Məhkəmə qərarları › İş №2(105)-1981/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1981/2021

03.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1981/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi və ya torpaq sahəsinin adına rəsmiləşdirilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 26 fevral 2021ci il tarixli, 2(067)-319/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(067)-319/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbi və ya torpaq sahəsinin adına rəsmiləşdirilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir (hakim İ.Ə.Xəlilov). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(067)-319/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehə verdiyi 10.000 (on min) manat pulun qaytarılması və ya 3.52 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilmısi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-319/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Qeyd edrm ki, mübahisəli torpaq sahəsi 1998-ci ildən onun istifadə və sahibliyindədir. 1998-ci ildən 2004-cü ilə kimi ol, həmin torpaq sahəsindən icarə müqaviləsinə əsasən istifadə edib. Cavabdeh 2004-cü ildə oğlunu evləndirmək istəyirdi. Bunun üçün də torpaq sahəsini ona satmaq istədiyini və torpağı almağı təklif etmiş, o da öz növbəsində torpağı almaq istədiyimi ona bildirdi. Həmin vaxtlarda yerli icra hakimiyyəti orqanları alqı-satqı aparırdılar. O da bu yolla cavabdehin pulunu ödəyib, mübahisəli torpaq sahəsini ondan satın almışdır. Daha sonra ona məlum oldu ki, aralarında olan alqı-satqı rəsmiləşdirilməlidir. O, dəfələrlə alqı-satqını rəsmiləşdirmək üçün cavabdehin yanına getmsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək alqı-satqını rəsmiləşdirməyi yubatdı. Sonradan məlum oldu ki, torpağın sənədinin əsli onda olduğu halda cavabdeh hansısa yolla mülkiyyət sənədi əldə edib torpağı Xaçmaz rayonu, Nağıoba kənd sakini X1. Mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən ona satılıb və həmin torpaq sahəsi uzun illərdir ki, onun faktiki istifadə və sahibliyindədir. O, həmin torpaq sahəsinə dair xeyrli xərc çəkib, həmçinin orada təsərrüfatı və mal-qarası var. Bildirir ki, həmin torpaq sahəsini almaq üçün cavabdehə 1400 ABŞ dolları, yəni hazırkı pula nisbətdə 10000 manat pul verib.mişərç. Manatla olan pullar o vaxtın 500, 1000 manatlıq əskinasları olmuşdur. Cavabdehin torpağını istifadə etdiyi müddətdə hər hektara görə 90manatdan hər il subsidiya alıb. Lakin iki ildir ki, subsidiya almır. Cavabdeh faktiki olaraq istifadəsində olan torpaq sahəsini əsassız olaraq başqa şəxsə satmışdır. Əslində cavabdehin əməlində cinayət tərkibi var. Belə ki, ona satdığı və pulunu aldığı torpaq sahəsini sonradan başqa şəxsə satmaqla onun etibarından sui-istifadə etməklə onu aldatmışdır. İşə baxan məhkəmə bütün bunları nəzərə almamış və qanunsuz qətnamə qəbul etmişdir. Hazırkı vəziyyətdə o, həm torpaq sahəsindən, həm də torpaq sahəsinə görə ödədiyi puldan məhrum olub. Bütün bunlar isə onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Məhkəmə maddi hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, düzgün nəticəyə gəlməmiş və bununla da qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də hesab edirəm ki, qətnamə ləğv olunmalı və iddia tələbim təmin olunmalıdır. Həmçinin qeyd edir ki, cavabdehlə X5 arasında olan alqı-satqı müqaviləsinin ləğv olunması ilə bağlı iddia tələbi ilə də məhkəməyə müraciət edəcək. Çünki həmin alqı-satqı müqaviləsi birbaşa olaraq onun maraqlarına toxunur. Qeyd edilənlərə əsasən Xaçmaz Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(067)-319/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı, Cavabdeh, iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 25.08.2004-cü il tarixli Xaçmaz rayonu, Dədəli İƏV-nin Bostançı kənd nümayəndəsi tərəfindən təsdiq olunmuş əlyazmada göstərilmişdir ki, Cavabdeh İddiaçı Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 3.52 ha torpaq sahəsinə görə pul almış, torpaq sahəsini iddiaçıya bağışlamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2(067)2493/2019 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 3.52 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki koldlegiyasının 05 fevral 2020-ci il tarixli, 2(105)-418/2020 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2(067)-2493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.08.2020-ci il tarixli, 2(102)-3241 saylı Qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(105)418/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarında mübahisə predmeti olan Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 3.52 ha torpaq sahəsinə görə tərəflər arasında heç bir yazılı müqavilə öhdəliyinin yaranmadığı göstərilmişdir. Başqa sözlə həmin torpaq sahəsinə dair cavabdehin iddiaçı qarşısında öhdəliklərini şərtləndirən yazılı müqavilənin bağlanmadığı qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli, 2 saylı Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsinə görə iddiaçı qarşısında heç bir öhdəlik münasibəti yaranmadığından iddia tələbinin mübahisəli torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə dair hissəsi əsaslı sayıla bilməz. Bundan başqa işin hallarından və tərəflərin qarşılıqlı münasibətlərindən cavabdehin mübahisəli torpaq sahəsini iddiaçıya icarəyə vermək niyyəti ilə həmin torpaq sahəsini onun istifadəsinə verdiyi müəyyən olunur. Cavabdeh buna görə iddiaçıdan 1400 ABŞ dolları məbləğində pul aldığını etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən torpaq sahəsinin faktiki olaraq ona bağışlanmasına görə 10.000 (on min) manat məbləğində pulun cavabdehə ödənilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edilməmişdir. Onun mübahisəli torpaq sahəsini cavabdehdən pul müqabilində almasına dair dəlili isə iş materiallarında olan qanuni qüvvəsini almış qətnamələrlə təkzib olunur. Buna görə də, məhkəmə iddia tələbini Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 3.52 ha torpaq sahəsinə görə ödənilmiş pulun qaytarılmasına dair hissədə də əsaslı hesab etmir. Bundan başqa müəyyən oluqnmuşdur ki, iddiaçının cavabdehdən aldığını iddia etdiyi 3,5228 ha torpaq sahəsi 31.07.2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-nin çıxarışına əsasən mülkiyyt hüququ əsasında X3 adına rəsmiləşdirilmişdir və onun mülkiyyətindədir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələblərini əsaslandıra, sübuta yetirə bilmədiyi üçün onun iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin oluna bilməz. Belə ki, iddiaçı apelyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də bunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qətnaməsi formal əsaslara görə ləğv edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(067)-319/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar