Məhkəmə qərarları › İş №2(105)-2183/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2183/2021

07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2183/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-2610/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-2610/2021 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şöbəsinə qarşı pul öhdəliyinə xitam verilməsi tələbinə dair iddiası təmin edilməmiş və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-2610/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2013-cü il tarixli, 1(101)-281/2013 saylı hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs Cavabdeh1 mülki iddiası qismən təmin edilib, ondan 18740 (on səkkiz min yeddi yüz qırx) manat alınaraq Cavabdeh1 verilməsi qərara alınmışdır. Hökmdən verilmiş apelyasiya şikayətinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 14 dekabr 2014-cü il tarixli qərarı ilə hökm ləğv edilmiş, ona bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 17 iyun 2015-ci il tarixli qərarı ilə sonuncu qərar ləğv edilərək iş yenidən apelyasiya baxışına göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 21 iyul 2016-cı il tarixli, 1(105)-48/2016 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2013cü il tarixli, 1(101)-281/2013 saylı hökmü dəyişdirilmiş, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 06 may 2016-cı il tarixli qanun ilə Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə edilmiş dəyişiklik nəzərə alınmaqla müəyyən epizodlar Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü və 178.1-ci maddələrinə tövsif edilmiş, həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən cəza təyin olunmamış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan verilmiş kassasiya şikayəti isə təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2020-ci il tarixli sərəncamı ilə əfv olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 1(101)281/2013 saylı icra vərəqəsi Cavabdeh2 şöbəsinin icraatındadır. İcra vərəqəsi verilən zaman o, həbsdə olmuşdur. O, vəziyyətinin yüngülləşdirilməsi üçün Cavabdeh1 19000 manat pul və torpaq sahəsi verilmişdir. Bundan sonra bir müddət cavabdeh susqunluq nümayiş etdirməklə şikayətçi olmasa da, şikayətlər etmişdir. Onun niyyəti əlavə pul almaqdır. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də, Cavabdeh1 olan 18740 (on səkkiz min yeddi yüz qırx) manat pul öhdəliyini tam icra etdiyindən həmin öhdəliyə (pul öhdəliyinə) xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 13 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 1(101)-281/2013 saylı icra vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X1 8838 (səkkiz min səkkiz yüz otuz səkkiz) manat alınaraq Yunis Nabatliyevə, 9820 (doqquz min səkkiz yüz iyirmi) manat Nurxanım Qasımovaya, 18740 (on səkkiz min yeddi yüz qırx) manat Cavabdeh1, 45300 (qırx beş min üç yüz) manat Xanım Bayramovaya, 4593 (dırd min beş yüz doxsan üç) manat İnşalla Babayevə və 6655,2 (altı min altı yüz əlli beş manat iyimi qəpik) manat Ləman Fərəcliyə ödənilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmət 4 saylı cəzaçəkmə müəssisəsinin 29 aprel 2020ci il tarixli 17/19-767 saylı məktubundan müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2019-cu il tarixli 1970 saylı sərəncamı ilə əfv edildiyinə görə azadlığa çıxmış, onunla bağlı icra sənədləri, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2013 saylı 09 iyun 2017-ci il tarixli icra vərəqəsi də Cavabdeh2 Şöbəsinə göndərilmişdir. Cavabdeh2 şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş 14 may 2020-ci il tarixli İcraata başlamaq haqqında qərardan məlum olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2013 saylı, 09 iyun 2017-ci il tarixli icra sənədinin icrasına başlanılmış, borclu İddiaçı 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi tələb edilmişdir. Könüllü icra təmin edilmədiyi təqdirdə borcluya barəsində görüləcək icra tədbirləri barədə xəbərdarlıq edilmişdir. Abşeron Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 8(012)-273/2020 saylı qərardadı ilə İddiaçı ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İddiaçı ünvanlanmış Cavabdeh2 Şöbəsinin xəbərdarlıq məktubundan aydın olur ki, borclu icra sənədi üzrə borcunu ödəmədiyi, icra sənədini icra etmədiyi üçün inzibati və cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir. İddia ərizəsini təmin etməkdən imtina etdikdə birinci instansoiya məhkəməsi heab etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2013 saylı qanuni qüvvəsini almış hökmü ilə İddiaçı Cavabdeh1 xeyrinə 18740 manat pulun tutulması qərara alınmış, hazırda həmin borc ödənilməmiş qaldığından iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi icra sənədi sayılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. İddiaçı iddia tələbində və izahatında cavabdehə icra sənədi üzrə olan borcunu əvvəllər pul və torpaq sahəsinin verilməsi ilə tam ödəməsini bildirsə də bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, yalnız izahatında göstərilənlərlə kifayətlənmişdir. İddiaçının irəli sürdüyü iddia tələbinin əksinə isə icra sənədinin icraatında olduğu icra məmuru da təsdiq etmişdir ki, iddiaçı tərəfindən borc öhdəliyi icra edilməmiş, məhkəmə qərarı iddiaçı tərəfindən icra edilməmiş qalmışdır. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən ağaışdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd edilən qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyasınin iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi hallarını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şöbəsinə qarşı pul öhdəliyinə xitam verilməsi tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-2610/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar