Məhkəmə qərarları › İş №2(105)-2044/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2044/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2044/2023 16.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, cavabdeh X6, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə və "xxxx" MMC-nin direktoru X8 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, e-2(060)-3532/2023 nömrəli qətnaməsindən cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının maşına ödəniş şəkilində verdiyi 12000 (on iki min) manat məbləğində pulun, maşının bəzi detallarının dəyişdirməyinə çəkdiyi 850 (səkkiz yüz əlli ) manat maddi ziyanın və mənəvi ziyanını əvəzi olaraq 1000 (bir min) manat məbləğində, cəmi 13850 (on üç min səkkiz yüz əlli) manat pulun və ödənilmiş 132 manat dövlət rüsumunun cavabdehlər "xxxx" MMC və "xxxx" MMCnin direktoru X4 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, iddiaçının maşına ödəniş şəkilində verdiyi 12000 (on iki min) manat məbləğində pulun, maşının bəzi detallarının dəyişdirməyinə çəkdiyi 850 (səkkiz yüz əlli ) manat maddi ziyanın və mənəvi ziyanını əvəzi olaraq 1000 (bir min) manat məbləğində, cəmi 13850 (on üç min səkkiz yüz əlli) manat pulun və ödənilmiş 132 manat dövlət rüsumunun cavabdehlər ********** VÖEN ilə və "xxxx" adı altında fəaliyyət göstərən fərdi sahibkar MMC X3 və ********** VÖEN ilə və "xxxx" adı altında fəaliyyət göstərən fərdi sahibkar X4 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən "Cars 043" avtomobil salonundan X7 adına olan **-MK-*** dövlət qeydiyyat nişanlı qara metalİik rəngli 2006-cı il tarixli zavod istehsalı olan "MersedesBenz B200 Xetçbek" markalı avtomobili 12000 manata almışdır. Həmin vaxt salonda maşını iddiaçıya təqdim edən X13 olmuşdur və Mehparə Rzayevanın adından ona Sumqayıt şəhərində yerləşən 3 saylı notariat kontorunda 11 ay 2 gün müddətinə qüvvədə olacaq baş etibarnamə vermişdir. İddiaçı da həmin avtomobili həmin tarixdən xx.xx.2022-ci il tarixədək idarə etmişdir. xx.xx.2022- ci il tarixdə saat təxminən 10 radələrində sözügedən avtomobillə hərəkətdə olarkən Ekoloji Nəzarət postunda yol patrul xidməti əməkdaşları onu saxlamışlar. Polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edərək avtomobilə aid sənədləri təqdim etməyini bildirmişdir. İddiaçı da avtomobilə aid qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsini və baş etibarnaməni polis əməkdaşına təqdim elmişdir. Polis əməkdaşı iddiaçının sənədlərinə baxdıqdan sonra ona verilən etibarnaməyə xitam verilməsini deyərək avtomobili Abşeron rayonu, Xırdalan şəhəri, "Vaz dairəsi" deyilən ərazidə cərimə meydançasına aparmışdır. Avtomobili cərimə meydançasına qoyduqdan sonra iddiaçı avtomobili aldığı Sumqayıt şəhərinda yerləşən avtomobil salonuna getmişdir. Orada Rəşada baş verənləri demişdir. Rəşad da iddiaçının yanında Mehparə xanıma zəng edərək verilmiş etibarnaməyə xitam verilməsinin səbəbini soruşduqda Mehparə xanım avtomobili satan Mehrac adlı şəxsin avtomobilin pulunu çatdırmadığını demişdir. Rəşad da Mehparənin adına olan avtomobilə görə etibarnaməni Mehparənin Mehracdan pulu aldıqdan sonra verdiyini demişdir. Mehpara bir daha Mehracın avtomobilin pulunu çatdırmadığını demişdir. Bundan sonra Rəşad Mehraca zəng edərək sözügedən avtomobilin pulunu Mehparaya niyə çatdırmadığını, bu səbəbdən Mehparənin iddiaçıya verdiyi baş etibarnaməni ləğv etdirdiyini demişdir. Mehrac da pulu avtomobil satılan gün Mehparəyə çatdırdığını bildirmişdir. Bundan sonra iddiaçı Rəşadla birlikdə Kürdəmir rayonuna gedərək Mehracla görüşmüşlər. Mehrac həmin vaxt telefonunda Mehparə ilə olan yazışmasını göstərmişdir. Yazışmadan da başa düşdülər ki, Mehrac avtomobilin pulunu Mehparaya vermişdir. Bundan sonra Mehparə ilə Rəşad va Mehrac görüşmüşlər. Mehparə Mehraca pulu gətirdikdən sonra avtomobili verəcəyini bildirmişdir. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixdə cərimə meydançasında olan avtomobilinə baxmaq üçün gedərkən avtomobilinin yerində olmadığını Mehparə tərəfindən aparıldığını bilmişdir. İddiaçıya baş etibarnamə ilə məxsus olan idarə etdiyim avtomobilinin yük yerində 2 ədəd hər biri 150 manat dəyərində olmaqla 300 manat dəyərində akkumlyatorlar, 1 ədəd 300 manat dəyərində avtomobil üçün maqnitafon monitoru, avtomobilin salonunda saxlanc yerində isə 10050 manat pulunu, şəxsiyyət vəsiqəsi və qaldırıcı qurğular üçün nəzərdə tutulmuş sürücülük vəsiqəsi olmuşdur. Sonradan iddiaçı yaşadığı ərazidə, yəni Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Eyni zamanda iddiaçı Kürdəmir rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Kürdəmir rayon Polis Şöbəsinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmişdir və aralarında olan mübahisə mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməkləri izah edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, e-2(060)-3532/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X4 ödəniş şəklində verilən 12000 (on iki min) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin cavabdeh "xxxx" MMC-yə qarşı hissədə təmin edilməməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə). Qətnamədən narazı qalan cavabdeh X13 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, e-2(060)-3532/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından və iş materiallarından da göründüyü kimi cavabdeh X14 ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmuş X7 verdiyi etibarnamə əsasında onun həmin avtomaşını iddiaçıya etibarnamə əsasında sataraq üzərinə düşən tapşırığı yerinə yetirmişdir. Həmçinin avtomobilə görə iddiaçı tərəfindən verilmiş pulu da X7 müvəkkil etdiyi şəxsə, yəni onun dediyi şəxsə vermişdir. Bu səbəbdən də iddiaçı çəkdiyi zərərin əvəzini, ödədiyi pulun qaytarılmasını cavabdehdən deyil, X5 tələb etməli olduğu halda bunu etməmiş və məhkəmə tərəfindən də bu hadisəyə obyektiv baxılmadan düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh aldığı tapşırıq üzrə üzərinə düşən öhdəliyini yerinə yetirmiş, həm X9 münasibətdə, həm də İddiaçı münasibətdə vicdanlı davranmışdır. Bu səbəbdən də iddiaçının cavabdehdən pul tələb etməsi əsassızdır. Normada göstərilir ki, vəkalət alan tapşırığı vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə halı istisna olmaqla şəxsən özü icra etməlidir. Cavabdeh Rəşad X1 tərəfindən aldığı tapşırıq əsasında ona çatacaqları sonuncunun vəkil etdiyi Mehrac adlı şəxsə çatdırmışdır. Mehrac tərəfindən avtomobilin ödənişinin Mehparəyə çatdırılması faktını isə Mehracla Mehparə arasında olan yazışmalar əsasında da müəyyən etmək mümkündür. Sumqayıt Şəhər Məhkəməsi qətnamənin hüquqi əsası kimi öhdəlik və əsassız varlanma institutu baxımından şərh edərək qiymət vermişdir. Hesab edir ki, bu cür yanaşma və əsaslandırma maddi hüquq normasının pozuntusu hesab edilməlidir. Belə ki, qanunun tələbindən də göründüyü kimi öhdəliyin əmələ gəlməsi üçün iştirakçılar arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Tərəflər arasında olan münasibətlər mahiyyət etibarilə tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Belə olan halda məhkəmə tərəfindən əlavə olaraq da mənəvi ziyana görə cavabdehdən pul tutulması tamamilə yanlış və qanunsuzdur. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırki iş üzrə cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməmişdir ki, iddiaçı da buna görə mənəvi iztirab və ya stress keçirsin. Cavabdeh sözügedən avtomobilin mülkiyyətçisinin ona verdiyi etibarnamə əsasında səlahiyyətləri iddiaçıya ötürmüş və bunun müqabilində aldığı ödənişi də mülkiyyətçinin müvəkkli etdiyi yəni onun göstərdiyi şəxsə vermişdir. İddiaçı tərəfindən vaxtında avtomobilin öz adına rəsmiləşdirməməsi və bundan sonrakı hadisələr onun öz səhlənkarlığının nəticəsində əmələ gəlmişdir. Hesab edir ki, qətnamədə iddiaçının hansı sarsıntı və iztirablara məruz qalması sübuta yetirilməmişdir. Bundan başqa cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyilə iddiaçının mənəvi zərəri arasında səbəbli əlaqənin olması sübuta yetirilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X13, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 Mehparə Fərman qızının adından çıxış edərək “Mercedes B 200” minik markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomaşını 11 ay 02 gün müddətinə İddiaçı etibar etmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes B 200” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X10r. İş materiallarındda olan xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Hüquqi şəxslərin dövlət reyestr məlumatlarında "xxxx" MMC adlı hüquqi şəxs aşkar edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə cavabdeh R.İ.Mehdiyev varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh R.İ.Mehdiyevin varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, R.İ.Mehdiyev "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur, sadəcə həmin avto salona maşınlarının satılması üçün müraciət edən şəxsdir. Bundan əlavə, sözügedən avtomobilin alqı-satqısı da iddiaçı ilə cavabdeh R.İ.Mehdiyev arasında olmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdeh qismində qoyulmuş "xxxx" MMC-yə aid edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehin etiraf etdiyi hissədə təmin edilməli, yəni 12000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin 850 (səkkiz yüz əlli) manat avtomobilə çəkilən əlavə xərclərə görə maddi ziyan hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı bu halı sübut edəcək hər hansı bir sənəd iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Belə ki, baş vermiş hadisələrdən sonra iddiaçıdan hüquqi əsas olmadan aldığı pulu dərhal qaytarmalı olduöu halda, bunu etməmiş, iddiaçı mənəvi sarsıntılar keçirməkdə davam edərək məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yəni, cavabdeh iddiaçıdan 12000 manat pulu almaqla, iddiaçının fasiləsiz avtomobil idarə etməsinə təminat verməyi hüquqi əsas olmadan öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 500 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X4 ödəniş şəklində verilən 12000 (on iki min) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsini təmin edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh X6 apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, e-2(060)-3532/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar