Məhkəmə qərarları › İş №2(105)-2008/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2008/2021

01.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2008/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh, 3-cü şəxslər X28 Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi Notariusu Y.N.Eyubov, X12, X15, X4 qarşı vərəsəlik hüququnun tanınması, miras payın təsbit edilməsi, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, e-2(074)-60/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddianın qismən təmin edilməsi, X1 qalan, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan 12 nömrəli fərdi yaşayış evindən və həyətyanı sahəsindən ibarət miras əmlakda İddiaçı payı 1/7 hissədə müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh, 3-cü şəxslər X28 Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi Notariusu Y.N.Eyubov, X12, X15, X4 qarşı vərəsəlik hüququnun tanınması, miras payın təsbit edilməsi, naturada təhvil verilmə, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı miras qoyan atası X8 dair qanun üzrə vərəsəlik hüququnun tanınması, X5 miras qoyduğu Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evindən düşən qanun üzrə miras pay təsbit edilməsi və ona naturada təhvil verilməsi, Cavabdeh maddi zərər üçün 5000 manat, mənəvi zərər üçün 1000 manat, cəmi 6000 manat tutularaq iddiaçıya ödənilməsi, 31 manat dövlət rüsumu və 200 manat hüquqi xidmət xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olaraq məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, X1 miras qalan Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan 12 nömrəli fərdi yaşayış evi və həyətyanı sahəsi (miras əmlakı) qanun üzrə vərəsələri arasında paylara bölünməsi, Cavabdeh tərəfindən İddiaçı vurulan maddi və mənəvi zərərin ödənilməsi üçün cavabdehdən maddi zərər üçün 10.000 (on min) manat, mənəvi zərər üçün 1000 (bir min) manat, cəmi 11000 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X13 14.12.1985-ci ildə vəfat etmişdir. Vəfat etdiyi vaxt mərhum X5 mülkiyyətində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 Saylı Şamaxı Ərazi idarəsinin verdiyi məlumata görə 2691 saylı inventar ilə təsdiq olunmuş texniki pasportla qeydiyyata alınmış Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi olmuşdur. Həmin fərdi yaşayış evinə o, atasının vəfatından sonra sahiblik edib, yəni atasının miras əmlakını faktiki olaraq qəbul edib bu səbəblə atasının qanun üzrə vərəsəlik hüquqlarının təmin edilməsi ehtiyacı əmələ gəlmişdir. Miras qoyan X13 vəfat etdiyi vaxt onun uşaqları (qanun uzrə vərəsələri) İddiaçı, X12, X15, X10 və Cavabdeh Ağasan oğlu sağ idi və onlar da həmin fərdi yaşayış evinə sahiblik ediblər, yəni mirası qəbul ediblər. Lakin bir müddət sonra hal-hazırda həmin evdə yaşayan Cavabdeh digər vərəsələrin hüquqlarını pozmuş, onlar miras payını onlara verməmişdir. İddiaçı va üçüncü şəxslər X14, X16 və X11 ayrı-ayrı ərizələr ilə X28 Xidmət Mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edərək 14.12.1985-ci ildə vəfat etmiş atası X6 qanun üzrə vərəsəsi olduğunu və atası vəfat etdiyi vaxt mülkiyyətində Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi olduğunu, həmin fərdi yaşayış evinə atanın vəfatından sonra sahiblik etdiyini, atasının miras əmlakını faktiki olaraq qəbul etdiyini bildirmiş və Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə Notariat haqqında AR Qanunun 58-ci maddəsinə əsasən həmin yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini” xahiş etmişdirlər. X27 Asan Xidmət Mərkəzində Notariat Ofisinin Xüsusi Notariusu Y.N.Eyubovun 2 mart 2020-ci il tarixli 3/288 saylı qərarı ilə İddiaçı və digər üçüncü şəxslər iddiaçının qardaşı X7, bacıları X9 və X2 ərizələri “vərəsələr əmlakı faktiki qəbul etməməklə miras əmlakının qəbul müddəti buraxıldığı” əsası ilə təmin edilməmişdir. Bu qərarın Mülki Məcəllənin vərəsəlik hüququ ilə bağlı tələblərinə zidd olduğunu bildirərək, mərhum atası vəfat etdiyi vaxt, yəni 1985-ci ildən əvvəl və sonra Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evində (həmin evdə) pasport qeydiyyatında olub, həmin mənzilə faktiki sahiblik edib, hətta həmin mənzilə dair qanuni istifadə hüququna da sahibdir. Yəni iddiaçı (həm də iddiaçının qardaşı X7, bacıları X9 və X3) atası vəfat etdiyi vaxt miras əmlakını faktiki olaraq qəbul edib. Bu səbəblə orada hər hansı bir müddətin keçməsindən söhbət gedə bilməz. Cavabdeh onun vərəsəlik hüquqlarını pozur, onu düşən miras payını ona verməkdən imtina edir, ona həmin evi istifadə etməyi qadağan edib, onu həmin evə buraxmır. Bununla da ona maddi və mənəvi zərər də vurur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Ağayev X17 Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi onun miras əmlakdakı payını düzgün təsbit etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni iddiaçının miras əmlakını faktiki surətdə idarə etməyə başlamaqla və mirasa yiyələnməklə mirası qəbul etməsi, maddi və mənəvi zərər tələbi ilə bağlı sübut edilməməsi ilə əsaslandırmış və iddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, mübahisəli mənzil iddiaçının mərhum atası Ağaxan Ağayevə məxsus olmuş və onun 1961-ci il tarixli Səmayə Ağayeva ilə olan nikahlarından 7 övladı olmuşdur. Ağaxan Ağayev 14.12.1985-ci ildə, arvadı Səmayə Ağayeva 01.06.2008-ci ildə ölmüşdür. 2000-ci il sentyabrın 1-nə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə kollegiyası qeyd olunan maddənin tələbləri baxımından hesab edir ki, iddiaçının mərhum atasından miras qalmış əmlak birinci növbəli vərəsə olmaqla həmin əmlakda bərabər pay almaq hüququ olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq 1/7 payı müəyyən etmişdir. Məhkəmə kollegiyası iddiaçının maddi və mənəvi zərər tələbi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Göründüyü kimi üzərinə sübutetmə yükü düşən iddiaçı ona ziyanın dəyməsini və bu ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən hərəkətlər nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, habelə cavabdehin təqsiri müəyyən edilmədiyindən, iddia tələbinin bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382., 384.0.1., 385.2., 393., 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar