Məhkəmə qərarları › İş №2(105)-2117/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2117/2021

11.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2117/2021 11.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarsı cavabdehin adına olan RX ******* saylı, 03 aprel 2015-ci il tarixli və RX ******* saylı, 02 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, e-2(026)-193/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarsı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan RX ******* saylı, 03 aprel 2015-ci il tarixli və RX ******* saylı, 02 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (vəkili və nümayəndəsi X12) məhkəməyə iddianın təmin tədbiri barədə ərizə verərək, məhkəmə araşdırılması yekunlaşdırılana qədər Cavabdeh adına olan RX ******* saylı, 03 aprel 2015-ci il tarixli çıxarışa əsasən torpaq sahəsinin və RX ******* saylı, 02 noyabr 2017-ci il tarixli reyetsrdən çıxarışlara əsasən qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə birlikdə 02 may 2002-ci il tarixdə X3 Qobustan rayonu Nərimankənd kəndində yerləşən 36,7 kvadrat metr torpaq sahəsində yerləşən 142 saylı yanacaqdoldurma məntəqəsini alqı-satqı müqaviləsi yolu ilə almışlar. Həmin məntəqəyə görə tərəflər yetmiş milyon manat vəsait ödəmişlər. Bunun əsasında Şamaxı Rayonlararası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 08 avqus 2003-cü il tarixdə 143 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, tərəflər qeyd olunan 142 saylı yanacaqdoldurma məntəqəsini işlətmək üçün tam ortaqlı "T.E.K.O." firmasını Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirmişlər. Cavabdeh özünü direktor təyin edərək məntəqəni işlətməyə başlamışdır. Cavabdeh hər dəfə bu illər ərzində güya heç bir qazanc əld etməməsini dəfələrlə ona bildirmişdir. Müvafiq dövlət orqanlarına müraciətləri nəticəsində cavabdehin qanunsuz şəkildə qeyd olunan məntəqəyə və onun altında yerləşən torpağa dair öz adına çıxarış alması məlum olmuşdur. Hazırki iş üzrə Cavabdeh hələ 2013-cü il tarixdə Sumqayıt İnzibati-İqtisadı Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Qobustan rayon Nərimankənd bələdiyyəsinin 05 may 2005-ci il tarixli qərarı ilə ona satılmış 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınması və ona reyestrdən çıxarışın verilməsini xahiş etmiş və iddia təmin edilmiş, cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsi Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin qərarını dəyişdirmədən saxlamış, daha sonra cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş və Ali Məhkəmə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Bunun əsasında Cavabdeh Qobustan şəhəri, Bakı-Quba yolunun 85-ci km-də yerləşən həmin YDM-nin altındakı 0,20 ha torpağa dair DƏDRX-nin RX ******* saylı çıxarışını 03 aprel 2015-ci il tarixdə almışdır. Daha sonra torpağın üstündəki 34,8 kvadratmetr qeyri-yaşayış binasına 02 noyabr 2017-ci il tarixdə RX ******* saylı çıxarışını öz adına almışdır, halbuki həmin qeyriyaşayış sahəsinə dair onların adına qeydiyyat vəsiqəsi vardır. Qeydiyyat vəsiqəsi olduğu halda, yenidən həmin əmlaka dair cavabdehin tək öz adına çıxarışı hansı əsasla alması ona məlum deyildir. 06 oktyabr 2016-ci il tarixdə Qobustan RİHB-nin memarlıq və tikinti şöbəsinin müdiri, Qobustan Bələdiyyəsinin sədri, ƏMDK-nin 16 saylı ərazi şöbəsinin müdiri, DƏDRXnin 14 saylı ərazi şöbəsinin müdiri və Cavabdeh iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş, ASPOS istinad şəbəkəsi vasitəsilə torpaq sahəsinin faktiki kordinatları dəqiqləşdirilmiş və məlum olmuşdur ki, YDM-nin altındakı torpaq sahəsinə keçmiş DT və XK tərəfindən tərtib olunmuş A401761 saylı plan və ölçüdə qeyd olunan kordinatlar, faktiki kordinatlardan fərqlidir. Haqlı olaraq hələ 10 iyul 2013-cü il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iclasda iştirak etmiş DƏDRX-nin Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Bakı-Qazax yolunun 85-ci km-də yerləşən YDM-nin tikintisinə 0,20 ha torpaq sahəsi Qobustan rayon X8 53 saylı, 30 sentyabr 1994-cü il tarixli qərarı ilə ayrılmış və həmin məntəqə Bakı Neft Bazasının balansında olmuşdur. YDM dövlət mülkiyyətində olması ƏMDK tərəfindən özəlləşdirilən əmlakların siyahısına daxil edilmiş və 15 aprel 2002-ci il tarixdə X5 tərəfindən özəlləşdirilmişdir. 02 may 2002-ci il tarixth isə alqı-satqı yolu ilə İddiaçı və Cavabdeh tərəfindən alınmışdır. Torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi zamanı 142 saylı YDM-nin faktiki istifadəsində olan 0,28 ha torpaq sahəsi Dövlət Komitəsinə təqdim olunmuş və hal hazırda həmin torpaq sahəsi elektron baza xəritəsində dövlət mülkiyyəti kimi əks olunmuşdur. Lakin Cavabdeh YDM-nin yerləşdiyi torpaq sahəsini Qobustan rayonu, Nərimankənd Bələdiyyəsindən satın almışdır. Bundan başqa, torpaqayırma sənədləri araşdırılarkən məlum olmuşdur ki, Qobustan Bələdiyyəsi tərəfindən torpaq sahəsinin alqısatqısına dair sənədlər düzgün tərtib edilməmişdir. Sənədlərin tarixlərində və məzmunlarında ziddiyyətlər vardır. Belə ki, Qobustan rayonu Nərimankənd bələdiyyəsinin Mərəzə bələdiyyəsi ilə 2008-ci il tarixdə birləşməsi nəticəsində Qobustan bələdiyyəsinin yaranmasına baxmayaraq Nərimankənd bələdiyyəsinin 05 may 2005-ci il tarixli, 05 saylı qərarından çıxarışına Qobustan bələdiyyəsinin möhürü vurulmuşdur. Bələdiyyə torpaqlarının ayrılmasına dair qərar DT və XK-nin yerli qurumlarının hazırladığı müvafiq sənədlər əsasında verilir. Torpağın ayrılmasına dair rəy Cavabdeh DT və XK-nin Qobustan rayon Şöbəsi tərəfindən bələdiyyə qərarından 7 il sonra, 04 iyun 2012-ci ıl tarixdə verilmişdir. Ona görə də, DƏDRX-in Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X6 iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə əsassız olaraq dövlətə məxsus olan torpağa dair çıxarışın verilməsi tələbinə dair Cavabdeh iddiasını təmin etmişdir. Halbuki, DƏDRX-nin Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X6 ifadəsində onu da qeyd etmişdir ki, torpağın üzərindəki YDM-nin iki mülkiyyətçisi vardır. Lakin məhkəmələr nədənsə qeyd olunan faktları güya görməmişlər və nəticədə iddiaçının konstitusion - mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh tərəf, Qobustan Bələdiyyəsi, DT və XK-nin yerli torpaq şöbəsi əlbir olaraq guya Nərimankənd Bələdiyyəsinin 05 may 2005-ci il tarixli, 05 saylı qərarına istinad edərək Qobustan bələdiyyə ərazisində 0,20 ha torpaq sahəsinin satılmasına dair akt qəbul etmişlər və müvafiq rəylər cavabdehin xeyrinə alınmışdır. Hətta DT və XK-nin Qobustan rayon Şöbəsi 04 iyun 2012-ci il tarixli rəyini möhkəmləndirmək üçün guya Cavabdeh YDM-nin altında olan torpaq sahəsindən 1994-cü ildən istifadə etməsini göstərmişdir. Halbuki, həmin YDM-ni tərəflər 2002-ci ildə alqı-satqı müqaviləsi əsasında X1 almışlar. Alqı-satqı tarixinədək başqasının mülkiyyətində olmuş YDM-nin altındakı torpaq sahəsini Cavabdeh necə 1994-cü ildən istifadə edə bilərdi? Müvafiq sənədləşmələrdə iştirak edən dövlət orqanları qanunsuzluqlara yol vermiş və nəticədə birgə mülkiyyətçilərdən biri İddiaçı hüquqları pozulmuşdur.Ona görə də məhkəmə araşdırılması yekunlaşdırılana qədər Cavabdeh adına olan RX ******* saylı, 03 aprel 2015-ci il tarixli çıxarışa əsasən torpaq sahəsinin və RX ******* saylı, 02 noyabr 2017-ci il tarixli çıxarışa əsasən qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinin qadağan olunmasını xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, e-2(026)-193/2021 saylı qərardadı ilə iddianın təmini barədə ərizə təmin edilmiş, Cavabdeh adına olan RX ******* saylı, 03 aprel 2015-ci il tarixli çıxarışa əsasən torpaq sahəsinin və RX ******* saylı, 02 noyabr 2017-ci il tarixli çıxarışa əsasən qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi qadağan olunmuşdur. (hakim M.Quliyev) Qərardaddan Cavabdeh şikayət verərək, Qobustan Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, e-2(026)-193/2021 saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, e-2(026)-193/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət bununla əsaslandırılmışdır ki, Qobustan Rayon Məhkəməsinin 2(026)- 193/2021 saylı 30 aprel 2021-ci il tarixli qərardadı ilə mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Qərardadın çıxarılmasına səbəb İddiaçı ona qarşı reyestrdən çıxarışın ləğvi ilə bağlı məhkəmədə iddia qaldırılması olmuşdur. ünvan 1 ünvanında yerləşən, iddia ərizəsində qeyd edilən onun və İddiaçı 2003-cü ildə birgə satın aldıqları 36,7 kv.metr tikili altı torpaq sahəsində yerləşən (o cümlədən 22,4 kv.metr əsas və 3,4 kv.metr yardımçı sahədən ibarət iki otaqlı, bir mərtəbəli bina) 142 saylı yanacaq doldurma məntəqəsi, mülkiyyət hüquqları əsasında bərabər payla ikisinə məxsusdur. Həmin yanacaq doldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsi isə özəlləşdirilmədiyindən dövlətə məxsusdur. Qərardadla üzərinə qadağa qoyulmuş 0,20 ha torpaq sahəsi və onun üzərində tikilmiş 34,8 kv.metrlik birmərtəbəli bina mülkiyyət hüquqları əsasında ona məxsusdur. O, 0,20 ha torpaq sahəsi bələdiyyədən əldə edilmiş, daha sonra da üzərindəki bina və yeni yanacaq doldurma məntəqəsini inşa edilmişdir. Onların birgə satın aldıqları mübahisəli 142 saylı yanacaq doldurma məntəqəsi və onun yerləşdiyi torpaq sahəsi, ona məxsus 0,20 ha digər torpaq sahəsi və üzərində inşa etdiyi tikililər eyni olmayıb, bir mərz boyu bitişik olan ayrı-ayrı daşınmaz əmlaklardır. Bu qeyd olunan halın müəyyən edilməsi ilə bağlı artıq məhkəmələrin qanuni qüvvəsində olan qərarları mövcuddur. Qərardadla sərəncamına qadağa qoyulmuş əmlakın, iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçı iddianı təmini ilə bağlı ərizəsi yalnız onun hüququnun pozulmasını baxımından həyata keçirilə bilər. İddiaçı ona qarşı 115.375 ABŞ dolları borclu olduğu barədə Bakı Kommersiya Məhkəməsində pul tələbi barədə iddia qldırmışdır. Eyni zamanda, eyni məzmunlu ərizə verərək, iddianın təmin etmə tədbiri kimi Bakı-Şamaxı şosessi 85-ci km yerləşən mülkiyyətində olan əmlakların üzərinə həbs qoymaqla, özgəninkiləşdirilməsinin qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Daha sonra da Bakı Apelyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı məqəsdi, ona məxsus əmlakların üzərində qanuni hüquqlarının həyata keçirilməsinə qəsdən maneçilik törətməkdir. Onun iddia tələbinin mahiyyətinə görə qərardadla məhdudlaşdırılan hüququn aid olduğu əmlaka heç bir aidiyyəti yoxdur və bununla bağlı iddiaçı ərizəsində əsaslar göstərə bilməmişdir. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizə təqdim etmiş iddiaçı bu tədbir görülmədiyi halda qətnamənin icrasının hansı səbəbdən mümkün olmayacağını və ya çətinləşəcəyini əsaslandırmağa borcludur, iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olmalıdır, iddia tələbinə qeyri-mütənasib olan hər hansı iddianı təmin etmə tədbiri görülməsi qanunsuzdur. Göstərilənlərə əsasən Qobustan Rayon Məhkəməsinin 2(026)-193/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməli, ona məxsus əmlaklarının üzərinə qadağa qoyulması ilə bağlı İddiaçı ərizəsinin rədd edilməsinə dair qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianın təmini tədbiri barədə ərizənin əsaslı olduğunu və bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qobustan Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, e-2(026)- 193/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 157-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd olunan qanunun normasının təhlilindən aydın olur ki, iddianın təmin tədbiri qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılması-daha dəqiq desək-qətnamənin icrasını təmin etmək məqsədilə tətbiq edilir. Qanunverici, məhkəməyə, hələ yekun qərar qəbul etmədən çıxarılacaq məhkəmə qərarının icrasının mümkünlüyünü realizə etmək üçün belə bir hüquq vermişdir və belə bir hüququnun həyata keçirilməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında prosesin istənilən mərhələsində yol verilir. MPM-in 158.1-158.1.3-cü maddələrinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. İşdən görünür ki, iddiaçı tərəf iddianın təmini tədbiri barədə ərizə verərək hazırda alqısatqı müqaviləsinin predmeti ola biləcək, əvvəllər isə tərəflərin mülkiyyətində olduğu iddia edilən daşınmaz əmlakların özgəninkiləşdirilməsi ilə əlaqədar müəyyən hərəkətlərin edilməsi barədə qadağa qoyulmasını xahiş edir. Yuxarıda qeyd olunan hüquq normalarına əsasən, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddianın təmini tədbiri biləvasitə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədi daşıyır. İddianın mahiyyətindən görünür ki, İddiaçı vaxtilə tərəflərin satın aldıqları, hazırda isə RX ******* saylı, 03 aprel 2015-ci il tarixli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsinin və RX ******* saylı, 02 noyabr 2017-ci il tarixli çıxarışa əsasən qeyri-yaşayış binasının hüquq müəyyənedici sənədlərinin ləğv edilməsini tələb edir. Bu əmlaklar isə cavabdeh tərəfindən istənilən vaxt özgəninkiləşdirilə bilər və mülki dövriyyəyə vicdanlı alıcı girə bilər, yəni ərizənin təmin edilməməsi mübahisə üzrə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə və ya mümkünsüz edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin tədbirinin görülməsi iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmışdır və bu ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanunidir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddianın təmini tədbiri barədə ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, e-2(026)-193/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar