Məhkəmə qərarları › İş №2(105)-2124/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2124/2021

08.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2124/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Ərizəçi1 nümayəndəsi X8, X3 nümayəndəsi X4 və vəkili X5 iştirakları ilə açıq məhkəmə iclasında, Şabran Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsindən X3 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Teymur Qurbanov) Ərizəçi1 mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi ərizəsinə dair mülki iş üzrə ərizə təmin edilmiş, Şabran şəhər bələdiyyəsinin 31.05.2013-cü il tarixli, 05 saylı iclas protokolundan çıxarışa əsasən şəhərin 17-ci məhəllə adlanan yaşayış hissəsindən 400 kv.m torpaq sahəsinə məhkəmə qətnaməsinə əsasən Ərizəçi1 mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması və daşınmaz əmlaka mülkiyyət sənədinin verilməsi qət edilmiş, X6 qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında X3 nümayəndəsi X7 apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Ərizəçi1 nümayəndəsi X2 Ərrəhman Kamran oğlunun apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsini xahiş etdi. Ərizəçi1, maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi, X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ərizəçi və X6 məhkəmə iclasına gəlmədiklərindən, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin fikirlərini dinləyib, X3 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan X3 apellyasiya şikayətinə əlavə edilmiş 30.12.2016-cı il tarixli qəbzdən görünür ki, X6 tərəfindən “Azərbaycan Beynəlxalq Bank” açıq səhmdar cəmiyyətinin Şabran filialına 10,40 manat dövlət rüsumu ödənilmiş, qəbzdə rüsumun Şabran Rayon Məhkəməsinə ödənilməsi qeyd edilmişdir (İ/v-94). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş həmin məbləğ hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilməsi üçün ödənilməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 108.1.4-cü maddəsinə görə apellyasiya şikayətləri verildikdə, dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” qanunun 8.2.2-ci maddəsinin mənasına görə məhkəməyə verilən hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat dövlət rüsumu tutulur. Həmin qanunun 8.4.1-ci maddəsində göstərilir ki, apellyasiya və kassasiya şikayətlərinə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu tutulur. X6 qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş məbləğin 50 faizi miqdarında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən, X3 apellyasiya şikayətinə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməməsinə əhəmiyyət verməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası MPMnin 363.4-cü maddəsinin mənasına görə X6 göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən məhkəmə qətnaməsindən ümumi qaydada apellyasiya şikayəti vermək hüququna malikdirlər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, X3 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən mülki prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şabran Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsindən X3 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar