Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-198/2025 06.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh1na və maraqlı tərəf Maraqlı şəxsnə qarşı mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh1na və maraqlı tərəf Maraqlı şəxsnə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(060)-5041/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, 1 saylı Sumqayıt Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə verilmiş “İcra qeydi”nin ləğv edilməsi, icra qeydinə əsasən pensiyasından tutulmuş 81 manatın geri qaytarılması və ödənilmiş 34 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən 14 mart 2024-cü ildə ondan (X4) Cavabdeh2 ASC-nin xeyrinə 1344,42 manatın tutulması barədə “İcra qeydi” verilmişdir. 1 saylı Notariat Kontorunun 8İ- 2088 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Maraqlı şəxs xx.xx.2024-cü ildə “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən ondan 1369,42 manatın tutulması üçün icraata başlanmışdır. Bildirir ki, o, xx.xx.2024-cü il tarixli, 8İ2088 saylı icra sənədinə etiraz edir. Beləki, o, Cavabdeh2 ASC ilə hər hansı bir müqavilə imzalamamış və həmin banka borcu yoxdur. Belə olan halda 1 saylı Notariat ofisi tərəfindən heç bir araşdırma aparılmadan icra qeydi verilmişdir. Ona qarşı tələbkar bildirişlə müraciət etməmişdir. Bundan əlavə qeyd edir ki, icra qeydi əsasında aldığı pensiyadan keçən ay yəni, iyun 2024-cü il üçün 81 manat tutulmuşdur.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. xx.xx.2024-cü il tarixli İcra qeydinin surətindən görünür ki, Cavabdeh2 ASCnin xeyrinə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 9 ünvanında qeydiyyatda olan İddiaçı GTZK4092510A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1344 manat 42 qəpik tutulması müəyyən edilmişdir. Bundan əlavə İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1369,42 manat pul tutulsun.
5. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 8İ-2088 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
6. Cavabdeh2 ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin 14 mart 2024-cü il tarixli, 8İ-2088 saylı icra qeydinə əsasən (GTZK4092510A299 saylı müqavilə üzrə) borclu İddiaçı tələbkar Cavabdeh2 ASC-yə olan qalıq borcu 1005,54 manat təşkil edir.
7. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, borclu X1 cəmi 1369,42 manat məbləğində pulun tutularaq tələkar "xxxx" ASC-yə ödənilməsi barədə Sumqayıt şəhər 1 saylı notariat ofisinin 8İ-2088 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş, qanunamüvafiq qaydada icraata qəbul edilərək, icraata başlamaq haqqında qərar tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclunun icra sənədində göstərilən ünvanına göndərilmiş, lakin tələb təmin edilməmişdir. Buna görə də tələb "Elektron icra" informasiya sistemi vasitəsilə xx.xx.2024 və xx.xx.2024cü il tarixli inkasso sərəncamları tətbiq edilməklə borclu İddiaçı pensiyasının 50% hissəsinə yönəldilmiş və ümumilikdə 363,88 manat məbləğində pul tələbkarın xeyrinə ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16(060)- 255/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 cavabdeh 1 saylı Sumqayıt Notariat Ofisi və qeyrisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş baxılıb qutarana kimi X2 yaşa görə əmək pensiyasından tutulmaların dayandırıması qərar alınmış və icraya yönəldilmişdir. Məlumat üçün bildirilir ki, həmin icra sənədi tərəfimizdən tam icra edilmiş və Sumqayıt şəhər 1 saylı notariat ofisinin 8İ-2088 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Zümfira Mehrəliyevanın pensiyasından tutulmalar dayandırılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(060)- 5041/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) İddiaçı cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat ofisinə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və maraqlı tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə” dair iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi, 6-cı maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.2 və 407.2-ci maddələri, Azərbaycan Respublikası “Notariat haqqında” qanunun 17-ci maddəsinin 15-ci bəndi, 76, 78 və 79-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2, 77.1, 14.2, 80, 106.1, 217.2, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(060)-5041/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, bu iş üzrə qəbul olunmuş qətnamədən narazıdır. Qətnamə MPM-nin 4, 9, 14, 88-ci, MM-nin 739 və 740-cı maddələrinin tələblərini pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Sumqayıt 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən 14 mart 2024-cü ildə ondan Cavabdeh2 ASC-nin xeyrinə 1344,42 manatın tutulması barədə “İcra qeydi” verilmişdir. 1 saylı Notariat Kontorunun 8İ-2088 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Maraqlı şəxs xx.xx.2024-cü ildə “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Bildirir ki, o, xx.xx.2024-cü il tarixli, 8İ-2088 saylı icra sənədinə etiraz edir. Belə ki, o, Cavabdeh2 ASC ilə hər hansı bir müqavilə imzalamamış və həmin banka borcu yoxdur. Belə olan halda 1 saylı Notariat ofisi tərəfindən heç bir araşdırma aparılmadan icra qeydi vermişdir. Ona qarşı tələbkar bildirişlə müraciət etməmişdir. Bundan əlavə qeyd edir ki, icra qeydi əsasında aldığı pensiyadan iyun 2024-cü il üçün 81 manat tutulmuşdur. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2024cü il tarixli, 2(060)-5041/2024 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi əsassız və qanunsuz qətnamə ilə razılaşmır. Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki, MPM-nin tələbinə görə Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, onlayn qaydada videogörüntü ilə kredit götürmək məqsədi ilə Banka müraciət etmiş, bütün təsdiqetmə əməliyyatları aparılmışdır. Lakin sonradan o, təkrarən Banka telefon zəngi edərək kreditdən imtina etdiyini bildirmişdir, o, kredit məbləğini bankdan götürməmişdir.
14. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, kredit müqaviləsi onlayn qaydada bağlanılmış, kredit məbləği borclunun cari hesabına köçürülərək onun sərəncamına verilmişdir. Kredit müqaviləsini bağlamaqdan imtina edilməsi ilə bağlı heç bir müraciət qeydə alınmamışdır.
15. İş üzrə Cavabdeh1 nümayəndəsi və maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notariat qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
18. Azərbaycan Respublikası “Notariat haqqında” qanunu: Maddə 17. Bənd 15. İcra qeydləri dövlət notariusu tərəfindən aparılır. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Maddə 78. İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir.
23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində borcun ona aid olmadığını bildirsə də, iş materiallarında olan Cavabdeh2 ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının qeyd olunan müqavilə üzrə 1005,54 manat borcu qaldığı qeyd edilmişdir. Eyni zamanda iddiaçının Cavabdeh2 ASC-də xx.xx.2021-xx.xx.2024-cü il tarixə qədər kredit hesabının mövcud olduğu müəyyən edilmişdir.
24. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(060)-5041/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur.
26. Kollegiya ilk öncə qeyd edir ki, göründüyü kimi araşdırılan mübahisə icra qeydi verilmiş borcun mübahisələndirilməsi ilə bağlıdır.
27. Qanunvericiliyin tələbinə görə icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Bu baxımdan kollegiya araşdırılan iddia tələbini qanunvericiliyin göstərişlərinə uyğun hesab edir.
28. Apellyator borcu mübahisələndirməsinin əsası olaraq Bankla kredit müqaviləsi bağlamamasına, kredit götürməməsinə istinad edir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, apellyator tərəfindən istinad olunan hallar iş üzrə toplanmış sübutlarla təkzib olunur, iddia tələbinin əsaslığı iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
31. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə tədqiq edilmiş sənədlərdən, video görüntüdən müəyyən edildi ki, iddiaçı tərəfindən Kapital Bank ASC-yə kredit götürülməsi ilə bağlı onlayn qaydada müraciət edilmiş və sənədləşmələr onlayn qaydada təsdiq edilməklə kredit ayrılmış, kredit məbləği iddiaçının adına açılmış cari hesaba köçürülmüşdür. Kredit məbləği cari hesaba köçürülməklə həmin vəsait üzərində sərəncam vermək hüququ Bank tərəfindən borcluya ötürülmüşdür.
32. Kollegiya hesab edir ki, kredit məbləğinin cari hesabdan götürülüb istifadə olunması borcluya aid hüquq olmaqla, həmin vaxtdan sonra yaranan öhdəlik üzrə risk daşıyıcısı borclu olmuşdur. Odur ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Beləliklə, məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(060)-5041/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.