Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2217/2020 23.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-3565/2019 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-3565/2019 saylı qərardadı ilə (sədrlik edən, hakim Elman Məmmədov) iddiaçı açıq səhmdar cəmiyyəti “Standard İnsurance” sığorta şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3565/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina edilmiş, cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3565/2019 saylı qətnaməsi ilə iddiaçı açıq səhmdar cəmiyyəti “Standard İnsurance” sığorta şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh iddiaçı açıq səhmdar cəmiyyəti “Standard İnsurance” sığorta şirkətinin xeyrinə 1500 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərəkAbşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3565/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir, ona görə də həmin qətnamədən apellyasiya şikayəti vermək istəyir. Lakin qətnamə şəxsən ona çatdırılmadığı üçün apellyasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş müddətdə verə bilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-3565/2019 saylı qərardadı ilə Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3565/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ona çatdırılmadığı üçün apellyasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş müddətdə verə bilməmişdir. Onun qətnamədən xəbəri olmamış, yalnız icra şöbəsi tərəfindən onunla əlaqə saxlanıldıqda bu barədə məlumatı olmuşdur. Dəfələrlə məhkəməyə müraciət etsə də, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti bərpa edilməmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh şikayətdə qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki imza ona məxsus deyildir. İddiaçı açıq səhmdar cəmiyyəti “Standard İnsurance” sığorta şirkəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3565/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəni təmin etməyərkən, cavabdeh tərəfindən qətnamənin xx xxxxxx 2019-cu il tarixdə rəsmi şəkildə qəbul edilməsinə, ərizəsinə buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi ilə bağlı hər hansı bir sübut əlavə etməməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3565/2019 saylı qətnaməsinin surəti poçt vasitəsi ilə Cavabdeh göndərilmiş, xx xxxxxx 2019-cu il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qətnamənin surəti alınmışdır (İ/v-63). Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İş materiallarından görünür ki,Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3565/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə ərizəsi xx xxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn, şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s. aid edilə bilər. Birinci instansiya məhkəməsi Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3565/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə ərizəsinə baxarkən ərizəyə apellyasiya şikayətinin əlavə edilməməsinə əhəmiyyət verməmiş, apellyasiya şikayəti olmadığı halda, qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair ərizəyə mahiyyəti üzrə baxmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 397.1-ci maddəsinə görə bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bundan başqa, məhkəmə iclasında Cavabdeh izahatında poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki imzanın ona məxsus olmamasını göstərmişdir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3565/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizəsinə yenidən baxılarkən poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki imzanın cavabdehə məxsus olub-olmaması yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3565/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti qismən təmin edilsin. İş üzrəAbşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-3565/2019 saylı qərardadı ləğv edilsin. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3565/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2217/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2217/2020
23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver