Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2201/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Zaur İkram oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(012)-2030/2019 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkil R.Ə.Qasımov tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(012)-2030/2019 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddiaçı X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 cavabdeh "xxxx" MMC-yə qarşı öhdəliyin icrası tələbinə dair iddiası qismən təmin edilib, cavabdeh "xxxx" MMC-nin üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində inşa edilmiş hündürmərtəbəli binada mərkəzləşdirilmiş istilik sistemi, qəza elektrik təchizatı generatorlarının, mənzillərə suyun eyni təzyiqli verilməsi üçün nasosların, mənzillərin 3 günlük qəza su ehtiyatı ilə təmin edə biləcək su tutumlarının (su anbarının), yanğın sistemlərinin dərhal quraşdırılması, işıq, su, qaz təchizatının normal təchizatının təmin edilməsi və binanın istismara təhvil verilməsi vəziyyətinə gətirilməsi öhdəliyinin qoyulması, qalan hissədə iddianın təmin edilməməsi, ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" MMC-dən alınıb iddiaçılara verilməsi, mütəxəssis tədqiqatının aparılmasına görə iddiaçılar X3 və qeyrilərindən müştərək qaydada 50 manat, cavabdeh "xxxx" MMC-dən isə 150 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin "xxxx" Bank ASC-dəki kod 503217 M/h- AZ81NABZO******************** saylı hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkil R.Ə.Qasımov apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(012)-2030/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(105)-1185/2020 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi vəkil R.Ə.Qasımovun apelyasiya şikayəti təmin edilib, Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(012)-2030/2019 saylı qətnaməsi qismən ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində inşa edilmiş hündürmərtəbəli binada mərkəzləşdirilmiş istilik sisteminin, qəza elektrik təchizatı generatorlarının, mənzillərə suyun eyni təzyiqli verilməsi üçün nasosların, mənzillərin 3 günlük qəza su ehtiyatı ilə təmin edə biləcək su tutumlarının (su anbarının), yanğın sistemlərinin dərhal quraşdırılması, işıq, su, qaz təchizatının normal təchizatının təmin edilməsi və binanın istismara təhvil verilməsi vəziyyətinə gətirilməsi öhdəliyinin qoyulması və dövlət rüsumunun tutulması tələbinə dair iddia tələbi rədd edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(102)-1399/2021 saylı qərarı ilə iddiaçılar X3, İddiaçı4, Əzizi-X4 və İddiaçı9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(105)-1185/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçılar X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, Əzizi-X4, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 cavabdeh "xxxx" MMC-yə habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində cavabdeh tərəfindən inşa edilmiş binada müasir standartlara cavab verən sürətli yük və sərnişin liftlərinin, mərkəzləşdirilmiş istilik sisteminin, qəza elektrik təchizatı generatorlarının, mənzillərə suyun eyni təzyiqli verilməsi üçün nasosların, mənzillərin 3 günlük qəza su ehtiyatı ilə təmin edə biləcək su tutumlarının (su anbarının), yanğın sistemlərinin dərhal quraşdırılması, işıq, su, qaz təchizatının normal təchizatının təmin edilməsi və binanın yerləşdiyi ərazinin abadlaşdırılması, binanın istismara təhvil verilməsi vəziyyətinə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, məhkəməyə iddia verilməsi ilə əlaqədar iddiaçılar tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar və "xxxx" MMC arasında müxtəlif tarixlərdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində tikilməkdə olan yaşayış evinin müvafiq mənzillərinə dair alqı-satqı müqavilələri bağlanmış, onlar tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, mənzillərin dəyəri tam ödənilmiş və bununla bağlı maliyyə arayışları tərtib edilmişdir. Hazırda onlar ailə üzvləri ilə birlikdə həmin binada məskunlaşmışlar. Özünü binanın komendantı və faktiki sahibi kimi təqdim edən Vurğun Kərimov tərəfindən həmin binada sakinlərin hüquqları pozularaq, onlardan qanunsuz ödənişlər tələb edilmiş, binanın təmirli, təmiz və saz vəziyyətində saxlanılması və ərazinin abadlaşdırılması üçün sakinlər tərəfindən ödənilmiş kommunal məbləğlər təyinatı üzrə istifadə olunmamış, bununla bağlı hər hansı tədbirlər görülməmişdir. Bundan əlavə, bina sakinlərinin normal su təchizatının təmin edilməsi məqsədi ilə su anbarının inşası başa çatdırılmamışdır. Binanın enerji təchizatının təmin edilməsi məqsədi ilə də hər hansı tədbirlər görülməmişdir. Belə ki, binanın ümumi girişinə sayğac qoyulmuş və həmin sayğacdan elektrik enerjisi mənzillərə paylanır, müqabilində isə bina rəhbərliyi sakinlərdən 1 kvt. elektrik enerjisinə görə 11 qəpik sərfiyyatı hesablamaqla onların hüquqları pozulur. Binada lift təchizatı ilə bağlı da vəziyyət təhlükəlidir. Öncədən sərnişin və yük liflərinin qoyulması nəzərdə tutulmuş, lakin yük lifti quraşdırılmamış, sərnişin lifti isə qəzalı vəziyyətdədir. Həm yükün, həm də sərnişinlərin daşınmasında eyni liftdən istifadə edilir. 100-dən çox ailənin yaşadığı binada 1 liftin bütün binanın yükünü daşıması, habelə həmin liftin saz vəziyyətdə olmaması çox təhlükəlidir və gələcəkdə ciddi fəlakətlə, insan ölümü və ya xəsarəti ilə nəticələnə bilər. Bina rəhbərliyi sakinlərin narazılıqlarına məhəl qoymamış, dəfələrlə edilən şifahi müraciət və etirazlara hər hansı müsbət reaksiya verilməmişdir. Bina sakinləri tərəfindən MMC-yə kommunal xidmətlərə görə mütəmadi qaydada ödənişlər olunmasına baxmayaraq, cavabdeh tərəfindən kommunal xidmətlərin haqqı lazımı qaydada ödənilmədiyindən, kommunal xidmətlərin göstərilməsində ciddi problemlər yaranır və bina sakinləri saatlarla işıqsız və susuz qalırlar. Binada yerləşən mənzillərin satışı həyata keçirilərkən müştərilərə xüsusi hazırlanmış bukletlər təqdim edilmiş, bukletlərdə binada “Montanari” markalı İtaliya istehsalı olan sürətli yük və sərnişin liflərinin, mərkəzləşdirilmiş istilik sisteminin, qəza elektrik təchizatı generatorlarının, mənzillərə suyun eyni təzyiqli verilməsi üçün Almaniya istehsalı olan nasoslarının (“Wilo-Almaniya”), mənzillərin 3 günlük qəza su ehtiyatı ilə təmin edə biləcək su tutumlarının quraşdırılması öhdəliyi cavabdeh tərəfindən öz üzərinə götürülmüş, lakin vəd olunmuş heç bir öhdəlik yerinə yetirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkil R.Ə.Qasımov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 22 oktyabr 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(012)-2030/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, qətnamədən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkil R.Ə.Qasımov apelyasiya şikayəti verərək iddianın təmin olunmuş hissəsində qətnaməni mübahisələndirmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, Əzizi-X4, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 ilə "xxxx" MMC arasında bağlanmış ayrıayrı müqavilələrlə iddiaçılar cavabdeh MMC tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən yaşayış binasında mənzillər almış və orada yaşayırlar. İş üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 17 iyul 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində tikilməkdə olan "xxxx" MMC-yə aid çoxmərtəbəli yaşayış binasına vizual texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki: -18 may 2010-cu il tarixli, TX-12-0059 saylı texniki şərtə əsasən mənzil lövhələri sayğaclarının binanın girişində quraşdırılması göstərilsə də, onlar mərtəbələrdə quraşdırılmışdır. Qeyri-yaşayış sahələrinin, işıqlanma, lift və s. kommunal istifadə olunan işlədicilər üçün sayğaclar quraşdırılmamışdır. Binanın birinci dərəcəli tələbatçıları üçün müvafiq gücdə avtomatik işə salınan dizel-generator qurğusu texniki şərtdə verilsə də, yerinə yetirilməmişdir. Binada müasir standartlara cavab verən sürətli yük və sərnişin liftlərinin işlək vəziyyətdə olduğu müşahidə edilmişdir. -Çoxmərtəbəli yaşayış binası “Azəriqaz” İB-nin 27 may 2019-cu il tarixli, 11181 saylı texniki şərtə uyğun qazlaşdırılmalıdır. Baxış zamanı xarici qaz təchizatına dair heç bir xətt yoxdur. Binada sadəcə natamam çəkilməmiş və birləşdirilmiş dayaqlar və sahənin ortasında quraşdırılmamış qaz tənzimləyici qurğu müşahidə olunmuşdur. Mənzillərə qaz xətti çəkilməmişdir. -Binanın həyətində yeraltı (V=210 kub.m. həcmində) su anbarı (yanğın və içməli su üçün) və nasosxana tikilmişdir. Nasosxanada 3 ədəd “Baymak 3KVC 85/120 TDT” markalı su nasosları quraşdırılmışdır. Onlardan 2 ədədi içməli su üçün nəzərdə tutulmuş, digər bir ədədi isə yanğın zamanı əlavə olaraq işə düşür. Nasoslar binada lazım olan təzyiqi təmin etməlidir. Hər bir nasosun məhsuldarlığı (Q=2-2,5.3 kub.m/saat H=8-10 bar) təşkil edir. Hər mərtəbənin pilləkən qəfəsində mərtəbədə yerləşən mənzillər üçün su sayğacları quraşdırılmışdır. Binanın pilləkən qəfəsində yanğın əleyhinə su dayağı quraşdırılmış, lakin yanğın kranları və onlar üçün nəzərdə tutulmuş şkaflar quraşdırılmamışdır. -Binanın mərkəzləşdirilmiş istilik sistemi yoxdur. Aparılmış texniki baxış zamanı məlum olmuşdur ki, bina istismara qəbul oluna bilməz. Yuxarıda göstərilən yerinə yetirilməmiş işlər layihəyə uyğun olaraq tam icra olunduqdan sonra binanın istismara qəbul olunmasına baxıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 7.0, 70.1 və 70.0.2-ci maddələrinə əsasən sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; təhlükəsizliyin təmin edilməsi Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyətinin prinsiplərinə aiddir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyenanorma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır; 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində); 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 102.2-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi mübahisələndirilən hissədə apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkil R.Ə.Qasımovun verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(012)-2030/2019 saylı qətnaməsi mübahisəldirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2201/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2201/2021
08.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver