Məhkəmə qərarları › İş №2(105)-1977/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1977/2023

18.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1977/2023 18.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X12rşı tələbinə dair (Açar sözlər: təhsil haqqının ödənilməsindən azad edilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə məhkəmə iclasının katibi X3, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh “Bakı Mühəndislik Universiteti” X20 nümayəndəsi Nümayəndə1 Müstəqil Tələb irəli sürməyən 3-cü şəxs “Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 (sonunci iclaslarda iştirak etməmiş) Müstəqil Tələb irəli sürməyən 3-cü şəxslər X13 və X11 iştirakı ilə İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X12rşı “təhsil haqqı ödəməkdən azad olunması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(012)-1526/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. AZ-İİ 374241 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Şamaxı şəhərində doğulmuşdur.

2. AZ-İ 366730 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2009-cu il tarixdə ölmüşdür.

3. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 103 saylı Sərəncamının surətindən görünür ki, X13 xx.xx.2004-cü il təvəllüdlü İddiaçı və xx.xx.2005ci il təvəllüdlü X5 himayəçisi təyin edilmişdir.

4. Bakı Mühəndislik Universitetinin xx.xx.2023-cü il tarixli, 5927 saylı arayışından görünür ki, İddiaçı bakalavr səviyyəsi üzrə Universitetin pedaqoji fakültəsi, kimya müəllimliyi ixtisasının əyani şöbəsinin 3-cü kurs tələbəsidir. Apellyasiya icraatı zamanı sorğular əsasında əldə edilmiş;

5. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Aparatından daxil olmuş sənədlərdən müəyyən edilir ki, X13 xx.xx.2019-cu il tarixdə Şamaxı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək nəvələri- xx.xx.2004-cü il təvəllüdlü İddiaçı və xx.xx.2005-ci il təvəllüdlü X5 atalarının vəfat etməsi, analarının isə Türkiyə vətəndaşı ilə ailə qurmasını nəzərə alaraq, sözügedən uşaqların onun himayəsinə verilməsini xahiş etmişdir.

6. Həmin sənədlərə əlavə edilmiş Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən müəyyən edilir ki, uşaqların atası vəfat etmiş, anaları isə Türkiyə Respublikasının vətəndaşı ilə ailə quraraq Türkiyədə yaşayır. Uşaqlar hazıra nənələrinin himayəsindədir. Sənədlərə müvafiq “akt” da əlavə edilmişdir

7. AR Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Şamaxı Qobustan rayonları bölməsinin xx.xx.2023 tarixli, 21 nömrəli məktubunun məzmunundan görünür ki, Ağdam rayonunda qeydiyyatda olan X17 hal-hazırda Şamaxı şəhərində anası X13 ilə birlikdə yaşayırlar.

8. AR DSX-nin Sərhəd Nəzarəti xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X11 xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydlər alınmışdır. xx.xx.2018 çıxış, xx.xx.2023-cü il giriş.

9. AR DİN-nin Şamaxı rayon PŞ-nin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, Ağdam rayonunda qeydiyyatda olan, Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsi İnternat məktəbinin yataqxanasında yaşayan X17 hazırda qeyd olunan ünvanda anası X13 ilə birlikdə yaşayır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Bakı Mühəndislik Universitetinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbini dəqiqləşdirilməsi tələbi ilə məhkəməyə müraciət edərək, “müvafiq icra hakimiyyətinin nənəsinin himayəçiliyinə verilməsi barədə qərarını nəzərə alaraq 18 yaşı tamam olduğu tarixdən (hansı ki himayəçiliyin başa çatması ilə bağlı Bakı Mühəndislik Universiteti tərəfindən bu statusu dayandırılıb) sonra da 23 yaşına qədər “valideyn himayəsindən məhrum” statusunun davam etdirilməsi və təhsilini bu statusda davam etdirməsinə şərait yaradılması öhdəliyinin Bakı Mühəndislik Universitetinin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 14 avqust 2004-cü ildə anadan olmuş, 2021-ci il tarixində orta məktəbi bitirdikdən sonra Bakı Mühəndislik Universitetinin “Pedaqoji” fakültəsinin “kimya müəllimliyi” ixtisasına qəbul olmuşdur. Həmin ilin sentyabr ayından Universitetin 1-ci kurs tələbəsi kimi güzəştli şərtlərlə (ödənişsiz) təhsil almağa başlamışdır (“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən). 2009-cu ildə atası vəfat etdikdən sonra anası onu və 14 oktyabr 2005-ci il təvəllüdlü bacısı X6 qoyub getmişdir və bu günə qədər də ondan heç bir məlumat əldə edə bilməmişlər. Bununla da o, bacısı ilə hər iki valideyn himayəsindən məhrum olmuşlar. Bundan sonra nənəsi X13 onlara sahib çıxaraq Şamaxı rayon İcra Hakimiyyətinə müraciət etmiş və hər iki uşağı himayəsinə götürmək istədiyini bildirmişdir. Şamaxı rayon İcra Hakimiyyətinin 17 oktyabr 2019-cu il tarixli, 103 saylı qərarı ilə hər iki valideynindən məhrum olmuş uşaqlar nənələri X7 himayəsinə verilmişdir. Bu səbəbdən Universitet onu ödənişsiz təhsil almağa qəbul etmiş və ona əlavə təqaüd də ayrılmışdır. Həmçinin hazırda faktiki olaraq oxuduğu Universitetin ərazisində yerləşən yataqxanada qalır. Bununla belə, hazırda 2-ci kurs tələbəsi olduğu Bakı Mühəndislik Universiteti cari ildə 18 yaşının tamam olması səbəbilə güzəştli şərtlərlə aldığı təhsilə xitam vermək qərarına gəlmişdir. Baxmayaraq ki, həmin vaxtdan, yəni Universitetə qəbul olduğundan bu yana onun maddi vəziyyətində hər hansı bir dəyişiklik baş verməmişdir. O, yenə də ana və atadan məhrum şəkildə yaşlı nənəsinin himayəsində yaşayır və onun sosial təminatı hesabına dolanır. Halbuki valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu və tədbirlərini müəyyən edən, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun “Təhsil üzrə təminatlar” başlıqlı 5-ci maddəsinə əsasən, bütün tipdən olan dövlət təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər. O, məhz qeyd olunan normaya müvafiq olaraq oxuduğu əvvəlki müddətdə (18 yaşına çatanadək) tam dövlət təminatına götürülmüşdür.

12. Abşeron Rayon Məhkəməsinin (hakim M.Abbasova) 24 iyul 2023-cü il tarixli, 2(012)-1526/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2004-cü il tarixdə doğulmuşdur. Onun atası X16 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İddiaçının anası onu və bacısını atıb getdiyindən Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 103 saylı sərəncamı ilə nənələri - X13 xx.xx.2004-cü il təvəllüdlü İddiaçı və xx.xx.2005-ci il təvəllüdlü X5 himayəçisi təyin edilmişdir. İddiaçı 2021-ci il tarixində orta məktəbi bitirdikdən sonra Bakı Mühəndislik Universitetinin “Pedaqoji” fakültəsinin kimya müəllimliyi” ixtisasına qəbul olmuşdur və hazırda İİİ kurs tələbəsidir. Hazırda İddiaçı Bakı Mühəndislik Universitetinə qarşı məhkəmədə iddia qaldıraraq, faktiki olaraq valideynlərindən birinin sağ olmasına baxmayaraq heç bir himayəsinin olmamasını və bununla bağlı müvafiq icra hakimiyyətinin nənəsinin himayəçiliyinə verilməsi barədə qərarını nəzərə alaraq 18 yaşı tamam olduğu tarixdən (hansı ki himayəçiliyin başa çatması ilə bağlı Bakı Mühəndislik Universiteti tərəfindən bu statusu dayandırılıb) sonra da 23 yaşına qədər “valideyn himayəsindən məhrum” statusunun davam etdirilməsi və təhsilini bu statusda davam etdirməsinə şərait yaradılması öhdəliyinin Bakı Mühəndislik Universitetinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçının hazırda 18 yaşı tamam olmuşdur və onun atası vəfat etsə də, anası hazırda sağdır. İddiaçının nənəsi müvafiq Sərəncamla 18 yaşınadək onun himayəçisi təyin edilsə də, hazırda iddiaçının statusu yuxarıda qeyd edilən Qanunda nəzərdə tutulmuş statusla eyni deyildir və deməli o, həmin Qanunun müdafiəsi altına düşmür. İddiaçı hazırda özünün valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər kateqoriyasına aid olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, iddiaçının 18 yaşı tamam olduğu tarixdən sonra 23 yaşına qədər “valideyn himayəsindən məhrum” statusunun və təhsilinin bu statusda davam etdirilməsindən söhbət gedə bilməz.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

15. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini rədd edən məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. İşin faktiki halı ondan ibarətdir ki, iddiaçının atası 2009-cu ildə vəfat etmişdir. Anası isə 2019-cu ildə iddiaçı ilə bacısını qoyub getmişdir. Şamaxı Rayonu İcra Hakimiyyətinin 17 oktyabr 2019-cu il tarixli, 103 saylı qərarı ilə hər iki valideynindən məhrum olmuş iddiaçı və bacısı nənəsi X7 himayəsinə verilmişdir. İşin faktiki halları və eyni zamanda yerli icra hakimiyyətinin verdiyi qərar iddiaçının valideyin himayəsindən məhrum olmasına dair mötəbər sübutdur. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Qanunun 1-ci maddəsinə əsasən “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər- valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər sayılırlar”. Belə olan təqdirdə isə valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərin 23 yaşınadək təhsil almaları dövlət təminatına götürülür. Bu hal həmin Qanunun 5-ci maddəsində öz əksini tapır. Belə ki, sözügedən qanunun 5-ci maddəsində bildirilir ki “Bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər”. Belə olan halda məhkəmə adı çəkilən Qanunun tələblərini aşkar surətdə pozmuşdur. İşə baxan məhkəmə sözügedən qanunun tələblərini nəzərə almamış, ümumilikdə iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Qəbul edilmiş ədalətsiz və qanunsuz qərar nəticəsində haqlı vəziyyətdə olan iddiaçı haqsız duruma düşmüşdür. AR Konstitusiya Məhkəməsinin Cavidan Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2017-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “İşin hallarından görünür ki, ərizəçi C.Qafarov hər iki meyara cavab verir. Belə ki, o, valideynləri tərəfindən saxlanılması imkanından məhrumdur və əyani formada təhsil alır. Həmçinin o, əyani formada təhsil aldığına görə təhsilinə zərər vurmadan əmək fəaliyyəti ilə məşğul ola bilmir. Beləliklə, ərizəçi ilə Qanunun 5-ci maddəsində göstərilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər bərabər vəziyyətdədir.” C.Qafarov hər iki valideynini itirməsi səbəbi ilə valideynləri tərəfindən saxlanılması imkanından məhrum olmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının da hüquqi statusu eynidir. Belə ki, iddiaçı atasının vəfatı səbəbi ilə valideyn himayəsindən məhrum olmuşdur, digər valideynin, yəni anasının himayəsindən isə adıçəkilən Qanunun 1-ci maddəsinə əsasən onun tərbiyə edilməsindən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina edilməsi səbəbi ilə məhrum olmuşdur. Belə olan halda kifayət qədər əsaslı iddianı məhkəmənin heç bir əsaslandırma aparmadan formal şəkildə rədd etməsi anlaşılıqlı

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmənin qətnaməsi əsassızdır. Onun atası 2009-cu ildə vəfat etdikdən sonra 2019-cu il tarixində anası onu və 14 oktyabr 2005-ci il təvəllüdlü bacısı X6 tərk etmişdir. Bacısı və o hər iki valideyn himayəsindən məhrum olmuşlar. Bundan sonra nənələri X13 onlara sahib çıxaraq Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət etmiş və onlar nənələrinin himayəsinə verilmişlər. 2021-ci il tarixdə orta məktəbi bitirdikdən sonra Bakı Mühəndislik Universitetinin “Pedaqoji” fakültəsinin “kimya müəllimliyi” ixtisasına qəbul olmuşdur. Həmin ilin sentyabr ayından Universitetin 1-ci kurs tələbəsi kimi güzəştli şərtlərlə (ödənişsiz) təhsil almağa başlamışdır. Universitet onu ödənişsiz təhsil almağa qəbul etmiş və əlavə təqaüd də ayrılmışdır. Hazırda 18 yaşı tamam olmuş və üzərində təyin olunmuş himayəçilik başa çatmışdır. Bu səbəbdən Universitet güzəştli şərtlərlə aldığı təhsilə xitam vermək qərarına gəlmişdir. Onun anası ilə heç bir əlaqəsi yoxdur. Anası onlarla maraqlanmır. Onlarda olan məlumata əsasən anası Türkiyə Respublikası vətəndaşı ilə nikaha daxil olmuşdur. Qardaşı anası ilə birlikdə yaşayır. Hazırdada anası tərəfindən ona hər hansı maddi və mənəvi dəstək göstərilmir. Onun btün qayğıları nənəsi tərəfindən qarşılanır.

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, işə baxan məhkəmənin mövqeyi əsassızdır. Məhkəmə iş üzrə heç bir araşdırma aparmamış və iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. İddiaçının atası vəfat etmiş, anası isə onu atıb getmişdir. Bundan sonra nənəsi X2 Rayon İcra Hakimiyyətinə müraciət etmiş və iddiaçı bacısı ilə birlikdə nənələrinin himayəsinə verilmişlər. 2021-ci il tarixdə orta məktəbi bitirdikdən sonra Bakı Mühəndislik Universitetinin “Pedaqoji” fakültəsinin “kimya müəllimliyi” ixtisasına qəbul olmuşdur. Həmin ilin sentyabr ayından Universitetin 1-ci kurs tələbəsi kimi güzəştli şərtlərlə (ödənişsiz) təhsil almağa başlamışdır. Universitet onu ödənişsiz təhsil almağa qəbul etmiş və əlavə təqaüd də ayrılmışdır. Hazırda 18 yaşı tamam olmuş və üzərində təyin olunmuş himayəçilik başa çatmışdır. Bu səbəbdən Universitet güzəştli şərtlərlə aldığı təhsilə xitam vermək qərarına gəlmişdir. Mövcud qanunvericiliyin tələbləri baxımından iddiaçı valideyn himayəsindən məhrum olunmuş şəxs kimi həmin statusdan irəli gələn imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçı hazırda faktiki olaraq oxuduğu universitetin ərazisində yerləşən yataqxanada qalır. Bununla belə hazırda 3-cü kurs tələbəsi olduğu Bakı Mühəndislik Universiteti cari ildə 18 yaşı tamam olması səbəbilə iddaçının güzəştli şərtlərlə aldığı təhsilə xitam vermək qərarına gəlmişdir. Baxmayaraq ki, həmin vaxtdan, yəni Universitetə qəbul olduğundan bu yana iddiaçının maddi vəziyyətində hər hansı bir dəyişiklik baş verməmişdir, iddiaçı yenə də ana və atadan məhrum şəkildə yaşlı nənəsinin himayəsində yaşayır və onun sosial təminatı hesabına dolanır. Cavabdeh universitet əsassız şəkildə iddiaçının universitetdə təhsil almaq hüququnu məhdudlaşdırmağa çalışır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun “Təhsil üzrə təminatlar” başlıqlı 5-ci maddəsinə əsasən, bütün tipdən olan dövlət təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər. İddiaçı məhz qeyd olunan normaya müvafiq olaraq 18 yaşına çatanadək tam dövlət təminatına götürülmüşdür. Hazırda onun 18 yaşı tamam olduğuna görə üzərində təyin olunmuş himayəçilik başa çatmışdır. Hazırda iddiaçının bir valideyni sağdır və o valideyn himayəsindən rəsmi şəkildə məhrum edilməmişdir. İddia tələbində iddiaçının xahiş etdiyi imtiyaz və güzəştlər birbaşa qanunda nəzərdə tutulmalıdır. Hazırda iddiaçı təhsil haqqı ödənişindən azad edilmə üçün hər hansı statusa malik deyil. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən 3-cü şəxs X13 izahatında bildirdi ki, iddiaçı onun nəvəsidir. Radə Qəniyeva isə qızıdır. İddiaçının atası 2009-cu ildə vəfat etmişdir. Anaları isə 2019-u ildə ailəsini tərk edib getmişdir. Həmin vaxtdan uşaqlar onun yanında qalırlar. İddiaçının üzərində o himayəçi təyin edilmişdir. İddiaçının, eləcə də onun Radə Qəniyeva ilə münasibətləri mövcud deyildir. Radə Qəniyeva iddiaçı və onun bacısı ilə heç zaman maraqlanmamışdır. Uşaqların maddi, mənəvi qayğıları onun tərəfindən qarşılanmışdır. İddiaçının iddia tələbi əsaslıdır. Çünki onun heç bir maddi gəliri yoxdur. Təhsil xərcini qarşılaya bilməz. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən 3-cü şəxs X17 izahatında bildirdi ki, iddiaçı onun qızıdır. O, yeni nikaha daxil olmaqla Türkiyə Respublikasında yaşayırdı. Lakin 2023-cü ilin fevral ayında baş verən zəlzələdən sonra Azərbaycana qayıtmışdır. İddiaçı nənəsi ilə birlikdə qalır. Onların doğmalıq münasibətləri mövcud deyil. O özü işləmir. İddiaçının təhsil xərcini qarşılaya bilməz.

23. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən 3-cü şəxs “Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 qızı izahatında bildirdi ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn imtiyazların iddiaçıya şail edilməsi üçün sonuncunun valideyn himayəsindən məhrum edilmiş olması zəruridir. Bununla belə apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.

24. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

25. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 42-ci maddəsində təsbit olunmuş hüquq təhsilin müxtəlif pillələrinə və səviyyələrinə, o cümlədən ali təhsilə şamil olunur. Belə ki, təhsil hüququ nəinki pulsuz icbari ümumi orta təhsil almaq imkanını, həmçinin yaradıcılıq, yeni biliklərin əldə edilməsi, müxtəlif sahələrdə təcrübənin artırılmasına olan təbii tələbatların ödənilməsini də ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair” 30 iyun 2014-cü il tarixli Qərarı).

27. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən;

valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir. “valideyn himayəsindən məhrum olmuş uşaqlar”- uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən valideynlər. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər kateqoriyasına valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər də aiddir. Həmin Qanuna (yenə də 1-ci maddəyə əsasən) əsasən qəyyumluq və himayə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi formasıdır. Qəyyumluq 14 yaşınadək olan uşaqlara, himayə 14 yaşından 18 yaşınadək olan uşaqlara müəyyən edilir. övladlığa götürən şəxs - qanunvericiliklə müəyyən edilmiş qaydada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən ər-arvad və ya ayrı-ayrı şəxslərdir; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların tam dövlət təminatı - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara müvafiq dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin) , himayədar valideynin (himayədar ailənin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməsidir. Həmin Qanunun 5-ci maddəsində göstərilir ki, - “bütün tipdən olan dövlət təhsil müəssisələrində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər. -Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. -Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və miqdarda müavinət verilir. Ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alarkən tibbi göstərişlər üzrə akademik möhlət verilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə həmin müddət ərzində tam dövlət təminatı saxlanılır, təqaüdlər verilir. Həmin müəssisələr onların müalicəsinin təşkilinə kömək edirlər. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bir təhsil müəssisəsindən digərinə keçirilməsinə, ümumi əsas təhsil alana qədər təhsilin formasının dəyişdirilməsinə, habelə onların istənilən təhsil müəssisəsindən kənar edilməsinə yalnız qəyyumluq və himayə orqanlarının razılığı əsasında yol verilir. Göründüyü kimi Qanunla bu şəxslərə dövlət təminatı və təhsil haqqının ödənilməsi təhsil aldığı bütün müddətə şamil edilir, qanunda nəzərdə tutulmuş yeganə məhdudiyyət şəxsin 23 yaşa çatmasıdır.

28. Təhsil Haqqında AR Qanunu:

Maddə 14.8. Təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, dövlət təhlükəsizliyi və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir Maddə 14.8-1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Maddə 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.1. təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək; 29.0.41. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə) götürülməsini, internat tipli dövlət müəssisələrinə göndərilməsini təşkil etmək, qəyyumların və himayəçilərin öz funksiyalarını yerinə yetirməsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud uşaqların müvafiq olaraq xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb edilməsini və sosial müdafiə müəssisələrinə göndərilməsini təmin etmək; 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 38.10. Təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir

29. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın (bundan sonra – Beynəlxalq Pakt) 13-cü maddəsində göstərilmişdir:

1. Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Onlar daha sonra razılaşırlar ki, təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir, bütün millətlər, irqi, dini və etnik qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və Birləşmiş Millətlər Təşkilatının sülhü qoruma sahəsində fəaliyyətinə yardım etməlidir.

30. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən, heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. Təhsil hüququ sosial hüquqdur və insan şəxsiyyətinin inkişafı və Konstitusiyada təsbit olunmuş bir sıra digər hüquq və azadlıqların reallaşdırılması üçün vacib şərtdir. Təhsil hüququnun həyata keçirilməsi ictimai həyatda aktiv və səmərəli iştirak etmək şəraitini yaratmaqla cəmiyyətə fayda gətirmək imkanını verir.

31. Cavidan Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2017-ci il tarixli Qərarı

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2 Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, əriz əçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətindən görünür ki, apellyator İddiaçı Abşeron Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(012)-1526/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak etmiş tərəflərin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Hazırki iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçının tələbi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər sırasına aid edilməklə, təhsil haqqından azad edilmə və bu statusda təhsilini davam etdirmək barədədir.

37. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2004-cü il tarixdə doğulmuş, atası X16 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Ailədə üç uşaq olmuşlar, iki bacı, bir qardaş.

38. İddiaçının bildirdiyinə görə anası onu və bacısını “atıb” getdiyindən bu günə qədər analarından xəbərləri yoxdur, ondan heç bir məlumat əldə edə bilməmişlər və hazırda analarının harada yaşamasından tam məlumatsızdırlar. Bununla da o və bacısı hər iki valideyn himayəsindən məhrum olmuşdur. Bundan sonra nənəsi X13 onlara sahib çıxaraq Şamaxı rayon İcra Hakimiyyətinə müraciət etmiş və hər iki uşağı himayəsinə götürmək istədiyini bildirmişdir.

39. İşdən həmçinin müəyyən edilir ki, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 103 saylı sərəncamı ilə X13 xx.xx.2004-cü il təvəllüdlü İddiaçı və xx.xx.2005-ci il təvəllüdlü X5 himayəçisi təyin edilmişdir.

40. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı 2021-ci il tarixdə, orta məktəbi bitirdikdən sonra Bakı Mühəndislik Universitetinin “Pedaqoji” fakültəsinin “kimya müəllimliyi” ixtisasına (ödənişli əsaslarla) qəbul olunmuş və hazırda həmin Universitetin 3cü kurs tələbəsidir.

41. İddiaçı Universitetin 1-ci kursunda oxuyarkən güzəştli şərtlərlə (ödənişsiz) təhsil almış, ona əlavə təqaüd də ayrılmışdır. Həmçinin hazırda faktiki olaraq oxuduğu Universitetin ərazisində yerləşən yataqxanada qalır. Lakin sonrakı illər 18 yaşı tamam olduğundan ondan təhsil haqqı tələb olunmuş, lakin bir valideyni (atası) öldüyündən, digər valideynindən, yəni anasının harada olması və yaşamasından məlumatsız olduğundan və maddi imkanı olmadığından təhsil haqqını ödəmək imkanı olmamış, bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

42. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya iddiaçının anası X11 həqiqətən də ölkəni daimi tərk-edib etməməsini, övladlarının tərbiyə və müdafiəsindən doğrudan da açıqdan-açığa imtina etdiyini müəyyən etmək üçün müəyyən orqanlara sorğu vermişdir.

43. Kollegiya iddiaçının izahatı ilə sorğuların cavabları arasında yaranmış ziddiyyətə aydınlıq gətirmək vasitəsilə iddiaçının nənəsi Sara Nağıyeva və anası Radə Qəniyevanın məhkəmə iclasında iştirakının vacibliyini zəruri hesab etmişdir. X9 onunla yaşamadığını, hazırda harada və hansı ölkədə yaşamasından məlumatsız olduğunu bildirmişdir. (yuxarıda qeyd olunanlarla bağlı arayış-telefonaqram tərtib edərək iş materiallarına əlavə edilmişdir ( i/m səh 213)

44. Bundan sonra kollegiya qeyd olunan ziddiyyəti aradan qaldırmaq, eləcə də tam və obyektiv araşdırma aparmaq məqsədilə müvafiq orqanlara (Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Şamaxı rayon nümayəndəliyinə, Şamaxı rayon Polis şöbəsinə, DSXyə) müvafiq sorğu göndərmiş və sorğulara cavab olaraq X4 şəhərində olmaqla, hazırda anası Sara Nağıyeva ilə birlikdə yaşadığı bildirilmiş, həmçinin Radə Qəniyevanın sonuncu dəfə Respublikaya girişi xx.xx.2023-cü il müəyyən edilmişdir.

45. Beləliklə sorğulara verilmiş cavabların təhlilindən görünür ki, iddiaçının anası Radə Qəniyeva (sonradan nikaha daxil olaraq soyadını dəyişərək Acer kimi göstərmişdir) heç də iddiaçı tərəfin, onlar tərəfindən nənə Sara Nağıyevanın dediyi kimi ölkəni birdəfəlik tərk etməmiş, hətta xx.xx.2023-cü il tarixdə Azərbaycana gələrək, bundan sonra ölkədən çıxmamışdır. Bundan əlavə müəyyən edilmişdir ki, iddiaçının anası respublikaya gəldiyi zaman anası (iddiaçının nənəsi) Sara Nağıyeva ilə sıx əlaqədə olmaqla, birlikdə yaşamışlar.

46. Lakin apellyasiya icraatı zamanı məhkəmə iclasının bir neçə dəfə təxirə salınmasına, iddiaçının izahatı alınmaqla sorğu-sual edilməsinə baxmayaraq, sonuncu israrlı şəkildə anasının respublika ərazisində olmadığını, onun harada yaşamasından məlumatsız olduğunu, ümumiyyətlə nə onun, nə də ki, nənəsinin Radə Qəniyeva ilə əlaqəsinin olmadığını bildirməklə, sanki məhkəməni inandırmağa çalışmışdır.

47. Kollegiya aparılmış araşdırmanın nəticəsi olaraq bununla bağlı həm İddiaçı, həm də onun tərəfindən 3-cü şəxslər Sara Nağıyeva və Radə Qəniyevanın (Acerin) izahatlarını qeyri-səmimi qəbul edir və onların bu mövqeyini birmənalı olaraq dövlət təminatından yararlanmaq kimi qiymətləndirir.

48. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya izah edir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən müvafiq imtiyazdan üç qrup şəxs faydalana bilər: - valideynlərini itirmiş uşaqlar; - valideyn himayəsindən məhrum olmuş uşaqlar; - ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər.

49. Göründüyü kimi qanunvericiliyin əsas məqsədi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan 23 yaşınadək şəxslərin sosial müdafiəsinə dövlət təminatının verilməsidir. Yəni dövlət onların valideyn dəstəyindən məhrum olmasını əsas kimi qəbul edərək, bu şəxsləri dövlətin sosial müdafiəsi ilə əhatə edir. Sosial dəstəkdən faydalanmanın şərti kimi yalnız şəxsin 18 yaşınadək valideyn himayəsindən məhrum olması əsas götürülür, sonradan 18-23 yaş arasında oxşar vəziyyətə düşmüş digər şəxslərin təhsil almaq hüququnun davamlılığına təminat verilmir.

50. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5.9 və 5.14-cü bəndlərində aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının yaradılması məqsədi ilə maddi dəstək sisteminin yaradılması və təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin genişləndirilməsi nəzərdə tutulmuşdur.

51. Kollegiya sonda yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edir ki, İddiaçı atası vəfat etsə də, sonuncu ana xətti ilə valideyn himayəsindən məhrum olmamış, ananın övladını açıq-aydın şəkildə təlim-tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi iş materialları ilə sübut olunmur. Əksinə aparılmış araşdırmalar onu deməyə əsas verir ki, onların münasibətləri kəsilməmişdir. 52.Kollegiya sonda həmçinin qeyd etməyi vacib bilir ki, iddiaçının anasının ikinci dəfə ailə həyatı qurması, sonuncunun heç də valideynlik hüququnundan məhrum edilməsi anlamına gəlmir.

53. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan kollegiya iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, hazırki vəziyyətdə iddiaçı “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər” kateqoriyasına aid edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(012)-1526/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar