Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2085/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz hərəkətlərə son qoyulması, hasarın sökülməsi və torpaq sahəsinin giriş-çıxış hissəsinə qoyulmuş dəmir darvazanın çıxarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə Xızı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(068)-9/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısının alınması, ona məxsus Xızı rayonu, Xələnc kəndində yerləşən 0,13 ha torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi və torpaq sahəsinin giriş-çıxış hissəsinə qoyulmuş dəmir darvazanın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xızı rayonu, Xələnc kəndində yerləşən ümumi sahəsi 0,13 ha olan həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin torpaq sahəsi əvvəl 0,25 ha olmuş, sonradan torpaq sahəsinin 0,12 ha hissəsini xx.xx.2013-cü il tarixli, AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin 0,13 ha hissəsi ona, 0,12 ha hissəsi isə cavabdehin mülkiyyətində qalmışdır. Hazırda cavabdeh qanunsuz hərəkətlər edərək, ona aid torpaq sahəsinə girərək torpaq sahəsinin bir hissəsini dəmir setka ilə hasara almış və ona məxsus torpaq sahəsinin giriş hissəsində qanunsuz olaraq dəmir darvaza qoymuşdur. Cavabdeh bu qanunsuz hərəkətlərə başlayarkən Xızı Rayon Polis şöbəsinə müraciət etmiş, həmin ərizə polis şöbəsi tərəfindən araşdırılmış, torpaq sahəsinə baxış keçirilmiş, müvafiq şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. Lakin, cavabdehin izahatı alınmadığından həmin iş üzrə qanuni nəticə əldə etmək mümkün olmamışdır. O, dəfələrlə cavabdehə və ailə üzvlərinə müraciət etsə də, heç bir nəticəsi olmamış, əksinə şikayətlərinə məhəl qoymadan cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdehin qanunazidd hərəkətləri onun hüquqlarını birmənalı şəkildə pozur, belə olan halda mülkiyyətində olan torpaq sahəsindən azad və rahat şəkildə istifadə edə bilmir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Xızı rayonu, Xələnc kəndində yerləşən ümumi sahəsi 0,13 ha olan həyətyanı torpaq sahəsi 27 dekabr 2013-cü il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. AN-İ seriyalı, ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 23 noyabr 2013-cü il tarixdə Xızı rayonu, Xələnc kəndində yerləşən 0,25 hektar torpaq sahəsindən 0,12 hektar hissəsini Cavabdeh 7000 manata satmışdır. Xızı Rayon Polis Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 18 iyun 2020-ci il tarixli qərarla İddiaçının şikayəti əsasında toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/853 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********26 saylı məktuba əsasən İddiaçı məxsus **********32 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə olan 0,1004 ha hissəsinin, artıq torpaq sahəsinin (0.0029 ha) isə bütövlükdə vətəndaş Cavabdeh tərəfindən metal tor və daş hasarla hasarlanmış, eyni zamanda İddiaçı yol kimi nəzərdə tutulmuş hissəni öz hasarı daxilinə salaraq darvaza quraşdırmışdır. Xızı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(068)- 9/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia təmin edilib, İddiaçı məxsus Xızı rayonu, Xələnc kəndində yerləşən 0,13 ha torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi, həmin torpaq sahəsinin giriş-çıxış hissəsinə qoyulmuş dəmir darvazanın çıxarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, məhkəmədə tədqiq olunmuş sübutlarla iddiaçıya məxsus **********32 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə olan 0,1004 ha hissəsinin artıq torpaq sahəsinin (0.0029 ha) isə bütövlükdə cavabdeh tərəfindən metal tor və daş hasarla hasarlandığı, eyni zamanda iddiaçıya yol kimi nəzərdə tutulmuş hissəninin öz hasarı daxilinə saldığı və darvaza quraşdırdığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 180.1 180.4, 238.1, 239.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsi və MPM-nin 14.2, 76.1, 77.1, 88, 103.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Xızı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(068)-9/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı ilə aralarında razılıq olmuşdur ki, Xızı rayonu, Xələnc kəndində yerləşən 0,13 ha torpaq sahəsini ona satacaqdır. Sonradan hasar çəkərkən də onun razılığı ilə işə başlamışdır. Bir kənddə yaşadıqları nəzərə alınsa iddiaçının qəsdlə belə bir iddia qaldırması məlum olur. Çünki, o, hər gün hasarın çəkildiyini görmüş, lakin buna müdaxilə etməmişdir. Hasar çəkilib qurtardıqdan sonra həmin ərazinin qiymətindən xeyli artıq qiymətə, yəni 3000 manata satdığını demişdir. Halbuki, həmin ərazinin qiyməti 1000 manat təşkil edir. Hasar çəkilməmişdən əvvəl də iddiaçı ilə həmin ərazini təxminən 1000 manata razılaşmışlar. Hazırda həmin yeri münasib qiymətə verərsə iddiaçı ilə razılaşa bilərlər. Birinci instansiya məhkəməsi bütün bunları nəzərə almadan iddianı təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı və nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Torpaq Məcəlləsi Maddə 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, tərəflərə məxsus olan torpaq sahələri qonşu torpaq sahələridir. Hazırda iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək torpaq sahəsinin bir hissəsinin hasara alınmasını və həmin torpaq sahəsinin giriş hissəsində qanunsuz olaraq dəmir darvaza qoyulmasını bildirərək, torpaq sahəsində olan hasarın sökülməsini və dəmir darvazanın çıxarılmasını tələb edir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı məxsus Xızı rayonu, Xələnc kəndində yerləşən **********32 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə olan 0,1004 ha hissəsi, artıq torpaq sahəsi (0.0029 ha) isə bütövlükdə Cavabdeh tərəfindən metal tor və daş hasarla hasarlamış, iddiaçıya yol kimi nəzərdə tutulmuş hissəni öz hasarı daxilinə salmış və darvaza quraşdırmışdır. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152-ci maddəsi). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi). İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmış torpaq sahəsinə cavabdehin sahibliyi qanunsuzdur. Ona görə də iddiaçı, mülkiyyətinə edilən qəsdə son qoyulmasını cavabdehdən tələb etməkdə haqlıdır. Torpaq sahəsi üzərindəki hüquqa dair iddiaçıya məxsus RX seriyalı, ******* saylı çıxarışında Dövlət qeydiyyatı qüvvədə olduğu və həmin sahənin cavabdehə gələcəkdə satılması barədə razılıq əldə olunması barədə heç bir sənəd olmadığı halda cavabdehin etirazları iddianın rədd edilməsinə əsas təşkil etmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/853 nömrəli ekspert rəyi nəzərə alınmaqla əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(068)-9/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2085/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2085/2022
02.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver