Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1942/2022 21.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı öhdəliyin qoyulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli 2(060)-7554/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-482/2020 nömrəli mülki iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və E.G.Quliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi A.Hüseynov, hakimlər Ə.Nurməmmədov və Z.Əliyev) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-482/2020 nömrəli mülki iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehə qarşı (müstəqil tələb irəli sürməyən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCnin (VÖEN **********) təsisçisi olan cavabdehin üzərinə onun direktor (qanuni təmsilçi) vəzifəsindən azad olunması ilə bağlı müəssisənin reyestr məlumatlarında dəyişiklik etmək barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmək öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işçi olaraq xx.xx.2016-cı ildən dəfələrlə təsisçi cavabdehə ərizə yazaraq direktor vəzifəsindən azad olunma istəyini bildirsə də, işəgötürən tərəfindən müraciətinə cavab verilməmişdir. Həmin vaxtdan da faktiki olaraq müəssisənin fəaliyyəti dayanmışdır. Ona görə də xx.xx.2017-ci ildə gücləndirilmiş imza sertifikatı ilə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil olaraq onunla müəssisə arasında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatları yerləşdirmişdir. Hazırda da əmək müqaviləsi bildirişlərinin reyestrində "xxxx" MMC-nin direktoru kimi onun məlumatları göstərilmir. Onunla təsisçi arasında münasibət işçiişəgötürən arasında yaranan münasibətdir ki, əmək qanunvericiliyinə əsasən də, işçini hər hansı üsulla və ya zorla əmək münasibətlərində qalmağa (işi, xidməti yerinə yetirməyə) məcbur etmək qadağandır və müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Reyestrdə olan məlumatlarda qanuni işçi olaraq qaldığından və onun təqsiri olmadan hüquqi şəxsin yaranmış vergi borcuna görə ölkədən çıxışına qadağan qoyulmaqla hüquqları pozulmuşdur. Hazırda faktiki və hüquqi baxımdan "xxxx" MMC-nin işçisi (direktroru) sayılmır. Buna baxmayaraq direktor olaraq onun rekvizitləri göstərildiyindən vergi orqanı, o cümlədən məhkəmələr tərəfindən hüquqları kobudcasına tapdalanmaqdadır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən MPM-in 217.1, 217.3-cü maddələrinin tələblərini pozmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və üçüncü şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi ərazi aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni iddiaçı mübahisələndirmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aidiyyət qaydalarını pozmaqla baxdığından, qanuni və əsaslı hesab etmir. İş materiallarından görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələbini pozaraq iddia ərizəsini icraata qəbul etməklə tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi Sumqayıt Şəhər Məhkəməsində deyil, cavabdehin qeydiyyatda olduğu yer üzrə Binəqədi Rayon Məhkəməsində baxılmalı olduğu halda, Sumqayıt Şəhər Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-nin 35.1. maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1. maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi ərazi aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 44.2.2., 45.2., 263, 264, 384.0.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh, üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı öhdəliyin qoyulması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1942/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1942/2022
21.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver