Məhkəmə qərarları › İş №2(105)-2167/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2167/2023

21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2167/2023 21.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-5280/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında heyvandarlıq fəaliyyəti ilə məşğul olmanın Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-5280/2023 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Bu qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə mövqeyi tamamilə əsassızdır. Qərardad Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Mübahisə yaranan ünvan Abşeron rayon Saray qəsəbəsində yerləşir. Cavabdehlərin yaşadığı ünvan da Abşeron rayonu Saray qəsəbəsində yerləşir. Qərardadda iddianın cavabdehin qeydiyyat ünvanına uyğun olan rayon məhkəməsinə verilməsi nəzərdə tutulsa da, qanunvericilikdə belə bunun istisna halı nəzərdə tutulmuşdur. Məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, iş üzrə tərəflər arasında bundan əvvəl də qeyri qanuni tikilinin sökülməsi və mülkiyyətdən istifadəyə yaranmış maneənin aradan qaldırılması tələbinə dair başqa mülki iş olmuşdur. Həmin mülki işə Abşeron Rayon məhkəməsində baxılmış və 27 oktyabr 2020-ci il tarixli, 2(012)-2733/2020 saylı qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-5280/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-5280/2023 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında heyvandarlıq fəaliyyəti ilə məşğul olmanın qadağan edilməsi barədə iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin yoxlanılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gələrkən AR MPM-in 35.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, hazırkı iş üzrə Cavabdeh Sumqayıt şəhərində qeydiyyatda olduğundan iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Mülki prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bununla yanaşı prosessual qanunvericilikdə iddiaçının seçiminə görə aiddiyat və müstəsna aiddiyyat kimi digər normalar da təsbit olunmuşdur. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi:- şəxslərin məhkəməyə əlçatanlığının;- işlərə ağılabatan müddətdə baxılmasının;- prosessual qənaət prinsipinin;- ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Hazırkı iddia tələbi də sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) kateqoriyasına aid olub qeyd olunan maddənin təsiri altına düşdüyündən kollegiya qeyd edir ki, məhz qeyd olunan əsasla birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə mövqeyi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda sadalananlara əsasən kollegiya qeyd edir ki, iddia ərizəsinin qeyd olunan əsasla geri qaytarılması barədə mövqeyi işin faktiki halına uyğun olmadığı kimi, tərəfin qanunla müəyyən edilmiş məhkəmə müdafiəsi hüququnun da məhdudlaşdırılmasına səbəb olmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-5280/2023 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında heyvandarlıq fəaliyyəti ilə məşğul olmanın qadağan edilməsi barədə iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin yoxlanılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-5280/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş iddianın icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar