Məhkəmə qərarları › İş №2(105)-2209/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2209/2022

11.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2209/2022 11.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və onların nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4716/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və onların nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayit Apellyasiya Məhkəməsinin 2(105)–913/2015 saylı xx.xx.2015ci il tarixli icra vərəqəsi üzrə Cavabdeh icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra hərəkəti nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-4716/2022 saylı qərardadı ilə İddiaçı yuxarıda qeyd edilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim Məlahət Abbasova). İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-4716/2022 saylı qərardadından şikayət verərək onun ləğv olunmasını və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4716/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmiş, lakin Sumqayıt İnzibati Məhkəməsi e-2-1(118)- 1242/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmadığından, iddianı mümkün saymamışdır. Müvafiq icra qurumunun icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci qərarının tələblərinə riayət etməmiş, nəticədə onun mülkiyyət hüququ pozulmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi, X1 iddiaçının torpaq sahəsindən çıxarılması məsələsi olsa da, icra məmuru qanunsuz olaraq iddiaçının mülkiyyət hüququnu pozaraq, qətnamədə iddiaçıya aid hissədə pulun ödənilməsini təmin etmək üçün boşaldılaraq iddiaçıya təhvil verilməli olan torpaq sahəsini qanunsuz olaraq, hərraca satış üçün çıxarmış və daha sonra cavabdehin əvəzinə torpağın müəyyən hissəsini X2 vermişdir. Bununla da iddiaçının mülkiyyət hüququ və aidiyyəti məhkəmə qərarlarının tələbləri pozulmuşdur. İddiaçı sorğu ilə müraciət edərək, qeyd olunan icra işi ilə bağlı sənədləri istəsə də Cavabdeh xx.xx.2021-ci il tarixli, xx/xx-2451/2021 nömrəli məktubu ilə icra hərəkətlərinin icra məmuru Cavid Həsənova həvalə edildiyi, lakin təhvil-təslim aparılarkən, həmin icra sənədlərinin aşkar edilmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, icra və probasiya şöbəsi öz qanunsuzluqlarını gizlətmək üçün icra sənədlərini qəsdən məhv etmiş və ya gizlətmişdir. Hazırda icra şöbəsinin qanunsuz hərəkətləri onun mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Bu səbəbdən həmin qərardad ləğv edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-4716/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardadından görünür ki, məhkəmə icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə narazılığın müvafiq şəxs tərəfindən iddia ərizəsi vasitəsilə deyil, şikayət ərizəsi vasitəsilə bildirməsini, bu zaman tərəflərin iddiaçı və ya cavabdeh kimi qeyd edilməməsi, mülki işin 8 indeksi ilə başlanması, yekunda məhkəmə mübahisəsi üzrə qərardad qəbul edilməsini, şikayət ərizəsinin verilməsi üçün isə hər hansı dövlət rüsumunun ödənilməsinin tələb edilməməsini, hazırki iddia ərizəsindən isə iddiaçının cavabdeh kimi icra qurumunu qeyd etməsini, icra məmurunun hərəkətlərindən şikayət ərizəsi deyil, iddia ərizəsi təqdim edərək, qətnamə çıxarılmasını xahiş etməsini müəyyən edərək iddia ərizəsinin MPM-nin 149-cu maddəsinə uyğun olmaması əsası ilə geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının İİ bəndinə görə qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Plenum Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda, məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Qərarda göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə görə icra icraatı zamanı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə narazılıq müvafiq şəxs tərəfindən iddia ərizəsi formasında deyil, şikayət ərizəsi formasında verilməlidir. Bu zaman tərəflər iddiaçı və ya cavabdeh kimi qeyd edilməməli, iş 8 indeksi ilə qeydiyyata alınmalı və yekunda məhkəmə mübahisəsi üzrə qərardad qəbul edilməlidir. Hazırki işdən görünür ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi icra qurumunu qeyd etmiş, icra məmurunun hərəkətlərindən şikayət ərizəsi deyil, iddia ərizəsi təqdim edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Başqa sözlə, iddia ərizəsinin forması və məzmunu MPM-nin 149-cu maddəsinə uyğun deyildir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hesab edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin iddiaçıya geri qaytarılması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən əsasa görə iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəldiyindən birinci instansiya məhkəməsi MPM-nion 114.1.3-cü maddəsinə istinad edərək ödənilmiş dövlət rüsumunu da iddiaçıya geri qaytarılması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, həmin dəlillər birinci instansiya məhkəməsini qanuni qərardadının ləğvi üçün əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətlər təmin edilməməli, üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4716/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4716/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar