdə pul tutulmuşdur. Belə ki, iddiaçının təyyarə biletlərinə görə, o cümlədən, taksi xidmətlərinə görə ödədiyi pulların ondan tutulmasının heç bir hüquqi əsası yoxdur. Həmçinin, iddiaçının vəkil bürosuna ödədiyi pulu hansı məqsədlə ödəməsi də məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa, dəymiş ziyanla bağlı müvafiq ekspertiza təyin olunmamış, iş üzrə ekspert rəyi alınmamışdır. Bununla da, Qusar Rayon Məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, ekspert rəyində göstərilən 12902 manatı qəbul edir, iddia tələbi üzrə qalan məbləğləri qəbul etmir, çünki həmin pulu ödəməyə maddi imkanı yoxdur.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 439. Pul öhdəliklərinin icrası (....) 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

22. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: (...) 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; (...)

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.3. qətnaməni dəyişdirə bilər; (...)

27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi yardıma görə ödədiyi 940 manat, mənəvi zərərə görə 500 manat, həmin vaxtın məzənnəsi ilə yol pulu kimi ödənilmiş 32570 Rusiya rublu (və ya 368 (üç yüz altmış səkkiz) avro), taksi xidmətləri də nəzərə alınmaqla cəmi 48244 Rusiya rublun alınıb İddiaçı verilməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissələrdə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

30. Belə ki, işin mübahisəsiz hallarına əsasən Cavabdeh 12 mart 2020-ci il tarixdə özünə məxsus Qusar şəhəri, Ç.Qurbanov küçəsi 32 saylı binanın 3 saylı mənzilin qonşuluğunda yerləşən, Rusiya Federasiyasında yaşayan, əslən Qusar rayonundan olan İddiaçı xüsusi mülkiyyətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, seriya MH ******* nömrəli və xx.xx.2009cu il tarixli, seriya MH ******* nömrəli çıxarışlar əsasında olan Qusar şəhəri Ç.Qurbanov küçəsi 32 nömrəli 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 27,9 kv.m ümumi, 20,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli və həmin binanın 2-ci girişində, 1-ci mərtəbəsində 28,8 kv.m ümumi, 21,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzilləri, İddiaçı son bir neçə ildə Azərbaycan Respublikasına gələ bilməməsindən istifadə edərək, fəhlələr vasitəsi ilə onlara mənzillərin özünə məxsus olduğunu yalandan deyib aldadaraq, özbaşına sökdürüb özgə əmlakını qəsdən məhv etməklə İddiaçı xeyli miqdarda maddi ziyan vurmuşdur.

31. Qeyd edilən hal Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(029)- 27/2022 nömrəli hökmü ilə və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(105)-53/2023 nömrəli qərarı ilə təsdiqini tapmışdır.

32. Birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh əmlaka vurduğu ziyana görə 12902 manatın tutulması nəticəsinə gəlmişdir.

33. Cavabdehin həm birinci instansiya məhkəməsində verdiyi izahatına, həm də apellyasiya instansiyası məhkəməsində verdiyi izahatına əsasən müəyyən edilir ki, o, iddia tələbini 12902 manatın tutulması hissəsində mübahisələndirmir.

34. Apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi yardıma görə 940 manat, mənəvi zərərə görə 500 manat, həmin vaxtın məzənnəsi ilə yol pulu kimi ödənilmiş 32570 Rusiya rublu (və ya 368 (üç yüz altmış səkkiz) avro), taksi xidmətləri də nəzərə alınmaqla cəmi 48244 Rusiya rublun tutulması hissəsində mübahisələndirilir.

35. Hüquqi yardıma görə 940 manatın tutulması ilə bağlı kollegiya qeyd edir ki, işdə olan bank hesab çıxarışından görünür ki, Femida Vəkil bürosuna 940 manat xidmət haqqı ödənilmişdir.

36. Mənəvi zərər ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

37. Həmin qərarda eyni zamanda göstərilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

38. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqsiri nəticəsində iddiaçı əsəb gərginliyi, stres və mənəvi iztirab keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

39. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.

40. Həmin qərarın 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

41. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər.

42. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

43. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmlak itkisinə görə iddiaçının mənəvi zərərə məruz qalması isə işin halları ilə öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd edilən qərarlarla cavabdehin iddiaçının mənzillərini sökməsi müəyyən olunduğundan, onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

44. Yol pulu kimi ödənilmiş 32570 Rusiya rublun (və ya 368 (üç yüz altmış səkkiz) avro), taksi xidmətləri də nəzərə alınmaqla cəmi 48244 Rusiya rublun tutulması ilə bağlı isə kollegiya qeyd edir ki, işdə olan 12 mart 2021-ci il tarixli elektron biletin surətindən görünür ki, Hacıyev Elman 01 aprel 2021-ci il tarixdə Yekaterinburqdan Bakıya və 08 aprel 2021-ci il tarixdə Bakıdan Yekaterinburqa uçuş biletləri üçün 48244 Rusiya rublu ödəmişdir.

45. Beləliklə, cavabdeh iddiaçıya vurduğu bütün zərər görə məsuliyyət daşıdığından, iş materialları ilə iddia tələbinin bu hissədə də əsaslı olması təsdiqini tapır. Lakin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən hissədə iddia tələbini qismən təmin etsə də, Mülki Məcəllənin 439.2-ci maddəsinin tələbini nəzərə almamışdır.

46. Həmin maddəyə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

47. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış hallarına və sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(029)-399/2023 nömrəli qətnaməsi - həmin vaxtın məzənnəsi ilə yol pulu kimi ödənilmiş 32570 Rusiya rublu (və ya 368 (üç yüz altmış səkkiz) avro), taksi xidmətləri də nəzərə alınmaqla cəmi 48244 Rusiya rublunun tutulması hissəsində dəyişdirilərək, Cavabdeh yol pulu kimi ödənilmiş cəmi 48244 (qırx səkkiz min iki yüz qırx dörd) Rusiya Federasiyası rublu ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq İddiaçı verilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(029)-399/2023 nömrəli qətnaməsi - həmin vaxtın məzənnəsi ilə yol pulu kimi ödənilmiş 32570 Rusiya rublu (və ya 368 (üç yüz altmış səkkiz) avro), taksi xidmətləri də nəzərə alınmaqla cəmi 48244 Rusiya rublun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh yol pulu kimi ödənilmiş cəmi 48244 (qırx səkkiz min iki yüz qırx dörd) Rusiya Federasiyası rublu ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar