Məhkəmə qərarları › İş №2(105)-1920/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1920/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1920/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 oğlunun, Cavabdeh1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-863/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-863/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-dən müştərək qaydada “Kia Sportage” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2464,60 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumunu əvəzi olmaqla, cəmi 2495 manat məbləğində pulun tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-863/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və iddianın ona dair hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şirkətdə sığortalanmış “Kia Sportage” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2464 (iki min dörd yüz altmış dörd) manat 60 (altmış) qəpik sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu olmaqla, cəmi 2495 (iki min dörd yüz doxsan beş) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-dən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 05.12.2017-ci il tarixdə idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus ‘İsuzu Ecobus” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobillə manevretmə qaydasını pozaraq İddiaçı Sığorta Şirkətində Könüllü Sığorta növü ilə sığortalanmış “Kia Sportage” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Sumqayıt şəhər DYPİ-nin 06.12.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol və qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə "xxxx" Firmasının təqdim etdiyi qüsür aktına uyğun olaraq, “Kia Sportage” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə 2564,60 manat ziyan dəymişdir. 22 dekabr 2017-ci il tarixli, 045775 saylı sığorta aktına və 25 dekabr 2017-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı Sığorta Şirkəti ümumi zərər məbləğindən müqavilə üzrə nəzərdə tutulmuş 100 manat azadolma çıxılmaqla 2464,60 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh1 yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olduğu və “İsuzu Ecobus” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "Transyol” MMC-nin nəqliyyat vasitəsini icbari sığorta müqaviləsinin bağlamadığını nəzərə alaraq hesab olunmalıdır ki, İddiaçı Sığorta Şirkəti tərəfindən ödənilmiş 2464,60 manat pul subroqasiya qaydasında cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi bir sıra halları nəzərə almamışdır. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinən şəxs o, olsa da, məhkəmə iddiaçıya ödənilməli məbləğin tutulmasına onu cəlb etməli deyildi, çünki “İsuzu Ecobus“ markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobil “Transyol“ MMC-yə məxsusdur və buna görə də dəymiş ziyanın ödənilməsi məsuliyyətini o, yox, “Transyol“ MMC daşıyır. Eyni zamanda nəqliyyat vasitələrinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə “Anar-99“ Firmasının təqdim etdiyi qüsur aktı “Kia Sportage“ markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğini sübut etmir, çünki “Kia Sportage“ markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği şişirdilmişdir. Bu avtomobil köhnədir, həmçinin onun detallarını dəyişdirməyə ehtiyac yoxdur, maşının təmir olunması kifayət edərdi. Bu hallar verilmiş aktın etibarsız olmasını təsdiq edir. Onun idarə etdiyi avtomobilin icbari sığorta olunmaması onun məsuliyyətə cəlb olunmağına əsas vermir. “Transyol“ MMC avtomobili icbari sığorta etdirmədiyindən, məsuliyyəti “Transyol“ MMC daşıyır. Məhkəmə bu hissəyə hüquqi münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsində nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ilə bağlı mübahisə yaransa da, məhkəmə ekspertiza təyin etməmişdir. Ekspertiza təyin edildiyi təqdirdə dəymiş ziyanın real məbləği müəyyən ediləcəkdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə qismən ləğv edilməli, ona qarşı qaldırılmış iddia rədd olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, əlavə etdi ki, qəzadan sonra zərər dəymiş maşının sahibinə 300 manat vermiş və mübahisə bitmişdir. Hazırda ondan bu qədər pul tələb edilməsi əsassızdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 oğlu apelyasiya şikayətinə etiraz etdi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər cavabdeh “Transyol“ MMC-nin nümayəndəsi X9 iştirak etdiyi məhkəmə iclasında şikayətlə razılaşmadı və onun təmin edilməməsini xahiş etdi. Nümayəndə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdeh “Transyol“ MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AC 271453 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “İSUZU ECOBUS” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh2 MMC-yə məxsusdur Yenə iş materiallarında olan AC 823757 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Sportage” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. Yenə də iş materiallarında olan ƏN-İV 156984 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X8 mülkiyyətində olan “Kia Sportage” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 01.09.2024-cü il tarixədək Mirzəyev X1 vermişdir. İşdə olan 28 noyabr 2017-ci il tarixli fizili şəxslərin sahibliyində olan avtomobillərin tam sığorta şəhadətnaməsindən görünür ki, “Kia Sportage” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkətində 1 il müddətinə sığorta edilmişdir. Sığortalı şəxs X4r. Yenə işdə olan yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında TYP 111724 saylı, 06.12.2017-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh1 idarə etdiyi “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobillə X15 küçəsi ilə hərəkətdə olarkən qarşısına maneə çıxan zaman manevr qaydasını pozub yol kənarında dayanmış “Kia” markalı, ** BE *** nömrə nişanlı avtomobillə toquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Yenə də işdə olan inzibati tənbeh vermə haqqında TYP 111724 saylı, 06.12.2017-ci il tarixli qərarının surətindən görünür ki, Həsənov X7 Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 22.12.2017-ci il tarixli, 045775 saylı sığorta aktından görünür ki, 29 noyabr 2017-ci il tarixində X3 məxsus “Kia Sportage” makralı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil 29.11.2017-ci il tarixdən 28.11.2018-ci il tarixə qədər 14000 manat məsuliyyət həddi dəyərində sığorta edilmiş, sığorta hadisəsi 05.12.2017-ci il tarixdə Sumqayıt şəhəri, Sevgilim şadlıq sarayının qabağında avtonəqliyyat vasitəsi idarə edilərkən “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. “Kia Sportage” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan, 19.12.2017-ci il tarixli nöqsan aktına əsasən, 2464,60 manat məbləğində hesablanmışdır. Yenə iş materiallarında olan "xxxx" firmasının 19.12.2017-ci il tarixli qüsur aktından görünür ki, “Kia Sportage” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər: otrajatel arxa sol 1 ədəd-50 manat, radar 1 ədəd-50 manat, stop arxa sol baqaj 1 ədəd-50 manat, stop arxa sol qanad 1 ədəd-50 manat, arxa sol qanaq 1 ədəd 300 manat, arxa sol qapı 1 ədəd 150 manat, sol qanadın kantı 1 ədəd-30 manat, xizəy sol qanad 1 ədəd 12,80 manat, qapı vinili 4 ədəd-44,8 manat, ön sol qapı ruçkası 1ədəd-19,6 manat, padnoşka sol 1 ədəd-50 manat, ön porpress 1 ədəd-464 manat, kant 1 ədəd-36 manat, vetravik 2 ədəd- 16,8 manat, ön sol qapı 1 ədəd-150 manat, arxa sol qapı rezini 1 ədəd- 54,4 manat, knopka spoyler 40 ədəd-27,2 manat, knopka bufer 10 ədəd-8 manat, germetika porpress 2 ədəd-40 manat, alt qara 1 ədəd-60 manat, arxa sol stanqa 1 ədəd40 manat, arxa sol qol 1 ədəd-25 manat, dəmirçi-180 manat, boyaçı sol hissə arxa baqaj450 manat, mexanik-27 manat, elektrik-27 manat, plastmas-27 manat, armaturçu-90 manat, razval-20 manat, balans-15 manat yekun məbləğ-2564,60 manat təşkil edir. Yenə də iş materiallarında olan 9074 saylı ödəmə tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 25 dekabr 2017-ci il tarixdə 2464,60 manat sığorta ödənişi edilmişdir. İşdə olan 30 sentyabr 2020-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC ödənilmiş sığorta məbləği kimi 2464 manat pulun 7 gün ərzində qaytarılması barədə Cavabdeh1 və Cavabdeh2 xəbərdar etmişdir. Yenə işdə olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan bəlli olur ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-863/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti vermədiyindən məhkəmə kollegiyası hazırkı halda qətnaməni yalnız mübahisələndirilən hissədə, yəni Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə araşdırır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, “Kia Sportage” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 28.11.2017-ci il tarixində avtonəqliyyat vasitəsinin könüllü sığorta növü üzrə tam sığortalanmışdır. Cavabdeh1 05.12.2017-ci il tarixdə idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus ‘İsuzu Ecobus” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobillə manevretmə qaydasını pozaraq İddiaçı Sığorta Şirkətində Könüllü Sığorta növü ilə sığortalanmış “Kia Sportage” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bunun nəticəsində həmin avtomobilə zərər vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Sumqayıt şəhər DYPŞ tərəfindən Cavabdeh1 barəsində TYP 111724 saylı, 06 dekabr 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və Cavabdeh1 AR İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. 22.12.2017-ci il tarixli, 045775 nömrəli akta əsasən, “Kia Sportage” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 2564,60 manat məbləğində müəyyən edilmiş, bundan 100 manat franşiza çıxılmış və 9074 saylı ödəmə tapşırığı ilə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 25 dekabr 2017-ci il tarixdə 2464,60 manat sığorta ödənişi edilmişdir. Hazırda İddiaçı Sığorta Şirkəti ASC subroqasiya qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şirkətdə sığortalanmış “Kia Sportage” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2464 (iki min dörd yüz altmış dörd) manat 60 (altmış) qəpik sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat 40 (qırx) manat dövlət rüsumu olmaqla, cəmi 2495 (iki min dörd yüz doxsan beş) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-dən müştərək qaydada tutularaq Şirkətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Hazırki iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsindən doğan hüquq münasibətləri Cavabdeh1 ilə İddiaçı Sığorta Şirkəti arasında yaranmışdır. Sığortalı şəxs İddiaçı Sığorta Şirkətində sığortalanmış avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün oraya müraciət etdiyi üçün sığorta şirkəti tərəfindən sığorta ödənişi verilmişdir. Cavabdeh1 tərəfindən hüquqazidd əməl (delikt) nəticəsində sığortalı X3 məxsus nəqliyyat vasitəsinə vurulmuş ziyan məbləği sığorta şirkəti tərəfindən ödənildiyindən qalıq qalan ziyan məbləğini tələb etmək hüququ (Subroqasiya hüququ) İddiaçı Sığorta Şirkəti ASC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. AR MM-in 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri məhkəmə qaydasında müəyyən olunmuş Cavabdeh1 zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Cavabdeh1 apelyasiya şikayətində tələb edilən məbləğin ondan deyil, onun idarə etdiyi avtomobili icbari qaydada sığortalatdırmamış həmin avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 MMC-dən tələb olunması barədə dəlil irəli sürmüşdür. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən və ya istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusunu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzini ümumi əsaslarla ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 MMC ona məxsus nəqliyyat vasitəsini vaxtında sığortalatmamaqla məsuliyyət daşısa da, bu hal yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh1 məsuliyyətdən azad etmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki halda hər iki cavabdehnəqliyyat vasitəsinin mülkiyyətçisi kimi Cavabdeh2 MMC və yol-nəqliyyat hadisəsinin törədilməsində günahkar Cavabdeh1 birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 verdiyi apelyasiya şikayətinin əsaslarına dair istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-863/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar