Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2203/2021 22.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(060)-3456/2021 saylı qərardadından ərizəçi İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(060)-3456/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) ərizəçi İddiaçı hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmış, ərizəçi qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 94 saylı, 23.01.1992-ci il tarixli sərəncamı ilə ailə tərkibinə görə 31.01.1992-ci il tarixli, 63/918 saylı order ilə onun adına qeydə alınmış Sumqayıt şəhəri, 10-cu mikrorayon 41 saylı evin ümumi sahəsi 39,6 kv.m olan 3 otaqlı 42 saylı mənzili ilə hazırda yaşadığı Sumqayıt şəhəri , 10-cu mikrorayon 41 saylı evin ümumi sahəsi 53,13 kvadrat metrdən ibarət 4 otaqlı, 42 saylı mənzilin eyni olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, qərardad əsassızdır. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, son qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə mübahisəli mənzilin üç deyil, dörd otaqlı olması ilə bağlı sübutunun olmamasına istinad etmişdir. Halbuki, həmin mənzil faktiki olaraq dörd otaqdan ibarətdir. Məhkəmə mənzilə baxış keçirsə idi, faktiki olaraq dörd otaqdan ibarət olduğu öz təsdiqini tapa bilərdi. Bundan əlavə, məhkəmə qərardadda Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsini əsas gətirmiş, işə məhkəmədə baxılmalı olmadığını qeyd etmişdir. Halbuki qanunvericilikdə də bu barədə qeyd olunmuşdur ki, tərəflər arasında mübahisə olarsa, həmin iş məhkəmə qaydasında öz həllini tapa bilər. Məhkəmə işi dərindən araşdırmadan iş üzrə icraata xitam vermişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Ərizəçi İddiaçı və maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ərizəçi məhkəmə iclasına gəlmədiyindən, maraqlı şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə işin icraatına xitam verərkən ərizəçinin yaşadığı mənzilin üç deyil, dörd otaqlı və ümumi sahəsinin 39,6 kv.metr deyil, 53,13 kv.metr olmasını təsdiq edəcək heç bir mötəbər sübutun olmamasına və həmin fakt təsdiqinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsində öz əksini tapmamasına istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi işə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verərkən İddiaçı hansı orqana müraciət etməli olmasını qərardadda göstərməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ərizəçinin heç bir mötəbər sübut təqdim etməməsi iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. İddiaçı ərizəsindən və işdə olan sənədlərdən görünür ki, mənzilinə dair orderə düzəliş edilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, İcra Hakimiyyəti həmin mənzilə dair verilmiş orderə düzəliş edilməsini mümkünsüz saymışdır. Qeyd edilən order Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 94 saylı, 23.01.1992ci il tarixli sərəncamı əsasında verilmişdir. Belə olan halda, ərizəçinin faktiki olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamında və onun əsasında verilmiş orderdə Sumqayıt şəhər İcra Hakimiyyətinin düzəliş edilməsindən imtinasını mübahisələndirib-mübahisələndirmədiyi aydınlaşdırılmalı və nəticəsindən asılı olaraq məhkəmə aidiyyəti müəyyən edilərək qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(060)-3456/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2203/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2203/2021
22.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver