Məhkəmə qərarları › İş №2(105)-2024/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2024/2021

27.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2024/2021 27.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-715/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq , MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-715/2021 saylı qətnaməsi ilə (hakim A.Süleymanova) iddia tələbinin qismən təmin olunması, Cavabdeh maddi zərərin əvəzi olaraq 1.245 (bir min iki yüz qırx beş) manatın, mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4,20 (dörd manat iyirmi qəpik) manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi ziyanın əvəzi kimi 6000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11.030 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi “BMW 528” minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 23.08.2019-cu il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsindən 6-cı mikrorayon istiqamətində 30-40 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, onu avtomobilin ön hissəsi ilə vurmuşdur. Nəticədə o, L2 bel fəqərə cisminin kompression fəsadlaşmayan sınığı, sağ qamış sümüyünün bayır epikondilusunun yerdəyişməyən, sağ incik sümüyü başının natamam sınıqlarından ibarət xəsarətlər almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-72/2020 saylı, 11 fevral 2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cavabdeh cinayət işinə məhkəmədə baxılarkən o, heç bir iclasda iştirak edə bilməmişdir. Bunun səbəbi isə onun yataq xəstəsi olmağı, ayağa qalxa və yeriyə bilməməsi olmuşdur. Hadisə baş verən gündən indiyə kimi o, hələ də yataqdan qalxa bilmir. O, 23.08.2019-cu il tarixdən bu günə kimi yataqdadır və yerinin içində dikəlib otura bilmir. Hazırda da belindən ağır əməliyyat olunmalıdır. Bu əməliyyat üçün 10000-15000 manat pul tələb edilir. Lakin o, Samirdən cəmi 5000 manat köməklik etməsini xahiş etsə də, o, bildirmişdir ki, heç nə etməyəcək, guya o, özü maşının qarşısına atılmış və xəsarət almışdır. Samir dəfələrlə onu və bacısını söyüb təhqir etmiş və nalayiq sözlərlə alçaltmışdır, halbuki onun müalicəsinə bacısı tərəfindən 1000 manatdan artıq pul xərclənmişdir. Bundan sonra da ayağa qalxmağı və yeriməyi üçün cərrahiyyə əməliyyatına 5000 manatdan artıq pul vəsaiti lazımdır. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə tərəflər arasındakı mübahisəni düzgün həll etməmiş, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, işin halları tam araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, iddianın heç bir hüquqi əsası yoxdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurduğu maddi və mənəvi ziyanı tam olaraq ödəmişdir. Vurduğu ziyanı qarşılamaq üçün bankdan məcburiyyət qarşısında qalaraq kredit götürmüşdür. İddiaçı bu yolla ondan əlavə pul almağa çalışır. İddiaçı yol nəqliyyat hadisəsi baş verən günə qədər Sumqayıt şəhərində kafedə xadiməçi işləmiş, evdə qaldığı müddətdə kafedən aldığı aylıq 200 manat maaşı o vermişdir. Əlavə olaraq iddiaçı özü azmış kimi bacıları və qardaşı da ondan özlərinin xərclərini qarşılamaq üçün pul tələb etmişlər. Onlar zəng vuraraq gah kredit ödənişlərini, gah kirayə pullarını ödəməsini tələb etmişlərr. Etiraz edəndə isə şikayət etməklə hədələmişlər. İddiaçının xəstəxana və dərmanlarına ödənilən pul məbləğlərinin qəbzləri vardır və məhkəmədə təqdim olunacaqdır. İddiaçı ilə əvvəllər aralarında yaxşı münasibət olmuş, özü də hər dəfəsin də bütün xərclərini qarşıladığını dilə gətirərək bildirmişdir. Lakin bacıları onun adından çıxış edərək ondan heç bir səbəb və əsas olmadan, hədə- qorxu gələrək pul tələb etmişlər. Artıq onların tələblərindən bezdiyi üçün şikayət etməklərini bildirdikdə ona şiddət göstərməyə başlamışlar. Bundan sonra, dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-də izahat vermişdir. İddiaçı və bacıları əl-ayağa düşərək ondan şikayəti geri götürməsini, bunun qarşılığında artıq pul tələb etməyəcəklərini bildirmişlər. O, şikayətini geri götürsə də iddiaçı və bacıları verdikləri vədə əməl etməyərək pul tələblərini davam etdirmişlər. Məhkəmə yekun qərarını elan edən zaman mənəvi ziyan barədə heç bir şey bildirməmiş, sonradan qətnaməni əldə etdikdən sonra mənəvi ziyan kimi ondan 300 manatın da tutulduğu məlum olmuşdur. Yol-nəqliyya hadisəsi nəticəsində iddiaçıya vurduğu ziyanı qarşılamaq üçün bankdan götürdüyü krediti bu günə qədər ödəyə bilməmişdir, artıq 9 aydır ki, tərəfindən banka heç bir ödəniş olunmur. Artıq bankdan məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq da olunmuşdur. Bundan başqa, Koronavirus pandemiyası ilə əlaqədar olaraq heç bir yerdə işləmir, heç bir əlavə gəlir yeri yoxdur, ailəlidir, himayəmdə iki azyaşlı övladı vardır. Atasının aldığı pensiya ilə ailə dolanır. Pandemiyadan əvvəl pəncərə ustası işləmişdir. Sumqayıt Şəhər Məhkəməsinin l(060)- 72/2020 saylı 11 fevral 2020-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bu səbəbdən də Bakı və Sumqayıt ərazilərindən kənara çıxa bilmir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında şikayətə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-72/2020 saylı 11 fevral 2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Yenə iş materiallarında olan Liman Klinikasının 23.10.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həmin tarixdə klinikada həkim-travmatoloqun müayinəsində olmuşdur. Xəstəyə “metal milin çıxarılması” əməliyyatı təyin edilmişdir. Cərrahi əməliyyata 655 manat pul ödənilməlidir. Yenə də iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 27.01.2021-ci il tarixli, 144 saylı rəyindən görünür ki, İddiaçı aparılmış müayinə və müalicələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur, İddiaçı mütəxəssis müayinəsi zamanı onurğanın L2 fəqərə cisminin pazvari (köhnəlmiş posttravmatik dəyişikliklər ola bilər) və osteoxondrozun, həmçinin sağ qamış sümüyünün lateral kondilusunun bitişmiş sınığı, iki ədəd şuruplarla osteosintezi və çökməsinin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar onun fizioterapevtik və artroloji müalicəyə etiyacı var. Fizioterapevtik və artroloji müalicələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən bu sahədə ixtisaslaşmış hər hansı bir tibb müəssisəsində aparılması mümkündür. İşdə olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 09 mart 2021-ci il tarixli, 4313 saylı arayışdan görünür ki, 1966-cı il təvəllüdlü İddiaçı "xxxx" MMC tibb müəssisəsində həkim-fizioterapevtin qəbulunda olmuşdur. Həkimin təyinatı ilə pasientə 20 günlük “elektroterapiya və müalicə idman” kursu təyin olunmuşdur. Müalicə prosedurlarının məbləği cəmi 590 manat təşkil edir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəcini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, işdə olan sübutları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-715/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 372.6-cı maddəsinə görə bu hissədə qətnamə hazırda apelyasiya baxışının predmeti deyildir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Cavabdeh Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi törədərək İddiaçı idarə etdiyi avtomobilin ön hissəsi ilə vurub, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin L2 bel fəqərə cisminin kompression fəsadlaşmayan sınığı, sağ qamış sümüyünün bayır epikondilusunun yerdəyişməyən, sağ incik sümüyü başının natamam sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 72/2020 saylı 11 fevral 2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinə baxılarkən mülki iddia verilməmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi ziyanın əvəzi kimi 6000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11.030 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia qismən təmin edilmiş, cavabdeh qətnamə ilə razılaşmayıb apelyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, vurulmuş zərərin ödənilməsinin təmin edilməsi üçün aşadığaklı əsasların müəyyən olunması zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar mövcud olduğu halda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İşin araşdırılmış hallarından göründüyü kimi tədqiq olumuş sübutlarla cavabdeh tərəfindən yol nəqliyyat hadisəsinin törədilməsi və baş vermiş hadisə nəticəsində iddiaçının xəsarət alması, zərər vuranın təqsirli olması, hazırda iddiaçının səhhətində yaranmış xəstəliklə baş vermiş hadisə arasında səbəbli əlaqənin olması və müalicəyə ehtiyacının olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə haqlı olaraq işin müəyyən edilmiş hallarına şərh olunan hüquq normalarına istinadən qiymət verərək zərərin əvəzinin ödənilməsi barədə iddiaçının tələbini qismən də olsa əsaslı və qanuna uyğun hesab etmişdir. İş materiallarında olan sübutlarla təsdiq olunur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına vurulmuş zərərin aradan qaldırılması üçün 1245 manat vəsait tələb olunur. İddianın mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə gəldikdə isə, bu tələb maddi ziyanla bağlı olduğundan və maddi ziyan tələbi qismən təmin edildiyindən iddia bu hissədə də qismən təmin olunmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Yenə həmin Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materiallarında cavabdehin qanunsuz hərəkətlərinin baş verməsi, bunun nəticəsində isə iddiaçının fiziki əzab çəkməsi və mənəvi sarsıntılar keçirməsi barədə mötəbər sübutlar vardır. Bu mənəvi zərərin isə 300 manat həddində olması barədə işə baxan məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apelyasiya şikayətinin təmin edilməsi, eyni zamanda iddianın bütünlüklə rədd edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-715/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-715/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar