Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2094/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı X13, həmçinin onun vəkili X18 oğlunun, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X13 Cavabdeh qarşı daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(031)-221/2021 saylı qətnaməsindən iddiaçı X17 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şabran Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(031)-221/2021 saylı qətnaməsilə (hakim Ç.İsgəndərov) iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı X17 apelyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(031)-221/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: X1 Bəybala Ağa oğluna qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1i ünvanında yerləşən 0,50 ha torpaq sahəsinə dair Cavabdeh adına verilmiş RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X17 iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X16 45 ildən çox Şabran rayonu Meşə Mühafizəsi və Bərpası Müəssisəsində müxtəlif vəzifələrdə çalışmışdır. Əvvəl yaşadıqları evdə torpaq sürüşməsi nəticəsində yaşamaq mümkün olmadığı üçün atasına ünvan 1ində Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansında olan, heç kimin yaşamadığı, yararsız (qapı, pəncərə, döşəmə və dam örtüyü olmayan) ev rəhbər işçilər tərəfindən akt ilə verilmişdir. Həmin evə öz vəsaitləri hesabına 10 kv.metr tikili əlavə edərək, təmir etmiş və 50 ildən çox həmin evdə yaşamışlar. Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə 0,10 ha həyətyanı torpaq sahəsi və 10,1 kv.metr yaşayış evi atası X16 və anası X4 mülkiyyətinə verilmişdir. Mülkiyyətinə verilmiş 10,1 kv.metr yaşayış evini atası öz maddi vəsaiti hesabına tikmiş və həmin tikili yaşadıqları gözətçi evinə bitişik olmaqla bərabər mülkiyyətlərinə verilən 0,10 ha həyətyanı torpaq sahəsinin içərisində olmuşdur. Bütün bu faktlar onlara verilən «torpağın mülkiyyətə verilməsinə dair» JN-017A saylı, 30405078 kodlu şəhadətnamədə öz əksini tapmışdır. 2007-ci ildə atası və anası həmin yaşadıqları evdə vəfat etmişlər. 28 sentyabr 2012-ci il tarixdə iş üzrə cavabdeh Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müdiri Cavabdeh onların iki gün evdə olmamaqlarından istifadə edərək öz tabeliyində olan işçilərlə bərabər evin damını dağıtmışdır. Evlərinin bütün avadanlıqları dağıntılar altında qalmış, yağışın, suyun təsirindən tamamilə yararsız hala düşmüş, bəziləri isə oğurlanmışdır. Bunlar barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna və Şabran rayon Polis İdarəsinə müraciət etdikdə, onlar tərəfindən həmin ərazinin Şabran rayon meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansında olduğu deyilmişdir. Halbuki, həmin ev 01.03.2013-cü il tarixdə balansdan silinmişdir. Daha sonra, cavabdeh tərəfindən ünvan 1ində yerləşən 0,50 ha torpaq sahəsinə dair RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən qanunsuz çıxarış verilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə iddiaçı X17 iddia ərizəsilə eyni məzmunlu apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə mübahisəni hər tərəfli araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bunlar da qətnamənin ləğvi üçün əsaslardır. İddiaçı X17, həmçinin onun vəkili X18 oğlu məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə etdilər və onun təmin edilməsini xahiş etdilər. Vəkil bildirdi ki, mübahisənin kökündə alqı-satqı əqdi durduğundan ona mülki icraat qaydasında baxılmalıdır və aidiyyət pozulmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil şikayətlə razılaşmadı və onun təmin edilməməsini xahiş etdi. O, əlavə etdi ki, məhkəmə aidiyyatının həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 15 yanvar 2014-cü il tarixli, 1/659 saylı arayışdan görünür ki, X11 və X4 ümumi birgə mülkiyyətinə ünvan 1i ərazisində 0,10 ha həyətyanı torpaq sahəsi verilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yenə işə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-017A saylı, 30405078 kodlu şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli, 02 saylı qərarına əsasən X11 və X4 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Yenə də işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin Şabran rayon şöbəsinin yerqurluşu üzrə mühəndisi Ə.A.Cəfərov tərəfindən verilmiş 23 iyun 2015-ci il tarixli rəydən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən aparılmış araşdırma zamanı aşağıdakılar müəyyən edilmişdir: 1. Sözü gedən torpaq sahəsi Şabran rayonu Çinarlar kəndində yerləşir. 2. Həmin mübahisəli ərazidə GRS vasitəsi ilə aparılan kadastr ölçmə işləri nəticəsində əldə olunan məlumatlar əsasında torpaq sahəsinin naturada faktiki vəziyyətini müəyyən etmək üçün mövcud olan DWG baza məlumatlarından, kadastr xəritələrindən və digər xəritə məlumatlarından istifadə etməklə müəyyən olundu ki, JN-017A Kod 30405078 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X14 və X6 məxsus olan (hazırda vərəsəliklə X7 məxsusdur) 0,10 ha torpaq sahəsi ilə RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X12 əsasən Cavabdeh məxsus 0,50 ha torpaq sahəsi üstüstə düşmür. Eyni zamanda, qeyd olunur ki, JN-017A KOD 30405078 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X14 və X6 məxsus olan (hazırda vərəsəliklə X7 məxsusdur) 0,10 ha torpaq sahəsi DWG xəritə məlumatlarına əsasən mübahisəli ərazidən şimal tərəfə təqribən 170 metr aralıda yerləşir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 iyul 2015-ci il tarixli, 10684 saylı ekspert rəyindən görünür ki, ünvan 1ində yerləşən JN 017A saylı torpağın mülkiyətə verilməsinə dair şəhadətnaməyə əsasən X14 və X6 məxsus olan (hazırda vərəsəliklə X7 məxsusdur) 0,10 ha torpaq sahəsi ilə RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh məxsus 0,50 torpaq sahəsi üst-üstə düşmür. Eyni zamanda, qeyd olunur ki, JN-017A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X14 və X6 məxsus olan (hazırda vərəsəliklə X7 məxsusdur) 0,10 ha torpaq sahəsi mübahisəli ərazidən şimal tərəfə təqribən 170 metr aralıda yerləşir. Yenə işdə olan qanun üzrə vərəsəlik hüququ haqqında 28 yanvar 2014-cü il tarixli reyestrdə 2V/01-20 nömrə ilə qeyd edilmiş şəhadətnamədən görünür ki, 04 noyabr 2007ci ildə vəfat etmiş X11 və 15 iyul 2007-ci ildə vəfat etmiş X4 vərəsəsi X8r. Yenə də işdə olan AZ-İ 781633 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 15 noyabr 2015-ci ildə ölmüşdür. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 21 iyul 2015-ci il tarixli, 2(031)-139/2015 saylı qətnaməsindən görünür ki, X5 Cavabdeh qarşı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbəri Cavabdeh tərəfindən vərəsəliklə mülkiyyətinə verilən 0,10 ha həyətyanı torpaq sahəsini qanunsuz zəbt edilməsi, vərəsəliklə mülkiyyətinə verilən 10,1 kv.metr yaşayış evinin tamamilə sökülməsi nəticəsində ona dəyən maddi ziyanın ödənilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, X5 zəbt etdiyi ünvan 1i ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan 0,50 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində qanunsuz olaraq inşa edildiyi tikili-yaşayış evinin sökülməsi, X3 Cavabdeh vurduğu 5000 manat məbləğində zərərin ödənilməsi, X15 tərəfindən Cavabdeh mülkiyyətinə qarşı olan maneələrə son qoyulması qət edilmişdir. Yenə iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 03 noyabr 2015ci il tarixli, 2(105)-1908/2015 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 apelyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 21 iyul 2015-ci il tarixli, 2(031)-139/2015 saylı qətnaməsi qismən, qarşılıqlı iddia üzrə 5000 manat zərərin ödənilməsinə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, bu hissədə qarşılıqlı iddia təmin ediməmiş, qalan hissələrdə qətnamədə dəyişdirilmədən saxlanılmışdır. Yenə də iş materiallarında olan Şabran rayon İcra Şöbəsinin icraata başlamaq haqqında 02 mart 2016-cı il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 03 noyabr 2015-ci il tarixli, 2(105)-1908/2015 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra sənədi üzrə icraata başlanılmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iş üzrə apelyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(031)-221/2021 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqan hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli QƏRARİ-nın 17-ci bəndinə görə, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İşdən görünür ki, hazırkı iddianın qaldırılmasına əsas Şabran rayonunun Taxtalar Bələdiyyəsinin 17 yanvar 2013-cü il tarixli, 52 saylı qərarı ilə bələdiyyənin alqı-satqı predmeti olan 0,50 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə hərracda satılması, bu sahənin hərrac vasitəsilə Cavabdeh tərəfindən alınması və iddiaçının ehtimalına görə həmin sahənin ona məxsus torpaq sahəsilə kəsişməsi olmuşdur. Belə ki, iddiaçı iddia edir ki, cavabdehin adına verilmiş reyestrdən çıxarışda qeyd edilən 0,50 ha sahə AİK-in məlum qərarı ilə onun mərhum valideynlərinə verilmiş torpaq sahəsilə kəsişməkdədir və buna görə də DƏDRX tərəfindən cavabdehin adına verilmiş reyestrdən çıxarış etibarsız hesab edilməlidir, halbuki yuxarıda qeyd edilən normaların tələbinə əsasən bu mübahisənin həlli ümumi məhkəməyə deyil, inzibati məhkəməyə aiddir. Belə ki, iddiaçı cavabdehin adına verilmiş reyestrdən çıxarış üçün əsas olmuş bələdiyyə qərarını, eyni zamanda hərracən nəticələrini mübahisələndirmədən birbaşa bu hüquq müəyyənedici sənədlər əsasında verilmiş reyestrdən çıxarışı mübahisələndirmişdir. Buna baxmayaraq, Şabran Rayon Məhkəməsi səhvən ərizəni icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. AR MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Şabran Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(031)-221/2021 saylı qətnaməsi ləğv olunmalı, işin icraatına xitam verilməli, bununla belə iddiaçıya eyni əsasla Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(031)-221/2021 saylı qətnaməsi ləğv olunsun. Mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfə eyni əsasla Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2094/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2094/2021
10.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver