Məhkəmə qərarları › İş №2(105)-2138/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2138/2021

30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2138/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, İddiaçı, Cavabdeh1, nümayəndəsi və vəkili X7, Cavabdeh2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(060)-92/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(060)-92/2021 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tüstü bacasının təmir edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, vurulmuş maddi ziyanın əvəzi olaraq 307 (üç yüz yeddi) manat, mənəvi zərərə görə 100 (yüz) manat olmaqla, cəmi 407 (dörd yüz yeddi) manat pulun Cavabdeh1 tutularaq İddiaçı verilməsi, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 19-cu mənzilinə xidmət göstərən havatənzimləyicisinin, tüstü bacasının işlək vəziyyətə gətirilməsi məqsədilə Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 22-ci mənzilinin havalandırma sisteminin tutulmuş hissələrinin açılması vəzifəsinin Cavabdeh2 həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(060)-92/2021 saylı qətnaməsininin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 19-cu mənzili iddiaçıya və onun ailə üzvlərinə məxsusdur. Mənzilin üstündə (ikinci mərtəbədə) X4 ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh 2017-ci ildə yaşadığı mənzili təmir etdirən zaman qaz sobasının tüstü borusunu (bacasını), nəfəsliyi və havalandırma sistemini kərpic və suvaqla hörmüşdür. Nəticədə hamam otağında tüstü bacası və nəfəslik bağlandığından oradan istifadə edə bilmir. Hər dəfə yuyunmaq üçün hamamın qapısını, mənzilin bütün pəncərə və qapılarını açıq qoymalı olur ki, bu da onun və uşaqların tez-tez xəstələnməsinə səbəb olur. Cavabdehə etdiyi müraciətlər heç bir nəticə verməmişdir. Cavabdeh bildirmişdir ki, evini təzə təmir etdirib və hava bacasını aça bilməz. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mənzilinə 3000 manat maddi ziyan dəymişdir. Həmçinin onlar daim dəm qazından boğulmaq qorxusu altında yaşayır. Ona görə də, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 19-cu mənzilinə xidmət göstərən havatənzimləyicisinin, tüstü bacasının işlək vəziyyətdə təmin edilməsi məqsədilə hörülmüş və suvanmış hissələrinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehdən maddi zərərə görə 3000 manat, mənəvi zərərə görə 5000 manat olmaqla, cəmi 8000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 cavabdeh qismində tanınmış və işə cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 18 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 9.1, 9.3, 14.2, 77.1, 81.1, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili S.E.Qasımov və Cavabdeh2 apelyasiya şikatətinə etiraz edib, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 30/17-də yerləşən 19 saylı mənzil 23 avqust 2006-cı il tarixdə Hümbətov Canbulad Bahadur oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 13 mart 2014-cü il tarixli etibarnamə ilə Hümbətov Canbulad Bahadur oğlu Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 30/17-də yerləşən 19 saylı mənzilə sərəncam verməyi, satmağı və digər hüquqları İddiaçı etibar etmişdir. 1 saylı Mənzil Kommunal Sahəsinin 10.01.2020-ci il tarixli, 129 saylı arayışına əsasən İddiaçı 4 övladı ilə birlikdə Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 19-cu mənzildə yaşayır. 1 saylı Mənzil Kommunal Sahəsinin mühəndisi X1, sahə ustaları X8 və Səfərova Gülnarə ənvər qızı tərəfindən tərtib edilərək imzalanmış və həmin MKS-in möhürü ilə təsdiq edilmiş 10.01.2020-ci il tarixli, 130 saylı aktda göstərilmişdir ki, iddiaçının yaşadığı mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hamamın tüstü bacası, nəfəsliyi və bütün havalandırma bacası işləmir. Bunun üçün ustalara müraciət etmişlər. Usta tərəfindən bildirilmişdir ki, mənzilin havatəmizləyici baca 2-ci mərtəbədə yerləşən 22-ci mənzildə 2 il əvvəl aparılmış təmir və tikinti işləri nəticəsində tutulmuşdur. Sumqayıt Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti şöbəsinin böyük inspektoru, 1 saylı MKS-in sahə ustası və iddiaçı tərəfindən tərtib edilərək imzalanmış 12.12.2019-cu il tarixli aktda göstərilmişdir ki, mübahisəli mənzilin vanna otağına aşağıdan baxış keçirərkən havalandırma sisteminin yuxarıdan daş və suvaqla tutulduğu müəyyən edilmişdir. Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 06 fevral 2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 17/30-da yerləşən 22 saylı mənzil Cavabdeh1 mülkiyyətindədir, o, həmin mənzili Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2021-ci il tarixli, 10/3451 saylı ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 19-cu mənzilinin hamamının havalandırma bacasında hər hansı nasazlıq yoxdur. Lakin tüstü bacası kərpic materialı ilə hörüldüyündən tüstü bacasında nasazlıq mövcuddur. Həmin mənzilin hamamının tüstü bacasında, nəfəsliyində nasazlıq 22ci mənzilin havalandırma sistemində aparılmış təmir və tikinti işləri nəticəsində yaranmışdır. 19-cu mənzilin hamamının tüstü bacasında, nəfəsliyində və havalandırma sistemində yaranan nasazlıq nəticəsində həmin mənzilə ziyan dəydiyi müəyyən edilir. Həmin qüsurların aradan qaldırılması üçün görülməli olan işlərin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 307 manat məbləğində olduğu müəyən edilir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qmsində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, o Cavabdeh1 qudasıdır. İddiaçının mənzilində yaranmış problem barədə öyrənəndə o, MKS-in mühəndisi ilə birlikdə iddiaçının mənzilinə getmişlər. Həmin mənzilə yalnız bir dəfə daxil olaraq hamam otağına baxmışlar. Sonradan qayıdıb 22-ci mənzilə baxıb yenidən iddiaçının mənzilinə gəldikdə iddiaçı onları mənzilə buraxmamışdır. 22-ci mənzildə aparılmış təmirdə iştirak edən ustalar da həmin təmirin iddiaçının mənzilin havalandırma sisteminin tutulması ilə əlaqəsi olmadığını bildirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddia ərizəsinin maddi ziyan tələbi hissəsində qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 22-ci mənzili Cavabdeh1 mülkiyyətində olmuş və onun təırəfindən Cavabdeh2 satılmışdır. Həmin mənzil satılanadək Cavabdeh1 tərəfindən mənzilin havalandırma sistemində təmir işləri aparılmışdır ki, bu da iddiaçının yaşadığı 19 saylı mənzilin havalandırma sistemində nasazlıq yaranmasına və mənzilə ziyan dəyməsinə səbəb olmuşdur. İddiaçı maddi ziyan kimi iddia ərizəsində 3000 manat tələb etsə də, ekspert rəyində həmin məbləğ 307 manat məbləğində qeyd edildiyindən iddia tələbi həmin həcmdə təmin edilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı iddia tələbindən biri də, mənəvi zərərə görə 5000 manat pul tələbidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, hər bir şəxs əmlakının kənar təsirlərdən qorunması hüququna malikdir və onun əmlakına dəyən zərərin əvəzini zərərvurandan tələb edə bilər. Birinci instansiya məhkəməsi mənəvi ziyan tələbi ilə bağlı gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, Cavabdeh1 tərəfindən 22-ci mənzilin havalandırma sistemində aparılmış təmir tikinti işləri nəticəsində iddiaçıya məxsus mənzilin havalandırma sistemində nasazlıq yaranmış və onda müəyyən narahatlıqların yaranmasına, gündəlik həyat tərzinin müvəqqəti olaraq pozulmasına səbəb olmuşdur. Bu səbəbdən məhkəmə iddiaçıya dəymiş mənəvi zərəri 100 manat məbləğində müyyən edərək həmin məbləğin Cavabdeh1 tutulmalı olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin iddiaçıya münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə ona münsibətdə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmış və həmin rəy iş üzrə maddi sübut kimi işdə olan digər sənədlərə yanaşı tədqiq edilmişdir. Birinci instnansiya məhkəməsi iş üzrə ekspertiza tədqiqatına xərclənmiş 100 manat xərci iş üzrə yekun məhkəmə aktı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin tələbinə uyğun olaraq tutulub, müvafiq hesaba keçirilməsini təmin etməmişdir. Məhkəmə kollegiaysı hesab edir ki, bu hal aradan qaldırılıb, iddia ərizəsi qismən təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 86,44 manat hissəsi İddiaçı və 13,56 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(060)-92/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 86,44 manat hissəsi İddiaçı və 13,56 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar