Məhkəmə qərarları › İş №2(105)-2161/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2161/2020

11.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2161/2020 11.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X9 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X2, Cavabdeh nümayəndələri X3 və X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən azad edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-537/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-537/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim A.Sadıqov) İddiaçı apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-537/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1150/19 saylı icra sənədinə əsasən ondan tutulacaq aliment borcunun silinməsi və aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1150/19 saylı icra sənədinə əsasən ondan hər ay qızı X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 127 manat aliment alınaraq cavabdehə verilməsi qət edilmişdir. O, cavabdehlə aliment borcunun ödənilməsi barədə razılığa gəlmiş və uşağının 18 yaşına çatana kimi bütün aliment borcunu yəni 21717 manat pulu cavabdehə ödəmişdir, bunu təsdiq edən notarial ərizə də mövcuddur. Cavabdehə olan aliment borcunun hamısını ödəsə də, bundan 4 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə cavabdeh həmin ərizənin ləğv edilməsi ilə bağlı notariat kontoruna müraciət etmiş, notarius isə qanunsuz və əsassız olaraq qeyd olunan ərizəni ləğv etmişdir. Bundan sonra cavabdeh icra şöbəsinə müraciət edərək yenidən ondan aliment tələb etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayəti verərək əlavə etmişdir ki, məhkəmə işi hərətərfli araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmaqla ədalətsiz qərar qəbul etmişdir. Ona görə də apelyasiya şikayəti təmin olunmalıdır. Cavabdeh apelyasiya şikayətinə etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay 127 manat sabit pul məbləğində alimenti ödəmədiyi üçün 2237 manat borcu yaranmışdır. Onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəməyə baxılması üçün göndərilmişdir. Lakin İddiaçı borcundan 200 manat ödəmiş, qalan borcu ödəyə bilmədiyini bildirmiş və iş üzrə icraata xitam verilmişdir. Onun 2200 manat borcu ödəməyə imkanı olmadığı halda 21717 manat pulu bir dəfəyə necə ödəyə bilər. Məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, İddiaçı aliment borcunu ödəyə bilməyəcəksə, uşağa olan hüquqlarından imtina etməsi, valideynlik hüququndan məhrum edilməsinə razılığını verməsi, bunun müqabilində isə cavabdeh aliment borclarını tam şəkildə aldığına dair sənəd verməyi təklif etmişdir. Onlar bununla razılaşmışlar. İddiaçı xx.xx.2019-cu ildə Elşad dadaşova övladlığa verilməsinə razılığı barədə ərizəsi valideynlik hüququndan məhrum edilmə üçün əsas vermədiyindən xx.xx.2019-cu ildə özünün verdiyi ərizəni ləğv elətdirmişdir. İddiaçı real olaraq pul verməmişdir. Apelyasiya baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verib əlavə etdi ki, atası borc pul götürmüş, aliment borcu olaraq 21717 manat pul ödəmiş, daha sonra bankdan kredit borcu götürərək həmin borcu bağlamışdır. Onun aliment borcu yoxdur. O, heç bir zaman uşağından imtina etməmişdir. Onu bezdirdiklərinə və uşağın anası ilə ölkədən apara bilməsi üçün o məzmunda ərizə yazmışdır. Qeyd etdiklərinə görə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X10 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndələri X11 və X12 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan cavabdehin Xaçmaz rayon İcra və Probasiya şöbəsinə ünvaladığı notariat qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1150/19 saylı xx xxxxx 2019-cu il tarixli icra sənədinə əsasən borclu İddiaçı hər ay qızı x xxxxxx 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 127 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. O, İddiaçı ilə qarşılıqlı razılaşmışdır. İddiaçı ona uşağın 18 yaşına çatana qədər olan bütün aliment borcunu, yəni 21717 manat aliment borcunu ödəmişdir. Onun İddiaçı və Xaçmaz rayon icra və probasiya şöbəsinə qarşı indi və gələcəkdə aliment tələbim olmayacaqdır. İcra işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh ərizə ilə müraciət edərək Xaçmaz rayon 1 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli, 8İ-14396 reyestrli ərizənin ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan müəyyən olunur ki, Cavabdeh Xaçmaz rayon 1 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli ərizəsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı notariat qaydasından təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2015-ci ildə anadan olmuş X7 olan valideynlik hüququndan məhrum edilməsinə və onun X8 övladlığa verilməsinə etiraz etmir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini və tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-537/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikah münasibətlərindən xx xxxxxx 2015-ci il təvəllüdlü X13 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1150/19 saylıxx xxxxx 2019-cu il tarixli qətnamə ilə İddiaçı xx.xx.2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 127 manat alimentin alınaraq Cavabdeh verilməsi müəyyən olunmuşdur. Hazırda İddiaçı bildirir ki, 21717 manat ödəməklə aliment borcunu tam ödədiyindən onun aliment borcunun silinməsini, aliment öhdəliyindən azad edilməsini tələb edir. Apelyasiya baxışı zamanı aliment tələbi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsindən icra işi tələb edilmiş, tərəflər material ilə tanış olmuşlar. İddiaçının əsas rəhbər tutduğu 21717 manat pulun ödənilməsi barədə cavabdehin ərizəsinin sonradan notarial qaydada ləğv edildiyi işdə olan sübutlarla təsdiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddiaçının aliment borcunu ödəməkdən azad edilməsi tərəflərin qarşılıqlı razılığı əsasında, yaxud da buna aliment ödəyən şəxsin üzrlü səbəbləri olduqda mümkündür. Lakin iddia tələbini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. İddiaçının aliment borcunu tam ödəməsinə dair tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı rədd edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinin tələblərinə görə apelyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş Dövlət rüsumu apelyatın özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-537/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu apelyasiya şikayəti vermiş İddiaçı aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar