Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-203/2025 10.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz sahibin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılması və ya əvəzinin ödənilməsi, əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzinin mülkiyyətçiyə ödənilməsi tələbləri, vicdanlı sahib, vicdansız sahibsübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi Nümayəndə2, nümayəndə və vəkili Nümayəndə1, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi ziyan, əldən çıxmış fayda və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-62/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Quba rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X1 HK-1/281 saylı, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmış və mülki iddia qaydasında müraciət edilməsi hüququ izah olunmuşdur.
2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunun xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Müraciət məktubunda qeyd edildiyi və sahibkarın həyat yoldaşının dediyinə görə 0,09 ha həyətyanı torpaq sahəsinə 3x3 metr əkin sxemi ilə 2000- 2006-cı illər ərzində toxmacar (cır) calaqaltılar üzərində yetişdirilmiş 16 ədəd alma (5 ədəd Qızıləhmədi, 2 ədəd Sosikol reneti, 3 ədəd Cırhacı, 3 ədəd Aydored və 3 ədəd Vaqner), 15 ədəd armud (4 ədəd Berebosk, 4 ədəd Vilyams, 4 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 9 ədəd gilas (3 ədəd Romanovka, 3 ədəd Öküzürəyi və 3 ədəd Sarı Draqon), 3 ədəd albalı, 1 ədəd gavalı (Anjelino), 1 ədəd göyəm, 4 ədəd alça (2 ədəd Göycə Soltanı və 2 ədəd Kazvin), 3 ədəd fındıq, 1 ədəd tut, 1 ədəd ərik olmaqla cəmi 54 ədəd meyvə bitkiləri tingləri və sahənin yol kənar çəpər hissəsinə isə 3 ədəd (Ağadayı, Kişmişi və Qara Mahmudi) üzüm tingləri əkilmişdir. Sahibkarın həyat yoldaşı onu da bildirdi ki, əkilmiş 54 ədəd müxtəlif meyvə tingləri və 3 ədəd üzüm tinglərində 100% bitiş əldə edilərək, onlara 2020-ci ilə qədər düzgün aqrotexniki qulluq edilmiş, hamısı da məhsul vermə qabiliyyətli olmaqla, məhsul verirdilər. Baxış zamanı, 23 noyabr 2022-ci il tarixədə, həyətyanı torpaq sahəsində müxtəlif yaşda 5 ədəd armud, 3 ədəd albalı, 10 ədəd alma, 2 ədəd gavalı ağacları və 1 ədəd fındıq kolunun mövcudluğu tərəfimizdən aşkarlandı və sahibkarın həyat yoldaşının dediyinə görə əkilmiş ağacların digər hissəsi, qonşuları Cavabdeh1 ailə üzvləri tərəfindən 2020-ci ildə kökləndirilərək həmin sahədə müxtəlif tərəvəz bitkiləri becərmişlər. Həyətyanı sahədə əkilərək yetişdirilmiş 54 ədəd müxtəlif meyvə bitkiləri ağaclarından 36 ədədi, o cümlədən 6 ədəd alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və həmçinin 3 ədəd üzüm tənəyi kökləndirilərək sahədən kənarlaşdırılmışdır. Meyvəçilikdə meyvə ağaclarının orta ömründənsə, onun orta istismar müddəti xüsusi əhəmiyyət kəsb edir və meyvə bağlı əkilərkən onun orta istismar müddəti bitkilərin cinsindən və calaqaltısından asılı olaraq 25-30 il nəzərdə tutulur. Hazırki halda meyvə ağacları həyətyanı sahədə əkildiyinə görə onların istismar müddəti əkildiyi il daxil olmaqla 30 il götürülə bilər. Məlumdur ki, toxmacar calaqaltılar üzərində yetişdirilmiş meyvə bitkiləri tingləri bağa əkildikdən 5 il sonra məhsul verməyə başlayır və məhsuldar ağac hesab olunurlar. Buradan aydın olur ki, meyvə ağaclarının həyətyanı sahəyə 2000- 2006-cı illəldə əkilməsinə baxmayaraq, məhsul verməyə 2006-2012-ci illərdə başlanmış, onların istisimar müddəti 2030-2036-cı illərdə bitməklə, məhsul vermə dövrü 25 il təşkil edir. Ağacların ilkin və tam məhsuldarlıq dövrlərini nəzərə alaraq bir ildə orta hesabla təxmini olaraq bir ağacdan 20 kq alma, 18 kq armud, 15 kq gilas, 12 kq albalı, 22 kq ərik, 22 kq alça, 28 kq tut, 10 kq fındıq və 18 kq üzüm məhsulu istehsal etmək mümkündür. Əgər ağaclar 2020-ci ildə kökləndirilməsəydi, 2000-ci ildə əkilmiş 6 ədəd alma, 10 ədəd armud, 9 ədəd gilas, 2 ədəd üzüm, 1 ədəd tut ağaclarından daha 10 il, 2006-cı ildə əkilmiş 4 ədəd alça, 2 ədəd fındıq, 1 ədəd üzüm və 1 ədəd ərik ağaclarından daha 16 il məhsul istehsal etmək mümkün olardı. Ağacların ilkin və tam məhsuldarlıq dövründə bir ağacdan orta məhsuldarlıq göstəricilərini əsas götürərək kökləndirilmiş meyvə ağaclarından bir ildə:- 6 ağac x 25 kq =150 kq alma, 10 ağac x 22 kq= 220 kq armud, 9 ağac x 26 kq=234 kq gilas, 1 ağac x 26 kq=26 kq ərik, 4 ağac x 28 kq=l 12 kq alça, 1 ağac x 38 kq= 38 kq tut, 2 ağac x 10 kq =20 kq fındıq, 3 ağac x 20 kq= 60 kq üzüm məhsulu istehsal oluna bilərdi. Beləliklə, istisimar müddəti başa çatmadan 2020-ci ildə kökləndirilmiş və istisimar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarından 150 kq x 10 il =1500 kq alma, 220 kq x 10 il =2200 kq armud, 234 kq x 10 il = 2340 kq gilas, 38 kq x 10 il =380 kq tut və 40 kq x 10 il = 400 kq üzüm məhsulu, 16 il qalmış meyvə ağaclarından isə 112 kq x 16 il =1792 kq alça, 20 kq x 16 il = 320 kq fındıq, 26 kq x 16 il=416 kq ərik, 20 kq x 16 il = 320 kq üzüm məhsulu istehsal etmək mümkün olardı.
3. İş üzrə keçilmiş və tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 3-16-16/2- 7/975 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X2 Mühafizəsi şöbəsinin müdiri, a.e.ü.f.d. X6 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən: İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarının (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) istismar müddəti (orta ömrü) bitkilər cır calaqaltısı üzərində olduqlarından və həyətyanı sahədə əkilib becərildiklərindən 30 il götürülməlidir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarının (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) məhsul vermə dövrü 25 il götürülməli olduğu müəyyən edilmişdir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) orta hesabla bir ildə bir alma ağacından 20 kq, bir armud ağacından 18 kq, bir gilas ağacından 15 kq, bir albalı ağacından 12 kq, bir ərik ağacından 22 kq, bir alça ağacından 22 kq, bir tut ağacından 28 kq, bir fındıq kolundan 10 kq və bir üzüm tənəyindən 18 kq məhsul almaq mümkün olduğu müəyyən edilmişdir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020ci ildə kökləndirilməsəydi 16 il ərzində məhsul istehsal etmək mümkündür. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020-ci ildə kökləndirilmiş və istismar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarından 150 kq x 10 il =1500 kq alma, 220 kq x 10 il =2200 kq armud, 234 kq x 10 il = 2340 kq gilas, 38 kq x 10 il = 380 kq tut və 40 kq x 10 il = 400 kq üzüm məhsulu, 16 il qalmış meyvə ağaclarından isə 112 kq x 16 il = 1792 kq alça, 20 kq x 16 il = 320 kq fındıq, 26 kq x 16 il = 416 kq ərik, 20 kq x 16 il = 320 kq üzüm məhsulu istehsal etmək mümkün olardı.
4. İş üzrə təyin edilərk keçilmiş və tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/874 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iş materillarında olan məlumatlardan istifadə edilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-cl il qeydiyyat tarixli Çıxarışla İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020ci ildə kökləndirilmiş və istismar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarının məhsulunun dəyəri 11040,00 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli, **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-cl il qeydiyyat tarixli Çıxarışla İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) orta hesabla bir ildə bir alma ağacından 20 kq, bir armud ağacından 18 kq, bir gilas ağacından 15 kq, bir albalı ağacından 12 kq, bir ərik ağacından 22 kq, bir alça ağacından 22 kq, bir tut ağacından 28 kq, bir fındıq kolundan 10 kq və bir üzüm tənəyindən 18 kq məhsul almaq mümkündür. Həmin məhsulların bazar dəyəri 1257 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi, sonradan isə dəqiqləşdirməsi ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli. **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışla ona məxsus Quba rayonu 1 Nügədi kəndində yerləşən 0.09 ha torpaq sahəsində olmuş 54 ədəd meyvə ağacının 36 ədəd (6 alma. 10 ədəd armud. 9 ədəd gilas. 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən kəsilərək məhv edilməsi nəticəsində ona dəymiş 21618 manat məbləğində maddi ziyanın, torpaq sahəsində qalan 15 ədəd ağaclardan 5 ədəd alma ağacı (İ ədəd Sosikol Reneti, 3 ədəd Cırhacı, 1 ədəd Aydored), 5 ədədi armud ağacı (2 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 3 ədədi albalı ağacı, 1 ədədi gavalı ağacından (Anjelino) 5 il ərzində əldə etdiyi gəlirə görə (əldən çıxmış fayda kimi) cəmi 2880 manat məbləğində pulun, ağacların kəsilməsinə görə keçirdiyi əsəb, mənəvi cəhətdən sarsıntılara və iztirablara görə mənə dəymiş mənəvi ziyan olaraq 10000 (on min) manat məbləğində pulun, dövlət rüsumu olaraq ödədiyi 209 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nadirov Cavabdeh3 oğlundan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, MA Seriyalı ******* nömrəli çıxarışla Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsində atası aldığı vaxtdan meyvə ağacları əkmiş, sonradan da isə o, həmin torpaq sahəsində meyvə ağacları əkməyə davam etmişdir. Təxminən 2018-ci ilin mart ayında o, özünə məxsus torpaq sahəsinə və orada olan ağaclara baxmaq üçün gedəndə görmüşdür ki, həmin torpaq sahəsinin dəmir tordan hasarının qapısını qıfıllanmışdır. Cavabdehlərdən bunun səbəbini soruşduqda ona qeyd edilən torpaq sahəsinə onu buraxmayacaqlarını bildirmişlər. Bundan sonra cavabdehlər ona qarşı torpaq sahəsinə dair çıxarışın ləğvi ilə bağlı Quba Rayon Məhkəməsinə müraciət etmişlər. Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(027)-325/2019 saylı qətnaməsi ilə cavabdehlərin iddia tələbi təmin edilməmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti vermiş, bu iş apellyasiya və Ali Məhkəmədə bir neçə dəfə baxılmışdır. Həmin məhkəmə aktlarında da torpaq sahəsinin iddiaçıya məxsus olması faktı qeyd olunmuş və onun adına qeydə alınan Çıxarış hazırda da qüvvədədir. Torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilən vaxtı orada ən azından 54 ədəd ağac olmaqla bunlardan 16 ədədi alma ağacı (5 ədəd Qızıləhmədi, 2 ədəd Sosikol Reneti, 3 ədəd Cırhacı, 3 ədəd Aydored, 3 ədəd Vaqner), 15 ədədi armud ağacı ( 4 ədəd Berebosk, 4 ədəd Vilyams, 4 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 9 ədədi gilas ağacı (3 ədəd Romanovka, 3 ədəd Öküz Ürəyi, 3 ədəd Sarı Draqon), 3 ədədi albalı, 1 ədədi gavalı (Anjelino), 1 ədədi göyəm, 4 ədədi alça ( 2 ədəd Göyçə Soltanı, 2 ədəd Kazvin), 3 ədədi fındıq, 1 ədədi tut, 1 ədədi ərik və 3 ədədi (Ağadayı, Kişmişi və Qara Mahmudi) üzüm ağacları olmuşdur. 2018-ci ildən sonra cavabdehlər qəsdən ona ziyan vurmaq üçün torpaq sahəsindəki ağaclardan ən azından 36 ədədini hissə-hissə kəsmişlər. Halbuki o, həmin ağacların meyvəsini satmış, onlardan gəlir əldə etmişdir. Cavabdehlərin onun torpaq sahəsini zəbt etməsi və ona məxsus torpaq sahəsindəki ağacları məhv etməsi ilə bağlı Quba rayon Polis şöbəsinə müraciət etmişdir. Quba rayon Polis şöbəsində şikayəti üzrə araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 iyun 2022-ci il tarixli qərarda ağacların kəsilməsi faktı bir daha təsdiq edilmişdir. Həmin qərarda ağacların kəsilməsi, kəsilmiş ağaclara görə dəymiş maddi ziyanın vurulması ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Bundan başqa təqdim edilən fotoşəkillərdən də görünür ki, bağ sahəsi cavabdehlər 2018-ci ildən bu vaxta kimi istifadə etmiş, daha sonra ağacları kəsərək ona ziyan vurmuşlar. Halbuki həmin ağaclara illərlə müvafiq qaydada aqrotexniki qulluq etmişlər. Həmin meyvə ağaclarının meyvəsini ailələrinin ehtiyacları üçün sərf etmişdir. Beləliklə cavabdehlər 2018-ci ildən 2022-ci ilə kimi 5 il ərzində ona məxsus bağ sahəsindəki ağaclardan qanunsuz istifadə etmiş, meyvələrindən bəhrələnmişlər. Göstərilənlərə əsasən hazırkı iddia tələbi təmin edilməlidir.
7. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı iddiasının əsassız olduğunu, torpaq sahəsinin 1989-cu ildən halhazıra qədər Daşınmaz Əmlak idarəsində onların adına qeydiyyata alındığını, torpaq sahəsinin mərhum qardaşı Mehmana 1996-cı ildə uzunmüddətli istifadə üçün verildiyini bldirmişlər. 2018-ci ildə aralarında İddiaçı ilə, yəni onun həyat yoldaşı Nümayəndə2la mübahisə yaranmışdır. Həmin torpaq sahəsində ağacları torpağı alan gündən özü əkmişdir. Sahəni hərtərəfli şəkildə özü hasarlamışdır. Nümayəndə2 ağacların 11 ədədi quruduğuna görə onları özü kəsdirdiyi halda, onun üzərinə atmağa çalışır. O, ağaclardan 10 ədədi lətifə armud sortu, 1 ağac isə “siqanka” alma olmuşdur. Əgər o, bütün sahənin ağaclarını məhv etmək istəsəydi hamsını kəsərdi. Sahənin sağlam ağacları hamısı yerindədir. Boş yerlərdə isə Firuz gilas ağacları əkmişdir.
8. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-62/2024 nömrəli qətnaməsi ilə (hakim A.Babayev) iddia təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, iş üzrə ekspertiza rəyləri mütəxəssisin sahibkarın həyat yoldaşının dedikləri əsasında sayı və növü qeyd edilməklə ümumilikdə ağacların bəhər və artımı üzrə nəticələri üzrə əldə olunmuş məbləğlər müəyyən olunmuş və torpaq sahəsində iddia ərizəsində qeyd olunmuş ağacların daha əvvəl hansı say və növdə olması, habelə yerləşmə vəziyyəti barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Həmin hissədə sübut növü kimi iş materiallarına əlavə edilmiş fotoşəkillər isə torpaq sahəsinin müxtəlif fəsilərdə əksi müəyyən olunmaqla qeyd edilən ağacların daha əvvəlki say, növ və yerləşmə vəziyyətinin əskikliyi dəqiq müəyyən oluna bilmir. Həmçinin iddia tərəfi ağacların 7-8 yaşlı ağaclar olduğunu bildirmiş və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Nümayəndə2 izahatında 2015-ci idən bağ sahəsinin şifahi razılaşma əsasında cavabdehlərə verildiyini bildirmişdir. Göründüyü kimi, ağacların əkilmə dövrü cavabdehlərin sahibliyində olan dövrə təsadüf edir ki, cavabdehin ifadə etdiyi meyvə ağaclarının bəzilərinin fiziki təsirlərə görə aşınmaqla onun tərəfindən kəsilməsi təbii haldır. Habelə məhkəmənin yerində müayinəsi zamanı torpaq üzərində izlərinin itirilməsi kəsilmiş ağac kötükləri və hər hansı digər halda olan ağac qalıqları müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə iddia tələbinin mənəvi ziyana aid hissəsində qeyd edib ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edib ki, iddia tələbi mənəvi zərər hissəsində də əsassız olmaqla, təmin olunmamalıdır.
10. İddia tələbini rədd edən məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 135.12, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Hazırkı iddia tələbi 3 hissədən ibarətdir: iddiaçıya məxsus 0,09 ha torpaq sahəsində əkilmiş lakin cavabdeh tərəfindən kəsilmiş ağaclara görə ziyan tələbi, iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən əkilmiş lakin cavabdeh tərəfindən 2018-2022-ci ilə kimi istifadə edilmiş meyvə ağaclarının meyvəsinə (bəhərinə) görə əldən çıxmış fayda, cavabdehin iddiaçıya məxsus 0,09 ha torpaq sahəsini qanunsuz olaraq 5 il ərzində istifadə etməsinə və həmin torpaq sahəsində olan ağacların kəsilməsinə görə keçirdiyi stres və əsəbdən yaranmış mənəvi ziyan tələbi. Məhkəmə iddia tələbini tamamilə rədd etmişdir. İddia tələbinin rədd edilməsinin əsası kimi iddia tələbində göstərilən sayda və növdə ağacların orada olmasının sübut edilə bilməməsi, həmin ağacların iddiaçının bildirdiyinə görə torpaq sahəsi cavabdehin sahibliyində olduğu dövrdə yəni 2015-ci ildə əkilməsi, həmin ağacların fiziki təsirlərə görə aşınmaqla cavabdeh tərəfindən kəsilməsinin təbii hal olmasını, məhkəmə tərəfindən müayinə olunduqda torpaq sahəsində ağac kötüklərinə rast gəlinməməsi qeyd edilmişdir. Məhkəmənin gəldiyi nəticə yəni müəyyən olunmuş hallar birbiri, işin faktiki halları ilə ziddiyyət təşkil edir. Məhkəmə cavabdehlərin yazdıqları, məhkəmədə verdiyi izahatını və orada olan ziddiyyətləri araşdırmamış, iddianın etirafı ilə bağlı çoxsaylı sübutlar olan fotoşəkillər, rəylər, yenə də cavabdehin etiraf edici yazıları nəzərə almamışdır. Belə ki, işin mübahisəsiz halıdır ki, hazırkı 0,09 ha torpaq sahəsi 1996cı ildən iddiaçının və onun ailəsinin sahibliyində olub, iddiaçı yalnız 2015-ci ildə həmin torpaq sahəsində qızılgül şitilləri əkmək üçün yəni torpaq sahəsindən müvəqqəti istifadə etmək məqsədilə cavabdehlərə vermiş, cavabdehlər 2018-ci ilin may ayından torpaq sahəsinə girişi bağlamış, iddiaçı və ailə üzvləri həmin vaxtdan torpaq sahəsinə daxil ola, torpaq sahəsindən, orada olan meyvə ağaclarından istifadə edə bilməmiş, bundan sonra iddiaçı və cavabdeh arasında məhkəmə mübahisələri başlamış, nəhayət 2022-ci ilin payızında iddiaçı torpaq sahəsinə daxil olmuşdur. Bu hallarla bağlı məhkəməyə müvafiq məhkəmə aktları təqdim edilmişdir. İddiaçıya məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsinin (ərazinin) 2017-2023-cü illər ərzində peyk görüntüləri təqdim edilmişdir. Həmin peyk görüntülərində 2017, 2018, 2019-cu illərdə torpaq sahəsində ağacların olduğu aşkar görünür, daha sonra 2020-ci ildən başlayaraq torpaq sahəsindən ağacların kəsildiyi, 2021-ci ildə tamamilə azaldığı açıq aşkar görünür. Müəyyən olur ki, cavabdehlər torpaq sahəsi onlarda olduğu müddətdə hissə-hissə ağacları kəsmişlər. Məhkəmə iddianı rədd edərkən iddiaçının həmin torpaq sahəsində iddiada göstərilmiş sayda ağacların olmasını sübut edə bilməməsi qənaətinə gəldiyini göstərsə də, onun əksi yəni həmin torpaq sahəsində 2018-ci ildən başlayaraq çəkilmiş fotoşəkillər, illər üzrə peyk görüntüləri, həmçinin cavabehlərin gah agacları iddiaçının ərinin kəsməsi, gah özünün kəsməsi, gah ağacların quruduğu üçün kəsildiyini, ağacların sayı və növləri barədə bildirdiyi ziddiyətli fikirlərə heç bir münasibət bildirməmiş, bunun əksini sübut edən dəlil olub-olmadığını qeyd etməmiş, ümumiyyətlə bu sübutlar olmamış kimi hadisəyə yanaşmışdır. Bundan əlavə iddiaçının Quba rayon Polis şöbəsinə və digər hüquq mühafizə orqanlarına çoxsaylı şikayətləri olmuşdur ki, onlar torpaq sahəsi ilə üzbəüz olan ata evlərinə cavabdehlərin onları söyüb, təhqir etmələrinə görə gedə bilməmişlər. Ümumiyyətlə iddiaçı heç ağlına belə gətirməzdi ki, cavabdehlər torpaq sahəsində olan ağacları kəsəcəklər. İddiaçıya məxsus torpaq sahəsində ağacların kəsilməsi ilə bağlı iddiaçı Quba RPŞ-nə şikayət etmişdir. İş üzrə aparılmış araşdırmanın nəticələrinə dair cinayət işinin başlanılmasının rədd edilməsi barədə 19 iyun 2022-ci il tarixli qərarın cavabdehin izahatı hissəsində cavabdeh yəni Cavabdeh1 torpaq sahəsində özünün əkdiyi ağacları kəsdiyini bildirmişdir. Bu isə iddianın etirafıdır. Bu qərar iş materiallarına əlavə edilsə də, məhkəmə tərəfindən müzakirə edilməmiş, cavabdehə ağacların hansı növdə olduğu, onları niyə kəsməsini, necə ağac olmasına münasibət bidirməmişdir. İddia tələbinin maddi ziyan əsasında əsassız nəticəyə gələn məhkəmə mənəvi zərərlə bağlı hissədə də qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsini (bağ sahəsini) 5 il ərzində zəbt etmişlər. Bununla bağlı məhkəmə qərarları olub. 5 il ərzində iddiaçıya məxsus torpaq sahəsinin (bağ sahəsini) zəbt edilməsi nəticəsində iddiaçı öz qanuni əmlakından məhrum olub. Ağacların məhv edilməsi halları və s bütün bunlar mənəvi zərəri sübut edən hallardır. Lakin məhkəmə bu hissədə də yanlış nəticəyə gəlmiş və kifayət qədər əsaslı iddia tələbini bütövlükdə rədd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, mübahisəli torpaq sahəsinə dair iddiaçıya verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və bu şəhadətnamə əsasında verilmiş çıxarışın da həmin hissədə ləğv edilməsi tələbi ilə bağlı cavabdehlərin iddiası qanuni qüvvəsini almış məhkəmə aktı ilə təmin edilməmişdir. Bundan sonra iddiaçı tərəf olaraq onlar 2022-ci ilin sentyabr ayının 20-dən sonra torpaq sahəsinin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə tələb ilə Quba Rayon Məhkəməsinə müraciət etmişlər və iddia təmin edilmişdir. Mübahisəli torpaq sahəsi 2018ci ildən 2022-ci ilədək olan müddətdə cavabdehlərin istifadəsində olmuşdur. Torpaq sahəsində 54 ağac olmuşdur ki, onlardan 36-sı kəsilmişdir. Ağacların kəsilməsini təsdiq edən sübutları, müvafiq illərə dair peykdən görüntüləri birinci instansiya məhkəməsinə təqdim etmişlər. Ağaclar təxminən 2020-ci ilin axırında, payız aylarında – oktyabr-noyabr aylarında kəsilmişdir. Artıq 2021-ci ilə aid görüntüdən sahənin boş olması görünür. Qarşı tərəf isə etiraz edərək ağacları onun kəsmədiyini bildirmişdir. Müvafiq ekspert tərəfindən verilən rəyə əsasən vurulan zərər təxminən 25 min manat təşkil edir. Məhkəməyə iddia tələbinin əsaslılığına dair müvafiq sübutlar təqdim olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi həmin sübutlara baxmamış əsassız və qanunsuz qətnamə qəbul edərək iddianı rədd etmişdir. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddia cavabdeh tərəfindən kəsilmiş ağaclara görə ziyan tələbi, iddiaçıya məxsus torpaq sahəsində əkilmiş, lakin cavabdeh tərəfindən 2018-2022-ci ilə kimi istifadə edilmiş, meyvə ağaclarının meyvəsinə (bəhərinə) görə əldən çıxmış fayda və cavabdehin iddiaçıya məxsus torpaq sahəsini qanunsuz olaraq 5 il ərzində istifadə etməsinə və həmin torpaq sahəsində olan ağacların kəsilməsinə görə keçirdiyi stres və əsəbdən yaranmış mənəvi ziyan tələbi olmaqla 3 hissədən ibarətdir. İddianın ağacların kəsilməsi ilə bağlı iddiaçıya dəymiş ziyan tələbinə dair hissəsində bildirdi ki, cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbi barədə məhkəməyə müraciət edilən zaman cavabdehlərin ağacları kəsəcəyi iddiaçı tərəfin ehtimal belə vermədiyi hal olmuşdur. 2018-2022-ci illər ərzində tərəflər arasında məhkəmə mübahisələri getdiyi üçün iddiaçı torpaq sahəsinə daxil ola bilməmişdir. Məhkəmə mübahisələri zamanı cavabdehlər torpaq sahəsinin onların olduğunu düşünərək oradakı ağacları kəsərək yeni ağaclar əkmişlər. Bu faktı təsdiq edən müvafiq fotoşəkillər işə əlavə edilmişdir. Bundan başqa, cavabdeh tərəf izahatında 14 ədəd ağacı quruduğu üçün kəsdiyini bildirmişdir. Əgər ağaclar qurumuşdusa, qarşı tərəf buna dair sübutları məhkəməyə təqdim etməlidir. Çünki 14 ağacın hamısının eyni vaxtda quruması inandırıcı hal deyil. 2020-ci ilin oktyabr ayının 7-də çəkilmiş fotoşəkildə yaş ağac üzərində almanın və yaş kötüyün olduğu görünür. Bundan başqa Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi tərəfindən torpaq sahəsinə baxış keçirilmiş, və verilən rəydə sahədə hansı ağacların olması və onların sayı qeyd edilmişdir. Həmin sahəyə hazırda da gedib baxış keçirmək mümkündür. İddia tələbində qeyd edilən halları təsdiq edən müvafiq sübutlar məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmə tərəfindən qeyd olunan halların heç birinə qiymət verilməmişdir. Məhkəmə heç bir əsaslandırma aparmadan qanuni iddia tələbini rədd etmişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, torpaq sahəsinin iddiaçıya məxsus olması ilə razılaşmır. Həmin torpaq sahəsi 1989-cu ildə sovxoz tərəfindən orada işlədiyi müddətdə ona verilmişdir, ağacları da həmin sahədə 1989-cu ildə özü əkmişdir. Həmin torpaq sahəsində xəstə və qurumuş ağacları 2020-ci ildə kəsmişdir. Kəsilən ağaclar 1989-cu ildə onun özü tərəfindən əkilmiş ağaclar idi. Və müddət keçdiyi üçün bəhər vermirdi. Sağlam ağacların hamısı yerindədir. Mübahisəli əraziyə birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ekspert rəyi əsassızdır. Bu rəy İddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında hazırlanmışdır. Əraziyə ekspert tərəfindən hər hansı baxış keçirilməmişdir. Aralarındakı mübahisə 2018-ci ilin payız aylarından, 2021-ci ilin dekabr ayına kimi davam etmişdir. 2022-ci ildən torpaq sahəsindən istifadə etməmişlər. Ona qarşı irəli sürülən iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair hüquqmüəyyənedici sənədin saxta əsaslarla əldə edilməsi ilə bağlı hazırda onların müraciəti əsasında müvafiq qaydada araşdırma aparılır. Həmin torpaq sahəsi cavabdehlərə məxsusdur və uzun illər onlar istifadəsində olmuşdur. Orada ağacları onlar əkmiş və qulluq etmişlər. Kəsilən ağaclar isə quruduğu üçün kəsilmişdir. İddiaçı tərəf bağ ərazisində heç bir ağac əkməmişlər. Onlar xəstə ağacları kəsib, yerində alça ağacları əkmişlər. Məhkəmə mübahisəsi zamanı torpaq sahəsi üzrərində həbs olan zaman iddiaçı tərəf onların əkdiyi alça ağaclarını çıxarıb, yerində gilas ağacları əkmişlər. Yəni cavabdehlər tərəfindən iddiaçıya hər hansı maddi ziyan vurulmamışdır. Əkilən-kəsilən ağacların hər biri onların özü tərəfindən əkilmiş və daha sonra qulluq məqsədi ilə xəstə olanlar kəsilib yerinə sağlam ağaclar əkilmişdir. Göstərilənlərə əsasən Cavabdeh2 sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada bildiriş göndərilməsinə baxmayaraq digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.1.1. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-62/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, iddiaçının tələbi üç hissədən-1) İddiaçıya məxsus 0,09 ha torpaq sahəsində əkilmiş lakin cavabdeh tərəfindən kəsilmiş ağaclara görə ziyan tələbi; 2) iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən əkilmiş lakin cavabdeh tərəfindən 2018-2022-ci ilə kimi istifadə edilmiş meyvə ağaclarının meyvəsinə (bəhərinə) görə əldən çıxmış fayda; 3). cavabdehin iddiaçıya məxsus 0,09 ha torpaq sahəsini qanunsuz olaraq 5 il ərzində istifadə etməsinə və həmin torpaq sahəsində olan ağacların kəsilməsinə görə keçirdiyi stres və əsəbdən yaranmış mənəvi ziyan tələbindən ibarətdir.
26. İş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni işin faktiki hallarına uyğun hesab edən kollegiya, mövqeyini aşağıdakı şəkildə əsaslandırır.
27. Araşdırılan işin faktiki hallarından aydın olur ki, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında müxtəlif vaxtlarda uzunsürən məhkəmə mübahisələri olmuş və sonda iddiaçı bu çəkişmələrdən sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir.
28. İşdən həmçinin müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi illər ərzində (2018- 2021-ci illər) sözügedən torpaq sahəsi DBF-də Cavabdeh1 və iki nəfər ailə üzvünün adına olmuşdur.
29. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürüldməsi həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
30. Kollegiyanın qənaətinə görə iddiada yer alan maddi tələblərin qanuni əsası kimi Mülki Məcəllənin 157.5-ci və 1092.1-ci maddələri, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin hüquqi əsası kimi həmin Məcəllənin 1097.1-ci maddəsi nəzərdən keçirilə bilər.
31. İstinad olunan maddələrə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir
32. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
33. Eyni zamanda qanunda nəzərdə tutulmuşdur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi həm də bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
35. Apellyasiya şikayətindən görünür ki, iddiaçı məhkəmənin hüquq normalarını düzgün tətbiq etmədiyini bildirir.
36. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır ona görə ki, hazırkı iddiada yer alan tələblər həm mahiyyəti etibarilə, həm də əmələ gəlmə mənbəyi baxımından birbirindən fərqlənir. İddianın da düzgün həlli üçün bu tələblər arasındakı fərqlər nəzərə alınmalıdır.
37. Bundan əlavə araşdırılan işdən müəyyən edilir ki, mübahisələndirilmiş torpaq sahəsi sözügedən illər ərzində mülkiyyət hüququ verən sənəd əsasında cavabdeh tərəfin adına olmuş və cavabdeh bu gün də həmin şəhadətnamənin ləğv olunmadığını bildirir. Həmin sənədin əsaslı və ya əsassız olmasından asılı olmayaraq cavabdeh tərəf dövlət qeydiyyatının prezumpsiyasına etimad edərək torpağı, onun üzərindəki meyvə ağaclarını, ağacların bəhərini vicdanlı sahib kimi özününki hesab edərək istifadə etmişdir.
38. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə tərkibi bu qənaətə gəlir ki, hazırkı mübahisənin düzgün həlli üçün yuxarıda göstərilən qaydalara uyğun olaraq, iddiaçının irəli sürdüyü tələblər üzrə araşdırma aparılarkən cavabdehin torpaq sahəsinə qanuni və qanunsuz sahiblik etməsinə, hansı tarixədək vicdanlı, hansı tarixdən vicdansız sahiblik olması dəqiqləşdirilməklə mübahisəyə yekun hüquqi qiymət verilməlidir.
39. Qeyd edilir ki, tələb iddiaçının öz əmlakına sahiblikdən məhrum olduğu üçün məhrum olduğu gəlirlər və düşdüyü zərərlə bağlı olsa da, nəzərə alınmalıdır ki, əşya cavabdehin sahibliyində olduğu dövrdə o da mülkiyyətçi kimi tanınmış, uzunsürən məhkəmə çəkişmələrindən sonra iddiaçının adına verilmiş çıxarış ləğv edilməmişdir. Göründüyü kimi cavabdehlər əllərində olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” DBF-də onların adına olmasından istifadə edərək məhkəmə müdafiəsindən yaralanmağa cəhd etmişlər. Kollegiyanın qənaətinə görə belə olan halda cavabdehin həmin torpaqdan, onun üzərindəki bəhərdən istifadəsi qanunsuz sayıla bilməz.
40. Bu hallar ona dəlalət edir ki, iddiaçı qeyd etdiyi dövrlər ərzində özünün ümumi mülkiyyət hüququna əsaslanaraq, bütövlükdə qanunsuz sahiblik dövrü üçün Mülki Məcəllənin 157.5 və 1092-ci maddələrində göstərilən tələbləri irəli sürə bilməz. Çünki qanunvericilikdə həmin tələblərin həcmi qanunsuz vicdanlı sahiblə, qanunsuz vicdansız sahibə münasibətdə fərqli müəyyən edilmişdir.
41. Əgər şəxs əşya üzərindəki hakimiyyətinin qanunsuz olduğunu bilmirsə və bilməli deyilsə, o, vicdanlı sahib hesab edilir. Bununla belə, şəxs əşyaya sahibliyinin qanunsuz olduğunu bildiyi, yaxud bilməli olduğu və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan vicdansız sahib sayılır (Mülki Məcəllə, maddə 157.5, birinci cümlə; maddə 166.2, ikinci cümlə).
42. Qanunsuz vicdanlı sahib yalnız faktiki hakimiyyəti altında olan əşyanı geri qaytarmağa borcludur. İddia tələbi irəli sürüldüyü məqamda sahibliyində olduğu sübuta yetirilən və əsassız varlanma təşkil edən bəhərlər istisna olmaqla, o, digər gəlirlərin, əldən çıxmış faydanın və ya başqa zərərin əvəzini ödəməyə borclu deyil. Bu qayda Mülki Məcəllənin 157.5-ci maddəsinin sonuncu cümləsində belə ifadə edilmişdir: “Vicdanlı sahib sə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir”.
43. Qanunsuz vicdansız sahib isə əşyanı geri qaytarmaqla yanaşı, əmlakın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmalı və ya əvəzini ödəməli, əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini mülkiyyətçiyə ödəməlidir. Bu qaydalar da Mülki Məcəllənin 157.5-ci maddəsinin digər cümlələrində açıqca ifadə olunmuşdur.
44. Qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Mülki qanunvericiliyin tələbinə görə iddiaçı öz iddia tələbinin əsaslarını sübut etməli olduğu kimi, cavabdeh də iddia tələbinə etirazlarının əsaslarını sübut etməlidir. Hazırkı halda iddiaçı öz iddia tələbinin əsasını əsaslı şübhələrdən kənar mötəbər dəlillərlə sübut edə bilməmişdir. Daha konkret ifadə edilsə iddiaçının 3 hissədən ibarət olan tələbi birbirindən doğan tələbdir. 46.Yuxarıda istinad olunan halları ümumiləşdirərək kollegiya bir daha qeyd edir ki, iddia tələbi mübahisələndirilən illərdə (2018-2022) torpaq sahəsinin cavabdehlər tərəfindən istifadəsi nəticəsində əldən çıxmış fayda hissəsi- cavabdehlərin bu cür istifadəsinin qanunsuz-vicdansız sahibliklə həyata keçirilmədiyindən təmin edilə bilməz. 47.İddia tələbinin ağacların kəsilməsi ilə bağlı vurulan ziyan tələbinə dair hissəsinə isə kollegiya münasibətində qeyd edir ki, ağacların kəsilməsi səbəbi ilə bağlı iddiaçı tərəfin arqumentləri (yəni ağacların qərəzli kəsilməsi faktı) araşdırma zamanı öz əksini tapmadığından, hətta həmin ağacların kəsilməsi ehtimalı olsa belə, bu ağacların cavabdehlərin istifadəsi müddətində xəstəlik, quruması və ya bəhər verməmə səbəbindən kəsilməsinə dair cavabdeh tərəfin izahatı daha ağlabatandır. Çünki tərəflərin izahatından da göründüyü kimi həmin ağaclar təxminən 30 il bundan əvvəl əkilmiş, mütəxəssis rəylərinə görə də bu kimi ağacların bar vermə müddəti təxminən 25-30 il olur (İ/m1-ci cild səh 21-22). Əks halda yəni ağacların məhz iddiaçıya ziyan vurmaq niyyəti ilə kəsilməsi halı-ağacların seçmə üsulla deyil, bütövlükdə və ya bəhər verən ağacların kəsilməsi ilə nəticələnməli idi.
48. Beləliklə iddiaçı öz iddiasının, habelə apellyasiya şikayətinin dəlillərinə dair halları sübut edə bilməmiş, əskinə cavabdeh tərəf iddiaya etirazının əsaslarını sübut edə bilmişdir.
49. Mənəvi zərərin ödənilməsi ilə bağlı tələbə münasibətdə isə nəzərə alınmalıdır ki, iddiaçının məhz özünün mülkiyyətçi kimi məruz qaldığı mülki hüquq pozuntusuna görə mənəvi zərər tələbi Mülki Məcəllənin deliktə aid normaları çərçivəsində müzakirə edilə bilər. 30.Kollegiya, iddia tələbinin ilk hissəsi, yəni maddi ziyanla bağlı hissəsi təmin edilmədiyinə görə, mənəvi zərərlə bağlı hissəsində əlavə araşdırma aparılmasına zərurət görmür. 31.Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-62/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.