Məhkəmə qərarları › İş №2(105)-1917/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1917/2022

02.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1917/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Vəkil2, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili: Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X6) qarşı cavabdeh "xxxx" MMC ilə onun arasında ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən həmin qeyri-yaşayış sahəsinin tikilib ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2311/2019 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2311/2019 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddianın təmin edilməsi, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin tikilib İddiaçı təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmiş, iddia tələbi digər hissədə təmin edilməmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə onun arasında ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması, "xxxx" MMC və "xxxx" MMC-nin üzərinə bununla bağlı qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə onun arasında ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən həmin qeyri-yaşayış sahəsinin tikilib ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC-nin direktoru X6 arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri üçün 500 manat ödəmək şərti ilə həmin əmlakın ümumi dəyəri 150000 manat müəyyən edilmişdir. Onun tərəfindən qeyriyaşayış sahəsinə görə müəyyən edilmiş məbləğ tam ödənilmiş və məbləğin tam şəkildə ödənilməsi barədə "xxxx" MMC-nin direktoru H.K.Əsgərov tərəfindən 30 noyabr 2017-ci il tarixli maliyyə arayışı verilmişdir. "xxxx" MMCnin maddi imkanı olmadığından ünvan 1 ünvanında yerləşən binanın inşası "xxxx" MMC tərəfindən davam etdirilmişdir. "xxxx" MMC tərəfindən isə ona "xxxx" MMC ilə bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin əsassız olduğu bildirilmişdir. Ona görə də qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. İşə baxan məhkəmə iddiaçının mülahizəsinə əsasən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki X6 mənzillərin qabaqcadan başqa şəxslərə satılmasını alıcılardan gizlədərək, S.A.Qürbətovaya ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşasına başlanmış binanın 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 78.4 kv.metr olan 2 otaqlı, 86 saylı mənzili 62.720 manata, 2-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 86.7 kv.metr olan 2 otaqlı mənzili 64.500 manata və 2-ci giriş, 6-cı mərtəbədə yerləşən 96.4 kv.metr sahəsi olan 3 otaqlı, 36 saylı mənzili 72.300 manata satışını həyata keçirmişdir. Onun buna səlahiyyətinin olmamasına baxmayaraq, etibardan sui-istifadə edib həmin ünvanda inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən ofisdə İddiaçı 8 avqust 2017-ci il tarixdə 62.700 manat, 31 avqust 2017-ci il tarixdə 136.800 manat pul vəsaitini almışdır. Faktiki olaraq, yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq, "xxxx" MTK-nın möhürünü bir başa olaraq sənədlərə vurub kooperativin möhürü ilə həmin sənədləri 14 iyul və 31 avqust 2017-ci ildə İddiaçı və onun qızı Mərcanə Qürbətovanın adına rəsmiləşdirib İddiaçı təqdim etməklə ondan aldığı 199.520 manatı öz şəxsi ehtiyacları üçün xərcləmişdir. İddiaçı aldadıldığını başa düşərək, verdiyi pul vəsaitini tələb etdikdə o, ifşa olunmasının qarşısını almaq məqsədi ilə 30 noyabr 2017-ci ildə özünün direktor olduğu "xxxx" MMC tərəfindən Xırdalan şəhəri, R.Axundov küçəsi, 39 ünvanda inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 kv.metr qeyri-yaşayış sahəsini pul vasaiti almadan saxta sənədlərlə iddiaçının adına rəsmiləşdirməklə verəcəyini yalandan vəd edərək, qeyd edilən ünvanda yerləşən Cəmiyyətin ofisində qeyri-yaşayış sahəsinin guya İddiaçı 150.000 manata satılması barədə 30 noyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışı vermiş, bununla da təkrarən vəzifə saxtakarlığı etmişdir. xx.xx.2011-ci il tarixdə, ********** sayla qeydiyyata alınmış "xxxx" MMC-nin nizamnaməsinin 4.6-cı bəndində göstərilir ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Qanuni təmsilçilik funksiyasına malik direktor Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır. H.K.Əsgərov isə "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi olmuşdur. Həmçinin 23 yanvar 2019-cu il tarixdə 100% payını "xxxx" MMC-nin təsisçisi X1. Göründüyü kimi, 2017-ci ilin noyabr ayının 30da H.K.Əsgərovun İddiaçı ilə ümumiyyətlə əqd (müqavilə) bağlamaq səlahiyyəti olmamışdır. 300 kv.metr qeyri-yaşayış sahəsinin pul vəsaiti alınmadan səlahiyyətsiz şəxs, yəni H.Əsgərov tərəfindən İddiaçı vəzifə saxtakarlığı ilə, yəni rəsmi sənədlərə yalan məlumatlar daxil edilməklə satılması ilə bağlı H.E.Əsgərova ********* saylı cinayət işi üzrə ittiham elan edilmiş və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Mülki Məcəllənin 358.1-ci maddəsində göstərilir ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Bununla da maddi hüquq normaları pozulmuşdur. Bundan başqa, 2019-cu ilin avqust ayında "xxxx" MMC-nin nümayəndəsi və təsisçisi, qanuni təmsilçisi MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməyərək prosessual hüquq normaları da pozulmuşdur. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunla izahat verdi və onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə müstəqil tələb irəli sürməyən şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəliyin tam yerinə yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC-ti arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanıb. Müqaviləyə əsasən ünvan 1 ünvanında MMC tərəfindən inşa edilən binanın birinci mərtəbəsinin A girişində ümumi sahəsi 300 kv.metr olan qeyriyaşayış sahəsinin hər bir kv.metri üçün 500 manat ödəmək şərti ilə həmin əmlakın dəyəri 150000 manat müəyyən edilmiş, dəyəri ödənildikdən sonra cavabdeh əmlakın alıcıya (iddiaçıya) heç bir qeyd-şərt irəli sürmədən təqdim etmək öhdəliyi götürülmüşdür. İşdən görünür ki, Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışa əsasən "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixinə qanuni təmsilçisi H.K.Əsgərov olmuşdur. MMC-nin direktoru olmuş H.K.Əsgərovun notarial qaydada təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən, o, MMC-nin mübahisəli ünvanda inşa etdiyi yaşayış binasının A girişi, 1ci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin pay hüququnun iddiaçının adına keçirilməsinə və onunla müqavilə bağlanmasına etiraz etməmişdir. MMC-nin Nizamnaməsinə edilmiş və Vergilər Nazirliyi Kommersiya X8 Qeydiyyatı İdarəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişikliklərə əsasən MMCnin yeganə təsisçisi, 100% pay sahibi H.K.Əsgərovdur. İş materiallarından görünür ki, MMC-nin direktoru H.K.Əsgərov ilə "xxxx" MMC-nin direktoru X7 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən H.K.Əsgərov MMC-də ona məxsus 100% payını X1. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, H.K.Əsgərov mənzillərin qabaqcadan başqa şəxslərə satılmasını alıcılardan gizlədərək M.A.Qürbətovaya ünvan 3 ünvanda "xxxx" MMC tərəfindən inşasına başlanmış binanın 2-ci giriş 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 86 saylı mənzili 62.720 manata, 2-ci giriş 11-ci mərtəbədə yerləşən 2 otaqlı mənzili 64.500 manata və 2-ci giriş 6 mərtəbədə olan 3 otaqlı mənzilin 72.300 manata satışına həyata keçirərək buna səlahiyyətinin olmamasına baxmayaraq, etibardan sui-istifadə edib həmin ünvanda inşa edilmiş binanın ofisində Ş.Qurbətovadan müxtəlif vaxtlarda pul almışdır. Faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq "xxxx" MTK-nın möhürünü bir başa vurub kooperativi möhürü ilə həmin sənədləri 14 iyul, 31 avqust 2017-ci ildə İddiaçı və onun qızı M.Qürbətovanın adına rəsmiləşdirərək İddiaçı təqdim etməklə ondan aldıgı 199.250 manatı öz şəxsi ehtiyatları üçün xərclənmişdir. İddiaçı aldadıldıgını başa düşərək verdiyi pul vəsaitini tələb etdikdə, H.K.Əsgərov 30 noyabr 2017-ci ildə özünün direktor oldugu "xxxx" MMC tərəfindən Xırdalan şəhəri, R.Axundov küçəsi 39 ünvanda inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 kv.metr qeyri-yaşayış sahəsini, güya İddiaçı 150.000 manata satılması barədə 30 noyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışı verməklə yenidən saxtakarlıq etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin alınması üçün 150.000 manat vəsaiti "xxxx" MMC-yə ödəmişdir. MMC isə müqavilə bağlanmasından 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq həmin əmlakı iddiaçıya təhvil verməmiş, təsisçinin dəyişməsini əsas gətirərək müqavilənin icrasında imtina etmiş, bununla da İddiaçı həmin öhdəliklərin məcburi qaydada icra etməsi üçün MMC-yə qarşı məhkəmədə iddia qaldırmaq hüququ yaranmışdır. Azərbaycan Respublikası MM-nin 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçıların ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və təkbaşçı) yaradılır. Mülki Məcəllənin 91-1.1 və 91-1.2-ci maddələrinə görə bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulmuş halda yaradılmış direktorlar şurası (müşahidə şurası) cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirir. Cəmiyyətin direktorlar şurasının (Müşahidə şurasının) yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. Göründüyü kimi, qanunvericiliyə görə MMC-yə cari rəhbərliyi kollegial və ya təkbaşına rəhbər həyata keçirir və onların yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. Qeyd edilənlər göstərir ki, H.K.Əsgərovun təsisçi olması onun MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru olması demək deyil. H.K.Əsgərovun yalnız MMC-nin təsisçisi olması faktı onun MMC-nin adından əqdlər bağlamağa səlahiyyətli olması nəticəsinə gəlmək üçün əsas vermir. Bu səlahiyyət üçün onun həm də Nizamnaməyə uyğun olaraq MMC-nin adından təmsilçilik funksiyası olmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmündən (İİ cild, i.v.23) görünür ki, X6 bilə-bilə yalan məlumatları daxil etməklə saxta rəsmi sənədləri – 30 noyabr 2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışını imzalayıb və hazırki iddiada adı keçən qeyri-yaşayış sahəsini iddiaçının adına rəsmiləşməsinə yalandan vəd etmişdir. (İİ cild, i.v.27) Qeyd edilən cinayət işində iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və zərərçəkmiş kimi iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı 300 m2 qeyri-yaşayış sahəsi üçün (muzd) pul ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 22 avqust 2019-cu il tarixli 2(012)- 2311/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X6) qarşı cavabdeh "xxxx" MMC ilə onun arasında ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən həmin qeyri-yaşayış sahəsinin tikilib ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar