Məhkəmə qərarları › İş №2(105)-2180/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2180/2021

02.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2180/2021 02.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinn Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinn Cavabdeh qarşı borc tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsi Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masazır bələdiyyəsinin keçmiş sədri Cavabdeh fəaliyyəti dövründə “Mahmud” X8 bələdiyyəyə 30 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən bələdiyyənin isidilməsini, sanitar qovşağlarını və mətbəxlərini il boyu isti su ilə təmin edilməsi ilə bağlı 31 dekabr 2019-cu il tarixə olan 2273,80 manat ödəniş borcu cavabdehdən tutulması, tutulmuş 2273,80 manat borc pul vəsaitinin “Mahmud” X5 hesab nömrəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 23 dekabr 2019-cu il tarixli bələdiyyə seçkilərindən sonra bələdiyyəyə yeni üzvlər seçilmiş, 14 yanvar 2020-ci il tarixdə yeni üzvlərin iştirakı ilə keçirilmiş iclasda keçmiş üzvlərin fəaliyyətinə xitam verilmişdir. Cavabdeh təhvil-təslim zamanı bələdiyyənin heç bir borcunun olmadığını bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, bələdiyyənin inzibati binasının payız və qış mövsümlərində isidilməsi məqsədilə keçmiş sədr ilə “Mahmud” X8 arasında 30 dekabr 2016-cı il tarixdə 20 illiyə müqavilə bağlanmış, həmin müqavilə üzrə 31 dekabr 2019-cu il tarixə olan 2273,80 manat borc qalmışdır. Bu barədə üzləşmə aktı mövcuddur. “Mahmud” X8 borc ödənilməsi istiliyin dayandırılması barədə xəbərdarlıq etmişdir. Bələdiyyənin 2019cu il üzrə ümumi gəliri 294453 manat olmuş, bu gəlirdən yalnız 5751 manat kommunal xərclərə, 189790 manat əmək haqqı, 90113 manat rabitə, internet, onlayn xidmətlər, dəftərxana ləvazimatlarına, nəqliyyat xərcləri, 4500 manat bələdiyyə avtomobil yollarının saxlanmasına, 1800 manat yerli sosial müdafiə tədbirləri, 2016 manat abunə haqqı, 3800 manat üzvlük haqqı üçün xərclənmişdir. Əmək haqqının gəlirin 50 %-dən çox olması, 90113 manat internet, nəqliyyat xərcinə xərcləməsi qalıq borcunun qalmasına şübhələr yaradır. Büdcədə vəsait olsa da, keçmiş sədr borcu ödəməmiş, bu barədə ona verilən sualları cavabsız qoymuşdur. O, borcu tezliklə ödəyəcəyini bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, keçmiş sədr bunu icra etmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi R.Fətullayev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Masazır bələdiyyəsi olaraq tələb Cavabdeh aiddir. Cavabdeh sədr olduğu dövrdə öz səlahiyyətlərini qanunvericiliyə müvafiq olaraq həyata keçirməklə «Mahmud» X1 ödəniş borcunun ödənilməsini təmin etməli idi. Hər bir qurumda məsul şəxs olduğu kimi bu işdə də məsul şəxs cavabdehdir. O, müqavilədən irəli gələn öhdəliyi icra etməli idi. Məhkəmə gəldiyi nəticəni əsaslandırmalı və qiymətləndirilməli idi. Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(012)-278/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi, Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdehin iddiaçıya maddi ziyanın vurmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Abşeron rayonu Masazır bələdiyyəsinin 2019-cu il üzrə gəlir və xərcləri barədə məlumatdan görünür ki, bələdiyyənin 2019-cu il üzrə ümumi gəliri 294453 manat olmuşdur. İş materiallarında olan 31 dekabr 2019-cu il tarixdə “Mahmud” X5 mühasibi və Masazır bələdiyyəsinin mühasibi tərəfindən təsdiqlənmiş üzləşmə aktından məlum olur ki, qeyd edilən tarixə bələdiyyənin “Mahmud” X6 2273,80 manat borcu qalmışdır. İşə əlavə olan Abşeron rayonu Masazır bələdiyyəsinin cavabdehə ünvanlanmış 24 aprel 2020-ci il tarixli məktubunda 2273,80 manat borcun “Mahmud” X8 hesabına ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə zamanı müəyyən edildi ki, Abşeron rayonu Masazır bələdiyyəsinin “Mahmud” X6 isidilməsini, sanitar qovşağlarını və mətbəxlərini il boyu isti su ilə təmin edilməsi ilə bağlı 31 dekabr 2019-cu il tarixə olan 2273,80 manat borcu yaranmışdır. İddiaçı hesab edir ki, həmin borcu keçmiş sədr olan cavabdeh ödəməlidir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Qanunun 36.1-ci maddəsinə əsasən bələdiyyələrin digər hüquqi və fiziki şəxslərlə münasibətləri müqavilələr əsasında qurulur. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 8-ci maddəsinə əsasən yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır. Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əmək haqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz. Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yerli büdcə layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyələr hüquq subyekti olaraq iştirak etdiyi münasibətlərdə öz adından iştirak edir. İddiaçının qeyd etdiyi kimi “Mahmud” X8 ilə bağlanan 30 dekabr 2016-cı il tarixli müqaviləni keçmiş sədr bələdiyyənin adından imzalamışdır. Bu onun şəxsi öhdəliyi deyildir. Qanunun tələblərinə əsasən yerli büdcənin ayırmaları və təsdiqi bələdiyyə iclasının qərarı ilə həyata keçirilir. Məhkəmə iddiaçı orqana iddia tələbinin təsdiqi barədə, yəni məhz bələdiyyənin inzibati binasının payız və qış mövsümlərində isidilməsi məqsədilə “Mahmud” X2 2273,80 manat borcun ödənilməsi barədə büdcə ayırmasına dəlalət edən sübutu təqdim etməyi təklif etməsinə baxmayaraq iddiaçı 2273,80 manat vəsaitin ayrılmasına dair heç bir əsas və sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin ödəmələrin bələdiyyənin keçmiş sədri olan cavabdehin məhz özü tərəfindən götürülməsini sübut edən hər hansı dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə ki, göstərilən borc məbləği mühasibatlıqda işləyən başqa şəxslər tərəfindən də götürülə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 21 aprel 2021-ci il tarixli 2(012)-278/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar