Məhkəmə qərarları › İş №2(105)-2113/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2113/2022

03.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2113/2022 03.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Zəngilan Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(034)-244/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim G.İmanova) iddianın təmin edilməsi, Cavabdeh 3500 manat borc, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 8530 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizə vermişdir. Zəngilan Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadı ilə Cavabdeh Zəngilan Rayon Məhkəməsinin 15 oktyabr 2020-cı il tarixli 2(034)-244/2020 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qiyabi qətnamədən apellyasiya şikayəti vermişdir. Zəngilan Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən Zəngilan Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(034)-244/2020 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Zəngilan Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(034)-244/2020 saylı qərardadından cavabdehin nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 3500 manat borcun və 5000 manat mənəvi ziyanın, 1300 manat maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 9830 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdehdən onun xeyrinə 3500 manat borcun, 5000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Əhmədov X1 Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iş materiallarındanda göründüyü kimi məhkəmənin qiyabi qətnamənin ləğvi barədə ərizənin təmin edilməməsi barədə qərardad xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Qanunvericiliyə əsasən həmin qərardad rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində narazı qalan tərəfin şikayət vermək hüququ vardır. Yəni həmin qərardaddan xx.xx.2022-ci il tarixədək şikayət vermək hüququ olmuşdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi qiyabi qətnamədən tərəflər həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması üçün prosessual müddət ötdükdən sonra şikayət verilə bilər. Hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən şikayət vermək hüququ xx.xx.2022-ci il tarixədək olmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli və onunla bağlı 19 avqust 2022-ci il tarixli qərardadları ləğv edilməli, mülki iş MPM-nin 362-363-cü maddələrinin tələblərinə əməl edilməsi üçün Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, iddiaçılar cavabdehə qarşı uşaqla ünsiyyət hüququnun təmin edilməsindən ötrü məhkəməyə müraciət etmiş, iddia tələbi qismən təmin edilmiş, qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə, o cümlədən cavabdehin ünvan 1 ünvanına göndərilmiş, məktub “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək, qətnamənin surətini istəmiş, ərizənin surəti həmin gün onun nümayəndəsinə verilmiş, cavabdeh apellyasiya şikayətini xx.xx.2018-ci il tarixdə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən qanunvericiliklə işə qiyabi icraat qaydasında baxıla bilər. Qiyabi icraat qaydasında baxılarkən qəbul edilmiş məhkəmə aktı kimi qiyabi qətnamə qəbul edilir. Qiyabi qətnamənin ləğvi barədə narazı qalan şəxs ya 10 gün müddətində ərizə ilə müraciət edərək onun ləğv edilməsini arzulaya bilər, yaxud da ərizə verməməklə qiyabi qətnamədən apellyasiya şikayəti verə bilər. Cavabdehin qiyabi qətnamənin ləğvi barədə ərizəsi məhkəmənin 16 iyun 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, cavabdeh bu qərardaddan şikayət verməmiş, 25 iyul 2022-ci il tarixdə isə qiyabi qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi isə prosessual müddəti ötürdüyünü əsas gətirərək, apellyasiya şikayətinin geri qaytarılması qərara almışdır. Halbuki Mülki Prosessual Məcəllənin 253.3-cü maddəsinə görə qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilər. Göründüyü kimi qanunvericilik qiyabi icraat qaydasında qəbul edilmiş məhkəmə aktından şikayətin verilməsi müddətini ərizənin verilməsi ilə yanaşı ona baxılması müddəti ilə şərtləndirmişdir. Bura həmin ərizə üzrə məhkəmə qərardadının qüvvəyə minməsinə qədər olan müddət daxildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qiyabi qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülməmiş və bu prosessual müddətin bərpasına dair cavabdehin üzərinə ərizə verməsi vəzifəsi qoyula bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli və onunla bağlı 19 avqust 2022-ci il tarixli qərardadları ləğv edilməli, məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli və onunla bağlı 19 avqust 2022-ci il tarixli qərardadları ləğv edilsin. Məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar