Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2161/2021 06.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(067)-1010/2021 saylı qətnaməsindən maraqlı şəxs ARƏMDK DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(067)-1010/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus olan keçmiş Xaçmaz şəhər XDS icraiyyə Komitəsinin 28.06.1990-cı il tarixli, 6 saylı qərarı ilə Xaçmaz şəhərinin 18-ci kvartalından verilmiş 400 kv.metr həyətyanı torpaq sahəsi və Xaçmaz şəhər İƏV nümayəndəsinin 12 mart 1997-ci il tarixli, 61 saylı sərəncamı ilə Xaçmaz şəhərinin 21-ci kvartalında yerləşən 250 kv.metr torpaq sahəsinə dair 2000-ci il 23 mart tarixində bağlanmış alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsi, bu qətnamənin yuxarıda qeyd edilən daşınmaz əmlaklara dair İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir (hakim İlkin Xəlilov). Qətnamədən maraqlı şəxs ARƏMDK DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, onunla Cavabdeh arasında ona məxsus olan, keçmiş Xaçmaz şəhər XDS icraiyyə Komitəsinin 28.06.1990-cı il tarixli, 6 saylı qərarı ilə Xaçmaz şəhərinin 18-ci kvartalından verilmiş 400 kv.metr həyətyanı torpaq sahəsinin və Xaçmaz şəhər İƏV nümayəndəsinin 12 mart 1997-ci il tarixli, 61 saylı sərəncamı ilə Xaçmaz şəhərinin 21-ci kvartalında yerləşən 250 kv.metr torpaq sahəsinin 2000-ci il 23 mart tarixində bağlanmış alqı-satqı müqaviləsinin rəsmi şəkildə etibarlı sayılması və həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Paşayev X1 Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus olan keçmiş Xaçmaz şəhər XDS icraiyyə Komitəsinin 28.06.1990-cı il tarixli, 6 saylı qərarı ilə Xaçmaz şəhərinin 18-ci kvartalından verilmiş 400 kv.metr həyətyanı torpaq sahəsi və Xaçmaz şəhər İƏV nümayəndəsinin 12 mart 1997-ci il tarixli, 61 saylı sərəncamı ilə Xaçmaz şəhərinin 21-ci kvartalında yerləşən 250 kv.metr torpaq sahəsinə dair 2000-ci il 23 mart tarixində bağlanmış alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs ARƏMDK DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə göstərilən torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda satıcı tərəf daşınmaz əmlak üzərində mülkiyyət hüququna malik olmadığından həmin daşınmaz əmlaka dair sərəncam verə bilmıəz, bununla da üzərində mülkiyyət hüuququ tanınmayan daşınmaz əmlak alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(067)-1010/2021 saylı qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, onun iddiası əsasında qəbul olunmuş qətnamə heç bir halda apelyantın hüquq və mənafelərinə toxunmur. 20 ildir ki, əmlakının üzərində zəhmət çəkir. Ailəsi ilə bərabər orada yaşayır. Qeyd etdiklərinə əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(067)-1010/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh və maraqlı şəxs ARƏMDK DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 19.01.2021-ci il tarixli arxiv çıxarışından müəyyən olunur ki, Xaçmaz şəhəri, Atatürk küçəsi 25 saylı evdə yaşayan Cavabdeh Xaçmaz şəhər XDS icraiyyə Komitəsinin 28.06.1990-cı il tarixli, 6 saylı qərarı ilə fərdi ev tikmək üçün 18-ci kvartalda 400 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 12.03.1997-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhərinin 21-ci kvartalında yerləşən həyətyanı torpaq sahəsinə bitişik 250 kv.metr torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 23.03.2000-ci il tarixli iltizamdan müəyyən olunur ki, o, Xaçmaz şəhər XDS icraiyyə Komitəsinin 28.06.1990-cı il tarixli, 6 saylı qərarı ilə Xaçmaz şəhərinin 18-ci kvartalından verilmiş 400 kv.metr həyətyanı torpaq sahəsi və Xaçmaz şəhər İƏV nümayəndəsinin 12 mart 1997-ci il tarixli, 61 saylı sərəncamı ilə Xaçmaz şəhərinin 21-ci kvartalında yerləşən həyətyanı torpaq sahəsinə bitişik 250 kv.metr torpaq sahəsini doğma əmisi Xaçmaz şəhəri, Atatürk küçəsi 25 saylı evdə yaşayan İddiaçı 10000000 (on milyon) manata satmış və pulunu almışdır. Cavabdeh həmin torpaq sahəsi ilə əlaqədar heç bir mülki iddiası və tələbi olmayacağını göstərmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə elektron poçt vasitəsilə göndərdiyi ərizədən müəyyən olunur ki, o, iddianı qəbul etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına və cavabdehin ərizəsinə istinad edrək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmamışdır. Notariat haqqında Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən əqdlərin təsdiq edilməsi dövlət notariusu tərəfindən aparılan notarat hərəkətlərinə aiddir. Həmin Qanunun 46-cı maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunduqdan sonra təsdiq edilir. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56. 9-cı maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, yalnız mülkiyyətçi əmlak üzərində mülkiyyət hüququna malik olduğu təqdirdə həmin əmlaka dair sərəncam verə bilər. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmayan əmlak alqı-satqı müqaviləsinin predmeti ola bilməz. İş materiallarından müəyyən edilir ki, Xaçmaz şəhər XDS icraiyyə Komitəsinin 28.06.1990-cı il tarixli 6 saylı qərarı ilə Xaçmaz şəhərinin 18-ci kvartalından verilmiş 400 kv.metr həyətyanı torpaq sahəsi və Xaçmaz şəhər İƏV nümayəndəsinin 12 mart 1997-ci il tarixli 61 saylı sərəncamı ilə Xaçmaz şəhərinin 21-ci kvartalında yerləşən 250 kv.metr torpaq sahəsi Cavabdeh adına ayrılsa da, qeyd edilən torpaq sahələri Cavabdeh adına dövlət reyestrdində qeydiyyata alınmamışdır. Belə olan halda Cavabdeh dövlət qeydiyyatına alınmamış Xaçmaz şəhər XDS icraiyyə Komitəsinin 28.06.1990-cı il tarixli 6 saylı qərarı ilə Xaçmaz şəhərinin 18-ci kvartalından verilmiş 400 kv.metr həyətyanı torpaq sahəsi və Xaçmaz şəhər İƏV nümayəndəsinin 12 mart 1997-ci il tarixli 61 saylı sərəncamı ilə Xaçmaz şəhərinin 21-ci kvartalında yerləşən 250 kv.metr torpaq sahələri üzərində sərəncam vermək hüququ olmamışdır. Bundan əlavə qanunvericliyə görə dövlət qeydiyyata alınmamış əmlak alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz şəhər XDS icraiyyə Komitəsinin 28.06.1990-cı il tarixli 6 saylı qərarı ilə Xaçmaz şəhərinin 18-ci kvartalından verilmiş 400 kv.metr həyətyanı torpaq sahəsi və Xaçmaz şəhər İƏV nümayəndəsinin 12 mart 1997-ci il tarixli 61 saylı sərəncamı ilə Xaçmaz şəhərinin 21-ci kvartalında yerləşən 250 kv.metr torpaq sahələri dövlət qeydiyyatına alınmadığından həmin torpaq sahələrinə dair alqı-satqı müqavilələri bağlana bilməz, həmçinin həmin torpaq sahələri Cavabdeh adına dövlət reyestrində qeydə alınmadığından həmin torpaq sahələrinə dair onun sərəncam vermək hüququ yoxdur və o, alqı-satqı müqaviləsinin tərəfi ola bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılan zaman Cavabdeh məhkəməyə elektron poçt vasitəsilə göndərdiyi ərizədən müəyyən olunur ki, o, iddianı qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, Cavabdeh iddianı qəbul edir və qeyd edilən torpaq sahələrinin iddiaçıya satılmasına etiraz etmir, torpaq sahələrinin iddiaçıya satılmasına etiraz edən başqa şəxslər yoxdur, belə olan halda həmin torpaq sahələrinin alqı-satqısı ilə bağlı müqavilələr məhkəmə qaydasında deyil, notariat ofisinə müraciət edilməklə bağlanmalıdır. Bundan başqa iş materiallarından görünür ki, məhkəmə iddianı təmin edərkən 01.09.2000-ci il tarixdə qüvvəyə minmiş AR Mülki Məcəlləsinin 335-ci maddəsinə istinad etmişdir. Halbuki, iddia ərizəsindən görünür ki, tərəflər öz aralarında 23.03.2000-ci il tarixdə müqavilə bağlamışlar. İddia tələbində də iddiaçı 2000-ci il 23 mart tarixində bağlanmış alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsini xahiş etmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmamış, qnaunvericiliyin tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(067)-1010/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(067)-1010/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2161/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2161/2021
06.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver