Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2173/2020 26.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı qızının, onun vəkili X14, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, onların vəkili və nümayəndəsi X4 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-1745/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-1745/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 qarşı əsassız varlanma nəticəsində əldə etdikləri pulun qaytarılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 19550 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla manat ekvivalenti ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınaraq İddiaçı qızına verilməsi qət edilmiş, cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 589/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)- 1745/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 qarşı əsassız varlanma nəticəsində əldə etdikləri pulun qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qızı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-3168/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-589/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı qızı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 20000 ABŞ dollarının və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildə yoldaşı adına sənədləşmiş Xaçmaz rayonunun Köhnə Xudat kəndində yarımçıq tikilini 20000 ABŞ dollarına sataraq həmin məbləği xalası qızına saxlanca vermişdir. O, həyat yoldaşı Dadaşbala Nuriyevin müalicəsi ilə əlaqədar uzun müddət Almaniya Federativ Respublikasında yaşamışdır. Almaniyada olduqları zaman Quba şəhərində yaşayan yoldaşının əmisi oğlanları Cavabdeh1 Sabir oğlu, Cavabdeh2 Sabir oğlu və onların anası Zemfira Nuriyeva onlara zəng edərək Quba şəhərində özlərinin evinin arxasında ev satıldığını və həmin evi 20000 ABŞ dollarına almaq mümkün olduğunu bildirmiş və həmin evi almasını məsləhət görmüşdülər. O da cavabdehlərin sözlərinə inanaraq yoldaşının xalası qızı Pəriyə zəng edərək onda olan 20000 ABŞ dollarını ev almaq üçün cavabdehlərə verməsini demişdir. Həyat yoldaşının müalicəsi nəticə verməmiş və 2013-cü ilin oktyabr ayının 21-də Almaniyada vəfat etmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehlər onlar üçün ev almamış, onun pulu ilə varlanmaq istəmişlər. O, pulu almaq üçün dəfələrlə cavabdehlərə müraciət etsə də, müxtəlif bəhanələrlə pulu ona verməkdən imtina etmişlər. Buna görə də Quba rayon Polis şöbəsinə şikayət etmiş, araşdırma zamanı cavabdehlər onun 20000 ABŞ dolları pulunu mənimsədiklərini etiraf etmişdilər. Araşdırmanın nəticəsi olaraq ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası MM-nin 373-375-ci maddələrinin iddia müddətinin tətbiqinə dair tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməlidir. Belə ki, işə onların iştirakları olmadan baxılmış, iddiaya iddia müddətinin tətbiq olunması barədə ərizə vermələrinə baxmayaraq məhkəmə həmin ərizəni nəzərə almadan, işə onların iştirakları olmadan baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul etmiş, bununla da məhkəmə müdafiə hüquqlarını pozmuş, məhkəmə çəkişməsi prinsipinin qaydaları təmin edilməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdeh X16 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçının əri Dadaşbala Nuriyev onun qaynı oğlu idi. Dadaşbala Nuriyev Almaniyada yaşadığı vaxt 2013-cü ilin qışında skayp vasitəsi ilə ona zəng edib 2013-cü ilin mayında Qubaya qayıdacağını bildirərək ona ev tapmağını xahiş edərək xalası qızı Pəri Məmmədovada 10850 ABŞ dolları və 382 manat məbləğində pulu, Bakı şəhərində yaşayan dostu Yunis adlı şəxsdə 8200 ABŞ dolları olduğunu, həmin şəxslərin pulu bu məqsədlə onlara verəcəyini bildirmişdir. Bir müddət sonra o, evlərinin yanında ev satıldığını Dadaşbala Nuriyevə bildirmişdir. Bundan sonra Pəri Məmmədova 10850 ABŞ dolları və 382 manat məbləğində pulu onlara vermiş, oğlu Cavabdeh2 isə Bakı şəhərində Yunis adlı şəxslə görüşüb 8200 ABŞ dollarını almış, bununla da Dadaşbala Nuriyevin onlarda cəmi 19550 ABŞ dolları pulu olmuşdur. Dadaşbala Nuriyev 19550 ABŞ dolları puldan 400 ABŞ dollarını İddiaçı qızının qardaşı qızının toyuna, 300 ABŞ dollarını isə Sumqayıt şəhərində yaşayan Əzizənin və oğlu İslamın vəfatı ilə əlaqədar verməyi ondan xahiş etmişdir. O da həmin pulları Dadaşbala Nuriyevin dediyi şəxslərə vermiş, onlara verilən 19550 ABŞ dolları puldan 18850 ABŞ dolları pul qalmışdır. Bir müddət sonra Dadaşbala Nuriyev ona zəng edərək xəstəliyinin sağalmayacağını bildirmişdi. 2013-cü ilin oktyabr ayının 21-də Dadaşbala Nuriyev vəfat etmiş, cənazəsi Qubaya gətirilərək dəfn edilmişdir. Dadaşbala Nuriyevin öz pulu ilə dəfn xərclərini ödəmişdilər. Dəfndən sonra qalan pulu İddiaçı qaytarmaq istəmiş, İddiaçı isə pulu götürməyərək həmin puldan mərhum Dadaşbala Nuriyevin 40 mərasimini və ildönümünü yola verməyi təklif etmişdir. 18850 ABŞ dolları puldan 2200 ABŞ dolları, sonra 1000 ABŞ dolları, daha sonra 100 manat mərhumun baş daşına, cəmi ehsana 1850 ABŞ dolları, əlavə olaraq isə 1900 ABŞ dolları, cəmi 18800 ABŞ dollarından 7000 ABŞ dolları xərclənmiş, onlarda 11800 ABŞ dolları qalmışdır. Bu məbləği isə 2015-ci ildə oğlu Cavabdeh2 Bank Respublikadan götürdüyü kreditə görə vaxtın uzadılması üçün banka ödəmişdilər. O, 11800 ABŞ dollarını pulu götürdüyü vaxt olan məzənnə ilə hissə-hissə qaytarmağa razıdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da eyni məzmunlu izahatlar verdilər. Cavabdehlərin nümayəndəsi X11 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı qızı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, tələb etdiyi məbləğ cavabdehlərin təklifi ilə onlara ev alınması üçün verilmiş, ərinin tapşırığı ilə cavabdehlər onlara öz evlərinin yanında ev almalı idilər. Ərinin vəfatı ilə bağlı həqiqətən cavabdehlər müəyyən xərc çəkmiş, 2300 ABŞ dollarına baş daşı düzəltdirmiş, dəfn və yas mərasimlərini yola vermişdilər. Lakin bu xərclərə cavabdehlərin göstərdiyi kimi, 7000 ABŞ dolları deyil, ümumilikdə təxminən 5000 ABŞ dolları xərc çəkilmiş olar. Həmin məbləğ çıxıldıqdan sonra cavabdehlər ona 14550 ABŞ dolları qaytarmalıdırlar. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi işə cavabdehlərin iştirakını təmin etmədən baxmışdır. Azərbaycan Respublikası MPM-nin 138.1-ci maddəsinə görə məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasından da göründüyü kimi qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə bildirişinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin cavabdehlərin rəsmi qaydada almasına dair iş materiallarına heç bir sənəd əlavə olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, işə cavabdehlərin iştirakı təmin edilmədən baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinə hüquqi qiymət verilməklə yeni qətnamə qəbul edilməldir. İş materiallarında olan Quba rayon Polis şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısının xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən tələb edilərək nəzərdən keçirilmiş İddiaçı qızının müraciəti əsasında toplanmış HK-1/90 saylı rədd materialında olan izahatında X16 göstərmişdir ki, qaynı oğlu X13 yaşadığı vaxt 2013-cü ilin qışında skayp vasitəsi ilə ona zəng edib 2013-cü ilin mayında Qubaya qayıdacağını bildirərək ona ev tapmağını xahiş edərək xalası qızı Pəri Məmmədovada 10850 ABŞ dolları və 382 manat məbləğində pulu, Bakı şəhərində yaşayan dostu Yunis adlı şəxsdə 8200 ABŞ dolları pulu olduğunu bildirmiş, həmin şəxslərin pulu bu məqsədlə onlara verəcəyini bildirmişdir. Bir müddətdən sonra Pəri Məmmədova 10850 ABŞ dolları və 382 manat məbləğində pulu onlara vermiş, oğlu Cavabdeh2 isə Bakı şəhərində Yunis adlı şəxslə görüşüb 8200 ABŞ dollarını almışdır. Beləliklə də X2 onlarda cəmi 19550 ABŞ dolları pulu olmuşdur. X8 19550 ABŞ dolları puldan 400 ABŞ dollarını İddiaçı qızının qardaşı qızının toyuna, 300 ABŞ dollarını isə Sumqayıt şəhərində yaşayan Əzizənin və oğlu İslamın vəfatı ilə əlaqədar verməyi ondan xahiş etmişdir. O da həmin pulları X2 dediyi şəxslərə vermişdir. Ona verilən 19550 ABŞ dolları puldan 18850 ABŞ dolları pul qalmışdır. Bir müddət sonra X8 ona zəng edərək xəstəliyinin sağalmayacağını bildirmişdi. 2013-cü ilin oktyabr ayının 21-də Dadaşbala Nuriyev vəfat etmiş, cənazəsi Qubaya gətirilərək dəfn edilmişdir. Dadaşbala Nuriyevin öz pulu ilə dəfn xərclərini ödəmişdilər. Dəfndən sonra qalan pulu İddiaçı qızına qaytarmaq istəmiş, İddiaçı isə onun təklif etdiyi pulu götürməyərək həmin puldan mərhum X6 40 mərasimini və ildönümünü yola verməyi, həmçinin baş daşının qoyulması üçün çəkilən xərləri ödənilməsinə görə pulun onda qalmasını istəmişdi. 18850 ABŞ dolları puldan 2200 ABŞ dolları, sonra 1000 ABŞ dolları, daha sonra 100 manat mərhumun baş daşına görə xərclənmişdir. Cəmi ehsana görə 1850 ABŞ dolları, əlavə olaraq isə 1900 ABŞ dolları, cəmi 18800 ABŞ dollarından 7000 ABŞ dolları xərclənmiş, onlarda 11800 ABŞ dolları qalmışdır. Bu məbləği 2015-ci ildə oğlu Cavabdeh2 Bank Respublikadan götürdüyü kreditə görə vaxtın uzadılması üçün banka ödəmişdilər. O, evini satıb İddiaçı pulunu ödəyəcəkdir. Təhqiqat zamanı Cavabdeh2 da eyni məzmunlu izahat vermişdir. HK-1/90 saylı rədd materialında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 6(027)-2/2009 saylı qərarının surətindən görünür ki, İddiaçı qızının şikayəti təmin edilmiş, Quba rayon Polis şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısının xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilmiş, materiallar araşdırmanın davam etdirilməsi üçün Quba rayon prokurorluğuna göndərilmişdir. Bundan sonra aparılan araşdırma zamanı ancaq X16 və Cavabdeh2 izahatları alınmış, araşdırmanın nəticəsi barədə hər hansı bir qərar qəbul edilməmişdir. Yenidən izahatı alınan Cavabdeh2 İddiaçı qızına 11800 manat pul borclu olduqlarını, onu da haqq-hesab edib verməyə hazır olduqlarını bildirmişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, İddiaçı qızı onun məhrum xalası oğlu X2 arvadıdır. Almaniya Federativ Respublikasında yaşayan X8 2007-ci ildən 2009-cu ilədək poçt vasitəsi ilə onun adına bir neçə dəfəyə 10850 ABŞ dolları və 382 manat məbləğində pul göndərmişdir. Həmin pulu X1 şəhərində ev almaq üçün göndərmişdir. O, 10850 ABŞ dolları məbləğində pulu evində saxlamışdır. 2013-cü ildə X8 ona telefonla zəng edərək pulu ev almaq üçün Cavabdeh1 və Cavabdeh2 verməsini bildirmişdir. O da 10850 ABŞ dolları və 382 manat X10 vermiş, onun yanında Cavabdeh1 və Cavabdeh2 pulu sayaraq götürmüşdülər. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki iş üzrə cavabdehlər ərizə ilə müraciət edərək tərəflər arasındakı münasibətlərdən 8 ildən artıq vaxt keçdiyinə görə iddiaçının iddia müddətini buraxdığını bildirmiş, mübahisəyə iddia müddətini tətbiq etməklə, iddianın rədd olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cavabdehlərin irəli sürdüyü bu dəlillə razılaşmır. Belə ki, Azərbaycan Respublikası MM-nin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1 və 373.2-ci maddələrinə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qanunun qeyd edilən normalarından görünür ki, qanunverici iddia müddətlərini mübahisənin xarakterinə və predmetinə görə fərqləndirmişdir. Belə ki, müqavilədən irəli gələn tələblərə müvafiq olaraq üç və altı illik, qanundan irəli gələn və xüsusi iddia müddəti nəzərdə tutulmayan tələblərə isə on illik ümumi iddia müddətləri tətbiq edilir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, müqavilənin bağlanması üçün iki tərəfin raşılaşdırlmış iradə ifadəsi (ikitərəfli əqd) zəruridir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Tərəflərin biri razılaşma adı altında digərini aldatmaqla (onun qənaətində qəsdən yanıltmaqla) əqd bağladıqda sonuncunun iradəsini zədələdiyi üçün müqavilə qanunla müəyyən edilmiş müddətdə mübahisələndirildikdə etibarsız hesab edilir. Bu baxımdam nəzərə alınmalıdır ki, müqavilənın bir tərəfi digərini aldatmaqla və ya iradəsini başqa cür zədələməklə, əmlakını ələ keçirdiyi (maddi zərər vurduğu) hallarda, həm də təqsirli şəkildə hüquqa zidd əməl törətmiş olur. Bu isə mülki hüquq pozuntusudur (deliktdir). İşdən görünür ki, 2013-cü ilin mayında iddiaçının ərinin tapşırığı ilə ailəsinə ev almaq adı ilə cavabdehlər 19550 ABŞ dolları pulu almış, lakin altı aya yaxın müddətdə ev almamış, 2013-cü ilin oktyabrında iddiaçının əri vəfat etmişdir. Azərbaycan Respublikası MM-nin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. İşdən görünür ki, tərəflər tapşırıq müqaviləsinin şərtləri, yəni hansı evin, neçəyə alınması barədə razılığa gəlinməmiş, evin alınması üçün cavabdehlərin heç birinə iddiaçı və ya mərhum əri tərəfindən vəkalətnamə verilməmişdir. Belə olan halda, qanunun tələbinə görə tapşırıq müqaviləsi qüvvəyə minməmiş hesab edilir. İşin faktiki hallarından görünür ki, cavabdehlər ev almaq adı altında iddiaçının ailəsinə məxsus ən azı 19550 ABŞ dolları almış, buna baxmayarq ev almamış, həmin vəsaiti qaytarmayaraq bir hissəsini iddiaçının ərinin dəfn və yas mərasiminə xərcləmiş, qalan hissəsini isə şəxsi ehtiyaclarına sərf etmişlər. Bu halları cavabdehlər Quba rayon Polis şöbəsində və məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında da etiraf etmişlər. Qeyd edilən hallar cavabdehlərin iddiaçının vəsaitinin bir hissəsini hüquqa zidd əməllə ələ keçirmələrini və iddiaçıya ziyan vurmasını təsdiq edir. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətdiklərindən, hazırki mübahisə üzrə iddia müddəti on il təşkil edir və iddiaçı həmin müddəti ötürməmişdir. Məhkəmə kollegiyası onu da edir ki, Quba rayon Polis şöbəsində verdikləri izahatlarında cavabdehlər iddiaçının onlarda qalan 11800 ABŞ dollarını evini satıb ödəyəcəyini göstəmişdilər. Həmçinin məhkəmə kollegiyasının iclasında da cavabdehlər 11800 ABŞ dollarıı pulu götürdükləri vaxt olan məzənnə ilə hissə-hissə qaytarmağa razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası MM-nin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qeyd olunan maddənin mənasına görə borclu şəxs iddia müddəti ərzində iddia müddətinin kəsilməsinə səbəb olan borcunu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Borcun etiraf edilməsini təsdiq edən hərəkətlərə borcun etirafına dair müxtəlif sənədlər və məktublar, o cümlədən borclunun borc götürdüyü məbləğin müəyyən hissəsini kreditora qaytarması, borcu qaytarması üçün ona əlavə vaxt verilməsini xahiş etməsi və bu kimi digər hərəkətlər aiddir. Eləcə də borclu şəxsin başqa şəxslərin yanında, kreditora yaxud üçüncü şəxsə kreditora borcunun olmasını şifahi formada etiraf etməsi də borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlərə aiddir. Əgər iddia müddəti keçənədək borclunun kreditora borcunu etiraf etməsi faktı müəyyən edilərsə, belə halda borcun etiraf edildiyi gün iddia müddətinin axımı kəsilir. İddia müddəti keçənədək borclu yenidən iddianı etiraf edilməsini təsdiq edən hərəkətlər etsə, iddia müddətinin axımı yenidən kəsilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər borclarını etiraf etdiklərindən iddiaçı tərəfindən iddia müddəti bu əsasla da ötürülmüş sayıla bilməz. İşdən görünür ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə həm də Azərbaycan Respublikası MM-nin 1091-ci maddəsini tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə həmin maddi hüquq normasını düzgün tətbiq tətbiq etməmişdir. Cavabdehlər ev almaq üçün onlara verilən məbləğin 19550 ABŞ dolları olduğunu, həmin məbləğin iddiaçının ərinin xahişi əsasında 400 ABŞ dollarını iddiaçının qardaşı qızının toyuna, 300 ABŞ dollarını isə Sumqayıt şəhərində yaşayan Əzizənin və oğlu İslamın vəfatı ilə əlaqədar verdiklərini, 7000 ABŞ dollarını isə Dadaşbala Nuriyevin dəfninə, baş daşına və yas mərasimlərinin keçirilməsinə xərclədiklərini, onlarda 11800 ABŞ dolları qaldığını göstərmişlər. Lakin cavabdehlər 400 ABŞ dollarını İddiaçı qardaşı qızının toyuna, 300 ABŞ dollarını isə Sumqayıt şəhərində yaşayan Əzizənin və oğlu İslamın vəfatı ilə əlaqədar verdiklərini, Dadaşbala Nuriyevin vəfatı ilə əlaqədar 7000 ABŞ dolları xərc çəkdiklərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Cavabdehlərin məhkəmə kollegiyasına təqdim etdikləri Dadaşbala Nuriyevin vəfatı ilə əlaqədar xərclərə dair qeydlərdə göstərilən rəqəmlər heç də inandırıcı deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərinin vəfatı ilə əlaqədar xərclərin maksimum 5000 ABŞ dolları civarında ola biləcəyini göstərmişdir. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 iddiaçının xeyrinə 14550 ABŞ dolları (19550 ABŞ dolları - 5000 ABŞ dolları) tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçıların ödəmiş olduğu 30 manat dövlət rüsumu cavabdehlərdən onun xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehlərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-1745/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 14550 (on dörd min beş yüz əlli) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2173/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2173/2020
26.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver