Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2160/2023 15.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6698/2023 nömrəli qərardadından iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı icarə haqqı üzrə borcun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6698/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim Elmir Hüseynov). İddiaçı Sumqayıt Bələdiyyəsi qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq ərizəni geri qaytarmışdır. Belə ki, məhkəmənin öz qərardadında iddia ərizəsinin geri qaytarılması üçün qeyd etdiyi əsas, yəni Cavabdeh eyniləşdirmə məlumatlarının (şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin) göstərilməməsi kimi dəlilləri sadalanan prosessual hüquq normasına əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsas sayıla bilməz. Qanunverici həmin məlumatların iddia ərizəsində mütləq şəkildə qeyd edilməsini deyil, bu barədə məlumat olduğu halda göstərilməsini müəyyən etmişdir. Həmin məlumatların tərəfimizdən əldə edilməsi mümkün olmadığı üçün cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nöməsi iddia ərizəsində qeyd edilməmişdir. Birinci instansiyası məhkəməsi sadalanan prosessual hüquq normasını düzgün tətbiq və təfsir etməmişdir. Nəzərə alınsa ki, məhkəmənin özü cavabdehin eyniləşdirmə məlumatlarını əldə etmək üçün kifayət qədər texniki imkanlara və müvafiq səlahiyyətlərə malikdir, məhkəmənin bu əsasla iddia ərizəsini geri qaytarması anlaşılmazdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6698/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 6698/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 149.2, 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 152.1, 152.1.1 maddəsinə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından aydın olur ki, iddiaçı mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbinə əməl etməmiş, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini geri qaytarmışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehin eyniləşdirmə məlumatları iddia ərizəsində göstərilməmiş, cavabdeh qismində Cavabdeh göstərilsə də onun eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qanunverici məlumatların iddia ərizəsində mütləq şəkildə qeyd edilməsini deyil, bu barədə məlumat olduğu halda göstərilməsini müəyyən etməsinə istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində cavabdehin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yerin göstərilməsi imperativ qaydada müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsi və ona əlavə olunan sənədləri geri qaytarmışdır. Azərbaycan Respublikası MPM-nin 398.0, 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6698/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2160/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2160/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver