Məhkəmə qərarları › İş №2(105)-2110/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2110/2022

21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2110/2022 21.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Buba oğluna, Cavabdeh1 və Cavabdeh2 Rafik oğluna qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(067)-25/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafik oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh3 Buba oğlundan, Cavabdeh1, Cavabdeh2 Rafik oğlundan Quba rayonu İdrisi kəndində yerləşən ona məxsus bağ evinə vurduqları 6000 manat maddi, 2000 manat mənəvi və 2000 manat əldən çıxmış gəlirin, ümumilikdə 10000 manat zərərin əvəzinin müştərək qaydada tutularaq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Quba rayonu İdrisi kəndində yerləşən ona məxsus bağ evinin 3 ədəd qapısını, 2 ədəd plastik pəncərəsini, 1 ədəd işlək Panasonic markalı televizoru, 1 ədəd DVD aparatını, 1 ədəd taxta materialı şabalıdı rəngli çarpayı, 1 ədəd şabalıdı rəngli paltar rəfi, 1 ədəd odun sobası, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd ofis oturacağı, 1 ədəd qəhvəyi rəngli taxta materiallı masa və 6 ədəd oturacaqlar, eyvanda yerləşən tavan və otaqların ümumilikdə 60 kv.metrlik ağ rəngli lambiri, 50 kv.metrlik taxta polu, 15 kv.metrlik hamam otağının kafel və avadanlıqlarını, həmçinin mətbəx otağının kafel və avadanlıqları, evin dam örtüyünün yarısını (andulin materialından) onun xəbəri və razılığı olmadan söküb aparmışlar və evini yararsız hala salaraq ona 6000 manat məbləğində maddi və 2000 manat məbləğində mənəvi zərər vurmuşlar. Cavabdehlər Quba rayon polis şöbəsində verdikləri izahatları ilə də təsdq edirlər ki, ona məxsus bağ evindən 3 ədəd qapı, 2 ədəd pəncərə, 1 masa, 1 odun sobası, 1 divan, 2 ədəd kreslo, 1 ədəd çarpayı, 1 ədəd paltar rəfini 28 avqust 2019cu il tarixdə öz avtomaşını ilə aparmışlar. Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(067)-25/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh3 Buba oğlundan, Cavabdeh1 və Cavabdeh2 Rafik oğlundan müştərək qaydada 3870 manat məbləğində pul və mənəvi zərərin dəyəri olan 100 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakim Anar Sadıqov) Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafik oğlu apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 və Cavabdeh2 Rafik oğlu apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, həmin torpaq sahəsini və evi iddiaçı onlara 100000 (yüz min) manata satmışdır. Sonradan iddiaçı torpaq sahəsini və evin sənədlərini düzəldə bilmədiyindən aralarında mübahisə yaranmışdır. Həmin 100000 (yüz min) manat pulu iddiaçıdan istəmişlər, iddiaçı pulu qaytarmamış, ona görə də 100000 (yüz min) manat pulla bağlı Xaçmaz Rayon Məhkəməsində borc tələbinə dair iddia qaldırmışlar. Belə ki, sözü gedən ev iddiaçının mülkiyyətində deyildir. Oranı 2015-ci ildə şifahi olaraq almışlar və həmin evdə 3 ilə yaxın çobanları yaşamışlar. Xaçmaz Rayon Məhkəməsində borc tələbinə dair iddia qaldıranda həmin çobanlar məhkəməyə gələrək şahid qismində öz izahatlarını da vermişlər. Lakin iddia təmin olunmamışdır. Bu barədə məhkəmə iclas zalında məhkəməyə bildirmişdir. Ondan da əlavə məhkəmə sözlərinə məhəl qoymayaraq işi ekspertizaya göndərmişdir. Ekspert həmin əşyalara baxmamış, özündən smetaya uyğun rəy vermişdir. Məhkəmə prosessual hüquqlarını pozmuşdur. Tərəflərin izahatları: İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafik oğlu apellyasiya şikayətlərinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apelyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh3 Buba oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, Cavabdeh3 Buba oğlunun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(067)-25/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən müəyyən olunur ki, Quba rayonu İsnov bələdiyyəsinin qərarı ilə 2006-cı ildə Qasımqışlaq kənd ərazisində İddiaçı ayrılmış 2,0 ha torpaq sahəsi ilə qonşu olan torpaq sahəsində tikilmiş mübahisə predmeti olan evin torpaq sahəsi vahid elektron baza məlumatlarında olan yerquruluşu xəritələrinə əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisidir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2464 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Quba rayonu İsnov bələdiyyəsinin qərarı ilə 2006-cı ildə Qasımqışlaq kənd ərazisində İddiaçı ayrılmış 2,0 ha torpaq sahəsi ilə qonşu olan torpaq sahəsində tikilmiş mübahisə predmeti olan evin torpaq sahəsi vahid elektron baza məlumatlarında olan yerquruluşu xəritələrinə əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisidir. İş materiallarında olan Quba rayon Zərqava bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 28 nömrəli arayışından müəyyən olunur ki, Quba rayonu Zərqava bələdiyyəsinə aid torpaq sahəsində İddiaçı tərəfindən 2006-cı ildə bağ evi tikilmişdir. Həmin ildən tikili onun istifadəsindədir və İddiaçı aiddir. Quba rayon İsnov bələdiyyəsinin 03 saylı qərarı ilə Qasımqışlaq kənd ərazisində İddiaçı 2,0 hektar torpaq sahəsi satılmışdır. Sözügedən tikili 2,0 hektar sahəyə bitişik olan bələdiyyə torpağında tikilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8423 nömrəli ekspert rəyindən müəyyən olunur ki, iddia ərizəsində göstərilən əşyaların nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3870,0 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və iş materiallarında olan sənədlərə istinad etmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehlərin iddiaya etirazından görünür ki, 2012-2016-cı illərdə mübahisə predmeti olan əşyalar və onların yerləşdiyi bağ evi iddiaçının mülkiyyətində olmuşdur. Halhazırda həmin bağ evi ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. Bunu apellyasiya şikayətinin dəlilləri, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli qərarların məzmunu da təsdiq edir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Quba RPŞ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı Məhəmməd Gülmalıyevin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, cavabdehlərdən Cavabdeh1 Mirzəkişi oğlu izahatında göstərmişdir ki, 2016-cı ilin yanvar ayında Nəsrəddin adlı şəxsdən 150 ha qışlaq, 150 ha yay-otlaq sahəsi, dəmir torla çəpərlənmiş içərisində 250x450 kv.m olan sahəni və tikililəri qardaşı Vahid, şərikləri Arif və Natiqlə birlikdə almışlar. Həmin ev onlara məxsusdur, eləcə də ev yararsız və əlverişli vəziyyətdə olmadığı üçün evi boşaldaraq söküb fermaya yaxın yerdə tikmək niyyətindədirlər. yəni oradan 3 ədəd qapı, 2 ədəd pəncərə, 1 masa, 1 odun sobası, 1 divan, 2 ədəd kreslo, 1ədəd çarpayı, 1 ədəd paltar rəfi onlara məxsus əşyalardır və 28 avqust 2019-cu il tarixdə öz avtomaşını ilə aparmışlar. Qeyd olunan əşyaları o, Cavabdeh3 və Natik Məmmədovla birlikdə özünə məxsus “Ford-tranzit” markalı avtomaşınla təmir etmək üçün mebel təmiri sexinə aparmışlar. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, yaşayış evinin qapıları, pəncərələri, dam örtüyü, döşəmənin bir hissəsi sökülmüşdür. Göründüyü kimi, iş materiallarına əlavə olunmuş sənədlərlə həmin evin iddiaçı tərəfindən tikildiyi, onun istifadəsində olduğu, tərəflər arasında torpaq sahəsi ilə bağlı mübahisə olduğu, evin əşyalarının isə cavabdehlər tərəfindən aparıldığı təsdiqlənir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafik oğlunun apellyasiya şikayətləri təmin olunmasın. Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(067)-25/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar