Məhkəmə qərarları › İş №2(105)-2004/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2004/2022

19.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2004/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah zamanı götürülmüş və ödənilmiş borcun yarısının tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-465/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3407/2018 saylı xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən İddiaçı X1 ödəmiş olduğu 17000 manat məbləğində pulun ½ hissəsinin - 8500 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, e-2(012)-465/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bu qətnamədən İddiaçı tərəfindən verilən şikayət Abşeron Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, e-2(012)-465/2022 nömrəli qərardadı ilə geri qaytarılmışdır. (hakim E.Məmmədov) Hazırda həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarma əsası kimi, şikayətin verildiyi məhkəmənin adı və ünvanının göstərilməməsi ilə bağlı mövqeyi qəbul edilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü və 363.1.5-ci maddələrinin tələblərindən aydın olur ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu və s. hərəkətlər “Elektron məhkəmə” informasiya sistemi üzərindən edilməlidir. MPM-nin 10-1.3-cü maddəsinə görə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemində isə artıq apellyasiya və kasasiya şikayətlərinin qanunla müəyyən edilmiş formada təqdim edilməsi üçün müvafiq qrafalara məlumatın təqdim edilməsi imkanı yaradılmışdır. Həmin məlumatların daxil edən şəxs qrafa daxilindən kənar məlumatların dəyişdirilməsi imkanından məhrumdur. Məhkəmənin geri qaytarmanın əsası kimi istinad etdiyi apellyasiya instansiyası məhkəməsinin adı və ünvanın göstərilməsi halına münasibətdə qeyd edilməlidir ki, şikayət Elektron Məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsilə “Yeni şikayət” formasında sistemə yerləşdirilərkən həmin şikayətin təqdim edildiyi məhkəmə qrafasına məlumat elektron sistemin özü tərəfindən yerləşdirilir və həmin məlumatın şikayəti verən şəxs tərəfindən dəyişdirilməsi imkanı nəzərdə tutulmamışdır. Məhkəmə məhz Abşeron Rayon Məhkəməsi sözünün şikayətin sağ yuxarı hissəsində görünməsini apellyasiya instansiyası məhkəməsinin adının qeyd edilməməsi kimi dəyərləndirmişdir. Şikayət verən şəxs yalnız “Elekton məhkəmə” informasiya sistemində müvafiq qrafalara məlumatları daxil etmək imkanına malikdir. Həmin məlumatların doldurulması zamanı əlavə olaraq, şikayətin verildiyi apellyasiya və kassasiya instansiyası məhkəməsinin adının doldurulması qrafası mövcud olmadığından və həmin məlumatın sistemə avtomatik şəkildə oturduğundan, şikayət verən şəxs tərəfindən məlumatın bu formada yerləşdirilməsini tələb etmək qanunun tələbinə ziddir. Göstərilənlərə əsasən qərardad ləğv olunmalıdır. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2022-ci il tarixli, qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(012)-465/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 358.0 və 358.0.1-ci maddələrinə görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət verilə bilər: rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarına. Mülki-Prosessual Məcəllənin 361.1 və 361.1.1-ci maddələrinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı göstərilməlidir. AR MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İşdən göründüyü kimi İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, e-2(012)-465/2022 nömrəli qətnaməsindən elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmişdir. Lakin apellyasiya şikayətinin başlıq sətrində şikayətin ünvanlandığı məhkəmənin rekvizitləri ( adı, ünvanı) qeyd edilməmişdir. Bununla da iddiaçı prosessual qanunvericiliyin forma və məzmunla bağlı göstərişinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qeyd olunan əsasla geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-465/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar