Məhkəmə qərarları › İş №2(105)-2123/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2123/2022

13.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2123/2022 13.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X2, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın evdən çıxarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(067)- 626/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(067)-626/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim A.Sadıqov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlərə məxsus olan əmlaklar – 10 ədəd plastik işlənmiş qapının, 1 ədəd qara rəngli «Niva» markalı avtomaşın kuzasının, 1 ədəd işlənmiş dəmir qapının, 1 ədəd yararsız yaşıl rəngli şkaf dəstinin, 1 ədəd yararsız tumbanın, 1 ədəd yararsız şüşəli bir ayağı olmayan curnal stolunun, 2 ədəd xalçanın, 1 ədəd köhnə divanın, 1 ədəd boz rəngli yararsız qab yığmaq üçün şkafın, 1 ədəd yaşıl rəngli kompyuter masasının, 2 ədəd stenka mebelin, 2 ədəd stulun, 1 ədəd pərdənin, stenkanın içində olan qabların, 1 ədəd karobkanın içində 6 dənəli armudu stəkanın, çay servizlərinin, mürəbbə qablarının, aş servizinin ona məxsus Xaçmaz rayonu X11 kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və ödənilmiş 200 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslanmışdır ki, yaşadığı ev iddiaçıya məxsusdur. Onun evində cavabdehlərə məxsus əmlaklar var. Cavabdehlərlə yaxın qohumdurlar. Dəfələrlə cavabdehlərə bildirmişdir ki, gəlib əmlaklarını aparsınlar. Cavabdehlər ona qərəzli olaraq aparmayacaqlarını, yəni onlara məxsus olan əmlaklarını onun evindən çıxarmayacaqlarını bildirmişlər. O özünə məxsus əmlaklarını öz evinə yığa bilmir, cavabdehlərin köhnə yararsız əmlaklarına görə onun əmlaklarına yer yoxdur. Cavabdehlərə məxsus əmlaklar ona evdə maneçilik törədir. Hesab edir ki, cavabdehlərin bu cür etinasız davranışları nəticəsində o öz əmlakından sərbəst, öz iradəsinə uyğun istifadə edə bilmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara doğru qiymət verməmiş, düzgün maddi hüquq normalarına istinad etməmiş və bununla da əsassız qətnamə qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının istifadəsində olan fərdi yaşayış evində istifadə hüquqları olduğundan və həmin evdən istifadə hüquqlarına xitam verilmədiyindən iddia tələbi təmin oluna bilməz. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə tamamilə əsassızdır. Məhkəmə işə baxarkən cavabdehin heç bir sübuta və dəlilə söykənməyən ifadəsinə üstünlük verərək onun mülkiyyət hüququmun məhdudlaşdırılması barədə qətnamə çıxarmışdır. Həmçinin məhkəmə cavabdehlərin özlərinə məxsus evlərinin olmasını, həmin əlmakların faktiki olaraq istifadəyə yararsız olmasını nəzərə almamışdır. Bütün bunlar məhkəmə qətnaməsinin qanunsuz və əsassız olmasını deməyə əsas verir. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Sadalanan hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya baxışı zamanı İddiaçı, eləcə də onun nümayəndəsi və vəkili X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili X4 əlavə olaraq bildirdi ki, mübahisəli əmlakların yerləşdiyi ev tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlərin həmin evə dair hər hansı hüquqları mövcud deyildir. Cavabdehlər mübahisəli mənzildə yaşamırlar. Belə olan halda onlara məxsus əmlakların iddiaçının mülkiyyətində olan evdə qalması qanunsuz olmaqla bərabər, həm də onun mülkiyyətinə müdaxilə hesab edilir. Odur ki, qətnamə ləğv olunmalı, iddia təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Əlavə etdi ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi islahat zamanı onun nənəsinə verilmişdir. Hazırkı mübahisəli ev onun mərhum atası tərəfindən 1992-ci ildə tikilmişdir. İddiaçı onun əmisidir. Onun atası vəfat etdikdən sonra ona məlum olmayan formada həmin evə dair iddiaçı vərəsəlik şəhadətnaməsi əldə etmiş və evə dair hüquqlarını rəsmiləşdirmişdir. İddiaçının atasından ona qalan evlə hazırkı mübahisəli ev ayrı-ayrı evlər olmaqla, bir-birindən 200 metr məsafədə yerləşir. Mübahisələndirilən ev cavabdehin atası tərəfindən tikilmiş evdir. Hazırda o başqa yerdə yaşasa da, onun mübahisəli evdən istifadə hüququ mövcuddur. Bu səbəbdən iddianı əsassız hesab edir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, o, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını və işin faktiki hallarını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan ********** qeydiyyat nömrəli, **********56- 10301 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu X11 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,9 kv.metr olan fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 100 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-992/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, mərhum X1 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən, JN-049B seriyalı 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edildiyi müəyyən edilmişdir. Mülki iş materiallarında olan AZE ******** seriyalı və AZE 0******* seriyalı şəxsiyyət vəsiqələrindən görünür ki, uyğun olaraq Cavabdeh1 və Ağayev X6 şəhəri, Y.Şahbazov küçəsi, ev 12 ünvanında qeydiyyatdadırlar. Yenə işə əlavə edilmiş Xaçmaz Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.1988-ci il təvəllüdlü Ağayev X7 şəhəri, Y.Şahbazov küçəsi, ev 12 ünvanında qeydiyyatdadırlar. İşə əlavə edilmiş Xaçmaz rayonu X11 Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışında qeyd olunur ki, İddiaçı məxsus olan Xaçmaz rayonu X11 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,9 kv.metr olan fərdi yaşayış evində sonuncu yalnız yaşayır. Ondan başqa həmin evdə heç kəs yaşamır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın evdən çıxarılması tələbi üzrə mübahisə ilə əlaqədar xx.xx.2021-ci il tarixində mediasiya prosesi təyin edilmişdir. Cavabdeh1 və Cavabdeh2 mediasiya prosesində iştirak etməmişlər. İddiaçı isə mediasiya prosesində iştirak etmiş və 200 manat məbləğində mediasiya xərci ödəmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(067)-626/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia ərizəsi təmin olunmalıdır. Məhkəmə iddianı rədd edərkən cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının mövcud olmasına, buna görə də onlara məxsus əmlakların bu mənzildən çıxarılmasının qanunsuz olmasına istinad etmişdir. Məhkəmə gəldiyi nəticəni tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsi və qüvvədə olan Mülki Məcəllənin 228.2, 146.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan apellyasiya kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında müəyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.5-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Hər şeydən əvvəl mübahisəli əmlakların yerləşdiyi Xaçmaz rayonu X11 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,9 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş üzrə tərəflər yaxın qohumluq münasibətləri olan şəxslərdir. Cavabdehlər iddiaçıya məxsus evdə yaşamırlar və onların ayrıca yaşayış yerləri mövcuddur. Bu barədə sübutlar iş materiallarına əlavə edilmişdir. Habelə məhkəmə iclasında iştirak edən Cavabdeh1 bu halı öz izahatında təstiq etmişdir. İddiaçı hazırda cavabdehlərə məxsus olan əmlakların ona məxsus evdən çıxarılmasını tələb edir. Cavabdeh1 isə iddiaya etirazın dəlilləri kimi mübahisəli mənzilin onun atası tərəfindən tikildiyinə, bununla da həmin əmlakdan istifadə hüququnun mövcud olmasına istinad etsə də bu halları təstiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında yalnız mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair məhkəmə mübahisəsi olmuş və həmin iş üzrə yuxarıda qeyd olunduğu kimi iddia təmin olunmuşdur. Bundan əlavə cavabdehlərin mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun tanınması ilə bağlı hər hansı hərəkətinin olması barədə iş materiallarında sübut yoxdur. Eləcə də hazırkı mübahisə fərdi yaşayış evindən istifadə hüququnun tanınması ilə bağlı deyil, mülkiyyətdən sərbəst istifadəyə yaradılmış maneələrin aradan qaldırılması ilə bağlıdır. İş materiallarından görünür ki, Xaçmaz rayonu X11 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,9 kv.metr olan fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi İddiaçıdir və onun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınarkən həmin evə dair cavabdehlərin rəsmi reyestrdə qeydə alınmış heç bir hüququ olmamış, başqa sözlə ev iddiaçının mülkiyyətinə digər şəxslərin hüquqları ilə yüklənməmiş şəkildə keçmişdir. Hazırda o, məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus əşyalarının, evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya sadalanan hallar əsasında hazırkı formada iddia tələbini əsaslı hesab edir, birinci instansiya məhkəməsinin qeyd olunan əsaslarla iddianın rədd edilməsi qənaətini ağlabatan və ədalətli mühakimə hesab etmir. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yenə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. İşin tədqiq olunan hallarından göründüyü kimi iddiaçı özünə məxsus əmlaka maneəsiz sahiblik edə bilmədiyi kimi, ondan sərbəst istifadə də edə bilmir. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İstinad olunan maddi hüquq normalarından da göründüyü kimi mülkiyyət hüququ hər bir mülkiyyətçiyə münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Cavabdehlərə məxsus əmlakların mübahisəli evdə qalması isə həmin evin mülkiyyətçisi olan İddiaçı hüquqlarının pozulması mənasına gəlir və buna görə də onun iddiası təmin edilməlidir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iş materiallarından aydın olduğu kimi, cavabdehlərin, ayrıca yaşayış yerləri vardır. Yəni, digər səbəblərlə yanaşı, cavabdehlərə məxsus əşyaların iddiaçının evində qalmasına zərurət qalmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və hazırkı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(067)-626/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi ödənilmiş dövlət rüsumları cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(067)-626/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin olunsun. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və X5 məxsus olan əmlaklar – 10 ədəd plastik işlənmiş qapının, 1 ədəd qara rəngli «Niva» markalı avtomaşın kuzasının, 1 ədəd işlənmiş dəmir qapının, 1 ədəd yararsız yaşıl rəngli şkaf dəstinin, 1 ədəd yararsız tumbanın, 1 ədəd yararsız şüşəli bir ayağı olmayan curnal stolunun, 2 ədəd xalçanın, 1 ədəd köhnə divanın, 1 ədəd boz rəngli yararsız qab yığmaq üçün şkafın, 1 ədəd yaşıl rəngli kompyuter masasının, 2 ədəd stenka mebelin, 2 ədəd stulun, 1 ədəd pərdənin, stenkanın içində olan qabların, 1 ədəd karobkanın içində 6 dənəli armudu stəkanın, çay servizlərinin, mürəbbə qablarının, aş servizinin ona məxsus Xaçmaz rayonu X11 kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci, apellyasiya şikayətinin verilməsi ödənilmiş 50 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada alınaraq İddiaçı verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar