Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1897/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-1777/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-1777/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı Cavabdeh mülkiyyətində olan “Range RoverS” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin bağışlanmasına və alqı-satqısına həbs qoyulmasına dair iddianın təmini tədbiri barədə ərizəsinin rədd edilməsi qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi ziyana görə 7000 manat və mənəvi zərərə görə 3000 manat olmaqla, ümumilikdə 10000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianı təmin etmək tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə məhkəmədə mahiyyəti üzrə baxılıb qurtaranadək “Range RoverS” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin bağışlanmasına və alqısatqısına həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 01 dekabr 2020-ci il tarixli məktubuna əsasən Cavabdeh adında “Range RoverS” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Bu səbəbdən də məhkəmədə mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək avtomobilin bağışlanmasına və alqı-satqısına həbs qoyulması zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-1777/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh mülkiyyətində olan “Range RoverS” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin bağışlanmasına və alqı-satqısına həbs qoyulmasına dair iddianı təmini tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh haqqında verilmiş şikayət ərizəsi əsasında barəsində 1 ilə qədər ibtidai istintaq aparılmış və əməlini səmimi etiraf etməsinə baxmayaraq bu günə qədər dəymiş ziyanı ödəməkdən yayınmışdır. Cavabdehin məhkəmə çağırışlarına gəlməməsi, ona vurmuş olduğu maddi ziyanı ödəməməsi, məhkəmənin iddianı təmin tədbirinə dair ərizənin təmin edilməməsi gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınmasına gətirib çıxara bilər. Şikayətdə iş üzrə qərardadın ləğv edilməsi və iddianı təmin tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iddianı təmin tədbiri barədə ərizə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni rədd edərkən elektron məhkəmə informasiya sistemindən çıxarılmış, iş materillarına əlavə edilmiş Cavabdeh şəxsi kartoçkasında onun adına həmin nəqliyyat vasitəsinin aşkar edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işə əlavə edilmiş sənədlərə uyğun deyildir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin 01 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına 28.07.2020-ci il tarixdən “Range RoverS” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyatdadır. İş materiallarından görünür ki, İddiaçı iddianı təmin tədbirinə dair ərizəsi mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək “Range RoverS” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin bağışlanmasına və alqı-satqısına həbs qoyulması barədədir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından görünür ki, “Range RoverS” markalı, **-NH-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur və onun mülkiyyətində olan nəqliyyat vasitəsinin bağışlanmasına və alqı-satqısına həbs qoyulması onun qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir, halbuki bu hüquq dövlət tərəfindən tanınır və qorunur. Bundan başqa, İddiaçı iddiası Cavabdeh maddi ziyana görə 7000 manat və mənəvi zərərə görə 3000 manat olmaqla, ümumilikdə 10000 manat pulun alınaraq ona ödənilməsi barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 mart 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianı etmək tədbirinin görülməməsi heç də qətnamənin gələcəkdə icrasını çətinləşdirmir və ya qeyri-mümkün etmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı Cavabdeh pul tələb edir və onun iddianı təmin etmə tədbiri barədə ərizəsinin həmin tələblə əlaqəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanunsuz və əsassız olduğundan şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iddianı təmin tədbiri barədə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-1777/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı iddianı təmin tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1897/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1897/2021
21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver