Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2068/2023 21.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə ( Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi, vurulmuş maddi və mənəvi zərər tələbi ) X2 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın və mənəvi zərərin ödənməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(028)- 334/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İşin halları:
1. Abşeron Rayon Pİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 26 fevral 2023-cü il tarixli qərarına əsasən cinayət işinin başlanılması rədd edilmişdir.
2. Birinci instansiya məhkəməsində icraat zamanı şahid X9 göstərdi ki, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayonu Xanlıq kənd 3 saylı orta məktəbində müəllim işləyir. İddiaçı həmin məktəbdə ingilis dili müəllimi işləyir. Həmin məktəbdə keçirilən iclasda o iştirak etmişdir. İclas zamanı Cavabdeh iddiçının hazırlıq kurslarını keçirilməsi ilə əlaqədar məktəbdə dərs saatları buraxdığını və kursların keçirildiyi yerin şəkilini çəkdiyini bildirmişdir. Lakin Cavabdeh iddiaçının direktorla olan münasibətləri barədə heç nə eşitməmişdir.
3. X3 göstərdi ki, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayonu Xanlıq kənd 3 saylı orta məktəbində direktor vəzifəsində işləyir. İddiaçı həmin məktəbdə ingilis dili müəllim işləyir, cavabdeh isə hərbi üzrə müəllim işləyir. Həqiqətən də Cavabdeh Lüdmila müəllimi izləmiş və onun şəkillərini çəkmişdir. Həmçinin Cavabdeh prokurorluğa məktəbin dağıdıldığı və məktəbdə yeyinti olduğu barədə şikayət yazmışdır. Bununla bağlı araşdırma aparılımışdır.
4. X7 göstərdi ki, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayonu Xanlıq kənd 3 saylı orta məktəbində müəllim işləyir. İddiaçı həmin məktəbdə ingilis dili müəllim işləyir, cavabdeh isə hərbi üzrə müəllim işləyir. Həmin məktəbdə keçirilən iclasda o iştirak etmişdir. İclas zamanı Əhmədov X12 müəllimə bildirmişdir ki, o, dərsləri boş qoyur və Bakı şəhərində “Azadlıq” metrosunun yanında kurslarını keçirir. Lakin Cavabdeh iddiaçı barədə iclasda hər hansı təhqiredici sözlər dediyini eşitməmişdir.
5. X4 göstərdi ki, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayonu Xanlıq kənd 3 saylı orta məktəbində müəllim işləyir.İddiaçı və cavabdeh iş yoldaşlarıdır.O, məktəbdə keçirilən iclasda iştirak etmişdir. İclas zamanı Cavabdeh nə direktor haqqında, nə də Lüdmila xanım haqqında pis bir söz dediyini eşitməmişdir. Cavabdeh iclasda ancaq məktəbin problemləri və gündəlik işləri barədə danışmışdır. İclasda direktor və Lüdmila xanım arasında başqa münasibətlər olması barədə söhbət olmamışdır.O, Cavabdeh şəkil çəkməsi barədə heç bir söz eşitməmişdir.
6. X1 göstərdi ki, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayonu Xanlıq kənd 3 saylı orta məktəbində müəllim işləyir. İddiaçı və cavabdehi iş yoldaşları kimi tanıyır.O, hazırki iddia tələbi ilə tam tanışdır.İclas zamanı Şükür Lüdmila barəsində hər hansi pis söz deməsini eşitməmişdir.Şükürun direktorla mübahisə olduğunu bilir. X29 ilə mübahisə etməsini eşitməmişdir.
7. Apellyasiya icraatı zamanı sorğu əsasında əldə edilmiş Qubadlı rayon Xanlıq kənd 3 saylı orta məktəbin direktoru tərəfndən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, 2022-ci ilin oktyabr-noyabr aylarında keçirilən Pedoqoji Şuranın iclasının gündəliyində, iclas protokolunda Cavabdeh və İddiaçı barəsində hər hansı bir məsələ müzakirə edilməmiş və qərar qəbul edilməmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəyən 10000 manat maddi ziyan və 20000 manat mənəvi zərər, cəmi 30000 (otuz min) manat pulun tutulub ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayonu Xanlıq kənd 3 saylı orta məktəbində ingilis dili müəlliməsi olaraq çalışır. X26 onun həyat yoldaşıdır. Cavabdeh isə həmin məktəbdə hərbi rəhbər kimi çalışır. Təxminən bir ilə yaxındır ki, Cavabdeh iddiaçıdan və məktəbdə işləyən digər müəllimlər barəsində prokurorluq və polis orqanlarına yalan məlumatlar vermiş və bildirmişdir ki, guya müəllimlər direktora rüşvət vermişlər, lakin araşdırma zamanı onun dediklərinin şər-böhtan olması müəyyən olmuşdur. Cavabdeh iddiaçı barəsində yalan məlumatlar vermiş, məktəbdə keçirilən iclasda onun məktəbin direktoru ilə qeyri-rəsmi münasibəti olduğunu bildirmiş, dərs saatlarında guya tədris sinifini nəzarətsiz qoyub digər yerlərdə hazırlıq kursu keçmək üçün getdiyini demişdir. Bu səbəbdən iddiaçı özünü öldürmək dərəcəsinə gəlmişdir. Cavabdeh iddiaçını qanuna zidd olaraq izləyib, getdiyi yerlər barədə məlumatlar yaymışdır. Cavabdeh guya iddiaçı tərəfindən direktorun kartına hər hansı pul vəsaiti köçürüldüyünü bildirmiş, eyni zamanda 2022-ci il oktyabr-noyabr aylarında iclasda ünvanına nalayiq sözlər işlətmiş və iddiaçı iclası tərk edib gedəndən sonra isə yenə də müəllimlərin yanında ünvanına nalayiq sözlər işlətmişdir ki, bunu direktor da təsdiq etmişdir. Cavabdehin onun barəsində bildirdiklərinin heç biri həqiqəti əks etdirmir və şər-böhtan xarakteri daşıyır. Məktəbdə təxminən 2015-2016-cı ildən başlayaraq dərsdən sonra məşqlər ümumi təhsil proqramına uyğun «Azadlıq» metrosu ətrafında kursda keçirilir. Heç vaxt iddiaçı əsas dərs vaxtı sinifi boş qoymamış, məşğələlər nahardan sonra keçirilmişdir. Cavabdeh iddiaçını izləyib, hazırlıq dərsləri keçən zaman aynabəndə çıxarkən şəklini çəkib direktora vermişdir. Bunu direktor da təsdiq etmişdir. İddiaçı 2022-ci ildə iddiaçı əməliyyat olunmuş, cavabdehin ona qarşı əxlaqa zidd hərəkətləri nəticəsində əsəb xəstəliyi tapmış, uzun müddət müalicə almış, maddi ziyana düşmüş və mənəvi əzab çəkmişdir. Buna görə də cavabdeh iddiaçıya dəyən maddi ziyan və mənəvi zərəri ödəməlidir. Cavabdeh polisdə araşdırılma zamanı qeyd etdiyi hərəkətləri qismən etiraf etmişdir. Belə ki, verdiyi izahatda qeyd etmişdir ki, ünvanına iclasda nalayiq sözlər demişdir və iddiaçını təqib etmişdir. Cavabdehin ifadəsində qeyd etdiyi hallar onun tərəfindən iddiaçının şəxsiyyət azadlığına toxunulmanı, qanunsuz onu izləməni sübut edir. Polisdə araşdırma zamanı izahat verən digər müəllimlər X27, X15 - direktor, X16, X10 və X9 iddiaçının dediklərini tam təsdiq etmişlər. Belə olan halda Cavabdeh iddiaçıya maddi və mənəvi zərər vurması tam təsdiq olunub və ona dəyən maddi və mənəvi zərər ödənməlidir.
10. Qubadlı Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(028)-334/2023 nömrəli qətnaməsi ilə (hakim V.Ruvinov) iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Abşeron Rayon Pİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 26 fevral 2023-cü il tarixli qərarına istinad edərək onunla əsaslandırmışdır ki, aparılmış araşdırma zamanı toplanmış material üzrə Cavabdeh əməlində cinayətinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Belə ki, X18 müraciəti əsasında tərəfindən araşdırma aparılmış, 86 və 215.3.2-ci maddəsinə əsasən xx.xx.2022ci il tarixdə material aidiyyəti Abşeron rayon Prokurorluğuna göndərilmişdir. Lakin toplanmış material Abşeron rayon prokurorluğunda öyrənilən zaman materialda CM-nin 156-cı maddəsinin tərkibi əlamətləri olmadığı üçün qərar 25 yanvar 2023-cü il tarixdə ləğv edilmişdir. Belə olan halda toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin İddiaçı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbi ilə əlaqədar olaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmədə ifadə verən şahidlər Cavabdeh tərəfindən iddiçının hazırlıq kursları keçirməsi ilə əlaqədar məktəbdə dərs saatlarını buraxdığını məktəbdə keçirilən iclasda öz çıxışlarında bildirməsini və kursların keçirildiyi yerin şəklini çəkməsini öz ifadələri ilə təsdiq etmişlər. Lakin Cavabdeh həmin iclasda iddiaçı ilə direktor arasında olan qeyri-rəsmi münasibətlər barəsində heç bir söz deməmişdir. Məhkəmədə müəyyən etmişdir ki, Cavabdeh tərəfindən iddiçı İddiaçı barəsində doğru olmayan, iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar yayılmamışdır. Bu səbəbdən hazırkı iddia təmin edilə bilməz.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 1096, 1097.1, 1108.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı Qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 106, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmiş, qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. İşə baxan məhkəmə iddiaçının izahatını əsas götürməmiş, şahid ifadələrini sübut kimi qiymətləndirməmişdir. Cavabdehin izahatı sübuta yetmədiyi halda məhkəmə izahatı əsas götürmüşdür. İddiaçının əsaslı dəlil və fikirlərinə, cavabdehin iddiaçının ünvanına böhtan xarakterili sözlər və ifadələr işlətməsinə əhəmiyyət verməmiş, nəticədə kifayət qədər əsası olan iddianı təmin etməmişdir. Qətnamədə qeyd edilir ki, hər hansı təhqir və böhtan faktı və nalayiq hərəkətlər olmamışdır. Halbuki təhqir və böhtan faktları cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla əsaslı şəkildə sübut olunur və işin obyektiv halları ilə təsdiqini tapır. İşə baxan məhkəmə səthi araşdırma aparmış və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayonu Xanlıq kənd 3 saylı orta məktəbində ingilis dili müəlliməsi olaraq çalışır. Cavabdeh isə həmin məktəbdə hərbi rəhbər kimi çalışır. Cavabdeh məktəbdə işlədiyi müddətdə daim narazılıq yaratmış, məktəbin bütün kollektivini narahat etmişdir. Eləcə də onun barəsində yalan və böhtan xarakterli məlumatlar vermiş, şəxsi həyatına müdaxilə edərək onu izləmiş, getdiyi yerlər barədə fotoşəkillər çəkmiş, həqiqətə uyğun olmayan məlumatları məktəbdə keçirilən iclasda və kollektiv arasında yaymışdır. Müəllim yoldaşı olduğu üçün onunla danışıb problemi həll etmək istəsə də, cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Göstərilənlərə əsasən o hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə lazımı qaydada araşdırma aparmamış və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, cavabdeh işlədiyi məktəbdə mübahisə yaradaraq, iddiaçını narahat etmiş, şəxsi həyatına müdaxilə edərək onu güdmüş, şəklini çəkmiş, kollektivdə iddiaçının barəsində xoşagəlməz sözlər yaymış, məktəbdə keçirilən iclasda ona nalayiq sözlər demişdir. Cavabdeh iddiaçının şərəf və ləyaqətini alçaldan davranışlarına yol verdiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Lakin işə baxan məhkəmə heç bir ciddi araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin ediləməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, məktəbdə hərbi işlər üzrə direktor müavinidir. İddiaçı həmin məktəbdə ingilis dili müəlliməsi işləyir. İddiaçı dərs ili müddətində həftənin beşinci günü dərsi boş qoyub getmişdir. Sonradan ona məlum olub ki, İddiaçı Bakı şəhəri “Azadlıq” metrosu yaxınlığında kursda dərs keçən vaxt məktəbdə dərsi boş keçirirmiş. Həftənin 5-ci günü məktəbin dərs cədvəlində iddiaçının keçməli olduğu ingilis dili dərsi saat 12:10-da başlayır və 12:55-də qurtarır. Cavabdeh iddiaçını 12:50-də həmin kursda görmüşdür. Kursa gələn şagirdlərdən də soruşduqda məlum olmuşdur ki, iddiaçı kursda 3 qrupda dərs keçir. Bu hallarla bağlı o məktəbdə keçirilən iclasda öz fikirlərini bildirmişdir. O, iddiaçının şəxsi işinə qarışmamış, habelə onu təhqir etməmişdir. Məqsədi ölkədə təhsilin səviyyəsinin yüksək olmasına nail olmaqdır. İddiada göstərilənlər əsassızdır. İşə baxan məhkəmə haqlı olaraq iddia tələbini rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 46.1.Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Maddə 46.2. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
20. Mülki Məcəllə
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2 Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konustitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Şəxsin şərəfı, ləyaqəti təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir
22. "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.
23. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının
8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 11-ci bəndində isə Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
25. Apellyasiya şikayətindən görünür ki, apellyator Qubadlı Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(028)-334/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Ona görə də kollegiya Qubadlı Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(028)-334/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona dəymiş maddi ziyan və keçirdiyi iztirablara görə mənəvi ziyan tələb edir.
29. Göründüyü kimi mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
30. Qeyd edilməlidir ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələdiyini şərh edərkən, həmin məlumatların vətəndaş barəsində əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir.
31. Araşdırılan işin faktiki hallarından məlum oldu ki, hazırkı iş üzrə tərəflər müəllim olmaqla, eyni məktəbdə işləyirlər. Belə ki, Qubadlı rayonu Xanlıq kənd 3 saylı orta məktəbində iddiaçı ingilis dili müəllimi, cavabdeh isə həmin məktəbdə çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsində işləyir.
32. İddiaçı tələbində göstərir ki, cavabdeh onun barəsində hüquq-mühafizə orqanlarına müxtəlif məzmunda şikayətlər ünvanlayaraq, həqiqətə uyğun olmayan əməllərdə onu ittiham etmişdir. Bu şikayətlərin isə heç bir əsası olmadığı araşdırma zamanı öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh müntəzəm olaraq oxşar davranışlar sərgiləmiş, məktəbdə keçirilən pedoqoji Şuranın iclasında iddiaçının tədris müddəti ərzində məşğələlər keçməsini, bu barədə sübutlarının olmasını, habelə ona bu şəraiti məktəbin direktorunun aralarındakı qeyri-rəsmi münasibətə görə yaratdığı məzmunda ifadələr işlətdiyini bildirmiş, bununla da cavabdeh tərəfindən onun şərəf və ləyaqətinin alçaldılmasına yol verildiyini qeyd etmişdir.
33. Cavabdeh isə iddiaya etirazında iddiaçının şərəf və ləyaqətini ləkələyən hər hansı davranışa yol vermədiyini, sadəcə məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə tədris vaxtı iddiaçının dərsdən yayınması, əlavə məşğələlər keçməsi kimi fikirləri pedaqoji şuranın iclasında qeyd etmişdir. Bu barədə onun kifayət qədər sübutu vardır. İşlətdiyi ifadələrdə hər hansı təhqirə yol verməmişdir. İclasda fikirlərini bildirmişdir ki, bu onun vətəndaş kimi konstitusion hüququdur. O, iddiaçının direktorla qeyri-rəsmi münasibəti olması barədə heç bir ifadə işlətməmişdir. Başqa sözlə o iddiaçı barəsində heç bir əxlaqa zidd ifadə işlətməmişdir.
34. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı tələbində qeyd etdiyi xüsusatlarla bağlı onun əri tərəfindən DİN rəhbərliyinə edilən müraciət üzrə Abşeron Rayon Polis İdarəsində aparılan araşdırma üzrə qəbul edilmiş 26 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, “o, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayon şəhid Həmidov adına Xanlıq kənd 3 saylı məktəbin hərbi rəhbəri vəzifəsində işləyir. Barəsində şikayət edən İddiaçı onun iş yoldaşıdır. Aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. Sadəcə olaraq məktəbdə təhsilin səviyyəsinin yüksəlməsini istəmişdir. 2022-ci ilin oktyabr ayında İddiaçı hazırlıq keçdiyi binada qohumunun evinə getdiyi zaman sonuncunu orada görmüşdür. xx.xx.2022-ci il tarixdə Lüdmila müəllimənin dərs vaxtı məktəbdən çıxdığını görüb arxasınca düşmüş və Bakı şəhəri, Binəqədi rayonunda hazırlıq keçdiyi məktəbə getdiyini görmüşdür. Bundan sonra o, binanın qarşısında dayanıb hazırlığa gələn adını bilmədiyi şagirddən hara getdiyini soruşmuş, sonuncuda Lüdmila müəllimənin yanına getdiyini demişdir. Həmin vaxt o, orada gözləmiş və Lüdmila müəllimənin mənzilin eyvanına çıxdığı zaman şəklini çəkmiş və direktor Xürrəm Həsənova məlumat vermişdir. Daha sonra o, məktəbdə keçirilən iclasda müəllimlərə öz iradını bildirmiş və Prokurorluğa şikayət etmişdir. O, əlavə olaraq İddiaçı direktor Xürrəm Həsənovla qeyri-rəsmi yaşaması barədə məlumat vermədiyini, heç kim tərəfindən izlətmədiyini, barəsində xoşagəlməz sözlər işlətmədiyini qeyd etmişdir”.
35. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
36. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
37. Maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Buna görə də, cavabdehin iddiaçıya zərər vurması inandırıcı və ağlabatan görünmür
38. İkinci, qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda mənəvi ziyan şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yayılması nəticəsində şəxsin tələb etdiyi pul kompensasiyası formasıdır.
39. Mənəvi ziyanın tələb olunması üçün bu mənəvi ziyan tələbinin əsasında dayanan mənəvi iztirab və sarsıntılara səbəb olan ləkələyici məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi də mütləq qaydada tələb edilməlidir. Belə ki, mənəvi ziyan həmin ləkələyici məlumtaların həqiqətə uyğun olmaması halının müəyyən edilməsinin nəticəsidir, onunla birbaşa bağlıdır və ondan asılıdr. Şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların həqiqətə uyğun olmamasının müəyyən edilməsi barədə tələb qoyulmadan və ya həmin tələb təmin edilmədiyi halda mənəvi ziyanın tələb edilməsi əsassızdır. Belə ki, qeyd edildiyi kimi, mənəvi ziyan tələbi özlüyündə müstəqil əsaslı tələb kimi qəbul oluna bilməz və birbaşa olaraq onun yetirildiyi ehtimal olunan şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların yayılmasından və bu məlumatların həqiqətə uyğun olmamasından asılı bir tələbdir.
40. Hazırki halda isə iddiaçı iddia tələbində qeyd etdiklərinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili təqdim etməmişdir. Kollegiyanın qənaətinə görə baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən iddia tələbinin dəlillərinə tam qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(028)-334/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər (iddiaçı) ona rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.