Məhkəmə qərarları › İş №2(105)-2186/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2186/2021

15.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2186/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı İB-nin cavabdehlər Cavabdeh1 Məhəmmədli oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(074)-182/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddiaçı Azəriqaz İB-nin Cavabdeh1 qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Azəriqaz İB-yi cavabdehlər Cavabdeh1 Məhəmmədli oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində 0,0595 ha torpaq sahəsinə AR ƏMDK yanında DƏDRX-də ******* nömrəli 01.10.2014-cü il tarixli verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və Təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq Cavabdeh1 tərəfindən İddiaçı balansında və Ağsu RQİİ-nin istismarında olan, Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən diametri 250 mm-lik, orta təzyiqli yeraltı sietilen qaz kəmərinin mühafizə zonasında yaşayış evi və daş hasar inşa olunmuşdur. Yaşayış evinin həyətyanı torpaq sahəsinin sərhədləri mişarlanmış əhəng daşları ilə hörülərək hasara alınmışdır. Həmin ünvanda İddiaçı balansında və istismarında olan 219 mmlik, aşağı təzyiqli yeraltı kəmərinin çəkildiyini nəzərə aldıqda, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin arxa divarının bir hissəsinin, arxa tərəfdəki sərhəd hasarının 4.0 metr hissəsinin və yardımçı tikilinin 1.4 metrə qədər hissəsinin 219 mm-lik, aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən olunmuşdur. Müəyyən olunmuşdur ki, 01.10.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ******* nömrəli çıxarışla Şamaxı rayonu, Şəhriyar qəsəbəsində 0.0595 ha torpaq sahəsi Cavabdeh1 Məmmədəli oğlunun xüsusi mülkiyyətinə keçrilmişdir. İş üzrə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililər İddiaçı Ağsu Regional qaz İstismar idarəsinin istismarında və balansında olan qaz kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları təhlükəsizlik tədbirləri Qaydalarına yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir, Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şamaxı Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə işə baxarkən bütün faktiki halları ətraflı araşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 30 mart 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini 595 kv.m torpaq sahəsinin X1 ilə bağlı Şamaxı rayonu Şəhriyar qəsəbə Bələdiyyəsinin 16.09.2005-ci il tarixli, 37 saylı qərarı, həmin torpaq sahəsinin və üzərindəki tikintinin X3 mülkiyyətində olmasına dair qeydiyyat, X3 Şamaxı rayonu Şəhriyar qəsəbəsində 0,595 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 81,6 kv.m, yaşayış sahəsi 33,9 kv.m, yardımçı sahə 47,7 kv.m olan fərdi yaşayış evini cavabdehə satması barədə 19.09.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qüvvədə olduğundan, onların əsasında aparılmış qeydiyyat, tərtib olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Seriya RX № ******* saylı çıxarış etibarsız sayıla bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı İB vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçının tələbi Cavabdeh1 adına olan çıxarışın etibarsızlığı barədədir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Şamaxı rayonu Şəhriyar qəsəbə Bələdiyyəsinin 16.09.2005-ci il tarixli, 37 saylı qərarına əsasən X4 fərdi yaşayı evi tikmək üçün Şamaxı rayonu Şəhriyar bələdiyyəsi ərazisindən 595 kv.m torpaq sahəsi satılmışdır. 19.09.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 rayonu Şəhriyar qəsəbəsində 0,595 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 81,6 kv.m, yaşayış sahəsi 33,9 kv.m, yardımçı sahə 47,7 kv.m olan fərdi yaşayış evini Cavabdeh1 satmış, çıxarışla adına qeydiyyata alınmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(074)- 30/2020 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh1 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşalıdılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbi barədə” ilkin iddiası rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş A № 505656 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayonu Şəhriyar qəsəbə Bələdiyyəsinin 16.09.2005-ci il tarixli, 37 saylı qərarına əsasən X4 fərdi yaşayı evi tikmək üçün Şamaxı rayonu Şəhriyar bələdiyyəsi ərazisindən 595 kv.m torpaq sahəsi satılmışdır. 19.09.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 rayonu Şəhriyar qəsəbəsində 0,595 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 81,6 kv.m, yaşayış sahəsi 33,9 kv.m, yardımçı sahə 47,7 kv.m olan fərdi yaşayış evini 10000 manat məbləği ilə Cavabdeh1 satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Seriya RX № ******* saylı çıxarışla Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 81,6 kv.m yaşayış sahəsi 33,9 kv.m, yardımçı sahə 47,7 kv.m, torpaq sahəsi 0,0595 ha olan fərdi yaşayış evi Cavabdeh1 Mədəmmədəli oğlunun adına qeydiyyata alınmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının 10/617 saylı, 01.06.2020-ci il tarixli rəyinə əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evi bir mərtəbəli olub, bir tərəfdən məhəllə daxili yol ilə, digər tərəflərdən isə qonşu sahələrlə əhatə olunmuşdur. Yaşayış evinin həyətyanı torpaq sahəsinin sərhədləri mişarlanmış əhəng daşları ilə hörülərək hasara alınmışdır. Tədqiq olunan ünvanda İddiaçı balansında və istismarında olan 219 mmlik, aşağı təzyiqli yeraltı kəmərinin çəkildiyini nəzərə aldıqda, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin arxa divarının bir hissəsinin, arxa tərəfdəki sərhəd hasarının 4,0 metr hissəsinin və yardımçı tikilinin 1,4 metrə qədər hissəsinin 219 mm-lik, aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən olunmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1., 80 və 88-ci maddələri). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi). Göründüyü kimi iddiaçının mübahisələndirdiyi çıxarış 19.09.2014-cü il tarixli əqd əsasında əldə edildiyindən, sonuncu tərəfindən həmin əqd və ondan əvvəlki hüquqmüəyyənedici sənədlər mübahisələndirilmədiyindən, Mülki Məcəllənin 140-cı maddəsinin tələbi baxımından reyestr həqiqiliyi prezumpziyası qüvvədə olduğundan, iddia tələbinin rədd edilməsi barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar