Məhkəmə qərarları › İş №2(105)-1981/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1981/2023

20.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1981/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçı Nadir Özçelebinin nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Nadir Özçelebinin Cavabdeh qarşı əmlakın açıq hərracda satılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-1261/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, Abşeron rayonu, Masazır kəndi, X.R.Ulutürk küçəsində yerləşən, 0.06 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 206.9 kv.m olan 42 saylı fərdi yaşayış evi bazar dəyəri 395000 (üç yüz doxsan beş) manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti Nadir Özçelebinin 2/5 hissədə, Cavabdeh 3/5 hissədə paylarına mütənasib surətdə bölünməsi, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaiti tutularaq Nadir Özçelebinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Nadir Özçelebi Cavabdeh qarşı əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, **********83-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 206.9 kv.m-lik fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin açıq hərracda satılması, satışdan iddiaçının 2/5 hissə payına uyğun pulun iddiaçıya ödənilməsi və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Nadir Özçelebinin nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, paylı mülkiyyət hesab olunan daşınmaz əmlakın tərəflərin paylarına uyğun, yəni, iddiaçının payına uyğun 2/5 hissədə, cavabdehin payına uyğun şəkildə isə 3/5 hissədə olmaqla açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 206.9 kv.m-lik fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi üzrə 3/5 hissə pay Cavabdeh, 2/5 hissə pay isə iddiaçı Nadir Özçelebinin xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehə qarşı əmlaka dair payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, həmin mülki iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/217 saylı ekspert rəyinə əsasən, daşınmaz əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün olmamışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-139/2022 saylı qətnaməsinə əsasən, daşınmaz əmlakın paylara uyğun naturada ayrılması təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini xx.xx.2022-ci il tarixdə almışdır. Bundan sonra Nadir Özçelebinin Cavabdeh göndərdiyi xx.xx.2022-ci il tarixli təklifə əsasən, daşınmaz əmlak üzrə iddiaçının xüsusi mülkiyyətində olan 2/5 hissə payı 150000 manata satın almağı cavabdehə təklif etmişdir. Cavabdehin göndərdiyi xx.xx.2022-ci il tarixli qarşılıqlı təklifə əsasən isə iddiaçının təklifini cavabdeh qəbul etməmiş, cavabdeh isə 225000 manata satın almaq barədə qarşılıqlı təklif göndərmişdir. Tərəflər arasında qarşılıqlı razılıq əldə olunmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə belə bir nəticəyə gələrkən iddiaçının cavabdehdən tələb etdiyi əmlakdakı dəyəri həmin əmlakdakı həqiqi dəyərinə uyğun olmamasına, əmlak cavabdehin istifadəsində olduğu halda "xxxx" MMCnin mütəxəssisi evə gəlmədən, baxış keçirmədən, həqiqi bazar dəyərini müəyyən etmədən verdiyi rəy həqiqətə uyğun olmamasına əhəmiyyət verməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan, əmlakın həqiqi bazar dəyərinin müəyyən etməklə açıq hərraca çıxarılmadan satılmasına razı olmağını nəzərə almadan gəldiyi nəticə əsassız və qanunsuz hesab edilməlidir. Odur ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bu hallara diqqət yetirmədən çıxarılmış birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1261/2023 nömrəli qətnamə qanunsuz və əsassız hesab edilməklə ləğv edilməli, iddianın təmin edilməməsi haqda qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş rəsmi sənədlərlə müəyyən edilmişdir ki, mübahisənin predmeti olan evi və həmin evin yerləşdiyi torpaq sahəsi tərəflər arasında paylı mülkiyyətdəki paylara uyğun naturada bölünməsi münkün deyildir. Lakin iddiaçının cavabdehdən ona ödənilməsini tələb etdiyi əmlakdakı 2/5 payın dəyəri 150.000 manat olmadığı halda məhkəmə həmin təklifin iddiaçının əmlakdakı həqiqi dəyərini əks etdirmədiyinə, daha sonra isə evə və torpaq sahəsinə baxış keçirmədən verilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəy evə və torpaq sahəsinə verildiyinə diqqət yetirməmişdir. Əslində isə iddiaşının paylı mülkiyyətdə olan əmlakın həqiqi dəyəri 100.000- 110.000 manat təşkil edir və cavabdeh həmin dəyəri əmlakın açıq hərraca çıxarılmadan tərəflərin qarşılıqlı razılaşmaya əsasən satılaraq iddiaçıya ödənilməsinə etiraz etmir. Bu əsasla da hesab edir ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində Mülki Məcəllənin 220.3-220.6-cı maddələrinə istinad etmiş olsa da, həmin maddələrinin tələblərini işin həqiqi hallarını araşdırmadan düzgün tətbiq etməmişdir. Mülki iş üzrə çıxarılmış qətnamədən görünür ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işə tərəflərin iştirakı ilə baxmamış, mübahisə edilən evin və torpaq sahəsinin yerləşdiyi yeri Masazır kəndin içində, gediş-gəlişi yalnız şəxsi avtomaşınlarla münkün olduğu, əsas yollardan uzaq məsafədə, iddiaçının tələb etdiyi vəsait əmlakın həqiqi dəyərinin olub-olmamasına əhəmiyyət vermədən, dəyəri ilə bağlı verilmiş rəy əmlaka yerində baxış keçirmədən, əmlakın real vəziyyətini nəzərə almadan etimallara və fərziyyələrə əsaslanaraq verildiyinə diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsi işüzrə mühüm əhəmiyyət kəsb edən bu halları nəzərə almadan iddiaçının tələbin əsaslarını düzgün hüquqi qiymət vermədən işin hallarına zidd olan, faktiki olaraq iki övladıyla yeganə yaşayış yerinin açıq hərracdan satılmasına dair əsassız qətnamə qəbul etmişdir. Bu əsasla da hesab edir ki, məhkəmə MPM-nin 14.1, 14.2, 77.1 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə mübahisə ilə bağlı tərəflər arasında təqdim edilmiş sübutlarla mütəxəssis rəyi arasında ziddiyyət müəyyən olunduğu halda həmin ziddiyyətlərin aradan qaldırılması üçün rəy vermiş mütəxəsissin iştirakı ilə evə baxış keçirməklə düzgün nəticəyə gələ bilərdi. Cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" MMC Qiymətləndirilmə Şirkətin xx.xx.2022-ci il tarixli, MB 15/1058 saylı rəyi müəyyən edilmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Xəlil Rza küçəsində 0,06 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 206,90 kv.m olan, 2 mərtəbəli, 6 otaqlı həyətyanı sahədə hovuzu, çardağı, sanitar qovşağı olan 42 saylı evin və həmin evin yerləşdiyi torpaq sahəsinin orta bazar dəyəri 300.000 manat təşkil etdiyi göstərilmiş rəyi sübut növü kimi qəbul etməmiş, məhkəmə həmin rəylə mübahisə edilən evəvə torpaq sahəsinə baxış keçirmədən verilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəylərin aralarındakı ziddiyyətləri aradan qaldırmadan əmlakın açıq hərracdan satılmasına əsas olaraq sonuncu rəyi əsas götürmüşdür. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Nadir Özçelebinin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsus olan daşınmaz əmlakdan istifadə ilə bağlı mübahisə olduğundan iddiaçı Nadir Özçelebi paylı mülkiyyət hüququ üzrə üstünlük hüququndan istifadə edərək mülki iş üzrə cavabdehə pretenziya məktubu göndərməsi, lakin tərəflər arasında daşınmaz əmlakın açıq hərracda satış qiyməti ilə bağlı razılıq əldə olunmadığından iddiaçı paylı mülkiyyət hüququ üzrə məxsus olan daşınmaz əmlakın açıq hərracda satılaraq paylarına mütənasib şəkildə bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İşdən görünür ki, ünvan 1 ünvanında yerləşən 206.9 kv.m-lik fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi üzrə 3/5 hissə pay Cavabdeh, 2/5 hissədə isə iddiaçı Nadir Özçelebinin payının müəyyən edilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi əmlakın açıq hərracda satılması və satış pulunun paylarına uyğun tərəflər arasında bölünməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 220.6-cı maddəsi təşkil edir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (Mülki Məcəllənin 220.6. maddəsi). Göründüyü kimi Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Konstitusiya Məhkəməsi 04 aprel 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Qeyd olunan qərarda həmçinin vurğulanmışdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. İşdən görünür ki, qüvvədə olan məhkəmə aktı ilə tərəflər arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi üzrə 3/5 hissədə Cavabdeh, 2/5 hissədə isə iddiaçı Nadir Özçelebinin payı müəyyən edilmişdir. Qanuni qüvvəyə minmiş Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-139/2022 nömrəli qətnaməsinə əsasən, iddiaçı cavabdehə qarşı əmlaka dair payın naturada ayrılması tələbi təmin edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar