Məhkəmə qərarları › İş №2(105)-19/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-19/2024

17.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-19/2024 17.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hacıyev Vahid Məcid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı Qəribova (Bədəlova) Nüşabə Əlibala qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Qəribova (Bədəlova) Nüşabə Əlibala qızının Cavabdeh qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(067)-52/2021 nömrəli qətnaməsindən iddiaçı Qəribova (Bədəlova) Nüşabə Əlibala qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) Qəribova (Bədəlova) Nüşabə Əlibala qızının Cavabdeh qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair iddiasının təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Qəribova (Bədəlova) Nüşabə Əlibala qızından alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı Qəribova (Bədəlova) Nüşabə Əlibala qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Qəribova (Bədəlova) Nüşabə Əlibala qızı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu Dədəli kəndi ərazisində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********44 reyestr nömrəli çıxarışa əsasən ona, cavabdehə və üçüngü şəxslərə məxsus 1,06 ha torpaq sahəsindən onun payının naturada bölünməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********44 reyestr nömrəli çıxarışa əsasən onun, cavabdehin və üçüncü şəxslərin mülkiyyətində 1,06 ha torpaq sahəsi vardır. Hər bir mülkiyyətçinin payı 0,212 ha təşkil edir. O, xx.xx.2002-ci il tarixdə Zöhrab Qəribovla ailə qurmuşdur. Ona məxsus pay torpaq sahəsindən uzun müddətdir ki, cavabdeh istifadə edir. Özünə məxsus pay torpaq sahəsini ayıraraq istifadə etmək istəsə də, cavabdeh buna imkan vermir. Nəticədə xüsusi mülkiyyətində olan əmlak üzərində mülkiyyət hüququndan məhrum edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qəribova (Bədəlova) X6 Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə göstərilən rəyə uyğun qərar çıxarmaq əvəzinə yenidən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Kadastrı və Reyestr Xidmətinin Xaçmaz rayon Şöbəsinin rəyini almış və payçılar arasında torpaq sahəsinin bərabər hissələrə bölünməsinin torpağın məqsədli və təsərrüfat təyinatına uyğun olmaması barədə əsassız nəticəyə gəlmişdir. Bununla da onun Konstitusiyada və qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət hüquqlarını kobudcasına məhdudlaşdırmışdır. Ümumi istifadədə olan həyətyanı torpaq sahəsinin və ya mənzilin naturada bölünməsi mümkün olduğu halda 1,06 ha torpaq sahəsində 0,212 ha torpaq sahəsinin bölünə bilməməsi barədə mütəxəssis rəyində göstərilənlər uydurmadan başqa bir şey deyildir. Məhkəmə onun qanunda nəzərdə tutulan mülkiyyət hüququnu müdafiə etməmişdir. Həmin ərazi onun mülkiyyətindədir, ona görə də iddia təmin olunaraq torpaq sahəsi onun istifadəsinə qaytarılmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Qəribova (Bədəlova) Nüşabə Əlibala qızı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddia tələbinin əsassız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Xaçmaz rayonu Dədəli kəndində yerləşən 1,06 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X1, X2, X3, X5 və Cavabdeh məxsus olması işin mübahisəsiz halıdır. Hazırkı iddia tələbi torpaq sahəsindən payın naturada ayrılması barədədir. İddia tələbinin maddi hüquqi əsasını isə Mülki Məcəllənin 220.2-ci maddəsi təşkil edir. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllənin 213.1., 213.2 və 213.3. maddələri). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.2 və 220.3. maddələri). Qeyd olunduğu kimi, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. İşdən göründüyü kimi iddiaçı ümumi birgə paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsində keçirilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyində torpaq sahəsində Xaçmaz rayonu Dədəli kəndində yerləşən 1.06 ha torpaq sahəsinin naturada bölgüsünün mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən işin ədalətli həlli məqsədilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/7953 nömrəli, 23 oktyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən X7 oglunun, X2, İddiaçı, X5 və Cavabdeh mülkiyyətlərində olan Xaçmaz rayonu Dədəli kəndi ərazisində yerləşən 1,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 və 4/5 hissələrə naturada ayrılmasının mümkün olduğu və buna dair sxemin tərtib olunduğu qeyd edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz rayonu Dədəli kəndi ərazisində yerləşən 1,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçının payı tərtib edilmiş sxemə uyğun naturada ayrılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat, həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat, ümumilikdə 200 (iki yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Xaçmaz rayonu Dədəli kəndi ərazisində yerləşən 1,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı payı tərtib edilmiş sxemə uyğun naturada ayrılsın. Cavabdeh ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (X4, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar