Məhkəmə qərarları › İş №2(105)-2233/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2233/2021

03.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2233/2021 03.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdeh X4 qarşı kommunal ödənişlərə görə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-651/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-651/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Masazır Bələdiyyəsinin iddiası təmin edilməmişdir. (hakim E.Məmmədov) İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: Abşeron rayon Masazır Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masazır bələdiyyəsinin keçmiş sədri Siyənfər Əliyevin fəaliyyəti dövründə "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən Masazır bələdiyyəsinə təqdim edilmiş 09 yanvar 2020-ci il tarixli, 130769 saylı üzləşmə aktına əsasən bələlədiyyənin 09 yanvar 2020-ci ilə qədər istifadə etdiyi suya və kanalizasiya xidmətinə görə yaranmış 25859 borcunun cavabdeh X2 tutulması və tutulmuş 25859 manat pul vəsaitinin "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsinin hesab nömrəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Masazır Bələdiyyəsi tələbini bununla əsaslandırmışdır ki, 23 dekabr 2019-cu il tarixdə Azərbaycanda bələdiyyələrə keçirilən seçkilərdən sonra Abşeron rayon Masazır bələdiyyəsinə yeni tərkibdə bələdiyyə üvləri seçilmişdir. 14 yanvar 2020-ci il tarixdə bələdiyyənin yeni tərkibdəki üzvlərinin iştirakı ilə bələdiyyə iclası keçirilmiş və keçmiş bələdiyyə üzvlərinin fəaliyyətinə xitam verilmişdir. Bundan sonra, Masazır bələdiyyəsində aparılan təhvil-təslim zamanı Masazır bələdiyyəsinin keçmiş sədri X6 bələdiyyədə hər-hansı bir problemin olmadığını, sənədləşmənin qaydasında olduğunu, komunal xərclərlə bağlı hərhansı borcun olmadığını və bələdiyyə əmlakının tam yerində olduğunu bildirmişdir. Lakin buna baxmayaraq, təhvil-təslim işləri aparılmamış və bu işin tam, dəqiq aparılması üçün bələdiyyə üzvləri tərəfindən müvafiq araşdırma işlərinə başlanılmışdır. Bir müddət sonra, "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsinin əməkdaşları tərəfindən bələdiyyənin sudan istifadəsi dayandırılmışdır. Aparılan araşdırma nəticəsində "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən 09 yanvar 2020-ci il tarixli, 130769 saylı üzləşmə aktı bələdiyyəyə göstərilmiş və bildirilmişdir ki, bu sənəd yanvar ayında Masazır bələdiyyəsinin keçmiş sədrinə təqdim olunmuşdur. Məlum olmuşdur ki, X1 bələdiyyəsinin sədri olduğu dövrdən 14 yanvar 2020-ci il tarixə qədər rəhbərlik etdiyi bələdiyyə tərəfindən istifadə etdiyi suya və kanalizasiya xidmətinə görə 25859 manat ödəniş borcu ödənilməyərək qalmışdır. Cavabdehin Masazır bələdiyyəsində sədr olduğu dövrdə bələdiyyənin bank hesabında pul vəsaiti olsa da, "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsinə olan qalıq borcun ödənilməsi vaxtında təmin edilməmişdir. Bələdiyyə qanunvericiliyinə əsasən, hər ilin sonunda bələdiyyə tərəfindən büdcə təsdiq edilir. 2018-ci ilin dekabr ayında Masazır bələdiyyəsinin təsdiq edilmiş büdcəsində bələdiyyənin suya və kanalizasiya xidməti ilə bağlı ayrılacaq məbləğ bələdiyyə büdcəsində göstərilsə də, nədənsə bu məbləğ qeyd edilən istiqamətə yönəldilməmiş və bunun əsasında külli miqdarda borc yaranmışdır. Məsələ ilə bağlı cavabdeh X7 bələdiyyəyə dəvət olunaraq, 09 yanvar 2020-ci il tarixli, 130769 saylı üzləşmə aktının vaxtında göstərilməməsi, onun fəaliyyəti dövründə büdcədə pul vəsaiti olduğu halda, yaranmış borcun hansı səbəbdən ödənilməməsi soruşulsa da o, buna cavab verməmişdir. Bu baxımdan həmin borcun tezliklə ödənilməsi onun nəzərinə çatdırılmışdır. O da məsələ ilə bağlı yaranmış borcun tezliklə ödəyəcəyini bildirmişdr. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh onun rəhbərlik etdiyi dövrdə suya və kanalizasiya xidmətinə görə yaranmış borcu ödəmir və nəticədə "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsinin əməkdaşları tərəfindən teztez sudan istifadə dayandırılır. Bu da bələdiyyənin davamlı fəaliyyətində problemlər yaradır. Məsələ ilə bağlı cavabdeh S.Əliyevə 01/06-01-06/103 saylı, 21 aprel 2020-ci il tarixli rəsmi məktubla müraciət olunmuş və həmin məktubu cavabdehin ailə üzvlərindən biri almışdır. Qeyd edilən məktubun bir surəti də "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir. Abşeron rayonu Masazır bələdiyyəsini 2019-cu il üzrə gəlir və xərcləri barədə müfəssəl məlumatdan məlum olur ki, cavabdehin sədr olduğu Masazır bələdiyyəsinin 2019-cu il tarix üçün 294453 manat ümumi gəliri olmuşdur. Bu gəlirdən yalnız 5751 manat kommunal xərclərə ödənilmişdir. 189790 manat əmək haqqı, 90113 manat isə rabitə, internet, onlayn xidmətlər, dəftərxana ləvazimatları, nəqliyyat və yanacaq xərclərinə, bələdiyyə avtomobil yollarının saxlanmasına 4500 manat, yerli sosial müdafiə tədbirləri 1800 manat, abunə 2016 manat və üzvlük haqqı 3800 manat xərclənmişdir. Suya və kanalizasiya xidmətinə görə 25859 manat borcu olan bir qurumun qənaət etmək əvəzinə internet, onlayn xidmətlər, dəftərxana ləvazimatları, nəqliyyat və yanacaq xərclərinə 90113 manat xərcləməsi və əmək haqqına ayırmaların gəlirlərin yarısından çox olması keçmiş rəhbərliyin qalıq borcun ödənilməməsində qərəzli olmasına şübhə yaradır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, işə baxmış məhkəmə mübahisəni tam və hərtərəfli araşdırmamış, qanunsuz nəticəyə gəlmişdir. Mübahisə həll edilərəkən bütün sübutlar tədqiq olunmamış, yalnız qarşı tərəfin mövqeyi əsas götürülmüşdür. Keçmiş bələdiyyə sədrinin bələdiyyə üçün qoyduğu ümumi borc 82578,10 manat, gəlir isə 724,76 manat təşkil edir. Bələdiyyə sədri kimi cavabdeh kommunal xərclərə görə yaranmış borcu bələdiyyə büdcəsi hesabına ödəməni təşkil etməli olduğu halda, bu öhdəliyini icra etməmişdir. Lakin məhkəmə bütün işin hallarını qarşı tərəfin xeyrinə təhrif etməklə əsaslı iddianı rədd etmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia təmin olumalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 apelyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İş üzrə iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən təkrarən məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron rayon Masazır Bələdiyyəsinin 2019-cu il üzrə gəlir və xərcləri barədə məlumatdan görünür ki, ümumi gəlir 294453 manat, ümumi xərc isə ******* manat olmuşdur. Kommunal xərclər üzrə ödəmə 5751 manat, 2020-ci ilə qalıq 7177 manat təşkil edir. Yenə iş materiallarında olan Abşeron rayon Masazır Bələdiyyəsinin 21 aprel 2020-ci il tarixli məktubundan görünür ki, S.Cavabdeh1 bələdiyyənin "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsinə olan 25859 manat borcu 3 gün ərzində İdarənin hesabına ödəməsi barədə xəbərdarlıq edilmişdir. Yenə də iş materiallarında olan 09 yanvar 2020-ci il tarixli, 130769 saylı üzləşmə aktından görünür ki, Abşeron rayon Masazır Bələdiyyəsinin 2019-cu il üçün "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsinə 25859 manat debetor borcu vardır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən mübahisə üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, cavabdeh S.Cavabdeh1 2019-cu ilin dekabr ayınadək Abşeron rayon Masazır Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında bələdiyyələrə keçirilən seçkilərdən sonra Abşeron rayon Masazır bələdiyyəsinə yeni tərkibdə bələdiyyə üvləri seçilmiş, 14 yanvar 2020-ci il tarixdə bələdiyyənin yeni tərkibdəki üzvlərinin iştirakı ilə bələdiyyə iclası keçirilmiş və keçmiş bələdiyyə üzvlərinin fəaliyyətinə xitam verilmişdir. 09 yanvar 2020-ci il tarixli, 130769 saylı üzləşmə aktı ilə müəyyən edilmişdir ki, Abşeron rayon Masazır Bələdiyyəsinin 2019-cu il üçün (cavabdehin sədrliyi dövründə) "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsinə 25859 manat debetor borcu vardır. Hazırda Abşeron rayon Masazır Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masazır bələdiyyəsinin keçmiş sədri Siyənfər Əliyevin fəaliyyəti dövründə "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən Masazır bələdiyyəsinə təqdim edilmiş 09 yanvar 2020-ci il tarixli, 130769 saylı üzləşmə aktına əsasən bələlədiyyənin 09 yanvar 2020-ci ilə qədər istifadə etdiyi suya və kanalizasiya xidmətinə görə yaranmış 25859 borcunun cavabdeh X2 tutulması və tutulmuş 25859 manat pul vəsaitinin "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsinin hesab nömrəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşin faktiki hallarından görünür ki, tələb edilən debetor borcu su və kanalizasiya xidmətlərinə görə yaranmışdır və bu tələb etmə hüququ "xxxx" ASC-yə məxsusdur. Bundan başqa, həmin xidmətlər şəxsi istehlak məqsədilə deyil, Abşeron rayon Masazır Bələdiyyəsinin təchizatına yönəldilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin o mövqeyi ilə razılaşır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq, irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, hazırkı mübahisə üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları)...” Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008- ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquq müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir.Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır”. Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olubolmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Qeyd olunduğu kimi, hazırda tələb edilən məbləğ su və kanalizasiya xidmətlərindən 2019-cu il ərzində bələdiyyə tərəfindən istifadə olunması ilə bağlı yaranmış borcdur. Başqa sözlə, bu borc keçmiş sədr kimi cavabdeh Siyanfər Əliyevin borcu yox, bələdiyyənin borcudur. Bu borcu həmin xidmətləri həyata keçirən qurum kimi "xxxx" ASC Abşeron rayon Masazır Bələdiyyəsindən tələb edə bilərdi. Yalnız bundan sonra, dəymiş ziyanla bağlı bələdiyyə bunun üçün təqsiri olan şəxslərə qarşı iddia qaldırmaq hüququ yaranır. Hazırkı halda isə Abşeron rayon Masazır Bələdiyyəsinin onun keçmiş sədrinə qarşı belə bir tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsi kimi hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırkı tələbi irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır və həmin hüquqa malik olduğunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquq ilə bağlı ümumən düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı omuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayon Masazır Bələdiyyəsi sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq həm iddiasının, həm apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-651/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar