Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2028/2021 04.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, iddiaçılar İddiaçı və X2 nümayəndəsi X5 oğlu, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1153/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı və X.A.Həsənova tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1153/2021 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddiaçılar İddiaçı və X2 cavabdeh "xxxx" ASC-yə qarşı Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin həmin xəttdən ayrılması və cavabdehin öz vəsaiti hesabına zədələnmiş borunun yenisi ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi zərərə görə 10.000 manatın, mənəvi zərərə görə 10.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə iddiası təmin edilməmiş və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı və X.A.Həsənova birgə qaydada apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1153/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçılar İddiaçı və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı onunla əsaslandırmışlar ki, Sumqayıt şəhəri Koroğlu prospektində (aftovağzal ərazisi) və Sumqayıt şəhəri 20 məhəllə ev 101-də su ilə təchiz edən su xəttinə onların hər hansı icazəsi olmadan əlavə obyektlər qoşulmuşdur. Digər obyektlərin onun şəxsi mülkiyyəti hesab olunan su xəttinə qoşulmasından sonra su təchizatında ciddi problemlər yaranmış və bunun nəticəsində su nasosu quraşdırmaq məcburiyyəti yaratmışdır. Uzun müddət ərzində isə işlədilən su nasosları tez-tez sıradan çıxmış və bunun nəticəsində onlara maddi ziyan dəymişdir. Bundan əlavə həmin nasosların istismarı nəticəsində onlar izafi elektrik enerjisi işlətmək məcburiyyətində qalmış, buna görə əlavə vəsait ödəməli olmuşdur. Nəticədə onlara xeyli miqdarda maddi ziyan dəymişdir. Sözügedən qanunsuzluğun aradan qaldırılması üçün cavabdehə dəfələrlə edilən şifahi və yazılı müraciətlər heç bir müsbət nəticəyə gətirməmişdir. Ona görə də, Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin həmin xəttdən ayrılması və cavabdehin öz vəsaiti hesabına zədələnmiş borunun yenisi ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi zərərə görə 10.000 manatın, mənəvi zərərə görə 10.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçılar İddiaçı və X.A.Həsənova tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsi 09 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096 və 1099-cu maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi Ş.Ş.Həsənov apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Y.A.Xankişiyev apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, iddiaçının iddianın əsası kimi göstərdikləri hazırkı cavabdeh qismində qoyulan təşkilatın hərəkətləri nəticəsində baş verməmiş və iddiaçı tələbinin əsaslandığı hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, DƏDRX tərəfindən 09.07.2019-cu il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Sumqayıt şəhəri, Koroğlu prospekti 106A ünvanda 0,00802 hektar torpaq sahəsində yerləşən 63,7 kv.metr daşınmaz əmlak İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. «İcarəyə verən» İddiaçı və «İcarəçi» "xxxx" MMC arasında bağlanmış 01 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Avtovağzal ərazisi, Koroğlu küçəsində yerləşən 16 kv.metr torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsini 100 manat icarə haqqı qarşılığında "xxxx" MMC-yə icarə vermişdir. "xxxx" ASC və İddiaçı arasında bağlanmış 08 may 2021-ci il tarixli Su təzhizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, Sumqayıt şəhəri, Avtovağzal ərazisi, Koroğlu küçəsində yerləşən 16 kv.metr torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin su ilə təhciz edilməsi 20 mm olan boru vasitəsi ilə həyata keçirilir. İş materialları ilə müəyyən olur ki, “Sumqayıt Sukanal” İdarəsi Azərbaycan Respublikası Nazirlər kabinetinin 04 may 2011-ci il tarixli, 68 nömrəli qərarı əsasında və "xxxx" ASC-nin 11 may 2011-ci il tarixli, 40 saylı əmri ilə "xxxx" ASC-nin struktur vahidi kimi yenidən təşkil edilməsi qərara alınmışdır. Qazıntı işləri aparılması üçün 29 iyun 1999-cu il tarixli, 10 nömrəli orderin kserosurətindən görünür ki, Həsənov Şamxal Həşim oğlu Sumqayıt şəhəri, Koroğlu prospekti, Avtovağzalın qarşısında ½ dyum truba xəttinin çəkilməsi üçün “Sumqayıt Sukanal” İdarəsindən razılıq almışdır. “Sumqayıt Sukanal” İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 03 noyabr 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, sonuncunun özünə məxsus olması bildirilən su xətlərinin ona aid olduğunu bildirən rəsmi sənəd yoxdur və hazırda həmin su xətlərinin “Sumqayıt Sukanal” İdarəsi tərəfindən istismar edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. AR Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1 və 139-1.1.1-ci maddələrinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub- olmamasmdan asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 5.1.8-ci bəndinə əsasən istehlakçıların Su təchizatı və kanalizasiya müəsissəsinin balasında olan su təchizatı və tullantı sularının axıdılması sistemlərində baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək hüququ vardır. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində SMPDK-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. Qaydaların 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən müqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. Həmin Qaydaların 1.10-cu bəndinə əsasən müəssisə özünün təqsiri üzündən baş verən hadisələr istisna olmaqla, magistral su kəmərindən istehlakçının daxili şəbəkəsinə verildikdən sonra suyun keyfiyyətinin dəyişməsinə görə məsuliyyət daşımır. Həmin Qaydaların 2.1.4-cü bəndinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir. Həmin Qaydaların 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçının hüquqlarından biridir. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olur ki, iddiaçı tərəfin mübahisələndirdiyi su boru xətti onların xüsusi mülkiyyətində olmayıb, cavabdeh təşkilatın balansında olub, həmin xəttin zədələnməsi halını və onların hüquqlarının pozulması halları müəyyən edilməmişdir. İddiaçılar Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin həmin xətdən ayrılması və cavabdehin öz vəsaiti hesabına zədələnmiş borunun yenisi ilə əvəz edilməsi vəzifəsinin qoyulması və maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbinin əsaslarını təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçıların tələbinin əsassız hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi əsassız olduğundan İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı və X.A.Həsənova tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1153/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı və X2 cavabdeh "xxxx" ASC-yə qarşı Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin həmin xəttdən ayrılması və cavabdehin öz vəsaiti hesabına zədələnmiş borunun yenisi ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi zərərə görə 10.000 manatın, mənəvi zərərə görə 10.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə iddiası təmin edilməsin. İddiaçılar İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2028/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2028/2021
04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver