Məhkəmə qərarları › İş №2(105)-1867/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1867/2021

14.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1867/2021 14.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2(012)-1352/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2(012)-1352/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh Baba-Əli oğluna qarşı borc müqaviləsinə və öhdəliyə icra edildiyindən xitam verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçının nümayəndəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli, 2(105)-3547/2019 saylı qətnaməsi ilə İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1352/2019 saylı, 17 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1354/2021 saylı, 17 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3547/2019 nömrəli iş üzrə 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Baba-Əli oğlundan 300000 manat borc alınmasına dair əllə yazılmış 21 dekabr 2011-ci il tarixli müqavilənin, eləcə də 05 dekabr 2012-ci il tarixli Cavabdeh Baba-Əli oğlundan 300000 manat borc pul alınmasına dair Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda bağlanan 3m/1611 reyestr saylı borc müqaviləsinin borcu qaytararaq icra etdiyi üçün xitam verilməsi, bunun əsasında Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icraatında olan icra işinin ləğv olunması barədə qətnamə və Cavabdeh Baba-Əli oğlu barəsində xüsusi qərar qəbul olunmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 21 dekabr 2011-ci il tarixdə əllə yazmaqla Cavabdeh Baba-Əli oğlundan 300000 manat borc pul alması barədə cavabdehə qəbz vermişdir. Bundan sonra ehtiyacı olduğu üçün 05 dekabr 2012-ci il tarixdə yenə də cavabdehdən 300000 manat borc pul almış və borc müqaviləsi Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda bağlanaraq 3m/1611 sayla reyestrdə qeydə alınmışdır. Lakin sonradan münasibətləri pozulmuş, cavabdeh onun barəsində Nərimanov rayon Polis idarəsinin 16-cı Polis bölməsinə şikayət etmişdir. Həmin vaxt o, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləyirdi. Onun barəsində Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində cinayət işi qaldırılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İki dəfəyə aldığı 600000 manat məbləğində pulu ibtidai istintaq zamanı cavabdehə qaytarmışdır. Öz növbəsində Cavabdeh Baş prokurora ünvanlandığı 09.07.2014-cü il tarixli ərizəsində dəyən ziyanın onun tərəfindən tam ödənildiyini, bu barədə ona qarşı hər hansı şikayəti və tələbinin olmadığını bildirmişdir. Bundan əlavə, cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda zərər çəkən olaraq Cavabdeh tərəfindən imzalanmış, ona dəyən ziyanın tam olaraq ödənildiyi qeyd edilmişdir. Lakin buna baxmayaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən Cavabdeh və müdafiəçisinin dəyən ziyanın guya onun tərəfindən ödənilmədiyi barədə vəsatət verilmişdir. Cinayət işinin materiallarında Cavabdeh adından yazılmış iki ərizə vardır. Həmin ərizələrin birində ona dəyən ziyanın tam ödənildiyi, ikincisində isə ona dəyən 500000 manat məbləğində ziyanın tam ödənildiyi qeyd edilmişdir. Hökmlə zərər çəkənin iddiası baxılmamış saxlanmışdır. Cavabdeh əsassız olaraq icra qeydinin icraya yönəldilməsinə nail olmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Hazırki mübahisə üzrə məhkəmə sübutları qiymətləndirərkən prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Məhkəmə qətnamə qəbul edərkən yalnız cavabdehin izahatını əsas tutmuş, digər yazılı və maddi sübutlara isə hüquqi qiymət verməmişdir. Digər tərəfdən, bir anlıq cavabdehin izahatı ilə razılaşmalı olsa, belə olan halda cavabdeh həmin ərizələrin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldıra, istintaq orqanının hərəkətlərindən yuxarı instansiyalara şikayət edə bilərdi və ya cinayət işi üzrə sərbəst ifadəsində qeyd etdiyi kimi, əgər ərizələr ondan aldatma yolu ilə təzyiq göstərilməklə alınmış olsaydı, müstəntiq barəsində Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi əsasında cinayət işi başlanardı. Lakin istər onun tərəfindən məhkəməyə təqdim edilmiş, istərsə də məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininin 28.04.2015-ci il tarixli qərarında cavabdehin izahatına hüquqi qiymət verilərək yalan olduğu qeyd edilmiş, onun aldadılması faktı təsdiqini tapmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin məqsədi sadəcə artıq məbləğdə pul vəsaiti ələ keçirməkdir. Həmçinin həmin ərizələrin və Cavabdeh Baba-Əli oğlunun ondan heç bir şikayət və tələbinin olmaması və ona dəymiş maddi ziyanın ödənilməsi barədə qeyd aparılmış cinayət işi materialları ilə tanış etmə haqqında 26.08.2014-cü il tarixli protokolun tarixləri arasındakı fakta məhkəmənin diqqətini cəlb etmək istəyir. Belə ki, əgər Cavabdeh dedikləri həqiqət olsaydı, o zaman belə bir sual yaranardı: Nə üçün müstəntiq tərəfindən 03.07.2014-cü il tarixində aldadıldığı halda, 53 gün sonra, yəni 26.08.2014-cü il tarixdə cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda ona dəymiş ziyanı tam ödədiyini bildirmiş və nə üçün 6 ay cinayət işi üzrə məhkəmə istintaqı aparılan zaman mülki iddia verməmişdir. Yalnız məhkəmə çıxışı zamanı Cavabdeh mülki iddia vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən cinayət işi üzrə mülki iddia məhkəmə istintaqı başlananadək verilə bilər. Göründüyü kimi, cavabdehin izahatı ziddiyyətli olmaqla yanaşı, digər sübutlarla müqayisə edildikdə yalan olduğu üzə çıxır. Məhkəmə cavabdehin izahatını əsas götürsə də, yenə də düzgün nəticəyə gəlməmişdir. İddianın rədd edilməsinin əsası kimi cavabdehin izahatına istinad edərkən məhkəmə, ziyanın bir qisminin ödənilməsi, digər hissəsinin isə ödənilməməsinə istinad etmişdir. İddia tələbinin məğzi 21.12.2011-ci il tarixli əllə yazılmış müqaviləyə və 05.12.2012-ci il tarixli, 3m/1611 reyestr nömrəli borc müqaviləsinə xitam verilməsi olmuşdur. Belə olan halda, cavabdeh iddianı qismən etiraf edir, ona öhdəliklərdən birinin ödənildiyini deyir. Lakin məhkəmə iddianı tamamilə rədd edərək maddi hüquq normalarını kobud surətdə pozur. Ümumiyyətlə, məhkəmə qətnamə qəbul edərkən, tərəfindən verilmiş çıxışa hüquqi qiymət verməmişdir. O, istintaq zamanı zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. Belə ki, 03.07.2014-cü il tarixli ərizələrdən görünür ki, Cavabdeh Baba-Əli oğlu Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova və İstintaq İdarəsinin rəisi Eldar Əhmədova ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyanı tam olaraq ödədiyini və ondan heç bir şikayəti olmadığını bildirmişdir. Bu fakt ittiham aktında, məhkəmə hökmündə və digər sübutlarda da təsdiqini tapmışdır. Həmçinin mülki iş materiallarına əlavə edilmiş Cavabdeh ondan heç bir şikayət və tələbinin olmaması və ona dəymiş maddi ziyanın ödənilməsi barədə qeyd aparılmış cinayət işi materialları ilə tanış etmə haqqında 26.08.2014-cü il tarixli protokoldan da aydın görünür ki, həm 21.12.2011-ci il tarixli əllə yazılmış müqavilə üzrə, həm də 05.12.2012-ci il tarixli, 3m/1611 reyestr nömrəli borc müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Bütün bunlar istintaq orqanı tərəfindən nəzərə alınaraq, onun barəsində həbs qətimkan tədbiri deyil, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Əgər istintaq orqanı ziyanın ödənilməməsi qənaətinə gəlmiş olsaydı, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri deyil, həbs qətimkan tədbiri seçərdi. Həmçinin istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktının 59-cu səhifəsində qeyd edilmişdir ki, cinayət işi üzrə zərər çəkən şəxs Cavabdeh 03.07.2014-cü il tarixli ərizələrlə istintaqa müraciət edərək, tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və bu səbəbdən ondan heç bir şikayətinin olmadığını bildirmişdir. Həmçinin ittiham aktının 67-ci vərəqəsində tərtib olunmuş arayışda da göstərilir ki, iş üzrə mülki iddia yoxdur. Mülki iş üzrə tərəfin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, ümumiyyətlə, həmin ərizələr onun tərəfindən yazılmamışdır. Bununla bağlı tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə yazılı vəsatət verilsə də, məhkəmə əsassız olaraq bu vəsatəti də təmin etməmişdir. Lakin iş materiallarına əlavə edilmiş hökmdən aydın olur ki, cinayət işi üzrə məhkəmə istintaqı zamanı Cavabdeh imzaların və ərizənin ona məxsus olmadığını, ümumiyyətlə, bildirməmişdir. Məlumdur ki, məhkəməyə yalan izahat verməklə, cavabdeh əsassız varlanmaq niyyətindədir. Ümumiyyətlə, cavabdeh tərəfin söylədiyi fikirlər heç cür ağlabatan hesab edilə bilməz. Belə ki, əgər cavabdehin irəli sürdüyü kimi 03.07.2014-cü il tarixli ərizələr onun tərəfindən icra edilməmişdirsə, yuxarıda qeyd edildiyi kimi, belə olan halda cavabdeh həmin ərizələrin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldıra, istintaq orqanının hərəkətlərindən yuxarı instansiyalara şikayət edə bilərdi və ya cinayət işi üzrə sərbəst ifadəsində qeyd etdiyi kimi, əgər ərizələr ondan aldatma yolu ilə, təzyiq göstərilməklə alınmış olsaydı, müstəntiq barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında cinayət işi başlanardı. Bütün bu faktlar mübahisə edilən borc müqaviləsi üzrə və 21.12.2011-ci il tarixli əllə yazılmış müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyini sübut edir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. 17 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh Baba-Əli oğlunun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Baba-Əli oğlu məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi 05.12.2012-ci il tarixdə İddiaçı ilə Cavabdeh Baba-Əli oğlu arasında 300000 manat məbləğində pul verilməsi barədə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış borc müqaviləsi üzrə öhdəliyə icra edildiyindən xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 05 dekabr 2012-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilərək 3m/1611 sayla reyestrdə qeyd edilmiş borc müqaviləsinin surətindən görünür ki, Əliyev X4 Ramazan Baba-Əli oğluna 05.06.2014-cü il tarixədək qaytarmaq şərti ilə 300000 manat məbləğində pul vermişdir. İş materiallarında olan 21.12.2011-ci il tarixli qəbzin surətindən görünür ki, Əliyev X4 Ramazan Baba-Əli oğlundan 300000 manat borc pul almışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-266/2016 saylı, 02 noyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh Baba-Əli oğluna və Bakı şəhər 6 saylı notariat kontoruna qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-625/2018 saylı, 19 fevral 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 266/2016 saylı, 02 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4757/2018 saylı, 03 iyul 2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-226/2016 saylı, 19 iyul 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən verilmiş 04.07.2014-cü il tarixli, 40553 reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 826/2018 saylı, 14 avqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 iyul 2016-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-786/2019 saylı, 28 yanvar 2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2(103)-826/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2015-ci il tarixli, 1(088)-19/2015 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-04/2016 saylı, 31 mart 2016-cı il tarixli qərarının surətindən görünür ki, apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-19/2015 saylı 01 aprel 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun 22.01.2016-cı il tarixli, 03/132006052/205 saylı məktubunun surətindən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində İddiaçı və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 178.3.2 və digər maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Cavabdeh ona vurulmuş ziyanın 300.000 manat hissəsinin ödənilməməsi, ibtidai istintaq zamanı ziyanın tam ödənilməsi barədə ərizələrin aldatma yolu ilə alınması barədə göstərdikləri ilə əlaqədar məhkəmənin 08.04.2015-ci il tarixli, 1(088)-19/2015 nömrəli məktubu ilə daxil olmuş materiallar üzrə araşdırma aparılmış, Cavabdeh bu barədə göstərdikləri təsdiqini tapmadığından Azərbaycan Respublikasının Baş Prokurorunun birinci müavininin 28.04.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun 23.08.2021-ci il tarixli, 17/463 xid saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun “X5”nın 037 nömrəli Əlavəsi olan “Saxlanılma müddətləri göstərilməklə Azərbaycan Respublikası prokurorluğu orqanlarının sənədlərin siyahısı”nda ölümlə nəticələnməyən hadisələr üzrə cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materialların saxlanılma müddəti 5 il müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, Baş Prokurorluğun Mərkəzi Ekspert Komissiyası tərəfindən 08.02.2021-ci il tarixdə təsdiq edilmiş akt əsasında saxlanılma müddəti bitmiş sənəd və materiallar məhv edilmişdir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa göndərərkən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarından görünür ki, İddiaçı cavabdehdən iki dəfəyə 300000 manat olmaqla, cəmi 600000 manat pul vəsaiti almışdır. Bu hal iddiaçının 21.12.2011-ci il tarixdə verdiyi əlyazma olan qəbzlə və tərəflərin 05.12.2012-ci il tarixdə notariat orqanında bağladıqları borc müqaviləsi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 527.1-ci maddəsinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddənin mənasından göründüyü kimi, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası MM-nin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası MM-nin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Qanunvericiliyə əsasən iddiaçının cavabdehə borclu olması təsdiq edilirsə, iddiaçının həmin öhdəliyi tamamilə icra etməsi və bu öhdəliyin cavabdeh tərəfindən qəbul edilməsi yalnız həmin etiraf üzrə ona qaytarılmalı olan pulun qəbul edildiyi, yaxud da öhdəliyin icra edilməsinə dair iddiaçıya cavabdeh tərəfindən sənəd verilməsi yolu ilə müəyyən edilə bilər. Lakin hazırki iş üzrə iddiaçıda öhdəliyin icra edilməsinə dair cavabdeh tərəfindən verilmiş sənəd, eləcə də onun tərəfindən 05.12.2012-ci il tarixdə 300000 manat məbləğində pul verilməsi barədə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış borc müqaviləsinin icra edilməsinə dair həmin müqavilədə heç bir qeyd yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi, öhdəliyə onun icrası nəticəsində xitam verilir. Belə olan halda icra edilmiş öhdəliyə dair kreditor borcluya sənəd verməlidir. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. İş materiallarından isə iddiaçının ümumilikdə cavabdeh qarşısındakı pul öhdəliyinın tam deyil, qismən icrası görünür. Məhkəmə kollegiyası hesab edir ki, 05.12.2012-ci il tarixdə İddiaçı ilə Cavabdeh Baba-Əli oğlu arasında 300000 manat məbləğində pul verilməsi barədə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış borc müqaviləsi üzrə öhdəliyə icra edildiyindən xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən 05.12.2012-ci il tarixdə İddiaçı ilə Cavabdeh Baba-Əli oğlu arasında 300000 manat məbləğində pul verilməsinə dair Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış borc müqaviləsi üzrə öhdəliyə icra edildiyindən xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində maddi və prosessual hüquq normalarını pozmamışdır. İddiaçı İddiaçı apellyasiya şikayətində Cavabdeh Baba-Əli oğlunun 03.07.2014-cü il tarixli ərizələrində və cinayət işi materialları ilə tanış etmə haqqında 26.08.2014-cü il tarixli protokolda dəymiş ziyanın tam ödənildiyini etiraf etməsinə və ondan hər hansı şikayətinin olmadığını və gələcəkdə də olmayacağını qeyd etməsini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının göstərdiyi həmin ərizələr və cinayət işinin materialları ilə tanış olma barədə protokol cinayət işinin materiallarında olsa da, cinayət işinin istintaqı zamanı Cavabdeh Baba-Əli oğlu həmin sənədləri mübahisələndirmişdir. Həmin cinayət işi üzrə hökmdə (iş/v 114) məhkəmə göstərmişdir ki, prokurorluğa 17 və 21 iyul tarixlərdə daxil olmuş 04.07.2014-cü il tarixli ərizələrdə Cavabdeh Baba-Əli oğlu 600000 manat puldan 300000 manatın ödənildiyini, qalan 300000 manatın isə mülki qaydada ödənilməsinə etiraz etmədiyini, ziyanı tam ödənərsə İddiaçı şikayəti olmayacağını göstərmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxsə dəymiş maddi zərərin tam ödənilməsi deyil, bir qisminin ödənilməsi İddiaçı cəzasını yüngülləşdirən hallardan biri kimi nəzərə alınmışdır. Bundan başqa, iddiaçının istinad etdiyi ərizələr 03.07.2014-cü il tarixdə tərtib olunsa da, İddiaçı Nəsimi rayon İcra şöbəsinin rəisinə yazdığı 01.08.2014-cü il tarixli izahatında icra sənədi üzrə tələbkara heç bir ödəniş etmədiyini göstərmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı 05 dekabr 2012-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq olunaraq 3m/1611 sayla reyestrdə qeyd edilmiş borc müqaviləsini və həmin müqavilə əsasında verilmiş icra qeydini mübahisələndirsə də, məhkəmə qətnamələri ilə həmin iddiaları rədd edilmiş və bu barədə olan qətnamələr qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 05.12.2012-ci il tarixdə İddiaçı ilə Cavabdeh Baba-Əli oğlu arasında 300000 manat məbləğində pul verilməsi barədə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış borc müqaviləsi üzrə öhdəliyə icra edildiyindən xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi 05.12.2012-ci il tarixdə İddiaçı ilə Cavabdeh Baba-Əli oğlu arasında 300000 manat məbləğində pul verilməsinə dair Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış borc müqaviləsi üzrə öhdəliyə icra edildiyindən xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2(012)-1352/2019 saylı qətnaməsi 05.12.2012-ci il tarixdə İddiaçı ilə Cavabdeh Baba-Əli oğlu arasında 300000 manat məbləğində pul verilməsi barədə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış borc müqaviləsi üzrə öhdəliyə icra edildiyindən xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar