Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2237/2020 17.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, 3-cü şəxs: X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.R.Ələkbərov) İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməsi, iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan qanunsuz tutulan 7794,97 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh rəisi Bəhlul Rəhimli xx xxxx 2014-cü il tarixli, 2(105)-662/2014 saylı icra vərəqəsinə əsasən pulların qanunsuz tutulmasından sonra işin icraatına xitam verilməsi barədə qərar qəbul etmiş və Şabran Rayon Məhkəməsinə göndərmişdir. xx xxxxxx 2018-ci il tarixdə Şabran Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək pulların qanunsuz tutulmasını nəzərə alıb, xx xxxxxx 2018-ci il tarixli qərarın ləğv edilməsi və ondan qanunsuz tutulan 7794,87 manat pulun geri qaytarılmasını tələb etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə rayon icra şöbəsinin icra sənədinin icraatına xitam verilməsinə dair qərarı ləğv edilmişdir. Bundan sonra, Şabran rayon və probasiya şöbəsinin rəisi B.Rəhimli xx xxxx 2015-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədər X1 məcburi işburaxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın miqdarının göstərilməsi məsələsinə, icra edilməsinə baxılması üçün ərizə ilə müraciət etmiş, ərizə təmin edilməmiş, qərardad çıxarıldığı andan qanuni qüvvəyə mindiyi üçün qərardaddan 10 (on) gün müddətinə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək hüquqları izah edilmişdir. Ancaq, B.Rəhimli kassasiya şikayəti verməmiş, əksinə Quba 12 saylı region üzrə Dövlət əmək müfəttişliyinə müraciət edərək, N.Ağamalıyevin adına qeyri-qanuni məktub almışdır. Məktubun birinci səhifəsinin İİİ abzasında məcburi işburaxmaya görə əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın qanunvericiliyə uyğun hesablanması qaydası Şabran rayon icra şöbəsinə göndərilmiş, bu qayda qanunsuz olduğuna görə ləğv edilmişdir. xx xxxxxx 2014-cü il tarixdə isə 12 saylı region üzrə Dövlət əmək müfəttişliyi 004558 nömrəli göstəriş vermiş, göstərişin yerinə yetirilməsi üçün xx xxxxxx 2014-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Quba 12 saylı region üzrə Dövlət əmək müfəttişliyindən verilmiş 114 nömrəli məktubun İ səhifəsinin İV abzasında Anar Xıdırov 12 saylı region üzrə əmək müfəttişliyinin nümayəndəsinin xx xxxxxx 2017-ci il tarixdə Şabran rayon icra şöbəsində olduğunu, məktubda qeyd olunan məsələyə dair qanunvericiliyin tələblərinin Şabran rayon icra şöbəsinin rəisinə izah edildiyini göstərmişdir. Belə ki, pulların hesablanması üçün nömrəli göstəriş verilməli, imza və möhürlə təsdiq edilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Onun iddia qaldırmasının səbəbi Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(105)-662/2014 saylı qətnaməsinə əsasən verilmiş xx xxxxxx 2014-cü il tarixli icra sənədinin Cavabdeh tərəfindən düzgün icra edilməməsi və bu səbəbdən «xxxxxxxxxxxxxxx» ASC-dən dəfələrlə artıq tutulmuş 7794,97 manat olmuşdur. Məhkəmə qərarlarının düzgün icra olunmaması ədalət mühakiməsinin səmərəliliyinin təmin olunmaması yeni mübahisələrin yaranması şərait yaradır. Cavabdeh həyata keçirdiyi icra tədbirlərindən açıqca görünür ki, onlar Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(105)-662/2014 saylı qətnaməsini yox Əmək Müfəttişliyinin 114 saylı məktubunu icra etmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Siyəzən Rayon Məhkəməsinin xx xxx 2020ci il tarixli 2(059)-9/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Maraqlı şəxs N.A.Ağamalıyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(105)662/2014 saylı icra vərəqəsinin surətindən görünür ki, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(060)-15/2014 saylı qətnaməsi qismən ləğv edilməklə, iddia qismən təmin edilmiş, o cümlədən “xxxxxxxxxxxxxxx” ASC üzrə N.A.Ağamalıyevin “xxxxxxxxxxxxxxx” ASC-nin iqtisadçısı vəzifəsindən azad edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli, 01 saylı əmrinin ləğv edilməsi, N.Ağamalıyevin “xxxxxxxxxxxxxxx” ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanaraq ödənilməsi, habelə qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmaqla, “xxxxxxxxxxxxxxx” ASC-dən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq N.Ağamalıyevə ödənilməsi qət edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 8(031)-82/2017 saylı qərardadın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsinin icrasını təmin etmək məqsədilə borclu “xxxxxxxxxxxxxxx” ASC-yə məxsus əmlakların, o cümlədən 2 dəhlizdən, 8 otaqdan ibarət 1 inzibati binanın, 4 ədəd maşının, dəmir sexinin, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəninin, 2 ədəd böyük ölçülü kuklun və 3 ədəd “GREE” markalı kondisionerlərin üzərinə həbs qoyulmuşdur. İşə əlavə olan qanuni qüvvəsini almış Şabran Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 8(031)-2/2017 saylı qərardadın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə “xxxxxxxxxxxxxxx” ASC-nin N.A.Ağamalıyevə ödənilməmiş qalan 7809,97 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə tələb “xxxxx” MMC tərəfindən “xxxxxxxxxxxxxxx” ASC-yə ödənilən aylıq icarə haqqına yönəldilməlidir. İş materiallarında olan inkassa sərəncamlarından, eləcə də Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, 1084/14 nömrəli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(105)-662/2014 saylı icra sənədi xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh icraatına daxil olmuş, məcburi icra tədbirləri nəticəsində borclu “xxxxxxxxxxxxxxx” ASC-dən inkassa sərəncamı əsasında tələbkar N.Ağamalıyevin xeyrinə 9172 manat nəğd pul ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli, 29323 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən N.A.Ağamalıyevə məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya məbləği 8695,89 ((7262,5 (əmək haqqı) + 1439,39 (məzuniyyətlə bağlı kompensasiya)) manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Çünki, iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(105)-662/2014 saylı icra vərəqəsi üzrə Cavabdeh tərəfindən ondan 7794,97 manat pulun artıq tutulduğunu iddia etməklə, müvafiq tələbi irəli sürmüş, Cavabdeh isə qeyd olunan icra sənədi üzrə tutulmaları, yəni cəmi 9172 manat pulu borclu “xxxxxxxxxxxxxxx” ASC-dən tutulduğunu göstərmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə müvafiq rəy alınmışdır. İlk növbədə məhkəmə ekspert rəyinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli, 29323 saylı rəyinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert mühasibat uçot qeydlərinin, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqatı metodundan istifadə etməklə, məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə onun qarşısında qoyulmuş sualları cavablandırmış, bu zaman mülki iş materiallarına, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normalarına istinad etməklə, N.A.Ağamalıyevə məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya məbləğinin 8695,89 (7262,5 (əmək haqqı) + 1439,39 (məzuniyyətlə bağlı kompensasiya)) manat olduğunu müəyyən etmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh tərəfindən artıq tutulmalarla bağlı qeyd etdiyi məqamlar qismən öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya məbləğini nisbətən artıq, yəni 9172 manat həcmində hesablayaraq, N.Ağamalıyevin xeyrinə tutmuşdur. Belə olan təqdirdə isə verilmiş ekspert rəyi mötəbər hesab edilməli və mötəbər sübut kimi nəzərə alınmalıdır. Bununla da qeyd edilməlidir ki, İddiaçı cavabdeh tərəfindən qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(105)-662/2014 saylı icra vərəqəsi üzrə Cavabdeh tərəfindən N.Ağamalıyevin xeyrinə aparılmış tutulmalar borclu “xxxxxxxxxxxxxxx” ASC-nin inkassa hesabı əsasında icra edilmiş, habelə bu hal iş materiallarına əlavə edilmiş mötəbər sübutlar və sənədlər (qanuni qüvvəsini almış məhkəmə aktları), eləcə də icra və probasiya şöbəsinin etirafı əsasında öz təsdiqini tapmışdır. Yəni, N.Ağamalıyevin tələbinin İddiaçı şəxsi vəsaiti, o cümlədən daşınar və ya daşınmaz əmlakı, habelə həmin əmlaklarda olan payı, eləcə də gəlirləri və ya qazancı hesabına ödənilməsi məhkəmə iclası zamanı öz təsdiqini tapmamış, eyni zamanda iddiaçı bu halın əksini təsdiq edən hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etməmişdir. Belə ki, icra icraatı zamanı borclu kimi iddiaçı deyil, məhz “xxxxxxxxxxxxxxx” ASC çıxış etmiş, habelə məcburi icra tədbirləri ASC barəsində tətbiq edilmişdir. Belə olan təqdirdə isə iddiaçının cavabdehə qarşı hazırkı iddia ilə bağlı subyektiv hüquqa malik olması, o cümlədən ödəmədiyi məbləği qarşı tərəfdən tələb etməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni zamanda, məhkəmə qeyd edir ki, “xxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh tərəfindən N.Ağamalıyevin xeyrinə aparılmış artıq tutulmaların qaytarılmasını cavabdehdən tələb etmək hüququ istisna edilmir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətində heç bir dəlil göstərmədiyi üçün, toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi barədə birinci instansiya gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunu və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin iş üzrə xx xxx 2020-ci il tarixli 2(059)-9/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2237/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2237/2020
17.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver