Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-202/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı tərəflər Maraqlı şəxs2nə və Maraqlı şəxs1-yə qarşı 7531 manat məbləğində dəymiş maddi və 20000 manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(027)-185/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) iddia qismən təmin edilməsi, Cavabdeh2 6861 manat məbləğində pulun və 30 manat məbləğində ödəniş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddanın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7,591 (yeddi min beş yüz doxsan bir) manat vurulmuş maddi ziyan məbləğinin məcburi qaydada tutularaq ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə dəymiş zərəri tam şəkildə ödəyəcəkləri günə qədər hər gün üçün də müştərək qaydada 30 (otuz) manat ödəmələri vəzifəsinin qoyulması, cavabdehlər Cavabdeh1 oğiundan və Cavabdeh2 müştərək qaydada 20,000 (iyirmi min) manat mənəvi ziyanın məcburi qaydada tutularaq, ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7,531 (yeddi min beş yüz otuz bir) manat vurulmuş maddi ziyan məbləğinin məcburi qaydada tutularaq, ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə dəymiş zərəri tam şəkildə ödəyəcəkləri günə qədər hər gün üçün də müştərək qaydada 30 (otuz) manat ödəmələri vəzifəsinin qoyulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20,000 (iyirmi min) manat mənəvi ziyanın məcburi qaydada tutularaq, ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25,000 (iyirmi beş min) manat avtomobilin bazar dəyərinin aşağı düşməsi nəticəsində vurulmuş ziyanın məcburi qaydada tutularaq, ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə, saat 13:20 radələrində özünə məxsus, “MAZDA CX5” minik markalı, 90-ОМ-810 dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərində, “Kapital Bank”ın Quba filialına işi ilə əlaqədar getmişdir. Bankın filialının yerləşdiyi Heydər Əliyev prospektində, bankın filialının qarşısında avtomobili saxlamışdır. Avtomobili saxladıqdan sonra bankın filialına daxil olmuş və bir neçə dəqiqədən sonra küçədə güclü səs gəlmiş, küçəyə çıxdıqda maşının vurulduğunu görmüşdür. Hadisə yerinə yaxınlaşdıqda məlum olmuşdur ki, Bakı şəhər sakini Cavabdeh2 “VAZ-2106” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospekti ilə kəsişən Arif Hüseynzadə küçəsindən prospektə çıxarkən, Quba şəhər sakini Cavabdeh1 idarə etdiyi “Hyundai” markalı avtomaşına toxunmuş, nəticədə “Hyundai” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus avtomaşına çox güclü zərbə ilə dəymiş, ona məxsus avtomaşını demək olar ki, tam yararsız hala salmışdır. Hadisənin baş vermə formasından, “Hyundai” və “MAZDA” markalı avtomobillərin əzilmə dərəcəsindən belə məlum olur ki, “Hyundai” markalı avtomobil Heydər Əliyev prospekti ilə icazə veriləndən böyük sürətlə (Heydər Əliyev prospektində icazə verilən hərəkət sürəti saat 50 km/saat-dır) hərəkət etmiş, nəticədə onun sürücüsü hadisənin qarşısına ala bilməmişdir. Lakin Cavabdeh1 Heydər Əliyev prospekti ilə icazə verilən sürətlə hərəkət etsəydi, hadisənin qarşısını ala bilərdi, və ya onun maşınına dəyən zərər cüzi olardı.Hadisənin baş verməsində “VAZ-2106” markalı avtomobilin sürücüsü ilə yanaşı, ona münasibətdə “Hyundai” markalı avtomobilin sürücüsü də icazə verilən sürət həddini aşmaqla hərəkət etməklə, qaydaları pozması nəticəsində onun avtomobilinə vurulan zərərə görə məsuliyyət daşımaqdadır. Bununla əlaqədar olaraq, “Hyundai” markalı avtomobilin hadisə zamanı Heydər Əliyev prospekti ilə hansı sürətlə hərəkət etməsini müəyyənləşdirmək üçün “KapitalBank”-ın Quba filialının xarici kameralarının və hadisə yerindən təqribən 200 metr yuxarıda yerləşən svetoforun yanında quraşdırılmış təhlükəsizlik kameralarının həmin tarix üçün görüntülərinin alınması və həmin görüntülər əsasında “Hyundai” markalı avtomobilin sürücüsünün hadisənin baş verməsində təqsirinin müəyyənləşdirilməsi, həmçinin sürücülərin hadisənin qarşısını almaq imkanlarının araşdırılması üçün avtomobillərin növbəti texniki baxışdan keçib- keçməmələri məsələsinin, avtomobillərin icbari sığortadan keçməsi məsələsinə nəzarət funksiyası da yol polisinin vəzifəsi olduğundan, avtomobillərin icbari sığorta olunub-olunmamasının araşdırılması xahişi ilə xx.xx.2017-ci il tarixli ərizə ilə Quba rayon Dövlət Yol Polisinə müraciət etmişdir. Poçt xəbərnaməsinə əsasən, ərizə Quba rayon Dövlət Yol Polisi Bölməsində xx.xx.2017-ci il tarixdə qəbul olmuşdur. Lakin hal- hazıra qədər ərizədə göstərilənlərlə əlaqədar Quba rayon Dövlət Yol Polisi Bölməsi heç bir tədbir görməmiş və ərizəyə cavab da verməmişdir.Göstərilənlərlə əlaqədar, “Hyundai” markalı avtomobilin hadisə zamanı təqsirinin müəyyənləşdirilməsi üçün Heydər Əliyev prospektində, “KapitalBank”-ın Quba filialının xarici kameralarının görüntülərinin, “KapitalBank”-ın Quba filialından, hadisə yerindən təqribən 200 metr yuxarıda yerləşən svetoforun yanında quraşdırılmış təhlükəsizlik kameralarının görüntülərinin isə Quba Rayon Polis Şöbəsindən hadisənin baş verdiyi xx.xx.2017-ci il tarixi üçün görüntülərinin alınması zəruridir. Bundan başqa avtomobil il yarımdır ki, salondan təzə alınmışdı, cəmi 15,000 kilometr sürülüb. 2015-ci il buraxılışı olan “MAZDA CX5” avtomobilinin hal-hazırda satış qiyməti təqribən 45,000 manatdır. Həmin avtomobilə isə qəzadan sonra cəmi 20,000 manat satış qiyməti təklif olunur. Hadisə nəticəsində onun avtomobilinin bazar dəyəri 25,000 manat aşağı düşmüşdür. Qeyd edilən hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Avtomobilə dəymiş ziyan 6811 manat qiymətləndirilmişdir ki, bu barədə təmir müəssisəsi tərəfindən verilmiş rəsmi sənəd - ziyan aktı iddia ərizəsinə əlavə edilmişdir. İşə baxılması ilə əlaqədar Maraqlı şəxs2ndən hadisə üzrə tərtib olunmuş Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə və bu bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Quba rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini və digər hissələrdə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qətnamə maddi və prosessual hüquq normalarını pozmaqla qəbul edilmişdir. İşin halları tam və hərtərəfli araşdırılmamış, hüquqi qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, izahatında göstərdi ki, yol nəqliyyat hadisəsində cavabdeh təqsirlidir və bu barədə məsuliyyətə cəlb edilmişdir. Ona sığorta şirkəti tərəfindən dəymiş 6861 manat ziyanın 1352 manatı ödənilmişdir. Odur ki qətnamə qəbul edərkən nəzərə alınmasının məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh1 və üçüncü şəxslər Quba rayon DYPB, Maraqlı şəxs1-yə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini, iddiaçı və cavabdehin nümayəndəsi vəkil X1 izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi cavabdehlərin təqsirli hərəkəti ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “MAZDA CX5” minik markalı, 90-ОМ-810 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəyməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh2 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ona aid hissədə mübahisələndirərək, həmin hisədə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Cavabdeh2 tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ona aid hissəsində mübahisələndirilməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisə olunan hissədə hüquqi qiymət verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilmişdir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəlləsinin 2.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, iddiaçının xüsusi mülkiyyətində olan “MAZDA CX5” minik markalı, 90-ОМ-810 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xx xxxxxx 2017-ci il tarixdə saat təxminən 13:20 radələrində Quba şəhərində, “Kapital Bank”ın Quba filialının yerləşdiyi Heydər Əliyev prospektində, bankın filialının qarşısında avtomobili saxladıqdan sonra küçədə güclü səs gəldiyini, küçəyə çıxdıqda maşının vurulduğunu gördüyünü, Bakı şəhər sakini Cavabdeh2 “VAZ-2106” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospekti ilə kəsişən Arif Hüseynzadə küçəsindən prospektə çıxarkən, Quba şəhər sakini Cavabdeh1 idarə etdiyi “Hyundai” markalı avtomaşına toxunmuş, nəticədə “Hyundai” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus avtomaşına çox güclü zərbə ilə dəydiyini, ona məxsus avtomaşını demək olar ki, tam yararsız hala saldığını, 7,591 (yeddi min beş yüz doxsan bir) manat vurulmuş maddi ziyan məbləğinin, 20,000 (iyirmi min) manat mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Mülki Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllənin 1108.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, yüksək təhlükə mənbəyi hesab olunan avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə olunmuş və onun təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “MAZDA CX5” minik markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli ziyan aktdan görünür ki, avtomaşına dəymiş zərərin dəyəri 6811 (altı min yüz on bir) manat müəyyən edilir. Göründüyü kimi avtonəqliyyat hadisəsinin məhz Cavabdeh2 təqsiri ucbatından baş verməsi öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini ona münasibətdə təmin edilməsi qənaətinə gəlmişdir. Lakin vurulmuş zərərin tutulması hissəsində isə sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş məbləğ nəzərə alınmamışdır. Odur ki, sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş sığorta ödənişi 1352 manat (iddiaçı özü də etiraf etdiyi məbləğ) tutulmal olan 6861 manatdan çıxılmaqla yerdə qalan məbləğ 5509 manat Cavabdeh2 tutularaq İddiaçı verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Quba rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Quba rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 5509 manat məbləğində pul və 30 manat məbləğində ödəniş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-202/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-202/2021
17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver