Məhkəmə qərarları › İş №2(105)-2212/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2212/2022

07.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2212/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: sərəncamın ləğvi və qəyyum təyin edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(060)-100/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 13 oktyabr 2020-ci il tarixli, 234 nömərli sərəncamının ləğv edilməsi, onun fəaliyyət qabiliyyətsiz elan olunmuş həyat yoldaşı xx.xx.1981-il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlu üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixində Bəşirov İlkin Cavanşir oğlu ilə rəsmi nikaha girib ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2016-cı il tarixdə Cavanşir və xx.xx.2020-ci il tarixdə Sevil adlı iki nəfər uşaqları vardır. O, ailə həyatı qurduqda onun həyat yoldaşı Bəşirov İlkin Cavanşir oğlu 2-ci qrup əlil olmuşdur. Lakin İlkinin valideynləri bunu ondan gizlətmiş, onu aldadaraq İlkinin uşaq vaxtı karate idmanı ilə məşğul olarkən zədə almasını və buna görə də bir qədər aqressiv olmasını bildirmişlər. Qısa zamanda toy baş tutduğuna görə o, Bəşirov İlkin Cavanşir oğlunun həqiqi xəstəliyi barədə məlumatsız olmuşdur. Ailə həyatı qurduqdan sonra İlkin Bəşirov xx.xx.2019-cu ildə 1-ci qrup əlillik təyin edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət edərək, həyat yoldaşının fəaliyyət qabiliyyətsiz olması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 4000/2019 nömrəli qətnaməsi ilə Bəşirov İlkin Cavanşir oğlu fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Həmin qətnamədən İlkinin valdeynləri müstəqil olaraq, həm də Bəşirov İlkin Cavanşir oğlunun adından apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-4010/2019 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4000/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda həmin qətnamə hüquqi qüvvəsini almışdır. O, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qəyyum təyin edilməsi ilə bağlı müraciət etsə də, həmin komissiyadan mənfi cavab almış və bundan sonra Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək özünün Bəşirov İlkin Cavanşir oğlu üzərində qəyyum təyin edilməsi vəzifəsinin Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-212/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Tərəflər arasında qəyyumluqla bağlı mübahisə olmasına və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının məlumatı olmasına baxmayaraq Bəşirov İlkin Cavanşir oğlunun qəyyumu kimi anası Cavabdeh2 tanımışdır. İcra Hakimiyyətinin müvafiq sərəncamının ləğv olunması ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunsa da, məhkəmə onun cavabeh qismində inzibati orqan olan Sumqayıt Şəhər İcra Hakimiyyətini göstərsə də, iddiaçının irəli sürdüyü tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aid olması əsası ilə iddia ərizəsi mümkün sayılmamışdır. Qərardaddan apellyasiya şikayəti verilsə də, apellyasiya instansiyası da həmin qərardadı qüvvədə saxlamışdır. İlkinin valdeynləri hazırda öz valideynlik hüquqlarından və onun həyat yoldaşı Bəşirov İlkin Cavanşir oğlunun fəaliyyət qabiliyyətsiz olmasından istifadə edərək onu öz yanlarında məcburi olaraq saxlayır, Bəşirov İlkin Cavanşir oğlunu o, və öz uşaqları ilə normal, maneəsiz və sərbəst ünsiyyətdə olmasına imkan vermirlər. Artıq uzun müddətdir İlkin Bəşirov öz övladları ilə ünsiyyət qura bilmir. İlkin yeni doğulmuş uşağını bugünədək hələ görməyib. Bütün bunlara məhz İlkinin valideynləri, hansıkı İcra Hakimiyyəti qəyyumluğu ona verib, suni maneə törədirlər. Digər tərəfdən də həmin vaxtdan bugünədək uşaqları o, saxlayır, nə İlkin, nə də İlkinin valideynləri nənə-baba kimi öz nəvələrinə baxmırlar. Onun həyat yoldaşının pensiya kartı da onlardadır, buna görə də faktiki olaraq İlkinin valdeynləri öz qərəzli, məqsədyönlü və kibirli hərkətləri ilə 2 azyaşlı uşağın maddi təminat hüququnu pozurlar. Bəşirov İlkin Cavanşir oğlundan uşaqların saxlanılması üçün aliment tutulması barədə iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə dayandırılmışdır, nənə və babadan aliment tutulması ilə bağlı qətnamədən isə İlkinin valideynləri apellyasiya şikayəti verərək süni şəkildə aliment ödənilməsini uzadırlar. Bütün bunlar cavabdehlərin şəxsi keyfiyyətlərini və Bəşirov İlkin Cavanşir oğlunun fəaliyyət qabiliyyətsiz olmasından suiistifadəni göstərir. Ona görə də hesab edir ki, Bəşirov İlkin Cavanşir oğlunun üzərində qəyyum məhz onun həyat yoldaşı olaraq özü təyin edilməlidir. İlkinin valideynləri tərəfindən Bəşirov İlkin Cavanşir oğlunun fəaliyyət qabiliyyətsiz olmalarından digər suiistifadə halı isə ondan ibarətdir ki, onlar İlkinin adından boşanma üçün ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etsələr də məhkəmə Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən həmin mülki iş üzrə icraata xitam vermişdir. Bununla kifayətlənməyən cavabdehlər ikinci dəfə qəyyumla bağlı sərəncam aldıqdan sonra məhkəməyə müraciət edərək onu boşamağa cəhd etmişlər, lakin bu dəfə də ərizə geri qaytarılmışdır. Məhkəmə yolu ilə onu boşamağın mümkün olmadığını görə cavabdeh növbəti dəfə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək nikahın pozulması barədə akt qəbul etdirməyə nail olmuşlar. Bəşirov İlkin Cavanşir oğlu ilə onun arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 05 noyabr 2015-ci il tarixdə 2406 nömrə ilə qeyd alınmış nikahın pozulması barədə xx.xx.2021-ci il tarixli, 75 saylı aktın ləğv edilməsi barədə də məhkəməyə müraciət olunmuşdur. Cavabdeh İlkinin anası Cavabdeh2 məqsədi onunla İlkini boşanmasına nail olmaqdır. Onun həyat yoldaşı ailəsinə, övladına (ikinci övladını hələ də görməyib) həddindən artıq bağlı bir insandır. İlkinin valideynləri onu aldadaraq, yenidən ruhi-əsəb dispanserində yatırmaqla onu qorxudaraq ona istənilən sənədə qol çəkdirir, onun fəaliyyət qabiliyyəsiz olmasından sui-istifadə edib ailəsini dağıtmaq niyyətindədirlər. Bütün bunlar göstərir ki, İlkinin valideynlərinin məqsədi onun ailəsini dağıtmaq, onu Bəşirov İlkin Cavanşir oğlu ilə rəsmi nikahını ləğv etdirməkdən ibarətdir. O, öz ailəsinə sadiqdir və övladlarını ataları ilə birlikdə böyütmək, Bəşirov İlkin Cavanşir oğlunu isə müalicə etdirmək istəyir. Lakin cavabdeh Bəşirov İlkin Cavanşir oğlunu gizlədərək və məcburi “ev dustaqlığında” saxlayaraq buna meneə yaradırlar, bu günədək onun müalicəsinə çalışmayıblar, əksinə onu hər dəfə həkimlə, yenidən ruhi-əsəb xəstəxanasına yatırtmaqla qorxudurlar. Baxmayaraq ki, Bəşirov İlkin Cavanşir oğlu fəaliyyət qabiliyyətsizdir, o, sevərək öz övladlarının atasına qayğı göstərməyə, ona baxmağa hazırdır və övladlarının atasız böyüməməsi üçün mübarizə aparır, necə ki, o, evdən çıxarılanadək həyat yoldaşının qayğısına qalıb, onun sosiallaşmasına cəhd edib və qismən də nail olmuşdur. İlkinin valideynləri isə bunun tam əksini göstərən hərəkətlər nümayiş etdirirlər.

3. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4000/2019 nömrəli qətnaməsi ilə Bəşirov İlkin Cavanşir oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-4010/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4000/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 234 nömrəli qəyyum təyin etmə barədə sərəncamından görünür ki, vətəndaş Cavabdeh2 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş övladı, xx.xx.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlunun onun qəyyumluğuna verilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, ərizəçinin övladı - xx.xx.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlu, X2 və Cavabdeh2 birgə rəsmi münasibətlərindən doğulmuşdur. Bəşirov İlkin Cavanşir oğlu İddiaçı ilə xx.xx.2015-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Ərizəçinin övladı, xx.xx.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlu Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019cu il tarixli, 2(060)-4000/2019 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Aparılmış araşdırma zamanı Bəşirov İlkin Cavanşir oğlunun bir ildən artıq müddətdir ki, həyat yoldaşı İddiaçı faktiki olaraq ayrıldığı, İ.Bəşirovun valideynləri Cavabdeh2 və X1 yanında yaşadığı məlum olmuşdur. Qəyyumluq və Himayəçilik komissiyası, Bəşirov İlkin Cavanşir oğlunun anası Cavabdeh2 qəyyumluğuna verilməsinin onun qanuni maraq və mənafeyinə uyğun olması barədə rəy verilmişdir. Cavabdeh2 övladı - xx.xx.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlunun üzərində qəyyum təyin edilmişdir.

7. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 22 aprel 2021ci il tarixdə verilmiş AZ-İ seriyalı, 373679 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Bəşirov İlkin Cavanşir oğlu və İddiaçı arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur.

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-948/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(060)-6129/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “nikahın ləğvi barədə aktın ləğv olunması, nikahın pozulması haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi təmin edilməmişdir. Həmin iş üzrə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(060)-100/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın ləğvi və qəyyum təyin edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 13 oktyabr 2020-ci il tarixli, 234 nömərli sərəncamının ləğv edilməsinə heç bir əsas yoxdur. İddiaçı ilə hazırda fəaliyyət qabiliyyəti olmayan keçmiş həyat yoldaşı Bəşirov İlkin Cavanşir oğlu arasında olan nikah pozulmuş və İlkin Bəşirov faktiki olaraq valideynlərinin himayəsindədir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1, 33.2, 34.2, 351, 35.3, 35.5, 36.1, 36.2, 38.3, 38.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(060)-100/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1, 33.2, 34.2, 35.1, 35.3, 36.1, 36.2, 38.3, 38.4-cü maddələrinin və MPM-nin 8.1, 14.2-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

16. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Sumqayıt Şəhər İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.

18. Məhkəmə kollegiyası qeyd olunan cavabdehin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşma çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onlarm tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasmm Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.

20. Maddə 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər.

21. Maddə 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqamna bu barədə məlumat verməlidir.

22. Maddə 35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqam icra edir.

23. Maddə 35.3. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçÜiyə ehtiyacı olan şəxs arasmda mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olamn arzusu nəzərə alınmalıdır.

24. Maddə 35.5. Qəyyumluq və himayəçilik vəzifələri, qanunla nəzərdə tutulan hallardan başqa, əvəzsiz icra edilir.

25. Maddə 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi almmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər.

26. Maddə 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

27. Maddə 38.3. Üzrlü səbəblər olduqda (xəstəlik, əmlak vəziyyətinin dəyişməsi, qəyyumluqda olanla qarşılıqlı anlaşmanın yoxluğu və i.a.) qəyyum və ya himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilər.

28. Maddə 38.4. Qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olam nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqam qəyyumu və ya himayəçini bu vəzifələrin icrasmdan kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir.

38. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia düzgün olaraq təmin edilməmişdir.

39. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

40. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmadığına görə təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(060)-100/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar