Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-216/2022 14.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçılar İddiaçı1 və X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X4 cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə 1-ci növbə vərəsələrin və onlara miras əmlakdan çatası payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-3859/2021 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsibova Vəfa Vidadi qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-3859/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1 və X4 miras əmlakda, yəni 11000 manat bidəfəlik ödəmə üzərində hər birinin payı 1/3 hissədə müəyyən olunmuş, iddia qalan hissədə təmin edilməmişdir.(hakim Ə.Ələkbərov) Qətnamədən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsibova Vəfa Vidadi qızı apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı1 və X7 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat ofisində X8 vəfatı ilə bağlı açılmış vərəsəlik işi üzrə onların yəni, İddiaçı1, X4 və nəvələri X9 mərhumun 1-ci növbə qanun üzrə vərəsələri kimi tanınması və miras əmlak olan 11000 manat sığorta haqqı üzərində hər birinin payının 1/3 hissədə müəyyən olunması, bu qaydada qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbi bununla əsaslandırmışlar ki, övladları X16 hərbiçi olmaqla Azərbaycan Respublikası Milli Ordu sıralarında çavuş rütbəsində xidmət etmiş və 12.10.2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Vəfa Nəsibova Sumqayıt şəhər 1 saylı notariat ofisinə müraciət edərək qızı X23 vərəsəsi olmasının və bu səbəbdən də dövlət tərəfindən veriləcək 11.000 manat sığorta məbləği ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 2021-ci ilin mart ayının 16-da cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat ofisinin notariusu onu ofisə dəvət edərək bildirmişdir ki, keçmiş gəlini Vəfa Nəsibova öz adından ərizə verməklə o da oğlunun vərəsəsi olduğunu bəyan etmiş və onun da adının 1-ci növbə qanun üzrə vərəsələr siyahısına daxil edilməli olduğunu demişdir. O, cavabdehə 17.03.2021-ci il tarixdə ərizə verməklə vərəsəlik işinin dayandırılmasını, bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Vəfa Nəsibova onun mərhum oğlu Elmarın keçmiş həyat yoldaşıdır. Belə ki, onlar 2010-cu ildə ailə həyatı qurmuşlar və birgə nikahdan 09.04.2011-ci il təvəllüdlü X17 adlı bir uşaqları vardır. Ailə qurduqdan sonra, təxminən iki ilə yaxın müddətdə onlar onun mənzilində yaşamış, lakin Vəfa onlarla yola getmədiyi və həyat yoldaşı ilə tez-tez mübahisə etdiyi üçün kirayəyə çıxmışlar. 2017-ci ildə onların münasibətləri daha da pisləşmişdir və buna səbəb Vəfanın özünün razılığı ilə lombarda girov qoyulmuş üç adda qızıllarının borca görə lombardda batması olmuşdur. Qazax Rayon Məhkəməsinin 21.06.2019-cu il tarixli, 2(023)-148/2019 saylı qətnaməsi ilə X8 Nəsibova Vəfa Vidadi qızına qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, qarşı tərəfin iddiası da təmin olunmaqla oğlundan ümumi dəyəri 5270 manat dəyərində olan qızıl-zinət əşyalarının tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-641/2020 saylı, 13.01.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və qətnaməyə qızıl tələbi hissəsində dəyişiklik edilmiş, qətnamə qalan hissədə-nikahın pozulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. X35 bu dəfə qətnamənin qızıl-zinət əşyalarının tələbi hissəsini mübahisələndirməklə ondan kassasiya şikayəti vermiş, həmin məhkəmə prosesi pandemiya səbəbindən dəfələrlə təxirə salınmış və bu müddətdə Azərbaycan Respublikası Milli Ordusunun çavuşu olan oğlu Elmar 12.10.2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onlar kassasiya şikayətindən imtina etdikləri üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-40/2021 saylı, 18.02.2021-ci il tarixli qərarı ilə kassasiya icraatına xitam verilmişdir, yəni qətnamə kassasiya qaydasında baxılmamışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsibova Vəfa Vidadi qızı apellyasiya şikayəti verərək göstərmişdir ki, məhkəmə miras əmlakdakı payları düzgün müəyyən etməmiş, bununla bağlı ziddiyətli nəticəyə gəlmişdir. Miras payın 1/3 hissəsinin açıq saxlanılması nə qanuni, nə də təcrübə baxımından yol verilməzdir. Onun da miras əmlakdakı payının olmasını, mərhum əri Elmar Nəsibovla aralarında olan nikahın pozulmamasına, nikahın yalnız Elmar Nəsibov şəhid olduqdan sonra, ölüm əsası ilə xitam edilməsinə düzgün qiymət verməmişdir. Belə ki, iddia verməyə əsas kimi məhkəməyə təqdim edilmiş, guya onunla X16 arasındakı nikahın pozulmasını müəyyən edən Qazax Rayon Məhkəməsinin 2(023)-148/2019 saylı qətnaməsi hələ qanuni qüvvəyə minməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.02.2021-ci il tarixli qərarı ilə X8 ona qarşı Qazax Rayon Məhkəməsində qaldırdığı nikahın pozulmasına dair iş üzrə başlanılmış mülki işin və onun həmin iş üzrə verdiyi əmlak xarakterli qarşılıqlı iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. İşin icraatına bütünlükdə xitam verildiyindən Gəncə Apellyasiya Məhkəməsi və Qazax Rayon Məhkəməsi tərəfindən nikahın pozulması ilə bağlı qətnamədən çıxarış və ya digər sənəd Qeydiyyat Şöbəsinə təqdim edilməmişdir. O, heç bir məhkəmə qətnaməsi ilə Mülki Məcəllənin 1164-cü maddəsinə əsasən miras əmlakdan məhrum edilməmişdir. Belə olan halda, məhkəmənin onu vərəsə kimi qəbul etməməsi, onun mirasla bağlı mülkiyyət hüquqlarını pozması qanunsuzdur. Bundan başqa, o, mərhum Elmar Nəsibovun vərəsəsi kimi digər imtiyazlardan istifadə etmişdir və hazırda da edir. İşdən görünür ki, məhkəmə onun himayəsində olan azyaşlı qızını da mübahisə üzrə tərəf kimi cəlb etmiş, lakin onu uşağın qanuni qəyyumu kimi işə cəlb etməli olduğu halda, bunu etməmiş, mübahisə üzrə müvafiq İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının fikrini öyrənməmişdir. Bu hallara düzgün qiymət verilmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(060)-3859/2021 saylı qətnaməsi dəyişdirilməli, miras əmlak, yəni 11000 manat birdəfəlik ödəmə üzərində onun və azyaşlı qızı X9 miras payının müəyyən edilməsi, həmçinin onun və X9 X8 1-ci növbə qanun üzrə vərəsələri kimi tanınmaqları barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və X7 apellyasiya şikayətinə etiraz edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İş üzrə cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Nəsibova Vəfa Vidadi qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına təkrarən gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X18 arasında 01.10.2011-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1610 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Nəsibova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki Nəsibova Aylin 09.04.2010-cu ildə Qazax şəhərində doğulmuşdur. Şəxsiyyət vəsiqəsində onun atasının Nəsibov Elmar, anasının isə Quluyeva Vəfa olması qeyd edilmişdir. Yenə mülki işə əlavə edilmiş Beyləqan rayon qeydiyyat şöbəsinin verdiyi 28 oktyabr 2020-ci il tarixli, AZ-İİ 127197 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 12.10.2020-ci il tarixdə Füzuli rayonunda ölmüşdür. Ölümün səbəbi ürəyin travması, hərbi əməliyyatlar nəticəsində qəlpələrlə zədələnmələrdir. İş materiallarında olan 25.01.2021-ci il tarixli, 000812 və 000813 saylı vəsiqələrdən görünür ki, İddiaçı2 və İddiaçı1 şəhid ailəsi üzvüdürlər. Yenə iş materiallarında olan XX-ЖГ № 499359, 02.11.1987-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X16 19.09.1987-ci ildə anadan olmuşdur, atası X20, anası X5r. İşə əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 12 saylı Mənzil Kommunal Səhəsinin 29.03.2021-ci il tarixli aktından görünür ki, Nəsibova Vəfa Vidadi qızı 2013-cü ildən Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 26A/4 saylı evin 29 saylı mənzilində yaşamır. Qeyd olunanları 12 saylı MKS-nin sahə ustası X25, qonşular X15 və X12 öz imzaları ilə təsdiq etmişdir. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 12 saylı Mənzil Kommunal Səhəsinin 327 nömrəli arayışından görünür ki, Nəsibova Vəfa Vidadi qızı 2013-cü ildən Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 26A/4 saylı evin 29 saylı mənzilində yaşamır. Yenə işdə olan Sumqayıt şəhəri 1 saylı notariat ofisində imzalanmış 08.01.2021-ci il tarixli, **********711 saylı ərizədən görünür ki, Nəsibova Vəfa Vidadi qızı mirasın tərkibinə daxil olan 11.000 manat sığorta məbləğindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Sumqayıt şəhəri 1 saylı notariat ofisində imzalanmış 11.01.2021-ci il tarixli, **********170 və **********171 saylı ərizələrdən görünür ki, İddiaçı2 və İddiaçı1 mirasın tərkibinə daxil olan 11.000 manat sığorta məbləğinin onlara çatası hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Yenə işə əlavə edilmiş ünvan 1 ünvanlanmış 12.04.2021-ci il tarixli, 130 saylı məktubundan görünür ki, vərəsələr arasında mübahisə olması səbəbindən məhkəməyə müraciət edilmələri tövsiyyə edilməklə iş dayandırılmışdır. İşdə olan Qazax Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(023)-148/2019 saylı qətnaməsindən görünür ki, X2 Vəfa Vidadi qızına qarşı nikahın pozulması tələbi barədə ilk, Nəsibova Vəfa Vidadi qızı X13 qarşı qızıl-zinət əşyaları tələbi barədə qarşılıqlı iddia ilə Qazax Rayon Məhkəməsinə müraciət etmiş, ilk və qarşılıqlı iddia təmin olunmuş, X16 ilə Nəsibova Vəfa Vidadi qızı arasında bağlanmış 01 oktyabr 2011-ci il tarixli, 1610 nömrəli nikahın pozulması, 09.04.2010-cu il təvəllüdlü X9 Nəsibova Vəfa Vidadi qızının yanında qalması, X6 1000 manat dəyərində bir ədəd 750 əyarlı, çəkisi 6,5 qram olan brilliant qaşlı nişan üzüyü, 840 manat dəyərində 583 əyarlı, çəkisi 14 qram olan sadə qaşlı sırğa-üzük dəsti, 1900 manat dəyərində 583 əyarlı, çəkisi 32 qram olan kale-boyunbağı, 720 manat dəyərində 583 əyarlı, çəkisi 12 qram olan qaşlı kale-qolbağı, 270 manat dəyərində bir ədəd 583 əyarlı, çəkisi 4,5 qram olan sadə qaşlı üzük, 300 manat dəyərində bir ədəd 583 əyarlı, çəkisi 5 qram olan sadə qaşlı üzük, 300 manat dəyərində bir ədəd 583 əyarlı, çəkisi 4 qram olan sadə qaşlı üzük və ya əşyaların özləri olmadıqa onların dəyəri olan 5270 manat pulun alınıb Nəsibova Vəfa Vidadi qızına verilməsi qət edilmişdir. Yenə işdə olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-641/2020 saylı, 13.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, Qazax Rayon Məhkəməsinin 21.06.2019-cu il tarixli, 2(023)-148/2019 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, X6 alınmalı olan 840 manat dəyərində 583 əyarlı, çəkisi 14 qram olan sadə qaşlı sırğa-üzük dəstinin çəkisi və dəyəri, buna müvafiq olaraq da qızıl-zinət əşyalarının ümumi dəyəri hissəsində dəyişdirilərək, sırğa-üzük dəstinin çəkisi 9.1 qram, dəyəri 540 manat, qızıl-zinət əşyalarının ümumi dəyəri isə 4970 məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayəti qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-40/2021 saylı, 18.02.2021-ci il tarixli qərarından görünür ki, X8 hüquqi varisləri İddiaçı2 və İddiaçı1 Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 13.01.2020- ci il tarixli qətnaməsinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin tutulmasına dair hissələrindən verilmiş kassasiya şikayətindən imtina ərizəsi qəbul edilmiş, X8 hüquqi varisləri İddiaçı2 və İddiaçı1 münasibətdə hazırki iş üzrə kassasiya icraatına xitam verilmişdir. Yenə işə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 378164 saylı şəhadətnamənin surətindən görünür ki, X16 ilə Nəsibova Vəfa Vidadi qızı arasında olan nikaha Qazax Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən 29 iyul 2019-cu il tarixdə xitam verilmiş, bu barədə akt qeydləri kitabında 21 dekabr 2021-ci il tarixdə 98 saylı qeyd aparılmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmalıdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında mübahisə mərhum X8 İİ Qarabağ müharibəsində şəhid olması ilə əlaqədar ayrılmış və miras qalmış on bir min manat sığorta ödənişi üzrə vərəsələrin dairəsi və pay bölgüsü ilə bağlı yaranmışdır. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli l nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir. Birdəfəlik ödəmə 11.000 (on bir min) manat məbləğində müəyyənləşdirilmişdir. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. İddiaçılar iddia edirlər ki, onlar və mərhumun övladı X28 vərəsələridir. Nikahın pozulması barədə iddia qaldırıldığından və bu barədə məhkəmə qətnaməsi olduğundan onun keçmiş arvadı Vəfa Nəsibova isə vərəsə hesab olunmamaldır. Vəfa Nəsibova isə iddia edir ki, onların nikahlarının pozulması barədə məhkəmə aktı qanuni qüvvəsini almadığından o da mərhumun vərəsəsidir və miras payları müəyyən edilərkən övladı ilə yanaşı, o da nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçıların övladı X16 12.10.2020-ci ildə şəhid olmuşdur. Onunla Nəsibova Vəfa Vidadi qızı arasında 2010cu ildə nikah bağlanmış, 2010-cu ildə onların Aylin adlı uşaqları doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 21.06.2019-cu il tarixli qətnaməsi ilə X32 Nəsibovaya qarşı nikahın pozulmasına dair ilk, sonuncunun mərhuma qarşı əmlak tələbi barədə qarşılıqlı iddiası təmin olunmuş, E.Nəsibov qətnamənin qarşılıqlı iddianın təmin olunmuş hissəsini apellyasiya və kassasiya qaydasında mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsində şikayəti qismən təmin edilmiş, iş kassasiya baxışında olduğu zaman isə o, şəhid olmuşdur. Bundan sonra, E.Nəsibovun valideynləri hüquqi varis kimi tanınmış və onların şikayətdən imtina ərizəsinə əsasən kassasiya icraatına xitam verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 may 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 23.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozulduqda bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş saydır. Nikahın pozulması haqda məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi dedikdə, məhkəmənin işi mahiyyəti üzrə həll edərək qəbul etdiyi qərarın mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada (müddətlər çərçivəsində) hüquqi qüvvə əldə etməsi nəzərdə tutulur. Nikah qeydi ləğv edilməyincə, nikaha xitam verilməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə minməyincə və yaxud nikah etibarsız hesab edilməyincə nikahın həqiqiliyi prezumpsiyası qüvvədə olur. Nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Mülki Məcəllənin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda, məhrum edilə bilər. İş materiallarından görünür ki, V.Nəsibova birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün alimentin tutulması barədə iddia ilə 19 sentyabr 2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, o, məhkəmə iclasında əri ilə münasibətlərinin 3 ay olar ki pozulduğunu qeyd etmişdir. Beləliklə də, iş materiallarından görünür ki, V.Nəsibova ilə mərhum E.Nəsibov arasında ər-arvad münasibətləri faktiki olaraq 2018-ci ilin ortalarında pozulmuşdur. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, mərhum E.Nəsibov V.Nəsibova ilə olan nikahının pozulması barədə məhkəmədə iddia qaldırmış, bu hissədə iddia təmin edilmiş, lakin həmin məhkəmə aktı qanuni qüvvəsini almadan E.Nəsibov hərbi əməliyyatlar gedişində şəhid olmuşdur. Beləliklə də, işdən görünür ki, miras açılan zaman V.Nəsibova ilə E.Nəsibov arasındakı nikahın pozulması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmamış, eyni zamanda miras açılan zaman onlar arasında nikah münasibətlərinin faktiki pozulmasından 3 il müddət keçməmişdir. Belə olan təqdirdə isə, məhkəmə kollegiyası hesab edir ki, Vəfa Nəsibova da ərinin birinci növbə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. İş materiallarından görünür ki, mərhum E.Nəsibova görə ayrılmış 11000 manat sığorta ödənişindən ibarət miras üzrə onun birinci növbə vərəsələri-atası İddiaçı1, anası İddiaçı2, qızı Aylin Nəsibova və arvadı Vəfa Nəsibova vardır. Yuxarıda qeyd edilən normaların tələbinə görə bu ödəniş onlar arasında bərabər qaydada bölünməli, yəni hər birinin payı ¼ hissədə müəyyən edilməlidir. İşə baxan məhkəmə isə bu hallara düzgün qiymət verməmiş, mübahisə üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol verərək nikahın pozulması haqqında qanuni qüvvəsini almamış məhkəmə aktının olmasına əsaslanaraq V.Nəsibovanın mirasdan payını müəyyən etməmiş, bunun nəticəsində isə onun vərəsəlik hüququ pozulmuşdur. AR Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» 20 oktyabr 2011-ci il tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair» 13 dekabr 2011-ci il tarixli qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar qeyd etmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iş üzrə tərəflər, o cümlədən Vəfa Nəsibova vərəsəlik hüququ haqqında şəhadətnamənin əldə edilməsi üçün 08.01.2021-ci il və 11.01.2021-ci il tarixlərində, yəni qanunda nəzərdə tutulmuş müddət ərzində müvafiq notariat orqanına müraciət etmişlər. Bununla belə, birinci instansiya məhkəməsi miras üzrə vərəsələrin dairəsini müəyyən edərkən səhvə yol vermiş, bunun nəticəsində isə vərəslərdən V.Nəsibova ona çatası mirasdan faktiki olaraq məhrum olmuşdur, bu isə yuxarıda qeyd edilən normalara, həmçinin Konstitusiyaya ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Yuxarıda qeyd edildiyi kimi iddiaçılar Sumqayıt şəhər 1 saylı Notariat ofisində X8 vəfatı ilə bağlı açılmış vərəsəlik işi üzrə onların yəni, İddiaçı1, X4 və nəvələri X9 mərhumun 1-ci növbə qanun üzrə vərəsələri kimi tanınması və miras əmlak olan 11000 manat sığorta haqqı üzərində hər birinin payının 1/3 hissədə müəyyən olunması, bu qaydada qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi istər iddiaçıların və azyaşlı Aylinin 1-ci növbə vərəsə olması mübahisə predmeti deyildir. Eləcə də, onlara vərəsəlik şəhadətnaməsinin verilməsi mübahisə predmeti olmamışdır. Notarius şəhadətnamə verməkdən imtina etməmiş, yalnız vərəsələr arasında vərəsələrin dairəsi və buna uyğun pay bölgüsü ilə mübahisə olduğu üçün icratı dayandırmışdır. Başqa sözlə, mübahisə yalnız vərəsələrin dairəsi, buna uyğun payların miqdarı ilə bağlıdır. Qeyd edildiyi kimi, iddiaçılar Vəfa Nəsibovanı vərəsə kimi qəbul etmir və ona görə də ödəniləcək sığorta haqqı üzərində payların 3 nəfər arasında 1/3 hissədə müəyyən edilməsini xahiş edirlər. Vəfa Nəsibova isə özünün də 1-ci növbədə vərəsə olması əsası ilə pay bölgüsündə iştirak tələb edir. Vəfa Nəsibova bu barədə ayrıca tələb irəli sürməsə də, məhkəmə kollegiyası hesab edir ki, hər bir halda mübahisə onunla pay bölgüsü ilə bağlıdır və buna görə də 11000 manat sığorta haqqında onun və azyaşlı övladının da payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası daha öncə 11000 manat sığorta haqqı üzrə vərəsələrin dairəsi və pay bölgüsü barədə hüquqi mövqeyini şərh etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki halda heç bir mübahisə olmadığı üçün iddiaçıların və azyaşlı Aylinin 1-ci növbə vərəsə kimi tanınması və eləcə də, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariusun üzərinə qoyulmasına dair iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilsələr də, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, əsaslı hüquqi nəticəyə gəlməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı1, X4, Nəsibova Vəfa Vidadi qızının və X9 miras əmlakda, yəni 11000 manat bidəfəlik ödəmə üzərində hər birinin payı 1/4 hissədə müəyyən olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)- 3859/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. X3 ölümünə görə müəyyən edilmiş 11000 (on bir min) manat bidəfəlik sığorta ödənişi üzərində vərəsələri İddiaçı1, X4, Nəsibova Vəfa Vidadi qızının və X9 hər birinin payı 1/4 hissədə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-216/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-216/2022
14.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver