Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1972/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh “Tağıyev” şirkətinin direktoru (nümayəndəsi) X3 iştirakı ilə, İddiaçı cavabdeh “Tağıyev” şirkətinə qarşı “pul, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)-89/2021 saylı qətnaməsindən İddiaçı və cavabdeh “Tağıyev” şirkəti tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)-89/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, qüsurların aradan qaldırılması üçün quraşdırılmalı qapıların dəyəri qismində 2643 manat məbləğində pulun “Tağıyev” şirkətindən alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 manat məbləğində pulun “Tağıyev” şirkətindən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir (hakimH.Y.Əhmədov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)-89/2021 saylı qətnaməsinin dəyişdirilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir. Qətnamədən cavabdeh “Tağıyev” şirkəti tərəfindən apelyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)-89/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilir. İŞİN H A L L A R İ: İddiaçı cavabdeh “Tağıyev” şirkətinə qarşı “pul, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə vermiş, ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh tərəfindən aldadıldığını, keyfiyyətsiz iş və xidmət göstərildiyini bildirmişdir. Bir daha iddia tələbində göstərilən xüsusatları müdafiə edərək qeyd edir ki, cavabdeh “Tağıyev” şirkətinin qanunsuz hərəkətləri nəticəsində zərər çəkmişdir. Regionda aparıcı istirahət mərkəzləri sırasında olacaq “Nur Naftalan” otel binası üçün müasir standartlara cavab verməyən yararsız qapılar quraşdırılmış, nəticədə imicə, işgüzar nüfuza zərər vura bilən hallarla qarşılaşmışdır. Dünyanın və Azərbaycanın hər bir tərəfindən Naftalan şəhərinə gələn qonaqların qarşılanması və yerləşdirilməsi üçün nəzərdə tutulmuş bu obyektin daxili görünüşü ürəkaçan deyildir. Bilindiyi kimi müvafiq orqanlar tərəfindən qəbul olunmuş standartlara uyğun gələn istirahət mərkəzlərinə sertifikatlar, ulduzlar verilir. Cavabdeh “Tağıyev” şirkətinin təqdim etdiyi qapıların keyfiyyəti ilə bağlı problem yarandığından, həm də əldə edəcəyi sertifikatlara və ümumi işlərinə xələl gətirmişdir. Cavabdeh “Tağıyev” şirkətinin onlara vurduğu ziyan olduqca böyükdür. Bununla belə, tələb edəcəkləri ziyanın miqdarını vurulan faktiki zərərlə hesablayırlar və hesab edirlər ki, cavabdeh qeyd edilən vəsaiti qarşılamalıdır. Cavabdeh “Tağıyev” şirkəti onlara ustaya verdikləri əlavə 640 manat pulu, bəzi qapıların ölçülərinin düz gəlməməsi səbəbindən söküntü-tikinti işlərinin aparılması və s. xərclərlə əlaqədar iddia ərizəsində qeyd edilmiş 2300 manat məbləğində vurulmuş maddi ziyanı, keyfiyyətsiz 40 ədəd qapıya görə ödənilmiş 5848 azn vəsaiti və qapıların quraşdırılması ilə bağlı alınmış 1200 manat pulu, 10.000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 19.988 manat pul məbləğini ödəməlidir. Nəzərə alınmalıdır ki, cavabdeh “Tağıyev” şirkəti onlara satdığı əmlakla bağlı heç bir sənədləşdirmə işləri həyata keçirməmiş, çoxsaylı müraciətlərdən sonra iddia ərizəsinə əlavə edilən qəbzləri təqdim etmişdir. “Tağıyev” şirkətinin həyata keçirdiyi iş qanunsuz olmuş, o istehlakçılara mal satan, əhaliyə xidmət göstərən təşkilat kimi malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçını külli miqdarda aldatmışdır. “Tağıyev” şirkətinin internet saytında yerləşdirdiyi məlumatlar da əsaslardan biridir. Bununla da cavabdeh “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası qanununun, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin və digər qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdehin, qanunlara və razılaşmalarına sayğısızlığı, davam edən qanunsuz hərəkətləri (hərəkətsizlik) nəticəsində onun hüquqları pozulmuşdur və bu qanunsuzluq ədalət, insaf və mənəviyyət tələbləri baxımından aradan qaldırılmalıdır. 9988 manat məbləğində vurulmuş maddi, 10.000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 19.988 manat pulun məbləğinin cavabdeh “Tağıyev” şirkətindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin əməllərində AR CM-nin müvafiq maddələrinin tərkib əlaməti olduğundan barəsində xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T L Ə R İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)-89/2021 saylı qətnaməsi dəyişdirilməli və iş üzrə iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, işə baxan birinci instansiyası məhkəməsi mövcud qanunvericiliyin tələblərinə və işdəki sübutlara tam hüquqi qiymət verməyərək Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71, 125-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1, 6, 10, 14, 16, 17, 21, 425, 443, 448, 560, 1097-ci və digər, Azərbaycan Respublikası MPM-in 8, 9, 13, 14, 76, 77, 80, 81, 87, 88, 106, 217-ci maddələrinin tələblərinə dəqiq riayət etməmişdir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)-89/2021 saylı qətnaməsini dəyişdirərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Tağıyev” şirkətinin direktoru X4 iddiaçının apelyasiya şikayətini qəbul etmədi, tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naftalan şəhərindən inşa etdirdikləri obyekt üçün 2019-cu ilin may ayının 21-də cavabdeh “Tağıyev” şirkətinə 40 ədəd qapı sifariş etmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh kimi onlar bir ayın tamamında yüksək keyfiyyətli, müasir, zəmanətli 40 ədəd qapını yerində quraşdırmaqla təhvil verməli idi. Bir aydan sonra qapılar göndərilmədiyindən əlaqə saxlamış, guya onar müxtəlif bəhanələrlə, o cümlədən məhsulun tam hazır olmadığını bildirib, öhdəliklərinə əməl etmədiklərini bildirmişdir. Bundan sonra aparılmış danışıqlar nəticəsində 28.06.2019-cu il tarixdə qapılar guya yarımçıq şəkildə -kilidsiz təhvil verilmişdir. Halbuki danışıqlara əsasən onun vəsaiti hesabına alınmış elektron kilidlər (kartla) qapılara quraşdırılmalı idi. Guya bəzi qapıların ölçüləri də düzgün gəlmədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən bu kimi fikirlərlə məhkəməyə yalan məlumat verilərək, iddia tələbləri qismən də olsa təmin edilmişdir. O, “Tağıyev” şirkətinin direktoru, qanuni təmsilçi kimi iddia tələbini qəbul etməyib göstərdi ki, qapılar iddiaçı tərəfə vaxtında təhvil verilmiş və yerində quraşdırılmışdır. Elektron açarlar isə iddiaçı tərəfindən quraşdırılacaqdı. İddiaçı tərəf bildirir ki, qapılara boya vurulub. Halbuki həmin qapılar laminasiyalı olduğundan boya vurulmur. Bundan əlavə ekspertiza rəyi ilə qəti şəkildə razı deyil. Belə ki, qapılar tərəflərin iştirakı ilə akt əsasında saz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Lakin iddiaçı tərəfindən dəvət olunmuş ustalar qapıları zədələmiş, onlara ziyan və xələl gətirmişdirlər. 40 ədəd qapının qiyməti kimi müəyyən edilmiş 4950 manat pul qapıların elektron kilidləri quraşdırılması daxil edilməmişdir. Sifariş blankında da 40 ədəd qapının elektron kilid olmadan quraşdırılmalı olması göstərilmişdir. Qaimədə göstərilən 5848 manat yalnız 40 ədəd qapının qiyməti olmuşdur, qalan pullar isə quraşdırma və daşınma xərcləri olmuşdur. İddiaçı tərəflə əvvəlcədən bağlanmış sifariş blankına əsasən sifarif yerinə yetirilib. Məhkəmə qətnaməni belə əsaslandırmışdır ki, məhkəməyə sübut qismində təqdim olunmuş sifariş blankı, qaimə, kassa mədaxil orderinin qəbzi və digər aidiyyatı sənədlər tərəflər arasında şifahi podrat müqaviləsi bağlandığını və həmin müqavilə üzrə cavabdehin iddiaçı üçün müvafiq işləri görməli olduğunu təsdiq edən mötəbər sübut kimi qəbul edilməli, bu hallar və eyni zamanda görülmüş işlərdə qüsurlar yarandığından iddia tələbi bu xüsusda qiymətləndirilməlidir. O, iddiaçı tərəfindən şirkətə pul ödənildiyinə etiraz etmir və əksinə proses zamanı bunu özü də dəfələrlə qeyd edib. Bir daha bildirir ki, kilidlərin quraşdırılması bağlanmış müqavilədə qeyd edilmir və kilidlər iddiaçının özü tərəfindən quraşdırılmalı idi. İddiaçı onu da qeyd etmişdir ki, qapılar gecikmiş və yararsız vəziyyətdə təhvil verilmişdir. Bu ola bilməz. Çünki akt əsasında hər iki tərəfin iştirakı ilə qapılar iddiaçı tərəfə təhvil verilmişdir. İddiaçı tərəfindən qapılara əsaslı baxış keçirilmiş və bəyənilmişdir, əgər bu problemlər həmin zaman olsaydı məlumdur ki, iddiaçı tərəfindən qapılar qəbul edilməzdi və akt tərtib olunmazdı. Bir daha bildirir ki, qapıların yerinə taxılmasını iddiaçı tərəfindən gətirilmiş ustalar yerinə yetirməli idi. Məlumdur ki, həmin ustalar qapıları yararsız vəziyyətə salaraq, şirkətin üzərinə bəhanə edirlər ki, qapılar yararsız vəziyyətdə təhvil verimişdir. Bu fikirlər ilə qəti şəkildə razılaşmır. Təyin edilmiş ekspert isə qapılara dəymiş ziyanı hesablaya bilər. Açıq-aşkar görünür ki, iddiaçı tərəfindən gətirilmiş ustalar qapıları yararsız vəziyyətə salmışdır. Hesab edir ki, iddiaçı onları yox, ustaları məhkəməyə verərək, dəymiş ziyanı tələb etməli idi. Qeyd olunanlara əsasən iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini, onların apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)-89/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)-89/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Tağıyev” şirkətinə (VÖEN **********) məxsus 04 iyun 2019cu il tarixli, ƏXZ/1 seriyalı, 002512 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı satılmış qapıların dəyəri qismində 5848 (beş min səkkiz yüz qırx səkkiz) manat məbləğində pul ödəmiş, həmin məbləğdə pul şirkətin kassasına mədaxil edilmişdir; “Tağıyev” şirkətinə (VÖEN **********) məxsus 20 iyun 2019-cu il tarixli, AAC seriyalı, 361973 saylı qaimə-fakturanın kötüyünün surətindən görünür ki, anbardar Aqil Qasımov tərəfindən 1 ədədinin dəyəri 123,90 manat olmaqla, cəmi dəyəri 4956 manat olan 40 ədəd qapı İddiaçı təhvil verilmişdir. İş materiallarında olan A4 formatında yazı vərəqində yazılmış, menecer Rəsmiyyə Məhərrəmova və İddiaçı nümayəndəsi Vüqar Namazov tərəfindən 28 iyun 2019-cu il tarixdə imzalanmış mətndə göstərilmişdir ki, «Avropa Qapıları» şirkətinin meneceri Rəsmiyyə Məhərrəmova sifarişçi İddiaçı 40 ədəd otaq qapısı üçün 3000 AZN depozit olaraq 21.05.19 tarixdə qəbul etdi, bir ay müddətində qapıları hazır oldu. Sifarişçinin istəyinə görə 28.06.19 qapılar təhvil verildi. Qalıq pulu 28.06.19, 28 tarixdə ödədi. 2850 AZN qapıların pulunu əlavə olaraq 80 ədəd qızılı rəzə aldı 240 AZN. Quraşdırma sifarişçinin hesabına danışıldığına görə 40 ədəd qapının quraşdırılması üçün 1200 AZN ödədi. Yekun olaraq 4290 AZN ödənildi. Menecer: Rəsmiyyə Məhərrəmova (imza), ödəniş edən Vüqar Namazov (imza) İddiaçı nümayəndəsi 28.06.19. tarix. İş materiallarında olan X1 Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 19 avqust 2019-cu il tarixdə təsdiqlənmiş ərizəsində göstərilmişdir ki, 2019-cu ilin iyul ayında ünvan 1 ünvanında inşa edilməkdə olan iaşə obyektində İddiaçı tapşırığına əsasən 32 qapı üçün elektron kilidlər quraşdırmış və buna görə zəhmət haqqı olaraq ona 640 AZN (altı yüz qırx manat) pul ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının 02 oktyabr 2020-ci il tarixli, 1090 saylı rəyindən görünür ki, Naftalan şəhərində inşa edilən obyektə qoyulmuş “Tağıyev” şirkətinin (Avropa Qapıları a.t.s) istehsalı olan 15 ədəd qapıların üzərində olan qüsurları nəzərə alaraq, həmin qapılar mövcud standartlara uyğun quraşdırılmamış və həmin qüsurların aradan qaldırılması üçün quraşdırılmalı qapıların dəyəri təqribən 2308,5 manat məbləğində müəyyən olunur. Qapıların kənarları təmir olunduğu üçün dəymiş ziyanın dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri 3 saylı Vəkil Bürosuna məxsus 20 avqust 2019cu il tarixli, GSU seriyalı, 295244 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Vəkil hesabına müqavilə haqqı kimi 300 manat, marka haqqı kimi 10 manat, cəmi 310 manat pul ödəmişdir. 12 sentyabr 2019-cu il tarixli bank mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Müəyyən edilmişdir ki, İddiaçı 21 may 2019-cu il tarixdə cavabdeh “Tağıyev” şirkətinə 40 ədəd qapı sifariş etmiş, tərəflər arasında olan razılaşmaya görə cavabdeh həmin 40 ədəd qapını yerində quraşdırmaqla təhvil verməli olmuşdur. İddiaçı görülməli olan işlərin dəyəri qismində 5848 manat məbləğində pulu nağd qaydada cavabdehə ödəmişdir. Lakin görülmüş işlər tam və qüsursuz qaydada başa çatdırılmamışdır. Bununla əlaqədar iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın tutulması ilə bağlı iddia qaldırmışdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia tələbini əsaslandırarkən həm cavabdehlə aralarında öhdəlik münasibətlərinin pozulmasına, yəni cavabdehin həmin münasibətlərdən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə, həm də cavabdehin iddiaçının hesabına əsassız varlandığına istinad etmişdir. Müəyyən edilmişd ir ki, tərəflər arasında əslində podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı-sifarişçi cavabdeh-podratçı ilə müqavilə bağlayaraq müqavilədə nəzərdə tutulmuş işi icra etməyi podratçıya sifarış verməklə podratçıya razılaşdırılmış muzd ödəməyi, podratçı isə müqavilədə nəzərdə tutulmuş işi icra etməyi öhdələrinə götürmüşlər. Məhkəmə hesab etmişdir ki, sübut qismində təqdim olunmuş sifariş blankı, qaimə, kassa mədaxil orderinin qəbzi və digər aidiyyəti sənədlər tərəflər arasında şifahi podrat müqaviləsi bağlandığını və həmin müqavilə üzrə cavabdehin iddiaçı üçün müvafiq işləri görməli olduğunu təsdiq edən mötəbər sübut kimi qəbul edilməli, bu hallar və eyni zamanda görülmüş işlərdə qüsurlar yarandığından iddia tələbi bu xüsusda qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əasən müqavilənin bğlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi kifayətdir; Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi formada da bağlana bilər. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələbləri, tərəflərin tərtib və qəbul etdikləri sifariş blankı, qaimə, kassa mədaxil orderinin qəbzi və digər aidiyyəti sənədlər, həmçinin onların nümayəndələrinin izahatları ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlmişdir ki, hazırkı mübahisəli hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtlərinə) uyğun gəlir. Podrat müqaviləsindən irəli gələn münasibətlər isə Mülki Məcəllənin 39-cu fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da podrat müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, podrat müqavisəsi şifahi formada da bağlana bilər. Qeyd edilənlərə əsasən sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında xidmətlər göstərilməsi (podrat işləri görülməsi) ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında işlər (xidmətlər) görülmüş, görülmüş işlərin nəticələri ikitərəfli aktla rəsmiləşdirilmişdir, lakin görülmüş işlər qüsurlu olmuş, ekspertiza tədqiqatının nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus Naftalan şəhərində inşa edilən obyektə cavabdeh şirkətin istehsal edərək quraşdırdığı 15 ədəd qapının üzərində qüsurlar mövcuddur, bu qapılar mövcud standartlara uyğun quraşdırılmamışdır, həmin qüsurlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyini həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilmişdirsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Mülki Məcəllənin qeyd olunan müddəasının mənası baxımından İddiaçı üzərinə düşən öhdəliyini yerinə yetirdiyi halda, cavabdeh “Tağıyev” şirkəti üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir, yəni qüsurla gördüyü işlərin dəyərini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə müəyyən və tədqiq olunmuş sübutları bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək qeyd etmişdir ki, məhkəmə ekspertizasının rəyi işlərin qüsurla görüldüyünü təsdiq edən mötəbər sübut olsa da, dəymiş maddi zərərin məbləği düzgün müəyyənləşdirilməmişdir. Belə ki, təqdim edilmiş sübutlarla və verilən izahatlarla müəyyən edilir ki, sifarişi verilmiş qapı sayı 40 ədəd olmuşdur, iddiaçı cavabdehə qapıların hazırlanmasına görə pul ödəməli olmuş və cavabdehə nağd qaydada 5848 manat məbləğində pul ödəmişdir. Bu hesabla qapının bir ədədinin qiyməti 146,2 manat (5848 / 40 = 146,2), bir ədəd qapının quraşdırılması xərci 30 manat (146,2 + 30 = 176,2), qüsurlu qapıların sayı 15 ədəd (176,2 x 15 = 2643 manat) olmaqla hesablandıqda, ümumilikdə qüsurların aradan qaldırılması üçün quraşdırılmalı qapıların dəyəri 2643 manat məbləğində müəyyən olunur. Ona görə məhkəmə ekspertiza rəyinin qüsurların aradan qaldırılması üçün quraşdırılmalı qapıların dəyərinin 2308,5 manat məbləğində olması ilə bağlı hissəsi ilə razılaşmayaraq, hesab edir ki, bu məbləğ yuxarıda göstərilən qaydada hesablanmalı və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının maddi ziyan qismində tələb etdiyi pul məbləği ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, iddiaçı həmin məbləği ümumilikdə 9988 manat həcmində irəli sürmüşdür. İddiaçı ustaya verdikləri əlavə 640 manat pulu tələb etsə də və bu pulun verilməsini təsdiq edəcək sübut qismində notarial qaydada təsdiq edilmiş ərizə təqdim etsə də bu pulun məhz cavabdehin quraşdırdığı qapılara görə ödənilməsi və ya həqiqətən ödənilməsi barədə sübutlar mövcud deyildir. İddia tələbinin bəzi qapıların ölçülərinin düz gəlməməsi səbəbindən söküntü-tikinti işlərinin aparılması və s. xərclərlə əlaqədar iddia ərizəsində qeyd edilmiş 2300 manat məbləğində maddi ziyanın vurulması, bu ziyanın hansı qaydada baş verməsi və hesablanması müəyyən deyil və öz təsdiqini tapmır. 40 ədəd qapıya görə ödənilmiş 5848 manat pulun tələb edilməsi üçün isə əsas yoxdur, belə ki, məhkəmə yuxarıda qeyd edilən qaydada müəyyən etmişdir ki, 5848 manat dəyərində 40 ədəd qapının yalnız 15 ədədində qüsurlar olmuşdur, 15 ədəd qapıdakı qüsurların aradan qaldırılması üçün isə 2643 manat məbləğində pul ödənilməlidir. Qapıların quraşdırılması ilə bağlı alınmış 1200 manat pul məbləğinə gəldikdə, qüsurlu qapıların sayı kimi müəyyən edilmiş 15 ədəd qapının quraşdırılması xərci tutula bilər, hansı ki, həmin məbləğ məhkəmənin yuxarıda qeyd edilən qaydada hesablama apararaq tutulmalı olduğunu müəyyən etdiyi 2643 manat məbləğinə daxildir, ona görə iddia tələbi yalnız həmin hissədə təmin oluna bilər. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsində vəkilin göstərdiyi yardıma görə 300 manat pul ödədiyini göstərsə də həmin məbləği və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun əvəzini tələb etməmişdir. Məhkəmə iddiaçının qeyd edilənlərlə bağlı tələb irəli sürmədiyini, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına dair MPM-nin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, hesab etmişdir ki, həmin məbləğlərin cavabdehdən alınması məsələsinin müzakirəsi üçün əsaslar yoxdur, həmin xərclər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona mənəvi ziyan vurmaya dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir kti, məhkəmə haqlı olaraq hesab etmişdir ki, mənəvi ziyanla bağlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iddiaçının “cavabdehin əməllərində Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkib əlaməti olduğundan barəsində xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsi” barədə xahişinə münasibətdə qeyd etmişdir ki, məhkəmə hazırkı icraatda işə baxarkən xüsusi qərardad çıxarılması üçün əsaslar müəyyən etməmişdir, bununla yanaşı iddiaçının özü də mübahisənin mülki xarakterli olmasını qəbul edərək mülki mühakimə icraatı qaydasında iddia qadırmışdır, ona görə iddiaçının bununla bağlı xahişinin təmin edilməsi üçün əsaslar yoxdur. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətlərində qeyd edilən dəlillər məhkəmə iclasında araşdırılaraq onlara qiymət verldiyindən, formal mülahizələr olduğu üçün qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)-89/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)-89/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətləri təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1972/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1972/2021
03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver